IV Bakı Beynəlxalq Teatr Konfransı “Multikulturalizm ili” çərçivəsində keçiriləcək

 

Dahi Üzeyir bəy Hacıbəyli teatrı ictimai həyatın aynası, sənətin məbədi adlandırırdı. Ona yüksək ideya-tərbiyəvi əhəmiyyəti olan bir məktəb kimi baxırdı. “Bu sənət milliyyətindən və dinindən asılı olmayaraq bütün insanların ürəyinə yol açacaq bir qüdrətə malikdir” - deyirdi.

Azərbaycan teatrı zəngin inkişaf yolu keçmişdir. O, yalnız mənəvi zövq mənbəyi deyil, eyni zamanda cəmiyyəti istiqamətləndirən, dünyagörüşləri dəyişdirən ecazkar bir sənətdir. Bu zənginlik cəmiyyətlə teatr arasında ayrılmaz bağlılıq yaratmışdır. Doğrudur, Azərbaycanda peşəkar teatr digər ölkələrə nisbətən gec yaranmışdır. Lakin bu sənətin ünsürləri, yəni çalmaq, oxumaq, hərəkət etmək, söhbət aparmaq və s., xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri Azərbaycan milli teatrının müstəqil bir tarixə malik olduğunu sübuta yetirir. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyli hələ zamanında yazırdı ki, “Xalq teatrı öz başlanğıcını şəbeh tamaşalarından götürdüyü fikri məqbul sayılmalıdır. Bütün milli teatr sənətinin ibtidası dinə bağlı olmuşdur. Bu bir faktdır ki, millətin öz yaşayışını əks etdirməsində, xalqın oyanmasında milli teatrın çox böyük rolu olmuşdur”.

Azərbaycan peşəkar teatrı öz fəaliyyətinə komediya ilə başlamışdır. 1873-cü il martın 10-da Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşəbbüsü və iştirakı ilə Bakıda ilk tamaşa - Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası realnı məktəbin tələbələri tərəfindən göstərilmişdir. Yarandığı gündən realist zəmində inkişaf etməyə başlayan, yüksək ideyalılıq mövqeyində duran, bəşəri fikirlər mənbəyinə çevrilən Azərbaycan teatrı bu əsas üzərində də üslub, forma və metod mükəmməlliyi qazanmışdır. “Lənkəran xanının vəziri” tamaşasından 1 ay 7 gün sonra M.F.Axundzadənin “Hacı Qara” komediyası səhnəyə qoyulmuşdur. Nəcəf bəy Vəzirov milli dramaturgiyamıza fəlsəfi təməl, psixoloji dramatizm, faciəli obrazlar silsiləsi gətirmişdi. “Müsibəti Fəxrəddin” faciəsi ilə romantik dramaturgiyanın təməlini qoymuşdur. Beləliklə, Azərbaycan teatrı getdikcə inkişaf etməyə, artıq xalq tərəfindən sevilməyə və onun həyatına daxil olmağa başlamışdır.

Teatr tənqidçiləri yazırlar ki, 1908-ci il yanvarın 15-də Hacı Zeynalabdin Tağıyevin binasında Üzeyir bəyin “Leyli və Məcnun” operası göstərilməli idi. Lakin həmin gün hər kəs təlaş və narahatlıq içində idi. Teatr pərdəsinin kənarında asılan qıfılın açarı icarədar tərəfindən götürülmüşdü. Bütün biletlər satılsa da, icarədar əlavə pul istəyirdi. Üzeyir bəy qol saatını, Hüseyn Ərəblinski isə nişan üzüyünü girov qoyur. Bununla da nə ciddi maliyyə sıxıntıları, nə də həmin dövrün cahil, yeniliyi qəbul etməyən insanları bu möhtəşəm hadisəyə mane ola bilmədilər. Məhz həmin gün Azərbaycan musiqisi tarixinə qızıl hərflərlə həkk olunur. Azərbaycan Şərqin ilk opera məkanı kimi tanınır.

