“VTB Bank” Azərbaycanda fəaliyyətini genişləndirir
Rusiyanın
böyük banklarından biri olan “VTB Bank” Azərbaycanda
qeyri-neft sektorunun və sahibkarlığın kreditləşməsinə
maraq göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev noyabrın 2-də Bakı Biznes Mərkəzində keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya nümayəndə heyətinin iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir sıra yerli şirkətlərin rəhbərləri ilə işgüzar görüşündə deyib.
Ş.Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin inkişaf etdiyini, VII Azərbaycan-Rusiya Regionlararası Forumunun ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edərək, forumda 300-dən çox iş adamının iştirakını və imzalanmış 12 sənəddən 9-unun məhz iqtisadi sahə ilə bağlı olduğunu vurğulayıb. Şahin Mustafayev Rusiyanın böyük banklarından biri olan “VTB Bank”ın ölkəmizdə qeyri-neft sektorunun və sahibkarlığın kreditləşməsinə maraq göstərdiyini və bu baxımdan əlaqələrin əhəmiyyətini qeyd edib, iş adamlarını Bankla fəal əməkdaşlığa dəvət edib.
Rusiya “VTB Bank"ının İdarə Heyətinin sədr müavini Mixail Oseyevski VII Azərbaycan-Rusiya Regionlararası Forumunun əməkdaşlığın inkişafı baxımından önəmini qeyd edıb. O, bankın fəaliyyəti barədə məlumat verərək bildirib ki, “VTB Bank"ın dünyanın 20 ölkəsində, o cümlədən 2009-cu ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Qeyd olunub ki, bankın müştəriləri müasir bank xidmətlərindən yararlanır və mobil bankçılıq xidmətlərinin istifadəyə verilməsi bu imkanları daha da genişləndirəcək. Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətində olan “VTB Bank” yeni müştərilərin cəlb olunması sahəsində iş aparır. M.Oseyevski “VTB Bank”ın Azərbaycan-Rusiya ticarət əlaqələrinin və Azərbaycan iş adamları ilə əməkdaşlığın genişlənməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə “VTB Bank”a “AS Group”un və “Azersun Holdinq”in istixana tikintisi, “ADO-G Group” şirkətinin neft-maşınqayırma zavodunun inşası layihələrinin təqdimatı keçirilib, bu layihələrin maliyyələşdirilməsi imkanları müzakirə edilib və iş adamlarının sualları cavablandırılıb.
Sonra Rusiya
Federasiyasının Tümen vilayətinin
qubernatoru Vladimir Yakuşev vilayətin investisiya
imkanlarını təqdim edib, Azərbaycanın
iş adamlarını vilayətdə
layihələr həyata keçirməyə dəvət edib.
Azərbaycan.- 2016.- 3 noyabr.- S.3.