İki ölkə arasında
konstruktiv əməkdaşlığa
əsaslanan tərəfdaşlıq
əlaqələri mövcuddur
Tümen vilayətinin qubernatoru
Vladimir Yakuşevin iştirakı
ilə “Caspian European Club”un Bakıda biznes-forumu keçirilib
Noyabrın 2-də Rusiya Federasiyasının
Tümen vilayətinin
qubernatoru Vladimir Yakuşevin
iştirakı ilə
“Caspian European Club”un
(Caspian Business Club) Bakıda biznes-forumu təşkil olunub.
AZƏRTAC
xəbər verir ki, Tümen vilayətinin 30-a yaxın şirkətinin və
“Caspian European Club” (Caspian Business Club) şirkətlərinin
iştirak etdikləri
biznes-forumda Azərbaycan
və Tümen vilayətlərinin şirkətləri
arasında iqtisadiyyatın
müxtəlif sahələri
üzrə əməkdaşlığın
perspektivləri müzakirə
olunub.
Biznes-forumda çıxış edən
Tümen vilayətinin
qubernatoru Vladimir Yakuşev
Azərbaycanla Rusiya Federasiyası arasında əməkdaşlığın yüksək səviyyədə
olduğunu, konstruktiv əməkdaşlığa əsaslanan
tərəfdaşlıq əlaqələrinin
arzuolunan şəkildə
təşkil edildiyini
diqqətə çatdırıb. O, Azərbaycan
şirkətlərini dialoqda
iştirak etməyə
və iki ölkənin sahibkarları
arasındakı problemləri
həll etməyə dəvət edib.
Forumun iştirakçılarını
son dövrdə regionda
həyata keçirilən
islahatlar barədə
məlumatlandıran V.Yakuşev
Tümen vilayətinin
həm neft-qaz, həm də qeyri-neft sektorunda Azərbaycanla əməkdaşlığı
genişləndirməkdə maraqlı olduğunu qeyd edib.
Tümen
vilayətində iş
adamları üçün
yaradılmış imkanlar
barədə ətraflı
məlumat verən qubernator əməkdaşlığın,
həmçinin iki dövlətin biznes qurumları arasındakı
tərəfdaşlıq əlaqələrinin
səviyyəsini yüksəltmək
məqsədilə sıralarında
yüzlərlə xarici
və yerli şirkəti cəmləmiş
“Caspian European Club”la (Caspian Business Club) əməkdaşlığı gələcəkdə də
davam etdirməyə hazır olduğunu diqqətə çatdırıb.
“2014-cü ilədək enerji daşıyıcılarının
qiyməti yüksək
olub. Lakin hazırda bazarda
tələb və təklif tamam başqa cürdür.
İqtisadiyyatı yeni şərtlər
daxilində inkişaf
etdirməkdən ötrü
indi biz işləməliyik.
İqtisadiyyatlarımız bir-birinə çox
bənzəyir. Bakıya böyük
heyətlə səfər
etməyimizin səbəbi
də məhz budur. Biz bu
gün öz investisiya potensialımızı
nümayiş etdiririk”,
- deyə qubernator qeyd edib.
“Biz həm neft-qaz,
həm də neft xidməti sahəsi üzrə səmərəli əməkdaşlıq
edə bilərik. Biznes nümayəndələri təmas
nöqtəsini tapmalı,
biz isə onlar üçün münbit
şərait yaratmalıyıq”,
- deyə o, çıxışına
davam edib.
Tümen vilayətinin qubernatorunun müavini Vadim Şumkov vilayətin potensialı barədə məlumatı biznes-forum iştirakçılarının nəzərinə çatdırıb. Onun sözlərinə görə,
sənaye istehsalı indeksi 2006-cı ildən bəri il
ərzində 10 faizdən
çox artıb. “Vilayətə on il ərzində yatırılan investisiyaların
həcmi 4 dəfə,
2015-ci ildə ümumi
regional məhsul 898 milyard
rubldan artıq olub. On il
ərzində isə ümumi regional məhsul 2
dəfə artıb. Tümen vilayəti RF-nin 2016-cı il
Milli reytinqində
region liderlərinin top 5-liyinə daxil olub”, - deyə qubernator qeyd edib və
vilayətdə həyata
keçirilən real investisiya
layihələrini təqdim
edib.
