Döyüşə tələbələr gedirdi...

 

BDU-nun “Tələbə taqımı”nın şəhidləri, Milli Qəhrəmanı var

 

Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə zəfərə inam hissini gücləndirir. Azərbaycanın igid, cəsur oğulları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparmış, Vətən naminə canlarını qurban verməkdən belə çəkinməmişlər. Bu igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərmiş, şərəfli iz qoyub getmişlər.

 

Vətənpərvərlik nümunəsi

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlananda igid oğullarımız Vətənin müdafiəsinə qalxaraq ərazi bütövlüyümüzsuverenliyimiz uğrunda qəhrəmançasına döyüşüb ya şəhid, ya da qazi oldular. 1991-1993-cü illər ölkəmizdə hakimiyyətdaxili çəkişmələr, xaos, özbaşınalıq dövrü kimi xarakterizə olunur. Paytaxtda gənclərin, tələbələrin bir qisminin başı bu siyasi oyunlara qarışsa da, qəlbi Vətən eşqi ilə döyünən əksər gənclərin ürəyi döyüş bölgəsində, təmas xəttində idi. Bu mərd oğullar təhsillərini yarımçıq dayandıraraq ön xəttə getmək üçün yollar axtarırdılar. Universitetlərin, institutların rəhbərliyi isə bəzən onların bu istəyinə qarşı çıxırdı. Lakin 1992-ci ilin fevralında ermənilərin Xocalıda törətdikləri misli görünməmiş soyqırımı aktı bu gəncləri daha da hiddətləndirdi.

Bakı Dövlət Unuversitetininbir qrup gəncinin yaratdığı “tələbə taqımı”nın üzvlərinin vətənpərvərlik hissi qarşısında heç bir qüvvə tab gətirə bilmədi. BDU-da təhsil alan 21 gənc ön xəttə yollandı. Universitetin fizika fakültəsinin V kurs tələbəsi Rövşən Hüseynovun (Azərbaycanın Milli Qəhrəmanı) rəhbərlik etdiyi taqım BDU-nun tarix, jurnalistika, fizika, mexanika-riyaziyyat, tətbiqi-riyaziyyat, kitabxanaçılıq fakültələrində təhsil alan tələbələrdən ibarət idi.

“Tələbə taqımı” az müddətdə bir neçə döyüşdə iştirak edərək düşmənin xeyli canlı qüvvəsini, hərbi texnikasını məhv etdi. 1992-ci ilin may ayında döyüş tapşırığını yerinə yetirən “tələbə taqımı”nın komandiri Rövşən Hüseynov və taqımın ən gənc döyüşçüsü Fərhad Quliyev qəhrəmançasına həlak oldular. Ümummilli lider Heydər Əliyevin 16 noyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Rövşən Hüseynov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü.

Bəs, görəsən, “tələbə taqımı” necə formalaşdı, hansı döyüş tapşırıqlarını yerinə yetirdi və taqımın üzvləri bu gün hansı fəaliyyətlə məşğuldurlar? Bütün bunları nəzərə alaraq taqımın bir neçə üzvü ilə əlaqə saxladıq və onları redaksiyamıza dəvət etdik.

 

BDU-nun “tələbə taqımı” necə yaradıldı

 

Bu sualı ilk olaraq Milli Qəhrəman Rövşən Hüseynovun ən yaxın silahdaşı Məcid Nəcəfova ünvanladıq.

- Həmin vaxt mən universitetin mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbəsi idim. Bakıda vəziyyət gərgin idi. Hakimiyyət qovğası gedirdi. Hər gün cəbhə xəttində döyüşlərin getməsi ilə bağlı xəbərlər eşidirdik. Universitetdə vətənpərvər gənclərdən ibarət bir dəstə formalaşmışdı. Kim istəsə ora könüllü üzv ola bilirdi. Rövşən Hüseynov bizdən böyük idisonuncu kursda oxuyurdu. Həm də hərbi xidmət keçmişdi. 1992-ci il fevralın 26-da Xocalı faciəsi baş verdikdə biz qəti qərara gəldik ki, təhsilimizi dayandıraraq ön xəttə gedək. Lakin BDU-nun rəhbərliyi icazə vermədi. Rövşən Müdafiə Nazirliyinə müraciət etdi. Ordan da bildirdilər ki, Milli Ordumuz var və tələbələrə ehtiyac yoxdur. Amma dedilər ki, orduda zabit çatışmır. Əgər istəyirsinizsə, 3 aylıq zabit kursu təşkil edək və siz kursdan sonra zabit kimi cəbhəyə yollanın. Razılaşdıq. 25 tələbə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində kurs keçdik. Lakin yenə bizi cəbhəyə göndərmədilər. Müdafiə Nazirliyindən bildirildi ki, Bakıda hərbi polis yaradılır və bizi bu sistemdə işlə təmin edəcəklər. Rövşən isə etiraz edərək razılaşmadı və dedi ki, bizim hərəmizin öz peşəsi var, təhsilimizi bitirdikdən sonra öz sahəmizdə çalışacağıq. Yenidən universitetə qayıtdıq.

