Rəqəmsal
yayım yüksək keyfiyyət, geniş
imkanlar deməkdir
Nəhayət, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron yarımadasında televiziya yayımları tamamilə rəqəmsal formata keçdi. Bu, çox əlamətdar hadisədir: telekommunikasiya sisteminin keyfiyyətcə tamamilə yeni mərtəbəyə yüksəlməsi deməkdir.
Elmin inkişafı bir çox sahədə ənənəvi texnologiyalardan imtina ilə müşayiət olunur. Məhz bu tərəqqi sayəsində tarix üçün qısa bir müddətdə bəşəriyyət səs və görüntünü məsafəyə simsiz ötürməyi öyrəndi: ilk radionun, televizorun icadı insan həyatına inqilabi dəyişikliklər gətirdi.
Müasir həyatı nə radiosuz, nə də televiziyasız təsəvvür etmək çətindir. Bir vaxtlar ağ-qara, bir qədər sonra nəhəng ölçülü rəngli televizorlar hər ailənin arzuladığı məişət cihazları idi. İndi isə daxili detalları son dərəcə kiçik, ancaq ekranları iri müasir televizorlar istehsal olunur. Bu televizorların texnoloji və texniki imkanları yüksək keyfiyyətli görüntü təqdim etməyə imkan verir. Bu da məhz rəqəmsal format sayəsində mümkün olur. Özü də yüksək keyfiyyətli təsvir ilkin olaraq rəqəmsal avadanlıq vasitəsilə çəkilib ötürüldükdə istənilən effekti verir. Yəni çəkiliş də rəqəmsal olmalıdır, qəbul da. Ötürücü və qəbuledici avadanlıq da. Bu isə bir-biri ilə əlaqəli bir çox telekommunikasiya sahələrinin - televiziya kanallarının özlərinin, onların ötürücü stansiyalarının, retranslyasiya qurğularının və nəhayət, qəbuledici cihazların - televizorların özlərinin rəqəmsal texnologiyaya keçidini tələb edirdi. Son bir neçə ildə Azərbaycanda bu istiqamətdə kompleks işlər aparılıb: avadanlıqlar, texniki qurğular yenilənib. Paralel olaraq bütün televiziya kanalları rəqəmsal format üçün zəruri işləri görüb, texnikasını dəyişib.
Rəqəmsal yayım (format)
- yüksək keyfiyyətli görüntü,
səs effektləri deməkdir. Özü
də rəqəmsal formatın üstünlüyü
bununla məhdudlaşmır. Rəqəmsal yayımda bir tezlik zolağında bir deyil onlarla
kanal, hətta internet verilə bilər. Yəni bu
format multimedia xidmətləri üçün geniş imkanlar açır.
Beləliklə, televiziya kanalları
da çox cüzi xərclə tematik yeni törəmə
əlavələrini yarada
biləcək.
Bununla belə,
rəqəmsal formatın
əsas üstünlüyü,
heç şübhəsiz,
daha diri və təmiz göruntu, səs verməsidir. HD - rəqəmsal
yayımın daha yüksək aydınlığa
malik formatıdır.
Əlamətdar haldır ki,
Azərbaycanda bu formatda da televiziya
(idman) kanalı yayımlanır. Şübhəsiz, gələcəkdə onların
sayı daha da artacaq. İndi dünya super-HD formatından
üstün texnologiya
arayışındadır. Ölkəmizin sosial-iqtisadi səviyyəsi,
vətəndaşların rifah
vəziyyəti ən
son texnoloji yenilikləri
məişətimizdə tətbiq
etməyə yetir.
Doğrudur, hələ də
analoq - köhnə
model televizorlardan istifadə
edənlər də
var. Xüsusilə regionlarda,
kənd yerlərində.
Belə televizorlar rəqəmsal qəbulediciyə malik olmasalar da, problemin
həlli sadə və ucuz başa
gələndir. Rəqəmsal yayıma keçidlə əlaqədar bu hal nəzərə alınıb: rəqəmsal
çevirici qurğuların
(dekoderlərin) satışı
təşkil olunub. Paytaxtda və Sumqayıtda, eləcə də Abşeron ərazisindəki
poçt şöbələrindən
bu cihazları almaq mümkündür.
Qiyməti də 22 manatdır.
İstehlak bazarında başqa
təkliflər də
kifayət qədərdir.
Bu cihazların quraşdırılması və
istifadəsi də sadədir. Özü də rəqəmsal
yayımın qəbulu
üçün zəruri
bu dekoderlərdən əlavə avadanlığa,
eləcə də yeni antenə ehtiyac yoxdur.
Amma nəzərə almaq lazımdır ki, rəqəmsal yayım televiziya proqramlarının
yüksək keyfiyyətlə,
o cümlədən HD standartında
izləməyə, təsvir
və səs siqnallarının kənar
maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə imkan versə də, televizorun özünün
texniki parametrləri (imkanları) də yüksək olmalıdır.
Bunun üçün isə yaxşı olar ki, daha müasir
televizor alınsın.
Bir də diqqətdən qaçırmaq olmaz ki, Azərbaycanın telekommunikasiya peyki var və bu peyk vasitəsilə həm respublikamızın, həm də bir sıra ölkələrin televiziya kanalları yayımlanır. Təbii ki, rəqəmsal formatda. Bir qədər artıq xərclə daha keyfiyyətli təsviri və daha çox televiziya kanalını məhz birbaşa peykdən qəbul etmək olar.
Nəzərə almaq lazımdır ki, bir qədər sonra - cari ilin dekabrından başlayaraq bütünlüklə ölkə ərazisində, yəni rayonlarda da tam olaraq rəqəmsal televiziya yayımına keçiləcək və analoq yayım dayandırılacaq. Odur ki, kənd əhalisi bu müddətdə öncədən rəqəmsal yayıma hazırlıq görə - televizorlarını yeniləyə, yaxud rəqəmsal çeviricilər və ya peyk qəbulediciləri alıb köhnə televizorlarına quraşdıra bilərlər. Şübhəsiz ki, rəqəmsal çeviricilərin rayonlarda da satışı təşkil olunacaq. Məlumat üçün bildiririk ki, peyk vasitəsilə şifrəli (bağlı) yayımlanan idman yarışları analoq yayımdakı kimi, çevirici vasitəsilə qəbul edildikdə də açıq olacaq. Amma qat-qat daha keyfiyyətli təsvirdə.
Xatırladaq ki, respublika ərazisində rəqəmsal televiziya yayımına hazırlıq və keçid mərhələlərlə icra olunub. İlk olaraq Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmsal televiziya yayımına təxminən iki il öncə - 10 dekabr 2014-cü il tarixindən keçilib. Bu ilin sonuna kimi rəqəmsal yayım bütün ölkə ərazisini əhatə edəcək. Daha doğrusu, analoq yayım tamamilə dayandırılacaq.
Oxucularımızın nəzərinə onu da çatdırmaq istəyirik ki, rəqəmsal televiziya yayımına keçidlə əlaqədar yaranan hər hansı problemlə bağlı və ya buna aid suallarla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli “Qaynar xətt”inə zəng edə bilərlər.
Rəqəmsal çeviricinin seçimində və quraşdırlmasında çətinlik çəkənlərə Milli Televiziya və Radio Şurasının məsləhətçisinin “youtube.com” video portalında yerləşdirilmiş izahatını dinləmələri də tövsiyə olunur.
Elxan QƏNBƏRLİ,
Azərbaycan.- 2016.- 3 noyabr.- S. 7.