Rəqəmsal yayımın qəbulu üçün antena uyğunluğu da vacibdir

 

Redaksiyaya edilən müraciətlər, eləcə də müşahidələr əsasında televiziya yayımlarının rəqəmsal formata keçməsi ilə əlaqədar bəzi məqamlara əlavə aydınlıq gətirmək zərurəti yaranıb. Dünənki sayımızda rəqəmsal yayım barədə məluma verərək köhnə model televizorların bu dalğaları qəbul etməsi üçün əlavə avadanlığa - rəqəmsal çevirici aparata (tyunerə) ehtiyac olduğunu bildirmişdik. Bir daha xatırladırıq ki, qiyməti 22 manat olan bu aparatları istənilən poçt şöbəsindən almaq olar. Eyni funksiyalı digər cihazlar da istehlak bazarında alıcılara təklif edilir. Azərbaycan dilində quraşdırma və istifadə qaydaları haqqında təlimat da dəstə daxildir.

Köhnə model, yəni, analoq yayım qəbuledicili televizorlara bu tyunerlərin quraşdırlması mütləqdir. LED, LCD və ya plazma texnologiyalı müasir televizor marka və modellərinin də bəzilərində daxili rəqəmsal qəbuledici olmur. Bu səbəbdən belə televizoru olanlar da rəqəmsal yayımın qəbulu üçün əlavə çevirici tyuner almalıdırlar. Amma burada başqa bir nüansı nəzərə almaq lazımdır. İlk növbədə, LED və plazma televizorunun texniki parametrlərini müəyyənləşdirmək, onun daxili tyunerə malik olub-olmamasını dəqiqləşdirmək lazımdır. Əgər televizorun texniki kitabını saxlamamısınızsa, dəqiq model əsasında internetdə axtarış verməklə məlumat əldə edə, yoxlaya bilərsiniz. Əgər modelin texniki xarakteristikasında DVB-T və ya DVB-T2 daxili tyunerindən hər hansı birinin olduğu qeyd edilibsə, deməli, sizin televizorunuz rəqəmsal efir siqnallarını antena vasitəsilə qəbul etməyə uyğundur. Buna rəğmən əgər televizorunuz kanalları yenə də tutmursa, antenanın modelinə, təyinatına diqqət edin: antena da destimetrlik (UHF) radiodalğa diapazonunda rəqəmsal yayımın qəbuluna müvafiq olmalıdır. Unutmayın, analoq texnologiyalı yayımın qəbulu üçün nəzərdə tutulmuş antenalar yalnız metrlik (VHF) radiodalğa diapazonuna aid siqnalları tuta bilir. Destimetrlik (UHF) diapazonda yayımı qəbul etmək üçün müvafiq texniki parametrli antena gərəkdir.

Belə antenaların seçimində də müəyyən şərtlər nəzərə alınmalıdır. Əgər eviniz ötürücü tele-qülləyə yaxınsa və qüllə ilə arada maneə yoxdursa, adi ev (daxili) antenalarından istifadə etməklə keyfiyyətli təsvir və səs almaq mümkündür. Əks təqdirdə, gücləndiricisi olan çöl antenalarından istifadə etməniz məsləhətdir. Bu zaman antena nə qədər yüksəkdə quraşdırılarsa, qəbul edilən siqnal da bir o qədər keyfiyyətli olar.

Göründüyü kimi, analoq yayımdan rəqəmsal formata keçidin son mərhələsi əslində, çox sadə və az xərclə yekunlaşır. Hərçənd bu formatda “məhsul” - rəqəmsal televiziya proqramları hazırlamaq və yaymaq böyük kapital qoyuluşu, külli miqdarda maddi-texniki vəsait hesabına ərsəyə gətirilib. Özü də Azərbaycan bu yayım formatına mütərəqqi dünya ölkələri ilə eyni zamanda, dövrdə keçib. Bu isə iqtisadi inkişafla yanaşı ölkənin telekommunikasiya sistemindəki təkmilləşmənin təzahürüdür.

 

Elxan QƏNBƏRLİ,

 

Azərbaycan.- 2016.- 4 noyabr.- S. 8.