Azərbaycan
iqtisadiyyatında əczaçılıq sənayesinin əsası
qoyulur
Dərman
istehsalı əhalini keyfiyyətli məhsullar ilə təmin
edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq
Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. Səhiyyənin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərinə daxil edən Prezident İlham Əliyev insanların sağlamlığını cəmiyyətin sərvəti hesab edir.
Səhiyyəyə ayrılan büdcə vəsaiti ildən-ilə artırılır ki, bu da ölkədə aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunan yeni tibb mərkəzlərinin yaradılmasına imkan yaradır. Maliyyə böhranı dünya dövlətlərini büdcə xərclərini azaltmağa məcbur etdiyi halda Azərbaycanda əksinə, səhiyyənin inkişafina, maddi-texniki bazasının gücləndirilməsinə 2016-cı ildə əlavə olaraq 83 milyon manat vəsait ayrılıb.
Səhiyyə sistemində narahatedici yeganə məqam isə əczaçılıq sahəsi ilə bağlıdır. Bəllidir ki, Azərbaycanda istifadə edilən dərmanların böyük əksəriyyəti xaricdən gətirilir. Uzun müddət ölkəmizdə dərman istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb. Buna görə də yeganə çıxış yolu korporasiya əsasında xarici ölkələrin ciddi dərman firmaları ilə əlaqələr quraraq müəssisələrin yaradılması idi. Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu məsələyə xüsusi toxunaraq qeyd etmişdir ki, Azərbaycanda dərman preparatlarının istehsalı inkişaf etməyib. Həm özəl sektor maraq göstərməyib, həm də dövlət bu sahəni bir qədər diqqətdən kənarda saxlayıb. Ona görə də ölkəmiz bu sahədə, demək olar ki, 100 faiz idxaldan asılıdır. Dövlət başçısı məhz bu səbəbdən də ölkədə dərman preparatlarının istehsalına başlanmasının vacib şərtlərdən biri olduğunu vurğulamışdır: “Bir neçə xarici şirkətlə danışıqlar aparılır, böyük maraq var. Çünki Azərbaycan bazarı kifayət qədər böyük bazardır. Dərman preparatlarının istehsalı üçün indi ciddi bir proqram hazırlanır və bir klastr yaradılmalıdır. Beləliklə, həm bu sahədə də sənaye potensialı inkişaf edəcək, idxaldan asılılıq azalacaq və həm də vətəndaşlarımızı daha keyfiyyətli dərmanlarla təmin edə bilərik. Hesab edirəm ki, ilin sonuna qədər bütün danışıqlar prosesi, bütün təşkilati məsələlər öz həllini tapmalıdır. Bu il artıq biz dərman fabriklərinin tikintisinə başlamalıyıq”.
Nazirlər Kabinetinin iclasından 4 ay sonra noyabrın 2-də Pirallahı Sənaye Parkında ilk əczaçılıq məhsullarının istehsalı zavodunun təməli qoyuldu. “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Vita-A” MMC və Rusiya Federasiyasının “R-Pharm” şirkətinə daxil olan “AR-Pharm” MMC şirkətləri arasında “Hayat Pharm” əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması üzrə Səhmdarlar Sazişi imzalandı. İnvestisiya dəyəri 74 milyon dollar olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Ümumilikdə zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. Zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcək. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.
Layihənin reallaşdırılmasında qabaqcıl texnologiya və avadanlıqlardan, Avropanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunacaq. Belə ki, əczaçılıq zavodu yüksək dərəcəli izolyasiya, avtomatlaşdırma və öz sinfində ən yaxşı istehsal həllərinə malik yeni nəsil dərman istehsalı GMP istehsal praktikası, həmçinin ÜST Texniki Hesabat siyahısı,
ISPE Qabaqcıl Təcrübə Təlimatının tələblərinə və digər beynəlxalq norma və qaydalara uyğun olacaq. “Hayat Pharm” əczaçılıq şirkəti 2020-ci ildə tam fəaliyyətə başlayacaq. Bu layihə mərhələli şəkildə icra olunacaq. Bu ilin axırından başlayaraq logistik infrastruktur yaradılması istiqamətində işlər görüləcək. İlin sonunda dərmanların Azərbaycana idxalı, gələn ildən isə istehsal sahələrinin yaradılması üzrə işlərə başlanılacaq. “Hayat Pharm” əczaçılıq zavodu Azərbaycanda əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq. Layihə çərçivəsində 200-dən çox yeni iş yeri açılacaq. Ümumiyyətlə, bu müəssisənin yaradılması Azərbaycanda yeni bir sahənin açılışı deməkdir və onun fəaliyyəti qeyri-neft sektorunun inkişafına xidmət edəcək.
Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılmış Pirallahı Sənaye Parkı əsasən əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq. Artıq Pirallahı Sənaye Parkında fəaliyyət göstərəcək Rusiya və İran şirkətləri ilə ilkin razılıqlar əldə edilib. Bununla belə, ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə də danışıqlar aparılır.
Bu sahədə digər vacib məqam isə dərmanların keyfiyyəti və qiyməti ilə bağlıdır. Bəllidir ki, dərman strateji məhsuldur. Dərman təminatının davamlı, keyfiyyətli, əlçatan olması vacib şərtdir. Son vaxtlar bu sahədə görülmüş tədbirlər nəticəsində dövlət tənzimləyici rol oynayır. Prezident İlham Əliyev cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dərmanların qiyməti ilə bağlı məsələyə də toxunaraq vurğulamışdır ki, son vaxtlar dərman preparatlarının qiymətində çox ciddi azalma müşahidə olunur. Eyni zamanda artıq keyfiyyətə də çox ciddi nəzarət edilir. Görülmüş tədbirlər, dövlətin müsbət mənada müdaxiləsi nəticəsində dərmanların qiymətlərində sabitləşmə var. Bir çox dərman preparatlarının qiymətləri də aşağı düşüb. Qeyd edək ki, dərmanların qiymətlərinin bu ya digər formada tənzimlənməsi praktikası əksər dövlətlərdə, o cümlədən Avropa ölkələrində tətbiq olunur. Dövlət başçısının tövsiyəsi ilə Milli Məclisdə də bu məsələ müzakirə olunub və dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi üçün “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilib. Tarif Şurası tərəfindən görülən işlərin nəticəsi olaraq bu gün Azərbaycanda dövriyyədə olan dərman vasitələrinin təxminən 85 faizinin qiyməti dövlət tərəfindən tənzimlənir.
Mütəxəssislər isə hesab edirlər ki, Azərbaycanda dərman zavodunun tikilməsi çox mühüm hadisədir. Bu, ilk növbədə, dərmanların qiymətinin aşağı düşməsinə səbəb olacaq, eyni zamanda şirkətlər arasında yaranacaq rəqabətdə ölkəyə dərman idxal edən firmalar eyni tərkibli daha keyfiyyətli və ucuz dərmanları gətirməkdə maraqlı olacaqlar. Prezident
İlham Əliyevin xüsusi diqqət yetirdiyi bu məsələ bir sıra sahələrdə inkişafa, əhalinin məşğulluğunun artmasına səbəb olacaq və vətəndaşların pul gəlirlərinin artması ilə yanaşı, sağlamlığının qorunmasına da xidmət edəcək.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2016.- 5 noyabr.- S. 1.