Heyvanların cins tərkibinin yaxşılaşdırılması aqrar sektorun qarşısında duran vacib vəzifədir

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni iqtisadi münasibətlər sisteminə keçmək barədə qərar qəbul etdi. Bazar iqtisadiyyatı prinsipi ilə idarə olunma isə siyasiiqtisadi islahatların aparılmasını tələb edirdi. Bu münasibətləri tənzimləmək üçün yeni qanunverici bazanın yaradılması ilkin şərtlərdən idi. Beləliklə, iqtisadi islahatların aparılması üçün yeni qanunlar və digər normativ aktlar qəbul edildi.

Ölkəmizdə ilk dəfə geniş iqtisadi islahatların keçirilməsinə kənd təsərrüfatı sahəsində start verilmişdir. Baxmayaraq ki, aqrar sektorda islahatlar aparmaq çox çətin və riskli idi. Əgər islahatlar düzgün aparılmasaydı, əhalinin geniş təbəqəsinin narazılığına səbəb ola bilərdi. Digər tərəfdən, bu, ölkədə ərzaq qıtlığına da yol açardı. Bir sözlə, kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyini təmin edən yeganə sahə kimi unudulmamalı idi.

İslahatlardan sonra bir sıra çətinliklər yaranmağa başladı. Bu, təbii idi. Çünki Azərbaycan kəndlisi 70 il ona təlqin olunan sovet idarəetmə mexanizminin tərkib hissəsi sayılan kolxozsovxozlarda işləməyə məcbur edilmişdi. Bu sistem kəndliyə ümumi qazancümumi məsuliyyət hissi, daha doğrusu, məsuliyyətsizlik hissi aşılamışdır. Yəni, onda xüsusiyyətçilik və şəxsi mülkiyyət hissi yoxa çıxmışdı. İndi isə həmişə yuxarıdan gələn göstərişə uyğun əkin-biçin aparan kəndliyə heç kəs göstəriş vermirdi. Lakin yaranan çətin iqtisadipsixoloji vəziyyətdən çıxmaq üçün dövlət kəndlini tək qoymadı, ona lazım olan hər cür dəstəyi göstərdi.

İlk illərdə fermerlərin qarşılaşdıqları ən böyük problem vəsait çatışmazlığı idi. Çünki pay torpağı alan kəndlinin ondan səmərəli istifadə etməsi üçün pulu olmalı idi. Üstəlik, əldə edilən texnikanın çoxu köhnə, yanacaq, toxum almaq üçün vəsait çatışmazlığı var idi. Bu çətinliyin öhdəsindən gəlməkdə dövlət kəndlinin köməyinə gəldi.

Hazırda aqrar sektorda çalışan fermer torpaq vergisindən başqa bütün növ vergilərdən azaddır. Üstəlik, işlətdiyi yanacaqsürtkü yağlarına görə subsidiya alır, toxum, damazlıq heyvanlaraqrotexnika da qiymətindən ucuz satılır, yaranan qiymət fərqi isə dövlət büdcəsi hesabına ödənilir. Bu gün güzəştli kreditlər verilərkən aqrar sektora xüsusi yanaşma var. Təkcə cari ilin ötən dövrü ərzində ölkə üzrə 1876 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 123,8 milyon manat güzəştli kredit ayrılmışdır. Onun da çox hissəsi aqrar sektorda çalışan sahibkarlara verilmişdir.

Aqrar sektorda heyvandarlığın inkişafı çox önəmlidir. Əhalinin ət və süd məhsullarına olan tələbatın ödənilməsi bilavasitə bu sahədən asılıdır. Qarşıya qoyulan məqsədə çatmaq üçün mal-qaranın cins tərkibinin yaxşılaşdırılması yolu ilə məhsuldarlığın artırılması nəzərdə tutulur. Bu sahədə ciddi addımlar atılaraq damazlıq-seleksiya işlərinin təkmilləşdirilməsi istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilir. Hazırda ölkədə südlük, ətlik-südlük və ətlik istiqamətində ixtisaslaşmış 27 iri heyvandarlıq təsərrüfatında 25 min başdan çox, o cümlədən 10 min başdan artıq südlük qaramal saxlanılır və gündə 200 tondan çox süd istehsal olunur.

Respublika Süni Mayalanma Mərkəzinin tikintisi başa çatmaq üzrədir. Eyni zamanda, 12 regional süni mayalanma mərkəzinin yaradılması yolu ilə fermerlərin bu xidmətə çıxışı asanlaşdırılmışdır. Mərkəz istifadəyə verildikdən sonra respublikada yüksək keyfiyyətli damazlıq materiallara olan tələbat tam ödənilməklə yanaşı, damazlıq materialın ixrac potensialı yaranacaq. Mərkəzdə mütəxəssislərin hazırlanması və istehsalçılar arasında maarifləndirmə işləri aparılacaq. Burada ADAU-nun zoobaytarlıq fakültəsi və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə əlaqəli şəkildə mütəxəssislərin hazırlanması üçün birgə nəzəri və praktik təlimlərin aparılması təmin ediləcək. Mərkəzin gələcəkdə regional təlim mərkəzi kimi istifadə edilməsi nəzərdə tutulub.

Prezidentin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək üçün cari ildən etibarən Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli qərarına əsasən, süni mayalanma yolu ilə alınmış hər buzova görə 100 manat məbləğində subsidiya ödənilir. Subsidiyanın ödənilməsi ailə-kəndli və fermer təsərrüfatlarının bu mütərəqqi üsula marağını artırmaqla yanaşı, dövlət dəstəyinin real nəticələrinin əldə olunması, məhsuldar heyvan cinslərinin yetişdirilməsi, qeyri-neft sektorunun əsas sahələrindən olan heyvandarlığın daha da inkişaf etməsi, habelə yeni yerlərinin açılması yolu ilə kənddə məşğulluğun artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

Arıçılıq da kənd əhalisinin məşğulluğunun artırılmasında və sosial rifah halının yüksəldilməsində mühüm rol oynayır. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyində arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin formalaşdırılması, xəstəliklərlə mübarizə və digər istiqamətlərdə ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə qabaqcıl təcrübənin yayılmasını təmin etmək məqsədilə nazirliyin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində arıçılıq mərkəzi yaradılmışdır. Mərkəzdə arıçılıqla əlaqədar innovativ tədbirlər həyata keçirilir, bir çox fəaliyyətlər koordinasiya edilir.

Arıçılıq sahəsində mütərəqqi dünya təcrübəsinin tətbiqinin genişləndirilməsi üçün beynəlxalq əməkdaşlığa ciddi fikir verilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması layihəsi” damazlıq arıçılıq təcrübəsinin genişlənməsi və genofond arıxanalarının yaradılmasına səbəb olmuşdur. Cari ildə ölkədə iki genofond arıxanası yaradılmışdır. Burada süni mayalanma tətbiq edilməklə 130 təmiz qanlı Boz dağ Qafqaz arı cinsindən ibarət arı ailəsi növbəti mövsüm üçün hazırlanmışdır. Təmiz qanlı 600-dən çox ana arı isə arıçılıq təsərrüfatlarına təhvil verilmişdir.

 

Rüstəm KAMAL,

 

Azərbaycan.- 2016.- 4 noyabr.- S. 5.