3 min illik
möcüzə
90 xəstəliyə
dərman olan və xərçəngin müalicəsində
effektiv vasitə sayılan Azərbaycan zəfəranı
keyfiyyətinə görə də dünyada öndədir
Zəfəran (“Crocus sativus L.”) dünyanın ən bahalı ədviyyatıdır. İştah gətirən bu bitki xalq təbabətində suçiçəyi, prostat, astma, böyrək iltihabı, göz və ürək ağrıları, zob, revmatizm və digər xəstəliklərə qarşı dərman kimi məşhurdur. Lakin daha çox xörəklərə, içkilərə xoş dad və ətir verən, restoranlara daşınan ədviyyat kimi tanınır. Onun dünya bazarını özünə cəlb edən hissəsi məhz çiçəyin içindəki 3 qırmızı telidir ki, bir kiloqramı 1100 dollardan 11 min dollara qədər qiymətə satılır. Bu qədər məbləğlər həqiqətənmi ədviyyata görə xərclənir?
Qədim
sivilizasiyaların neməti
Hər il payızda çox qısa müddətlik çiçək açan zəfəran Crocus cinsinin toxumla artmayan, yalnız soğanaqla çoxalan yeganə növüdür və insan tərəfindən yetişdirilmiş hesab olunur. Ondan istifadə tarixi 3 min ildən çox əvvələ qədər gedib çıxır. Amma elə bir qədim zəmanədə vəhşi təbiətdə hansı mənbədən götürüldüyü, yəni genetik “ana və atası”, həmçinin hansı laboratoriyada elmi nəticə kimi yaradıldığı məlum deyil. Bəzi alimlər sübut edə bilməsələr də düşünürlər ki, bəlkə də hər şey Misirdən əvvəlki sivilizasiyada baş verib. Bu fərziyyəni stimullaşdıran bir məqam da var: qədim sivilizasiyanın ondan faydalı istifadə yollarına bələd olması. Yəni bu bitkinin məhsulunu, indiki kimi, ağızla qəbul edirlərmiş.
Güman edilir ki, onun geniş miqyasda yetişdirilməsi məhz Yunanıstanda bürünc dövründə olub, sonralar əkin sahələri Şərqi Asiya və Mərkəzi Şərqə qədər genişlənib, hətta hazırda Böyük Britaniyada da yetişdirilir.
Onun faydaları haqqında ilk yazılı sənəd eramızdan əvvəl VII əsrdə qələmə alınmış “Assuriya botanikası” elmi əsəridir. O vaxtdan sonra 3 min il ərzində zəfəranın faydalarından yazılsa da, tibbdə istifadə qaydalarından, xüsusən də 90 xəstəliyin sırasında xərçəngin müalicəsi üçün necə istifadə edildiyi barədə heç bir mənbədə məlumat verilmir.
Başlıca
sirr
Bu çiçəyin xərçəngə qarşı müsbət effekti barədə ilk məlumat 1990-cı illərin əvvəllərində Hindistan alimləri tərəfindən verilib. Sonrakı illərdə tədqiqatların coğrafiyası genişlənib və zəfərana qlobal maraq hazırkı pik həddə çatıb. Qeyd olunan xəstəliyə qarşı müalicəvi təsir onun tərkibindəki vitaminlər - A, C, karotinoidlər, selenium (selen), fol turşusu, riboflavin, niasin və digərlərinin birgə təşkil etdiyi antioksidant tərkiblə əlaqələndirilir. Əsl zəfəranın tərkibində pikrokrosin (acı tamla əlaqəli), safranal (ətirlə əlaqəli) və krosin (rənglə əlaqəli) kimyəvi elementlər olmalıdır. Bunlar bitkinin tellərini dünya bazarındakı saxta məhsullardan fərqləndirən əsas xüsusiyyətlərdir.
Zəfəranın hikməti məhz selenlə bağlıdır və bu maddənin xərçənglə mübarizədə müalicəvi xüsusiyyəti hələ keçən əsrin ikinci yarısında məlum idi. Meksikanın Milli Pediatriya İnstitutunun “Onkoloji laboratoriya”sının azərbaycanlı rəhbəri, akademik Fikrət Abdullayev 2004-cü ildə həmkarları ilə birgə yazır ki, alimlər seleni soğan, sarımsaq, çay, gül kələmi, Braziliya qozundan alaraq heyvanlardakı şişin üzərində təcrübədən keçirib və müsbət nəticə əldə ediblər.