Bir gün xəbər aldıq ki, Bakıda yeni N saylı hərbi hissə yaradılıb və sabah ön xəttə yola düşəcək. Hərbi hissənin komandiri hazırda müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov idi. Biz əşyalarımızı toplayıb hərbi hissəyə qoşulmaq istədik. Lakin yenə də bizə yer olmadığını dedilər. Rövşən çox əsəbləşmişdi. Dedi ki, hamı dəmir yolu vağzalına getsin, özü isə hamımız üçün yolpulu düzəltmək üçün evə getdi. Onun dediyi kimi etdik və 4 nəfər müəyyən səbəblərdən bizə qoşula bilmədi. Aramızda bir nəfər - Taryel Bayramov yenicə ailə qurmuşdu. Mən bu barədə Rövşənə dedimonun bizimlə getməsinə razı olmadı. Nə qədər xahiş etsə də, icazə vermədi. Beləcə, 21 tələbə valideynlərimizin xəbəri olmadan cəbhə bölgəsinə - Goranboya yollandıq.

 

İlk döyüş tapşırığı və “tələbə taqımı”nın şücaəti

 

Biz Goranboya çatanda acınacaqlı vəziyyətlə üzləşdik. Özünümüdafiə dəstələri necə gəldi hərəkət edirdilər. Heç döyüş üçün səngər belə qazmırdılar. Nəcməddin Sadıqovun komandiri olduğu hərbi hissə həmin ərazidə yerləşdi. Yerli özünümüdafiə dəstələri heç kimə tabe olmurdu. Biz isə öz aramızda əsl hərbi nizam-intizam yaratmışdıq. Rövşən əmr verdi ki, səngər qazılsın. Texnikanın Qolandağ yüksəkliyinə qalxa bilməməsi üçün özümüz səngər qazmaq məcburiyyətində qaldıq. Onu da deyim ki, bu, çox strateji yüksəklik idi. Oradan bütün Gəncə şəhəri görünürdü. May ayının 2-də gecə saat 04:00-da ermənilər hərbi texnikaları ilə hücuma keçdilər. Yerli özünümüdafiə dəstəsinin üzvlərindən 2 nəfər şəhid oldu. Qalanları isə geri qaçmağa başladılar. Bizim taqım 2 postu qoruyurdu. Ermənilər bizi mühasirəyə almışdı. 4 saat mühasirədə qaldıq. Mən başımdan, Baxış Məmmədov isə sinəsindən yaralanmışdı. Səngərə uzanmışdım. Yaralı-yaralı qalxıb qranatamyotla ermənilərin BMP-sini partlatdım. Döyüş maşını alışdıqda ermənilər qorxuya düşdülər və geri çəkilməyə başladılar. Rövşən isə güllələrin yağış kimi yağdığı iki post arasında dayanmadan bizi sursatla təmin edirdi. 4 saat mühasirədə qalsaq da, kömək gəlmədi. 21 nəfərlə düşmənin hücumunun qarşısını aldıq.

Onu da deyim ki, biz Goranboya yeni gedəndə kənardan baxıb gülürdülər. Deyirdilər ki, guya tələbələr dəftər-kitabı atıb döyüşməyə gəliblər. Hətta gecə mühasirədə qalanda geri qaçan yerli özünümüdafiə dəstəsinin üzvləri hərbi hissə komandiri Nəcməddin Sadıqova yalandan xəbər vermişdilər ki, guya biz hamımız erməniyə təslim olub əsir düşmüşük. Səhər hərbi hissə komandiri bizi görəndə vəziyyət dəyişdi. Elə bu döyüşdən sonra bizə qarşı olan fikirlər də... Çünki itki vermədən mühasirədən çıxdıq və düşməni geri çəkilməyə məcbur etdik.

 

Son döyüş və mühasirənin yarılması

 

Taqım komandiri Rövşən Hüseynovun və tələbə yoldaşı Fərhad Quliyevin son döyüşünü “Tələbə taqımı”nın digər döyüşçüsü Arif Babayev (həmin zaman universitetin jurnalistika fakültəsinin III kurs tələbəsi idi. İkinci qrup Qarabağ əlilidir) ürək yanğısı ilə belə xatırlayır:

