Azərbaycan
Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə
həsr olunan yubiley mərasimi keçirilir
Noyabrın
3-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 90
və Azərbaycan Televiziyasının 60 illiyinə həsr
olunan təntənəli yubiley mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyətin təmsilçiləri iştirak edirlər.
Tədbirdə əvvəlcə xalq çalğı alətləri orkestrinin ifasında “Radio marşı” səsləndirilib.
Sonra ulu öndər Heydər Əliyevin Azərbaycan Radiosu və Televiziyasının yubileyində iştirakı zamanı çıxışından bir hissə nümayiş etdirilib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV təntənəli mərasimdə çıxış edib.
Azərbaycan radiosunun 90 illik və televiziyasının 60 illik yubileyi münasibətilə teleradio işçilərini təbrik edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, cəmiyyətin informasiya və mədəni tələbatının təmin edilməsi, geniş xalq kütlələrinin maarifləndirilməsi, mənəvi-əxlaqi dəyərlərin, estetik baxışların, humanist duyğuların və incə zövqün formalaşdırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi kimi mühüm məsələlərdə teleradionun rolu əvəzsizdir. Televiziya və radio həm də böyük səfərbəredici və təbliğat imkanı olan qüdrətli idarəetmə vasitəsidir. Hazırda dünyanın bütün ölkələri teleradio yayımı ilə əhatə olunub. Televiziya hələ də dünyada ən populyar informasiya, əlaqə və mübadilə mənbəyi hesab edilir.
Radio və televiziyanın Azərbaycan xalqının tarixi inkişafındakı rolu haqqında danışan Prezidentin köməkçisi deyib ki, bu informasiya vasitələri mətbuatın fərqli forması kimi bir əsrə yaxındır həyatımıza daxil olub. Mətbuat, o cümlədən teleradio milli inkişafdan ayrı, əlahiddə fəaliyyət göstərə bilməz. Bu iki dəyər bir-birini tamamlayaraq, formalaşdıraraq zənginləşir və öz mövcudluğunu qoruyur.
Azərbaycanda teleradionun yaranması və
inkişafı tarixinə qısa ekskurs edən Əli Həsənov
deyib: “Keçmiş SSRİ-də ilk radio verilişi
1924-cü il noyabrın 23-də efirə buraxılıb. Azərbaycan radiosu isə 2 il sonra - 1926-cı il noyabrın 6-da
yaradılıb. Mexaniki televiziya Sovet İttifaqında 1931-ci il oktyabrın 1-də yayıma başlasa da, Azərbaycan
televiziyası bundan 25 il sonra - 1956-cı il fevralın 14-də
ilk dəfə efirə çıxıb. Müqayisə
üçün bildirim ki, qardaş Türkiyədə radio
1927-ci il mayın 6-da, televiziya isə
1968-ci il yanvarın 31-də fəaliyyətə
başlayıb. İranda radio 1926-cı ildə, televiziya isə
1959-cu ildə qurulub. Göründüyü
kimi, Azərbaycan bu sahədə də müsəlman Şərqində
birinci mövqedə dayanır. Azərbaycanda teleradionun
inkişaf tarixini şərti olaraq iki dövrə ayırmaq
olar: sovet və müstəqillik dövrləri. Hər bir dövrün fərqli xüsusiyyətləri
olsa da, teleradionun bir sıra universal cəhətləri
bütün zamanlarda öz aktuallığını qoruyub
saxlayıb. İlk növbədə onu
qeyd etmək lazımdır ki, hər bir xalqın teleradiosu
onun görən gözü, danışan dili, eşidən
qulağı olmaqla bərabər, həm də ictimai həyatının
güzgüsü, bir növ vizit kartıdır. Teleradio proqramlarının məzmunu və keyfiyyəti
hər bir xalqın milli-mənəvi dünyası, mədəni
və sosial-iqtisadi inkişaf səviyyəsi barədə təsəvvür
yaradır. Teleradio milli mədəniyyətimizin
ən yaxşı nümunələrini üzə
çıxarır, milli korifeyləri yetişdirir,
formalaşdırır, təbliğ edir və bununla da
xalqımızı, dövlətimizi dünyada tanıdır.