1921-ci ildə Bakıda Tənqid və Təbliğ Teatrının yaranması şəhərin mədəni həyatında əlamətdar hadisəyə çevrilir. 1923-cü ildə Bakı Teatr Məktəbinin açılışı və onun məzunları sonrakı illərdə milli teatr sənətinin inkişafında mühüm rol oynayırlar. 1929-cu ildə Bakıda Uşaq Teatrı fəaliyyətə başlayır. 1937-ci ildə respublikanın bir neçə rayonunda dövlət teatrları yaradılır. Milli mədəniyyətimizə nasir, dramaturq, publisist, teatr xadimi, rejissor, tərcüməçi kimi dəyərli töhfələr verən Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”, “Pəri cadu”, “Köhnə dudman”, “Baba yurdunda” və s. dram əsərləri tamaşaya qoyulur. Bu əsərlər ictimai-sosial münaqişənin kəsərinə, həyəcanlı, ehtiraslı xarakterlərinə, dramatik ruhuna görə monumental-romantik teatr məktəbinin tərəqqisində mühüm rol oynayır. Teatrın aktyorlarından Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Mirzağa Əliyev, Mərziyə Davudova, Mustafa Mərdanov, Yeva Olenskaya, Möhsün Sənani, Rza Təhmasib, İsmayıl Hidayətzadə, Mirseyfəddin Kirmanşahlı, Rza Darablı, Hacıağa Abbasov yüksək sənətkarlıq nailiyyətləri qazanırlar.

Bədii yaradıcılığa şeir, hekayə, o cümlədən pyesləri ilə başlayan Cəfər Cabbarlı o dövrdə artıq Azərbaycan dramaturgiyasında realizmin banisi sayılır. Ədib melodrama, vodevil, sentimental dram, tarixi dram, faciə janrlarından ustalıqla istifadə edərək silsilə səhnə əsərləri yazmağa başlayır. “Solğun çiçəklər”, “Vəfalı Səriyyə”, “Aydın”, “Od gəlini”, “Sevil” və digər əsərləri tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanır. Poetik teatrın davamçısı Səməd Vurğunun “Vaqif” pyesinin ilk tamaşası 1938-ci il oktyabrın 5-də göstərilir. Bu əsər böyük uğur qazanır və teatrın tarixində uzunmüddətli tamaşa kimi qalır.

1960-cı illərdə Azərbaycan teatrı yeni bir mərhələyə qədəm qoydu. 1964-cü ildə rəssam Tahir Salahov və dünya şöhrətli bəstəkar Qara Qarayev Şekspirin “Antonio və Kleopatra” əsərini tamaşaya hazırlayırlar. Bununla da teatrın və tamaşaçıların arzu etdikləri möhtəşəm, işıqlı bir səhnə əsəri yaranır. Həmin ilin noyabrında İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi teatrın böyük nailiyyəti olur. Bu əsərdən sonra “Yalan”, “Ölülər”, “Sənsiz”, “Hamlet” kimi dolğun tamaşalar Azərbaycan səhnəsini rövnəqləndirir.

Ötən əsrin 60-cı illərinin sonunda Azərbaycan teatrının nailiyyətləri içərisində sevindirici hal teatra istedadlı gənc dramaturqların gəlməsi olur. 1969-cu ildə “İkinci səs” pyesi ilə Akademik Dram Teatrına qədəm qoyan Bəxtiyar Vahabzadə sonrakı illərdə “Yağışdan sonra”, “Yollara iz düşür”, “Özümüzü kəsən qılınc” kimi gözəl əsərləri ilə teatrın repertuarını dolğunlaşdırır. 1970-ci illərdə Nəbi Xəzri “Sən yanmasan” pyesi ilə başladığı dramaturji yaradıcılığını “Əks-səda”, “Mirzə Şəfi Vazeh”, “Torpağa sancılan qılınc”, “Burla xatun” əsərləri ilə müvəffəqiyyətlə davam etdirir. Yazıçı Anarın “Şəhərin yay günləri”, “Adamın adamı”, “Səhra yuxuları”, “Sizi deyib gəlmişəm”, “Təhminə və Zaur” və s. tamaşaları insanlar tərəfindən rəğbətlə qarşılanır. Nəriman Həsənzadənin “Atabəylər”, “Pompeyin yürüşü” tamaşaları həm müəllifinə, həm də teatra uğur gətirir. O dövrdə Azərbaycan teatrında ən əlamətdar hadisə üslub və janr cəhətdən təkmilləşmə prosesinin müşahidə olunması idi. Həmin zəmanənin faktiki materialına əsaslanan teatr tənqidi də öz hüdudlarını genişləndirir, elmi-nəzəri, estetik keyfiyyətini artırır.