- May ayının 11-də səhər xəbər gəldi ki, ermənilər Ağdarə istiqamətindən hücuma keçiblər. Yerləşdiyimiz ərazidə Əfqanıstan müharibəsində iştirak edən hərbçilərdən ibarət Mingəçevir taboru da var idi. Ona görə də döyüş nöqtəsinə onları apardılar. Rövşən Hüseynov yenə etiraz etdi ki, nədən bizim taqımı göndərmirsiniz? Onun təkidindən sonra bizi də döyüşə apardılar. Məlum oldu ki, yerli özünümüdafiə dəstəsi Şıxlar kəndində ermənilərin mühasirəsinə düşüb. Köməyə gedən Mingəçevir taboru da eyni aqibətlə üzləşib. Hərbi hissə komandiri Nəcməddin Sadıqov soruşdu ki, kimin dəstəsi mühasirəni yara bilər? Rövşən qabağa çıxıb dedi ki, biz bacararıq və 21 nəfərdən ibarət “tələbə taqımı” irəli atıldı. Rövşənin göstərişi ilə döyüşürdük. Ermənilər sanki kənardan onu izləyirdilər və müəyyən etdilər ki, bütün göstərişləri bir nəfər verir. Ona görə də Rövşəni hədəfə almışdılar. Biz mühasirəni yardıq, Mingəçevir taboru mühasirədən çıxdı. Mən başımdan yaralanmışdım. Ancaq taqım iki igid oğlunu itirdi. Gənc döyüşçüsü Fərhad Quliyev (BDU-nun tarix fakultəsinin I kurs tələbəsi idi) və Rövşən Hüseynov qəhrəmancasına həlak oldular. Onların nəşini iyun ayının 1-də götürə bildik və həmin gün Rövşən Ağdamın Quzanlı kənd qəbiristanlığında dəfn edildi.

Yay imtahanları başladığı üçün Bakıya qayıtdıq. Təhsilimizi davam etdirdik. Sonra isə ayrı-ayrılıqda könüllü kimi cəbhəyə yollandıq. 1994-cü ildə isə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə Rövşən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü.

 

Əsl qəhrəmanlıq örnəyi

 

Qolandağ yüksəkliyindəki döyüşdə ciyərindən güllə yarası alan “Tələbə taqımı”nın digər üzvü Baxış Məmmədov (həmin vaxt universitetin mexanika-riyaziyyat fakültəsinin III kurs tələbəsi idi. İkinci qrup Qarabağ əlilidir) isə şəhid olan döyüş yoldaşlarının şücaətindən söz açdı:

- Rövşən Hüseynovla Fərhad Quliyev əsl qəhrəman idilər. Son nəfəslərinə kimi döyüşdülər. Onlar Vətən üçün savaşdılar. Vətənə məhəbbət, düşmənə nifrət hissi, doğma torpağa sevgi duyğusu onları canlarından keçməyə sövq etdi. Biz cəbhəyə yollananda ölümü gözümüzün önünə alıb getmişdikbilirdik ki, orada bizi nələr gözləyir.

Bir gün eşitdik ki, Şuşa işğal olunub. Rövşən xəbəri dəqiqləşdirmək üçün poçt binasına daxil olub Bakıya zəng vurdu. Dəstəyi yerinə qoyub uşaq kimi hönkür-hönkür ağladı. Rövşən üçün Vətən, torpaq anlamı tam başqa idi. Deyirdi ki, Şuşa elə bir strateji yerdədir ki, ermənilər oranı işğal etsələr, Qarabağ əldən gedəcək. Elə də oldu.

Biz yoldaşlarımızın itkisi ilə barışa bilmirdik. Rövşənin 25, Fərhadın isə 22 yaşı vardı. Son döyüşdən öncə Rövşən Bakıya gedib diplom müdafiəsini də etdi. Amma 5 il təhsil aldığı Bakı Dövlət Universitetinin diplomunu görə bilmədi. İndi onun diplomu universitetin muzeyində Milli Qəhrəmandan xatirə kimi saxlanılır.

Zirvə təbiətin coğrafi yüksəkliyi, əlçatmazlığı, ucalığı olduğu kimi, şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Rövşənlə Fərhad tələbə kimi döyüşərək o zirvəyə yüksəldilər. Mərd oğullar Vətən yolunda candan keçərək yeni nəsillər üçün əsl örnək oldular. Onu da deyim ki, Rövşən Hüseynovla bağlı sənədli film hazırlanır. Milli Qəhrəmanın həyatından, döyüş yolundan bəhs edən film yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.

Bu gün Azərbaycan yenə müharibə şəraitindədir. Müharibə bitməyib hər an döyüş başlaya bilər biz yenə silah götürüb Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə torpaqlarımızın azadlığı uğrunda savaşa getməyə hazırıq. İnanırıq ki, bu gün Azərbaycan gəncində vətənpərvərlik ruhu çox yüksəkdir. Aprel döyüşləri bunu bir daha sübut etdi.

Bəli, qədirbilən xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir.

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2016.- 4 noyabr.- S. 6.