Qlobal layihələrin təşəbbüskarı

 

Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunmasında dayaq nöqtəsidir

 

Azərbaycan geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Prezident İlham Əliyev Azərbaycanın konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regionalqlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür.

Beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadigeostrateji maraqların ödənməsi, vətəndaşların təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən siyasətin prioritet məqsədləridir.

Qlobal böhran şəraitində maliyyə sabitliyinin təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişafı əldə edilən müsbət nəticələrdir. Azərbaycanın geosiyasi çəkisi artır, ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir. Tərəfdaş ölkələrlə qarşılıqlı faydalı münasibətlər regionda sabitliyinsülhün təmin olunmasına töhfə verir, sülh və əmin-amanlığın, ərazi toxunulmazlığının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirən Azərbaycanın dünya birliyinə təsir imkanları daha da genişlənir.

Ötən 13 ildə həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan fantastik görünə biləcək sürətli inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur. Bu müddətdə ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi Ərzurum qaz kəməri istifadəyə verilmiş, “Ümid”, “Abşeronkimi perspektivli qaz yataqları kəşf olunmuş, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə, TAP, TANAP kimi enerji layihələrinin icrasına başlanılmış, yol-nəqliyyat sistemi, infrastruktur müasirləşdirilmişdir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini daha da artırmış, respublikamızın Avratlantik strukturlara inteqrasiya prosesini sürətləndirmişdir.

Bunlarla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. Təkcə bir faktı demək kifayətdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə 775 milyon dollar kredit vermişdir. Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova, İsveçrə və Yunanıstan ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır. Şübhəsiz ki, digər ölkələrin iqtisadiyyatına yatırılan investisiyalar yaxın perspektivdə respublikamıza böyük iqtisadi dividendlər qazandıracaq.

Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətinin beynəlxalq aləmdə də yüksək dəyərləndirildiyini bildirirb: “Bu gün dünyanın ən böyük enerji layihələrindən biri olan “Cənub qaz dəhlizi” uğurla icra edilir. Biz “Şahdəniz-2” layihəsinin icrasında artıq son mərhələyə yaxınlaşırıq. Layihənin icrası artıq 83 faiz təşkil edir. TANAP layihəsinin icrası təqribən 40 faizə yaxındır. Biz bu nəhəng enerji, iqtisadi layihəni uğurla icra edirik. Bu, bizə gələcəkdə çox böyük əlavə iqtisadi dividendlər gətirəcək. Biz zəngin qaz ehtiyatlarımızı etibarlı yollarla dünyanın ən böyük, bizim üçün ən yaxın bazarlarından biri olan Avropa bazarına çıxarırıq. Bizim enerji siyasətimiz dünya tərəfindən yüksək qiymətləndirilir. Biz beynəlxalq əməkdaşlıq formatını yaratmışıq və bu formatı genişləndiririk.

“Cənub qaz dəhlizi” tarixi layihədir. Bu, bizim uğurlu gələcək inkişafımızı müəyyən edəcək. Bununla bərabər, biz iqtisadiyyatımızın digər sektorlarının inkişafı ilə bağlı çox ciddi addımlar atırıq.

Xüsusilə son müddət ərzində Azərbaycanda sənayenin, kənd təsərrüfatının inkişafı artır. Baxmayaraq ki, dünyanın iqtisadi böhranı davam edir, biz bu istiqamətdə də çox ciddi addımlar atmışıq. Əminəm ki, yaxın illərdə qeyri-neft sektorunun inkişafı daha da sürətlə gedəcək. Bu gün iqtisadiyyatımızın təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Biz indi ixracın şaxələndirilməsi ilə ciddi məşğuluq. Elə etməliyik ki, neftdən, qazdan asılılıq minimum səviyyəyə endirilsin”.

Enerji resursları, şaxələndirmə hər bir ölkənin sənaye və iqtisadi inkişafında əsas amillərdəndir. “Şimal-Cənub” nəqliyyat dəhlizi də strateji əhəmiyyət daşıyan transmilli layihədir və gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi var. Tranzit yüklərin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir. İmişli-Parsabad nəqliyyat xəttinin birləşməsi regional əməkdaşlığa çox müsbət təsir göstərəcək. “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşması üçün ilk addım Astara-Astara dəmir yolunun birləşdirilməsidir. Digər bir tərəfdən də, Astara-Rəşt dəmir yol xəttinin bir-birinə bağlanması da böyük imkanlar açacaq. Qeyd edək ki, sərmayə qoyuluşunun 50 faizi İran, 50 faizi isə Azərbaycan tərəfindən təmin ediləcək. Dəmir yol xəttinin istifadəyə verilməsi nəticəsində Azərbaycanın Fars körfəzinə çıxışı təmin olunacaq. Bununla da Qafqaz ölkələrinin, Rusiyanın, Şimali və Şərqi Avropanın Fars körfəzinə və Hindistana çıxışı təmin ediləcək ki, bu da region ölkələrinə böyük iqtisadi dividendlər gətirəcək.

Strateji əhəmiyyət daşıyan iki böyük layihə - “Cənub qaz dəhlizi”nin, eləcə də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin icrası ölkəmizin önəmini daha da artıracaq. Bu layihələr Azərbaycan və bizim tərəfdaşlarımız üçün çox böyük strateji əhəmiyyət daşıyır. Çünki bizim coğrafi vəziyyətimiz diktə edir ki, Azərbaycan nəinki regional, dünya miqyaslı nəqliyyat mərkəzlərinin birinə çevrilsin. Azərbaycan ərazisindən keçən yük daşımalarının sayının artması ölkəmizin siyasi maraqlarına cavab verməklə yanaşı, həm də iqtisadi gəlirlər gətirəcək.

Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirərək ilk növbədə milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin keyfiyyət müstəvisinə keçirilməsini təmin etmişdir. Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Bunun nəticəsidir ki, ötən 13 ildə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, büdcə gəlirləri 10 dəfədən çox artmış, sosial-iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.

Ötən müddət ərzində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bunlar Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir. Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla həyata keçirilməsi Azərbaycanın qeyri-neft sektorunda mühüm irəliləyişlərə gətirib çıxarıb. Regionların inkişafına xidmət edən kompleks tədbirlərin davamlı səciyyə daşıması tamamilə təbiidir: inkişaf etmiş dövlətlərin təcrübəsi də sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanır.

Prezident İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız enerji müstəqilliyini tam təmin edib. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlib. Bu gün hər bir azərbaycanlı inanır ki, ölkədə həyata keçirilən uğurlu siyasət davamlı inkişaf və tərəqqi prosesini sürətləndirməklə Azərbaycanın iqtisadi cəhətdən gücünü daha da artıracaq.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 4 noyabr.- S. 1, 2.