Teleradio həm də başqa xalq və
toplumları, fərqli mədəniyyətləri öz
auditoriyasına tanıtmaq imkanına malikdir. Televiziya
bizim xalqımızı, mədəniyyətimizi, ən
gözəl nümunələrimizi dünyaya təqdim etməklə
yanaşı, dünyadakı ən gözəl mədəniyyət,
incəsənət, elm, təhsil, mənəviyyat nümunələrini
də yerli tamaşaçılara çatdıraraq onların
intellektual səviyyəsinin, zövqünün, mənəvi
həyatının zənginləşməsi prosesində
iştirak edir”.
Azərbaycanda
teleradionun inkişafının sovet dövrünün,
xüsusilə də ötən əsrin 70-80-ci illərinin
çox əhəmiyyətli olduğunu vurğulayan Əli Həsənov
deyib ki, məhz həmin illərdə biz Azərbaycan dilini, ədəbiyyatını,
tarixini, zəngin və çoxcəhətli milli mədəniyyətimizi
yenidən dərk etmək və qiymətləndirmək
imkanı əldə etdik. Ümummilli lider Heydər
Əliyevin respublikaya rəhbərliyinin birinci
dövrünü əhatə edən bu illər milli
özünüdərkin oyanmasında yeni mərhələ
olub. Sovet dövründə Heydər
Əliyevin Azərbaycanda tətbiq etdiyi idarəçilik
üsulu xalqın milli-mənəvi dirçəlişində
xüsusi rol oynayıb. Məsələn,
Azərbaycanın görkəmli şəxsiyyətlərinin
yubileylərinin müntəzəm qeyd edilməsi imkan
yaradırdı ki, cəmiyyətimizin tanınmış
simaları xalqımızın taleyüklü problemlərini,
keçmişi və gələcəyi ilə bağlı
olan mühüm konseptual fikirlərini üzə
çıxarsınlar, sistemləşdirsinlər. Bu da, öz növbəsində, insanlarda milli
düşüncənin güclənməsinə,
böyüməkdə olan nəslin həm milli-mənəvi
dəyərlərimizə, həm də mütərəqqi
ümumbəşəri dəyərlərə əsaslanan
dünyagörüşünün formalaşmasına müsbət
təsir göstərirdi.
Milli ruhun
yüksəlişinə təkan verən əsas şərtlərdən
birinin də ana dili olduğunu diqqətə çatdıran
Əli Həsənov bildirib: “Teleradio ana dilinin
yaşamasının, zənginləşməsinin və
saflığının qorunmasında birbaşa iştirak
edir. Bu baxımdan Heydər Əliyevin ciddi səyləri nəticəsində
Azərbaycan dilinə dövlət dili statusu verilməsi, bu
mühüm müddəanın 1978-ci il
Konstitusiyamızda təsbit olunması, eyni zamanda, teleradio məkanında
Azərbaycan dilinin funksionallığının
artırılmasına yönələn proqram siyasəti milli
ideologiyanın formalaşması, gələcəyin müstəqil,
yeni Azərbaycanının yaradılmasında mühüm
amillərdən hesab edilməlidir. Ümumiyyətlə,
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci
dövründə baş vermiş dəyişikliklər,
ictimai və iqtisadi sahədə aparılmış
köklü islahatlar və xalqın maddi rifahının
keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi
Azərbaycanın müstəqilliyinə aparan tarixi yolun ən
parlaq səhifələridir. Şübhəsiz,
televiziya və radio bu səhifələrin yazılmasında
öz üzərinə düşən vəzifələri
layiqincə yerinə yetirib. Həmin illərdə
teleradionun mədəniyyət, ədəbiyyat, ana dili, tarix,
sosial-iqtisadi inkişaf və digər sahələrlə
bağlı hazırlayıb təqdim etdiyi proqramlar
bütöv bir nəslin vətənpərvər ruhda tərbiyəsində
əvəzsiz rol oynayıb. Teleradio həm
də xalqımızın keçdiyi inkişaf yolunun
video-audio salnaməsini yaradır, qoruyur və gələcək
nəsillərə çatdırır”.