1990-cı ildən sonra yaranan Yuğ, Miniatür, Pantomim, Bələdiyyə, Kamera, Gənclər, Tədris teatrlarının fəaliyyəti müsbət mənada böyük maraq doğurur.

Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra teatrlarımıza dövlət qayğısı daha da gücləndirilir. Mədəniyyətimizin hamisi, həqiqi sənəti yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev teatra və səhnə xadimlərinə böyük dəyər verirdi. Ümummilli liderin bu qayğısı və sənət adamlarına həssas münasibəti hazırda Prezident

İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İndi respublikada 26 dövlət, 65 xalq teatrı fəaliyyət göstərir. Azərbaycan teatrı dünyada gedən müasir sənət proseslərinə inteqrasiya edərək özünün yeni inkişaf mərhələsini yaşayır. 2006-cı ildə ilk dəfə olaraq “Teatr və teatr fəaliyyəti haqqında” qanun qüvvəyə minir. 2007-ci ildə ölkə başçısı Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı xüsusi sərəncam imzalayır. 2009-cu ildə “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” təsdiq edilır. MDB və Avropa məkanında ilk dəfə idi ki, teatrın inkişafına dair onillik Dövlət Proqramı hazırlanır və həmin proqramda yerinə yetiriləcək işlər sistemləşdirilir.

Bu gün Bakı növbəti beynəlxalq tədbir ərəfəsindədir. Müxtəlif sahələri əhatə edən iri beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi etməkdə zəngin təcrübə toplamış Azərbaycanın paytaxtı IV Bakı Beynəlxalq Teatr Konfransına hazırlaşır. Konfrans noyabrın 7-8-də Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə keçiriləcək. Tədbir “Multikulturalizm və teatr” mövzusuna həsr olunacaq. Bu da təsadüfi deyil. Məlum olduğu kimi, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Bütün dünyanı müharibə xofu, regional toqquşmalar, beynəlxalq gərginlik, terror təhlükəsi bürüdüyü və bir çox ölkələr monoetnik olduğu bir zamanda Azərbaycan dövləti diqqəti məhz multikulturalizmə yönəldib.

Prezident İlham Əliyev Azərbaycanda multikulturalizmin, multikultural dəyərlərin xalqımızın yaşam tərzi olduğunu hər zaman qeyd edir. Ölkəmizdə bütün dinlər eyni səviyyədə fəaliyyət göstərir. Azərbaycan çox böyük ölkə olmasa da, burada dövlət dilində fəaliyyət göstərən teatrlarla yanaşı, rusdilli əhali üçün Rus Dram Teatrı, Kukla Teatrının, Musiqili Teatrın rus bölmələri var. Opera və Balet Teatrında da rus dilində tamaşalar oynanılır. Qusarda Ləzgi Dövlət Dram Teatrı fəaliyyətdədir və ləzgilərin kompakt yaşadığı rayonda əhaliyə mədəni xidmət göstərir. Qaxda gürcü dilində dövlət teatrı mövcuddur. Qarşıdakı konfransın mövzusu da elə bu deyilənlərdən qaynaqlanır. Tədbirin məqsədi, ilk növbədə, Azərbaycanda genişlənib şaxələnmiş multikultural dəyərləri bir daha diqqətə çatdırmaqdır.

Konfransın məhz Bakıda keçirilməsinin də əsaslı səbəbləri var. Mədəniyyətin digər sahələri kimi, teatr da daim dövlətin diqqət mərkəzindədir. Bu diqqət və dəstəyin nəticələrindən biri də odur ki, Azərbaycan teatrı dünyada gedən müasir sənət proseslərinə inteqrasiya edərək tərəqqi dövrünü yaşayır. İndiyədək qəbul olunan qanun və Prezident sərəncamlarına əsasən təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nın məqsədi teatrlarımızın bədii irsini və yaradıcılıq ənənələrini qorumaq, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləməkdən ibarətdir. Proqramın icrası ilə bağlı teatrların maddi-texniki bazası möhkəmləndirilir, kadr potensialı gücləndirilir, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri genişləndirilir.

