Dmitri SAVELYEV: “İqtisadi
əlaqələrimiz getdikcə möhkəmlənir”
Xəbər verildiyi kimi, bu günlərdə Bakıda iki ölkənin münasibətlərində növbəti mərhələ olan VII Azərbaycan-Rusiya Regionlararası Forumu öz işini başa çatdırıb. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində iqtisadi sahədə tərəfdaşlığa aid bir sıra sualları cavablandırıb.
- Dmitri
İvanoviç, siz iki dövlətin strateji əlaqələrinin
nizamlanmasında regionlararası forumun əhəmiyyətini
necə qiymətləndirərdiniz?
- Həm dövlətlərarası, həm də horizontal səviyyədə - iki dövlətin regionları və ayrı-ayrı müəssisələri arasında əlaqələrin nizamlanması təkcə zəruridir. Bu cür əlaqə telləri nə qədər çox olsa, ölkələrimiz arasında münasibətlər bir o qədər möhkəm olacaq. Bu günə qədər Azərbaycan Rusiyanın 19 regionu ilə ticari-iqtisadi münasibətlər sahəsində 36 saziş imzalayıb, bütövlükdə isə Rusiya Federasiyasının 78 subyekti bizim cənub qonşumuzla əlaqə saxlayır.
Bu yüksəlişdə Regionlararası Forum inteqrasiya proseslərinin genişlənməsinə və konstruktiv təşəbbüslərin formalaşmasına kömək edən, biznes-strukturlar arasında təcrübə mübadiləsi və əlaqələrin tənzimlənməsi üçün imkan yaradan məkan rolu oynayır. Foruma maraq ilbəil artır: Bakı forumunda Azərbaycanın 300-ə yaxın nümayəndəsi və Rusiyanın 9 regionundan 250-dən çox iştirakçı toplaşmışdı. Qeyd etmək lazımdır ki, Rusiya Azərbaycanın bu cür birgə tədbirlər keçirdiyi yeganə ölkədir.
- Rusiya
ilə Azərbaycan arasında iqtisadi
münasibətlərin cari vəziyyətini
necə səciyyələndirərdiniz?
- Qeyd etmək lazımdır ki, ölkələrimiz dünya iqtisadiyyatında neqativ hadisələrə qarşı uğurla müqavimət göstərir, neftin qiymətinin düşməsinin öhdəsindən gəlirlər. Rusiya və Azərbaycan bir-biri üçün çox qiymətli ticari tərəfdaşlardır. Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının 90 faizi Rusiya bazarına gedir. Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biridir: Azərbaycanın idxalında Rusiya 17,9 faiz pay ilə liderlik edir, respublikanın ümumi əmtəə dövriyyəsində bizim ölkəmiz 11,4 faiz təşkil edir.
Bizim iqtisadi əməkdaşlıq potensialımız çox böyükdür və hər iki tərəf bu potensialı reallaşdırmaq üçün kifayət qədər səy göstərir. Son illərdə neftin qiymətinin düşməsinə baxmayaraq, Azərbaycanda ÜDM üçqat artıb, Neft Fondunun ehtiyatları artır, rəqabət qabiliyyətinə görə isə respublika iqtisadiyyatı dünyada 37-ci yeri tutur. Bu gün bütün Cənubi Qafqaz iqtisadiyyatının 70 faizi Azərbaycanın payına düşür. Deməli, ölkədə biznes üçün, o cümlədən Rusiya biznesi üçün də çox böyük imkanlar var.
- Sizin
fikrinizcə, iqtisadi əməkdaşlığın
hansı istiqamətləri daha perspektivlidir?
- Son illərdə Azərbaycandan Rusiyaya aqrar məhsullar satışının həcmi əhəmiyyətli dərəcədə artıb, Rusiya maşınqayırma məhsullarının, o cümlədən kənd təsərrüfatı texnikasının Azərbaycana ixracında da artım müşahidə olunur. Ölkələrimiz arasında əmtəə axınlarını daha fəal artırmaq üçün Rusiya ərazisində logistika mərkəzləri tikilməsi tələb olunur. VII Regionlararası Forumda Tümen və Nijni Novqorod vilayətlərinin nümayəndə heyətləri bunun zəruri olduğunu bildirdilər. Lap yaxın vaxtlarda Kaspiyskdə iri ticarət-logistika mərkəzinin tikintisi layihəsi həyata keçiriləcək. Azərbaycanın “Caspian Invest Group” şirkəti bu layihəyə 10 milyard rubl sərmayə qoyacaq. Aqrar sahədə tərəfdaşlığın prinsipcə yeni formaları yaranır: Dağıstanda fındıq yetişdirilməsi üzrə müştərək təsərrüfat yaradılması perspektivi müzakirə edilir. Üstəlik, Dağıstan azərbaycanlı sahibkarlara torpaq icarəyə verməyə hazırdır. Beləliklə, onların yetişdirdiyi kənd təsərrüfatı məhsullarının dövlətlərimiz arasında sərhəddən keçməsinə ehtiyac olmayacaq.
Ənənəvi əməkdaşlıq sahələrinə son vaxtlar turizm, nəqliyyat, əczaçılıq malları istehsalı və informasiya-kommunikasiya texnologiyaları da əlavə olunub.
Lap təzəlikcə Pirallahı Texnoloji Parkının ərazisində əczaçılıq müəssisəsinin təməli qoyulub. Bu, Rusiyanın “R-farm” şirkətinin, Azərbaycanın “VİTA-A” şirkətinin və “Azərbaycan İnvestisiya Şirkəti”nin birgə müəssisəsi olacaq. Yerli kimyəvi xammal əsasında işləyəcək və 2018-ci ilin sonunda istifadəyə veriləcək bu müəssisə Azərbaycan əhalisini ucuz dərman preparatları ilə təchiz edəcək, məhsulun bir hissəsi isə ixrac üçün göndəriləcək.