Bundan əlavə, 2000-ci illərdə zəfəranın tərkibindəki eyni növ maddələr bu bitkidən yox, digərlərindən götürülüb və selenlə əlaqəli halları ayrı-ayrılıqda fərqli illərdə və laboratoriyalarda insan, həmçinin heyvan üzərində təcrübələrdən keçirilib. ABŞ-ın Milli Elmlər Akademiyasının Tibb İnstitutu, Milli Xərçəng İnstitutu və Rusiya Tibb Elmləri Akademiyasının Qida üzrə Elmi-Tədqiqat İnstitutu bu istiqamətlərdə effektli nəticələr alaraq elmi məqalələrdə çap etdiriblər.
Zəfəranın ən böyük xüsusiyyətlərindən biri də odur ki, selen başqa bitkilərdən fərqli olaraq, onda məhz tellərdə toplanır. Bu dişicik tellərdəki antioksidantlar selenlə birgə unikal tərkib təşkil edərək xərçəngin müalicəsi üçün hazır vəziyyətə gəlirlər.
Zəfəranın normal, sağlam hüceyrələrə toksik təsiri yoxdur, onun işi yalnız korlanmış hüceyrələrə qarşıdır. Buna baxmayaraq, ondan reqlamentsiz istifadə arzuolunmaz nəticələrə səbəb ola bilir. Xüsusən də selen bədənimizdə normadan çox, yəni hər kiloqrama 2 milliqram olarsa zərərli toksinlərə çevrilərək xərçəng təhlükəsi yaradır. Nəzərə alaq ki, ideal norma 0,05 qramdan 1 qrama qədərdir.
ABŞ-da qadınlar gün ərzində 55, kişilər 70 mikroqram selen sərf edir. Avropada bu, hər iki cinsin nümayəndəsi üçün 55 mikroqramdır. Onun çatışmazlığı isə zəfəranın dərman olduğu xəstəlikləri yaradır. Selenin əvəzolunmaz mikroelementləri QİDS-in müalicəsində də istifadə olunub.
80 mindən
çox çiçəkdən 500 qr zəfəran
alınır
Bu maddənin mənbəyi başlıca olaraq səhra və yarımsəhralıqlarda aşınmaya məruz qalmış qələvili torpaqlar və neft-qaz çıxarma nəticəsində lay sularının töküldüyü ərazilərdir. Otuz faizi isə atmosfer çöküntülərindən əmələ gəlir və əsasən qeyri-üzvi formada.
Baxmayaraq ki, son 26 ildə aparılmış tədqiqatların
nəticələrində zəfəranın xərçəngə
qarşı təsiri qeyd edilir, bunu təkzib edən və ya
klinikada sübuta yetirən heç bir mənbə yoxdur. Bu
istiqamətdə ən azı bir fakt tapmaq üçün
İranın Tehran Tibb Elmləri Universitetinin professorları
2015-ci ildə 276 elmi məqalə toplayıblar.
Materialların beşi fars, qalanları ingiliscə olmaqla
yalnız 73-ü məhz zəfəranın antioksidant keyfiyyətindən
yazır. Lakin İran müəllifləri insanla əlaqədar
hər hansı nəticənin tibbdə tətbiqi barədə
məlumata rast gəlməyiblər. Onların ən
yaxşı halda tapdığı faktlardan biri odur ki, zəfəran
məhsulu Albino siçanlarında dəri xərçənginin
formalaşmasının və inkişafının
qarşısını alıb. Həm də zəfəran
ağızla qəbul edildikdə şişə qarşı
daha təsirli olur, nəinki birbaşa bədənə yeridiləndə.
Bu cür təcrübə
qeyd olunan siçanlarda serum B-karotene və A vitaminini
artırıb. Güman edilir ki, zəfəranın xərçəngə
qarşı effekti həmin vitaminlərin artımı ilə əlaqəli
ola bilər.
Toxumla artmayan, soğanaq üzərində inkişaf edən
zəfəranın yığımı ən çətin əl
əməklərindən sayıla bilər. Onu dərməyin
ən yaxşı vaxtı səhər tezdəndir, şeh
altında olanda. Ən vacib olan
qırmızı telləri 240 mindən çox sayda
toplandıqda yarım kiloqram təşkil edir ki, bu da futbol
stadionu qədər sahəni əhatə edən 80 mindən
çox çiçəkdən alınır.
