Azərbaycan ilə Arxangelsk arasında kənd təsərrüfatı
məhsullarının ixracı sahəsində əməkdaşlıq
üçün geniş imkanlar var
Noyabrın
2-də kənd təsərrüfatı naziri Heydər Əsədov
VII Azərbaycan–Rusiya Regionlararası Forumunda iştirak etmək
üçün Bakıda səfərdə olan Rusiya
Federasiyasının Arxangelsk vilayətinin qubernatoru İqor
Orlov ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Arxangelsk vilayəti arasında aqrar sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və kənd təsərrüfatı məhsullarının idxal və ixrac proseslərinin səmərəliliyinin artırılması görüşün əsas müzakirə mövzularından olub.
Ölkələrimiz arasında iqtisadi, siyasi, o cümlədən aqrar sahədə geniş əlaqələrin olduğunu deyən nazir Heydər Əsədov dövlətimizin başçısının iqtisadiyyatın prioritet sahəsi kimi kənd təsərrüfatının inkişafına daim diqqət və qayğı göstərdiyini vurğulayıb.
Qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışan Heydər Əsədov bildirib ki, noyabrın 1-də Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub. “Aqrar sahədə əməkdaşlığın genişləndirilməsinin başlıca istiqamətləri” adlı “dəyirmi masa”da hər iki ölkənin kənd təsərrüfatı sahəsində təcrübəsinə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalara və yeniliklərə, aqrar məhsulların keyfiyyətinin artırılmasına, ixracın genişləndirilməsinə, əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb, logistikanın inkişafının hər iki tərəf üçün əhəmiyyəti vurğulanıb, kənd təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslaşmış Azərbaycan regionlarının potensialına dair təqdimatlar keçirilib.
Sonra nazir Azərbaycanın iqlim şəraitinin aqrar sektorun müxtəlif sahələrinin inkişafı üçün əlverişli olduğunu, ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini qonağın nəzərinə çatdırıb.
Ölkəmizin ixrac potensialı barədə ətraflı məlumat verən Heydər Əsədov Azərbaycan ilə Rusiyanın Arxangelsk vilayəti arasında kənd təsərrüfatı məhsullarının ixracı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. Vilayətin kənd təsərrüfatı məhsullarına olan tələbatının Azərbaycan məhsulları ilə vaxt və xərc itkisini azaltmaqla təmin olunmasının mümkünlüyü qubernatorun diqqətinə çatdırılıb. Heydər Əsədov Arxangelsk vilayətinin ehtiyac duyduğu kənd təsərrüfatı məhsullarının idxal və ixrac potensialı əsasında öncədən müəyyənləşdirilərək, vilayətin sahibkarlarının birbaşa sifarişi əsasında Azərbaycandan qarşı tərəfə ixrac olunmasını təklif edib.
Arxangelsk vilayətinin qubernatoru İqor Orlov nazir tərəfindən irəli sürülən təklifin təqdirəlayiq olduğunu bildirib.
Görüşün sonunda qeyd olunan
məsələlərlə bağlı işçi
qrupu səviyyəsində
qarşılıqlı müzakirələrin
aparılmasına dair ilkin
razılıq əldə edilib.
Azərbaycan.- 2016.- 3 noyabr.- S. 3.