Biznes-forum çərçivəsində
şirkətlərin təklifləri
dinlənilib, biznesmenlərin
qarşılaşdıqları problemlər müzakirə
olunub, onların həlli yolları nəzərdən keçirilib. Tümen vilayətinin
nümayəndələri həmçinin
biznes-forumda iştirak
edən şirkətlərin
suallarını cavablandırıblar.
Əməkdaşlığın perspektivli istiqamətləri
qismində neft-qaz, maşınqayırma, səhiyyə,
təhsil və turizm sahələri, neft-qaz xidməti və neft emalı
üzrə birgə layihələr qeyd edilib. İnşaat sahəsində təcrübə
mübadiləsi və
qarşılıqlı ticarətin
genişləndirilməsi imkanları
gözdən keçirilib.
Biznes-forumda çıxış edən
SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov şirkətin
fəaliyyəti və
strukturu barədə iştirakçılara məlumat
verib. O, SOCAR-ın kompleks inkişafı haqda informasiya təqdim edib və Tümen vilayətinin biznes dairələri ilə əməkdaşlığa hazır
olduğunu bildirib.
“SOCAR Russia” və “SOCAR Polymer”in rəhbəri Fərid Cəfərov Azərbaycanla Rusiya arasında neft-qaz sahəsi üzrə əməkdaşlığın perspektivləri barədə
ətraflı məlumat
verib.
Biznes-forumda çıxış edən
“Caspian European Club” (Caspian Business Club) sədrinin
birinci müavini və baş icraçı direktoru Telman Əliyev fəal əməkdaşlığa
və biznesmenlərə
dəstəyə görə
Tümen vilayətinin
qubernatoru Vladimir Yakuşevə
minnətdarlığını bildirib.
T.Əliyev 2016-cı il dekabrın 7-də Bakıda
keçiriləcək IV Beynəlxalq
Caspian Energy Forum – 2016 (www.caspianenergyforum.com) barədə
məlumatı iştirakçıların
diqqətinə çatdırıb.
O, biznes nümayəndələrini
Azərbaycanın, Xəzər-Qara
dəniz və Baltik regionu ölkələrinin dövlət
strukturlarının, nazirlik,
komitə və qurumlarının rəhbərlərinin,
Azərbaycan Respublikasında
akkreditə olunmuş
diplomatik və beynəlxalq missiya nümayəndələrinin, həmçinin
nəhəng beynəlxalq
şirkət başçılarının
iştirak edəcəyi
forumun işində fəal iştirak etməyə dəvət edib. Hazırda IV Beynəlxalq Caspian Energy Forum
– 2016-da iştirak etmək
üçün dünyanın
15 ölkəsindən 200-dən çox nümayəndənin
qeydiyyatdan keçdiyi
vurğulanıb.
O qeyd edib ki,
“Caspian European Club” (Caspian Business Club) 2002-ci ilin
iyununda Xəzər-Qara
dəniz regionunda fəaliyyət göstərən
nəhəng neft-qaz şirkətlərinin dəstəyi
ilə yaradılıb.
“Caspian European Club”un
(Caspian Business Club) sədri Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevdir.
T.Əliyevin sözlərinə görə,
yarandığı ilk gündən
“Caspian European Club” (Caspian Business Club) neft sahəsindən əldə
olunan gəlirlərin
qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək
edir. Sıralarında 5 mindən
artıq şirkət
və təşkilatı
birləşdirən “Caspian European Club”
(Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət
göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal
iş aparır.
Biznes-forumda Vladimir Yakuşevə “Caspian European Club” (Caspian
Business Club) fəxri üzv
sertifikatı təqdim
olunub. Tədbirdə şirkət rəhbərləri
və səfirlər,
bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri
iştirak ediblər.
Azərbaycan.- 2016.- 3 noyabr.- S. 3.