İranda 310 ton, Azərbaycanda isə
80 kiloqram zəfəran yetişdirilir
Son onilliklərdə zəfəranın dünyadakı əkin
sahələri azalmaqdadır. Səbəb yüksək
maya dəyəri, məskunlaşma, torpaq çirklənmələri,
virus və sairdir. İspaniyada zəfəran
sahələri 1971-ci ildəki 6 min hektardan 200 hektara,
Yunanıstanda 1982-ci ildəki 1600 hektardan 860 hektara qədər
azalıb.
Dünya üzrə ümumi məhsulun 94 faizi İrana məxsusdur. Onların əksəriyyəti
Xorasanın (Cənubi Azərbaycan ərazisinin)
şimalında yetişdirilir. Təkcə
buradakı sahə 44 min hektardan çoxdur və ilə 172 ton
məhsul verir. 2014-cü ildə İran
ümumən 53 ölkəyə 244 milyon dollar dəyərində
170 ton zəfəran ixrac edib. Dövlət rəsmilərinin
bildirdiyinə görə, ötən il
ölkə rekord həddə - 310 ton zəfəran
yetişdirib və bir kiloqramının qiyməti 72 milyon rial
(3600 AZN) təşkil edib. Hazırda Amazon.com
alış-veriş saytında İran zəfəranının
1 qramı 6-14 dollar arası qiymətə satılır.
Lakin Azərbaycanda qonşu İranın 1 qram zəfəranı
7 manatadır və xeyli ucuz forma sayılır, yerli növ qədər
dəyərli hesab olunmur. Amma tarixi botanik
simvolumuz olan yerli zəfəran da qlobal azalma prosesinə
qoşulub. XIX əsrin ikinci yarısı -
XX əsrin əvvəllərində əkin sahələri
Abşeron yarımadasından şimala doğru Xəzərin
sahili boyu uzanırdı. O vaxt Bilgəh qəsəbəsi
Avropa, Rusiya və İrana zəfəran ixracatı ilə
çox məşhur idi. Abşeron əhalisi əsasən
bu biznesin gəlirləri ilə dolanırdı. SSRİ-də yeganə zəfəran sovxozu məhz
bu qəsəbədə yerləşirdi və 130 hektar sahəni
əhatə edərək ildə 150 kiloqram çiçək
məhsulu verirdi. Hazırda sovxoz fəaliyyət
göstərmir və onun cəmi 16 hektar əkin sahəsi
qalıb. Bütün respublika üzrə
fərdi əkin sahələri də daxil olmaqla 21 hektar ərazidə
zəfəran yetişdirilir və alınan məhsul 80
kiloqramdır. Bu bitkini şəxsi torpaq
sahələrində yetişdirən ailələr onu xeyli dəyərli
bitki kimi yaxınlarına çox kiçik, hətta
milliqramlarla hədiyyə edirlər. Amma
ölkədən zəfəran ixracı yoxdur.
Respublikada zəfəranı öyrənən əsas təşkilatlardan
biri Azərbaycan Milli Elmlər Akademiyası Molekulyar Biologiya və
Biotexnologiyalar İnstitutudur. Elmi müəssisənin
“Bitki biotexnologiyası” laboratoriyasının müdiri,
biologiya elmləri namizədi Tofiq Qaragözov 2015-ci ildə həmkarları
ilə birgə yazdığı məqalədə bildirir ki,
ən yaxın zamanda bu Abşeron bitkisinin endemik keyfiyyəti
yoxa çıxa bilər. Bu işdə
digər ölkələrdən gətirilən, virusa
yoluxmuş nümunələrin yerli zəfəranlara
qarışması xüsusi rol oynayır.
Azalmanın digər səbəbi də elmi mərkəzlər
tərəfindən kütləvi daşınmadır. Zəfəranı
ən çox idxal edən Almaniya, ABŞ, İsveçrə,
Böyük Britaniya və Fransadır. İxrac
və idxalçı ölkələrdə bu bitkini tədqiq
edən elmi mərkəzlər var. Lakin onların tibbi təcrübələrdəki
nəticələri barədə heç bir mənbə
yoxdur.
