Azərbaycan Xəzər hövzəsində ən zəngin infrastruktura malik ölkələrdən biridir

 

Son 22 ildə dünya miqyaslı neft, qaz, nəqliyyat, ixrac layihələri həyata keçirən ölkəmiz ən müasir istehsalat obyektlərinə və digər infrastruktura malikdir. Bu da həmin layihələrə aid bir çox qurğuların Azərbaycanın özündə inşa edilməsinə və quraşdırılmasına imkan verir.

Bu obyekt və müəssisələrdən bəhs edərkən ilk növbədə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) yada düşür. Bu zavodun keçən əsrin 70-80-ci illərində məhz Azərbaycanda tikilməsi ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin səyi nəticəsində mümkün olub. Mütəxəssislərin fikrincə, əgər bu zavod olmasaydı, “Əsrin müqaviləsi” çərçivəsində görülən işlər illərlə gecikə bilərdi. Belə ki, “Azəri-Çıraq-Günəşli” yataqlarında quraşdırılmış 8 platformanın bir çox əsas hissələri BDÖZ-də inşa edilib.

Son illərdə zavodda genişmiqyaslı yenidənqurma və modernləşdirmə işləri aparılıb. Bu da müəssisədə ən müasir standartlara malik qurğuların inşasına şərait yaradıb.

Hazırda BDÖZ-də “Şahdəniz-2” layihəsi üçün nəzərdə tutulan platformalardan birinin dayaq blokunun tikintisi davam edir. Digər platformanın dayaq blokunun tikintisi isə müvəffəqiyyətlə başa çatdırılıb və bu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə dənizə yola salınıb.

“Şahdəniz-2”dən söz düşmüşkən qeyd edək ki, bu layihəyə aid hər iki platformanın üst hissələrinin inşası ən müasir standartlar səviyyəsində modernləşdirilərək, Bakının Bibiheybət ərazisində yerləşən ATA (“AMEK-Tekfen-Azfen”) tikinti-quraşdırma sahəsində həyata keçirilir.

Vaxt gələcək, bu layihələrin hamısı başa çatdırılacaq. Onların reallaşdığı istehsalat sahələri isə bir mülkiyyət kimi Azərbaycan dövlətinə və xalqına qalacaq.

Bu gün Xəzərdə istər köhnə yataqlarda, istərsə də kəşfiyyat aparılan sahələrdə də Azərbaycanın özünə məxsus olan qazma qurğuları işləyir. Son 22 ildə, yəni, “Əsrin müqaviləsi” imzalanandan bəri “Dədə Qorqud”, “İstiqlalkimi yarımdalma qazma qurğuları müasir tələblər səviyyəsində modernləşdirilərək böyük həcmli işlər görülmüşdür.

Təsadüfi deyil ki, ölkəmizdə qlobal layihələri həyata keçirən, dünya şöhrətli şirkətləri birləşdirən konsorsiumlar məhz yerli xammaldan, işçi qüvvəsindən, podratçı və subpodratçılardan olduğu kimi, həm də yerli infrastrukturdan istifadə etməyə üstünlük verirlər. Ən çox Azərbaycanın özünün qurğu, kommunikasiyainfrastrukturundan istifadə edirlər.

Əvvəllər “Lideradlanan üzən qazma qurğusu indi yeni enerji strategiyamızın müəllifi, ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyır. Bu qurğunun köməyi ilə texnoloji sahədə böyük irəliləyişlər əldə edilib.

Layihələrin uğurunda Azərbaycan gəmilərinin də öz payı var. Bu layihələrin tələblərinə uyğun təmir edilmiş və yenidən qurulmuş “Azərbaycan” kran gəmisinin, “STB-1” daşıma barjının, “İsrafil Hüseynov” borudüzmə barjının, “Akademik Tofiq İsmayılov” dalğıc gəmisinin son illərdə Xəzərdə gördüyü işlər misilsizdir.

Azərbaycanın zəngin infrastrukturu ildən-ilə genişlənir. Xəzər regionunun yeganə boru örtükləmə zavodu da məhz Bakıda yerləşir. Əvvəlki illərdə AÇG-də, eləcə də Xəzərdəki digər yataqlarda salınan kəmərlər sualtı üçün boruları örtükləyən müəssisə sonralar “Şahdəniz”lə bağlı sifarişləri yerinə yetirib.

2013-cü ildə istismara verilmiş Bakı Gəmiqayırma Zavodu ən yeni infrastruktur obyektləri sırasındadır. Bu zavod müasir tələblərə cavab verən istənilən növ gəmilərin tikintisi, təmiri, habelə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi üzrə ixtisaslaşıb. İldə 25 min ton metal konstruksiya istehsal etmək gücünə malik olan bu müəssisə təkcə müxtəlif təyinatlı gəmilərin deyil, qazma işlərinin intensivləşdirilməsi məqsədi ilə böyük tələbat duyulan yeni nəsil üzən qazma qurğularının inşası baxımından da mühüm əhəmiyyət daşıyır.

Zavod artıq ilk sifarişlərini qəbul edib və onları müvəffəqiyyətlə yerinə yetirib. “Şahdəniz-2” layihəsi çərçivəsində sualtı işlərin görülməsi üçün nəzərdə tutulan unikal “Xankəndi” sualtı gəmisinin də inşası məhz bu zavodda aparılıb.

“Xankəndi” gəmisi bu ilin may ayında zavodun yanalma körpüsündə suya endirilib. Gəmi “Şahdəniz-2” layihəsinin sualtı konstruksiyalarını quraşdırmaq üçün layihəndirilib və inşa edilib. Suya endirildikdən sonra gəmi əsas kranla təchiz edilib. Gəmidə istismar sınaqları və sertifikatlaşdırma prosesi aparılır.

Bütün işlər tamamlandıqdan sonra yeni gəmi sualtı konstruksiyaları inşa etmək üçün “Şahdəniz-2” layihəsinə göndəriləcək. “Xankəndi” gəmisi “Şahdəniz” yatağında 10 il - 2017-ci ildən 2027-ci ilədək çalışacaq və sualtı tikinti fəaliyyəti ilə məşğul olacaq.

Gəminin uzunluğu 155, eni 32, əsas göyərtəsi 13 metrdir. Bu gəmi dalğaların hündürlüyünün 2,5 metrə çatdığı şəraitdə də fəaliyyət göstərə biləcək. Çünki dinamik mövqeləndirmə sisteminə malikdir. Onun iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, 2 ədəd dünya səviyyəli məsafədən idarə olunan sualtı cihazı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası, 6 generatorla təchiz olunmuş 2 mühərrik bölməsi var.

Bir sözlə, Azərbaycan zəngin infrastruktur potensialına görə bu gün Xəzər hövzəsi ölkələri arasında xüsusi mövqeyə malikdir. Diversifikasiya olunmuş magistral neftqaz kəmərləri sistemi, terminallarzavodlar, dənizin dərinliklərində istənilən əməliyyatı keçirməyə imkan verən infrastruktur regional əhəmiyyət daşıyır. Odur ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatı naminə bütün mövcud imkanlarını digər ölkələrə də təqdim etməyə hazır olduğunu dəfələrlə bəyan edib.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2016.- 4 noyabr.- S. 5.