2015-ci ildə Azərbaycanın ÜDM-də turizmin payı 3 faizdən çox
olub. Bu halda orta hesabla hər
üç turistdən
biri rusiyalı olub. Qarşılıqlı turist axınları
üçün çox
böyük imkanlar
var. Xəzərdə dəniz
turizmini inkişaf etdirmək, Şimali Qafqaz respublikalarından Azərbaycana turist qatarları göndərmək
olar. Dağıstan ərazisindən keçməklə, Həştərxandan
Azərbaycan sərhədinə
qədər çəkilən
avtomobil yolu da tezliklə istifadəyə veriləcək.
Bu, ölkələrimiz arasında avtomobil turizminin inkişafına təkan verəcək.
- Bunlar yaxın gələcəyin
işidir. Bəs artıq həyata
keçirilmiş investisiya
layihələrindən hansıları
nümunə göstərə
bilərdiniz?
- Belə layihələr çoxdur! Statistik məlumatlara görə,
hazırda Azərbaycan
ərazisində yüz
faiz Rusiya kapitalına əsaslanan
200 müəssisə və
400-dən çox müştərək
müəssisə fəaliyyət
göstərir. Bu müəssisələrin Azərbaycan
iqtisadiyyatının inkişafına
qoyduğu investisiyaların
məbləği 3 milyard
dollara yaxındır.
Məsələn, VTB Qrupu
yeddi il
ərzində “Bank VTB” (Azərbaycan)
ASC törəmə bankının
inkişafı üçün
300 milyon dollar ayırıb,
nəqliyyat və kommunikasiyalar sahəsində
400 milyon dollar dəyərində
layihələri maliyyələşdirib.
“KamAZ” Publik Səhmdar Cəmiyyəti
2015-ci ildə Gəncə
Avtomobil zavodunun istehsal gücləri əsasında yük maşınları yığma
xətti açıb,
cari ilin mart ayında isə “Avtomobilnıy zavod “Ural”
ASC də ona qoşulub.
Öz növbəsində,
Azərbaycan tərəfinin
Rusiya iqtisadiyyatına
sərmayə qoyuluşu
bir milyard dollara yaxındır. “Karat Holding”
şirkəti Yesentukidə
“İstoçnik” sanatoriya-kurort
mərkəzinin tikintisinə
25 milyon dollar sərmayə
qoyub. “Karvan-L”
şirkəti Kabardin-Balkar
Respublikasında “Stalprom”
şirkəti üçün
zavod və Dağıstanda “Anji” idman kompleksi inşa edib. “Azərsun Holdinq”
Krasnodar diyarında çay
fabrikini, habelə meyvə və tərəvəz konservləri
istehsal edən zavodu istifadəyə verib. Elə həmin diyarda
“Mətanət-A” şirkəti
quru inşaat qatışıqları istehsal
edən müəssisə
tikir. Bu siyahını çox davam etdirmək olar.
- Sizin fikrinizcə, Rusiya Federasiyası subyektlərinin
hansıları Azərbaycan
ilə iqtisadi əlaqələri daha fəal inkişaf etdirir?
- Ölkələrimiz arasında
ümumi əmtəə
dövriyyəsində Azərbaycanın
ən iri tərəfdaşlarının payı 75 faizdən çox təşkil edir. Belə tərəfdaşlar sırasına Moskva və Sankt-Peterburqu, Dağıstan və Tatarıstanı, Stavropol və
Krasnodar diyarlarını, habelə
VII Regionlararası Foruma
ən böyük nümayəndə heyəti
göndərmiş Həştərxan
vilayətini aid etmək
olar. Məsələn, Stavropol diyarından Azərbaycana taxıl,
mineral gübrələr, heyvan
yemi və plastik kütlə fəal ixrac edilir, azərbaycanlı biznesmenlər isə Mineralnıye Vodıda müalicəxanalar inşa
olunmasında iştirak
edirlər. Təkcə
2015-ci il ərzində bu region ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi
200 milyon dollara yaxın olub. Rusiyanın digər əraziləri də lider regionlara
çatmaq üçün
fəal çalışır.
Tümen
vilayətinin nümayəndə
heyəti Bakı Forumunda polimerlərin birgə emalı barədə təkliflər
irəli sürüb,
Arxangelsk vilayəti isə Azərbaycana gəmiqayırma, ətlik-südlük
heyvandarlıq və faydalı qazıntıların
hasilatı sahəsində
əməkdaşlıq təklif
edib. Öz növbəsində, keyfiyyətli kənd təsərrüfatı məhsullarına
ehtiyac duyan bu şimal regionu
da öz sakinlərini Azərbaycanın
sanatoriya-kurort müəssisələrinə
göndərməyə hazırdır.
- Beləliklə,
biz Bakı forumunun gedişində əldə
edilmiş konkret razılaşmalara yaxınlaşdıq...
- Elədir, bütövlükdə
10-dan çox sənəd
imzalanıb, lakin məsələyə daha
geniş miqyasda yanaşsaq, Rusiyanın hər bir regionu
və Azərbaycanın
hər bir rayonu onlarca bu cür müqavilə
bağlaya bilərdi, ona görə də bu istiqamətdə
birgə iş üçün çox böyük ehtiyatlar var.
Azərbaycan.- 2016.- 4 noyabr.- S. 4.