F.Abdullayev
öz iş yoldaşları və Meksika Milli Muxtar
Universitetindəki həmkarları ilə birgə 2000-ci illərin
əvvəllərində 11 ölkədən götürülmüş
zəfəran nümunələri üzərində sitotoksik
aktivliyi qiymətləndirib. Nəticədə
dünyada xərçəngə qarşı ən keyfiyyətli
zəfəranın Hindistanda yetişdirildiyi məlum olub.
Ondan sonra İran, Yunanıstan, Türkiyə, Azərbaycan
və digərlərinin adı çəkilir. Çin zəfəranı isə ən zəif aktiv
müəyyən edilib.
Zəfəranın becərilməsinə
Azərbaycandan böyük elmi töhfə
“Çöllərin zərif qızı” ilə
bağlı daha bir sirr onu qlobal virusdan azad etmək və
süni yolla çoxaltmaq üçün aparılan tədqiqatların
nəticələridir. Laboratoriyalarda hər gün soğanaqlar
doğranır, kolbalarda xüsusi qida mühitində
klonlaşdırılır və nəticədə bir dilimdən
5-6 ay ərzində bir neçə soğan əldə
edildiyi bildirilir. Lakin T.Qaragözov bu istiqamətdə
ən böyük nəticə göstərib və 1 dilimdən
10-25 soğan alıb. O, dünyanın qəbul etdiyi 5 dərəcə
temperatur standartını 2011-ci ildə dəyişərək
fərqli nəticəyə nail olub. Belə ki,
genetik proqramın 5 həftəyə dəyişdiyi və bu
müddətdə embryoidlərin çoxaldığı
müşahidə olunub. T.Qaragözov bu
yolla proqramı sürətləndirməyi və müddəti
qısaltmağı da mümkün hesab edir.
Alim ABŞ, Ukrayna və Azərbaycanda dərc
olunmuş elmi məqalələrində 5 il əvvəl əldə
etdiyi bu uğurlu nəticə barədə geniş məlumat
verir. Lakin beynəlxalq
patent ala bilmədiyinə görə temperatur qradientini
paylaşa bilmir. Xatırladaq ki, Azərbaycan beynəlxalq patent
konvensiyasına hələ qoşulmayıb.
Zəfəranın biotexnologiyası 100 ilin ən
perspektivli işləri siyahısındadır. F.Abdullayev 2002-ci ildə
inanaraq qeyd edirdi ki, nə zamansa laboratoriyalarda yüksək
keyfiyyətdə daha ucuz başa gələn zəfəran
yetişdirilməsinə nail olunacaq. T.Qaragözov
bu gün bunun hansısa ölkədə əldə edildiyinə
əmindir. Onun fikrincə, zəfəranın
klonlaşdırılması üzrə qabaqcıl yerləri
tutan və yüksək elmi texniki avadanlıqlarla təmin
olunmuş xarici elmi mərkəzlərin indiyə qədər
xeyli sayda klonlaşdırmaya nail olmaması
inandırıcı deyil. O, bu istiqamətdə elmi nəticələr
barədə məlumatlara rast gəlinməməsini kommesiya
sirri ilə izah edir. Lakin alim inanır ki, xarici həmkarlarının
qarşısına onun reallaşdırdığı tərzdə
təcrübə çıxmır. Çünki
onların diqqəti müasir imkanlar mühitində bu təcrübədən
bir qədər yan keçir.
İran alimləri, həmçinin T.Qaragözov qeyd
edirlər ki, zəfəranın yetişdirilmə metodları
və tibbdə istifadə imkanları gələcəkdə
qida biokimyası kimi öyrənilməli, inkişaf etdirilməlidir. Azərbaycan
alimi əlavə olaraq diqqətə çatdırır ki,
yerli zəfəranların keyfiyyətcə dünyada neçənci
yerdə olduğu məlum deyil. Səbəb
indiyəcən sözügedən bitkinin məhsulu və
torpaq üzərində beynəlxalq standartlara uyğun kompleks
analizlərin aparılmamasıdır. Bununla
yanaşı, respublikamızın təbii ekosistemi müxtəlif
tərkibli olduğuna görə zəfərandan istifadə məqsədilə
ölkənin hər bir regionunda torpaq ayrıca
araşdırılmalıdır. Bu bitkinin
keçmişdən yetişdirildiyi torpaqların selenlə
qarşılıqlı əlaqəsi müəyyən edilməlidir.
Səid HÜSEYNOV,
AMEA-nın əməkdaşı
Azərbaycan.- 2016.- 3 noyabr.- S. 7.