Prezidentin köməkçisi Əli Həsənov Azərbaycan
teleradiosunun müstəqillik dövründə keçdiyi
inkişaf yolundan danışarkən qeyd edib ki, müstəqilliyin
ilk illərində ölkədə yaranmış çətin
və qarışıq ictimai-siyasi şərait teleradioya da təsirsiz
ötüşməmişdi. Ölkədə
hökm sürən hərc-mərclik, xaos və anarxiyanın
təzahürləri həm də kütləvi informasiya vasitələrinə
sirayət edir, Azərbaycan xalqı üçün olduqca
taleyüklü bir dövrdə medianın öz tarixi
missiyasını lazımınca yerinə yetirməsinə
imkan vermirdi. Buna görə də
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə
qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyinin
taleyində müstəsna əhəmiyyət kəsb edən
islahatlar sırasında kütləvi informasiya vasitələrinin,
o cümlədən teleradionun fəaliyyətinin yenidən təşkilinə
mühüm əhəmiyyət verib. Plüralizmi,
söz və məlumat azadlığını məhdudlaşdıran
süni maneələr Ümummilli Liderin siyasi iradəsi və
böyük səyləri nəticəsində aradan
qaldırılıb, kütləvi informasiya vasitələrinin
fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək
beynəlxalq standartlara uyğunlaşdırılıb.
1995-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycanda
söz və məlumat azadlığının təməl
prinsip kimi təsbit olunması, 1998-ci ildə senzuranın ləğv
edilməsi, 1999-cu ildə isə ən müasir tələblərə
cavab verən “Kütləvi informasiya vasitələri
haqqında” Qanunun qəbul edilməsi Azərbaycanda müasir,
güclü, plüralist medianın
formalaşdırılması istiqamətində mühüm
addımlar olub.
Prezident
Administrasiyasının rəsmisi deyib: “Bu gün Azərbaycanda
Heydər Əliyevin siyasəti və ənənələri
bütün sahələrdə olduğu kimi, media sahəsində
də uğurla davam etdirilir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkə
mediasına daim diqqət və qayğı ilə
yanaşır, onun problemlərinin həlli və inkişafı
üçün lazım olan bütün tədbirləri
görür. Son 12 ildə teleradio fəaliyyətinin
qanunvericilik bazası xeyli gücləndirilib, tənzimləmə
mexanizmləri təkmilləşdirilib, Azərbaycan
teleradioları daha da inkişaf edib, bu sahədə müasir
texnologiyaların tətbiqi geniş vüsət alıb.
2004-cü ildə “İctimai Televiziya və radio
yayımı haqqında” Qanun qəbul edilib. 2005-ci ildə ikinci dövlət kanalının
bazasında İctimai Televiziya və Radio Yayımları
Şirkəti təsis edilib və fəaliyyətə
başlayıb. İctimai Televiziyanın
maddi-texniki təminatı və real olaraq fəaliyyətə
başlaması üçün bütün zəruri tədbirlər
görülüb. 2005-ci ildə Azərbaycan Dövlət
Televiziyasının bazasında “Azərbaycan Televiziya və
Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
yaradılıb, onun tərkibində “İdman Azərbaycan” və
“Mədəniyyət” kimi yeni tematik kanallar açılıb.
Son illər respublikamızda informasiya-kommunikasiya
sistemlərinin inkişafına diqqət artırılıb,
ölkəmiz 2 kosmik peykini orbitə buraxaraq kosmik dövlətlərin
sırasına qoşulub. Bununla da Azərbaycan
teleradio yayımçılarının imkanları əhəmiyyətli
dərəcədə genişləndirilib. Hazırda Azərbaycanda
10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk
televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət
göstərir, ölkə ərazisində rəqəmsal
yayımın tətbiqinə başlanılıb.
Ölkədə
güclü, müstəqil, obyektiv informasiya
daşıyıcısı və milli maraqların təəssübkeşi
olan KİV-lərin formalaşmasının və
inkişafının dövlətin media siyasətinin fəlsəfəsini
təşkil etdiyini diqqətə çatdıran Əli Həsənov
deyib: “Xüsusi qeyd etməliyəm ki, Prezident İlham
Əliyev son illərdə mediaya dövlət
qayğısını sistemləşdirib və şəffaflaşdırıb.
Bunun bariz nümunəsi kimi, Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 30 iyul tarixli Sərəncamı ilə “Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi
Konsepsiyası”nın təsdiq edilməsini və 2009-cu il
aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılmasını göstərmək olar. İndiyədək
KİV layihələrinin maliyyələşdirilməsi
üçün dövlət büdcəsindən Fonda 30
milyon manatdan artıq vəsait ayrılıb. Azərbaycan Prezidentinin 2011-ci və 2013-cü illərdə
respublikada milli televiziya filmlərinin istehsalına maliyyə
yardımının göstərilməsi haqqında
imzaladığı sərəncamlarla üst-üstə 11
milyon manat vəsaitin ayrılması həm də
televiziyaların inkişafına əlavə imkanlar
yaradıb”.
Mətbuat
işçilərinə də dövlət
qayğısından danışan Əli Həsənov deyib
ki, Prezident İlham Əliyevin “Azərbaycan mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri haqqında” 2010-cu il 22 iyul tarixli Sərəncamı
ilə jurnalistlər üçün yaşayış
binası tikilib, mənzillər 156 KİV əməkdaşına,
o cümlədən televiziya və radio işçilərinə
paylanılıb. 2013-cü ildə Prezidentin “Azərbaycan
mətbuat işçilərinin sosial müdafiəsinin
gücləndirilməsinə dair əlavə tədbirlər
haqqında” Sərəncamına uyğun olaraq jurnalistlər
üçün 256 mənzilli yeni bina inşa olunur. Hər
il mətbuat işçilərinin
bayramlarında, televiziya və radio günü ərəfəsində
əməkdə fərqlənən teleradio işçiləri
müxtəlif dövlət mükafatları, fəxri adlar,
orden və medallarla təltif edilirlər. Əminəm ki, milli
radionun 90 və televiziyanın 60 illik yubileyi ilə
bağlı da Azərbaycan teleradio işçiləri
müxtəlif dövlət mükafatları və fəxri
adlara layiq görüləcəklər.
Teleradio
işçilərini əlamətdar yubiley münasibətilə
bir daha təbrik edən Prezidentin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov
çıxışını aşağıdakı fikirlərlə
tamamlayıb: “Müasir dövrdə informasiya-kommunikasiya
sistemləri sürətlə inkişaf edir. İnternet
getdikcə yazılı mətbuatın əhatə dairəsini
və teleradio məkanını daraldır. Buna baxmayaraq, Azərbaycanda teleradionun auditoriyası hələ
də böyükdür və bu sahə yeni texnologiyalardan
bacarıqla yararlanaraq, ölkə əhalisinin 85 faizinin
informasiya ehtiyacını ödəyə bilir. Odur ki, vətəndaşlarımız hələ
uzun illər teleradio məhsullarını həvəslə
istehlak edəcək, onun bəxş etdiyi sevincli anlardan
zövq alacaqdır”.
Daha sonra
Azərbaycan Televiziya və Radiosunun Niyazi adına
simfonik orkestrinin ifasında “Koroğlu” operasından
uvertüra səsləndirilib.
Milli Televiziya və Radio Şurasının sədri
Nuşirəvan Məhərrəmov ötən illər ərzində
teleradio sahəsində görülən işlərdən bəhs
edib. Azərbaycan tarixinin öyrənilməsi, adət-ənənələrimizin
qorunub saxlanılmasında milli televiziyanın və radionun
oynadığı müstəsna rolu qeyd edib. O, ulu
öndər Heydər Əliyevin bu sahənin inkişafı
istiqamətində gördüyü əvəzsiz xidmətlərdən,
Prezident İlham Əliyevin televiziya və radio sahəsinə
göstərdiyi qayğıdan, bu sahədə aparılan
modernləşmədən söhbət açıb.
Sonra Azərbaycan radiosunun fəaliyyətindən bəhs
edən videoçarx nümayiş etdirilib.
Daha sonra ölkəmizdə fəaliyyət göstərən
televiziya kanallarının nümayəndələrinin təbrikləri
çatdırılıb.
Yubiley tədbirində Azərbaycanın korifey
sənətkarlarının ifalarından, həmçinin məşhur
tamaşalardan parçalar nümayiş etdirilib, ölkəmizin
tanınmış musiqiçilərinın ifaları dinlənilib.
Azərbaycan.- 2016.- 4 noyabr.- S. 3.