Beynəlxalq təcrübə ilə davamlı tanışlıq, genişmiqyaslı qastrol fəaliyyəti, canlı ünsiyyət, yaradıcılıq mübadiləsi Azərbaycan teatrının inkişafının mühüm göstəricisidir. Ötən illər ərzində teatrlarımız dünyanın 20-dən artıq ölkəsində (Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan və digər ölkələrdə) keçirilən beynəlxalq tədbirlərdə layiqincə təmsil olunmuşdur.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən biri də 2010-cu ildə Bakıda

I Beynəlxalq Teatr Konfransının keçirilməsi idi. Qeyd olunan vaxtda təşkil edilən konfransın sonralar hər iki ildən bir təkrarlanması artıq ənənəyə çevrilmişdir.

IV Bakı Beynəlxalq Teatr Konfransı bundan əvvəl Azərbaycan paytaxtında keçirilən üç eyniadlı və təyinatlı tədbirin təcrübəsinə əsaslanır. 2010-cu ilin 7-8 noyabr tarixində baş tutan I Bakı Beynəlxalq Teatr Konfransı “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusuna həsr olunmuşdur. Tədbirə ABŞ, Kanada, Rusiya, Çexiya, Ukrayna, İsveçrə, İran, Türkiyə, Polşa, Avstriya, Çin, Fransa, Səudiyyə Ərəbistanı, Tunis - ümumilikdə 30-dək ölkədən qonaq qatılmışdır. Beləliklə, Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssisləri, rejissor və dramaturqları, kulturoloqları konfransda iştirak edərək dünya mədəniyyəti, teatr prosesi ilə bağlı fikir mübadiləsi aparmışlar. Onlar müzakirəyə çıxarılan məsələlərin vacibliyini, ümumilikdə dünya teatr problemlərinin gündəmə gəldiyini qeyd edərək onun ənənə halını almasını dəstəkləmişdilər.

2012-ci il noyabrın 5-6-da Bakıda II Beynəlxalq Teatr Konfransı gerçəkləşdi. Bu dəfə tədbirə dünyanın 35 ölkəsindən 80-dən çox teatr tənqidçisi, teatrın tarix və nəzəriyyəsini araşdıran alimlər, rejissorlar, aktyorlar, rəssamlar və menecerlər qatılmışdı.

Qonaqlar II Bakı Beynəlxalq Teatr Konfransını Azərbaycan dövlətinin dünyada mədəni inteqrasiyaya çox böyük əhəmiyyət verdiyinin əyani sübutu olduğunu xüsusi vurğuladılar. Ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin əsas məqsədinin ölkələr arasında körpülər salmaq, sərhədləri aşmaq və müxtəlif xalqların fərqli mədəniyyətlərini bir-biri ilə görüşdürmək, onların fəal dialoquna nail olduğunu məmnunluqla qeyd etdilər.

İştirakçılar Azərbaycan teatrının tarixinə də nəzər salaraq onun qədim və zəngin ənənələri ilə yaxından tanışlıq imkanı qazandıqlarını vurğuladılar, dövlətin bu sahədə diqqət və qayğısının bariz nümunəsi olan yüksək səviyyəli maddi-texniki bazaya, gözəl görünüşə malik teatr binalarında tamaşalara baxdılar. Azərbaycan mədəniyyəti, teatr sənəti barədə fikir mübadiləsi etdilər. Konfransda teatrlarımızın beynəlxalq əlaqələrindən, bu sahədə uğurlu addımlardan da söhbət açıldı.

Konfransda üzərində dayanılan məsələlərdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı idi. Belə ki, burada ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi, bu işğalın Azərbaycan mədəniyyətindən, teatr səhnəsindən də yan keçmədiyi, hərbi təcavüz nəticəsində Şuşa Dövlət Musiqili Dram Teatrının, Ağdam və Füzuli dövlət dram teatrlarının, eləcə də Ermənistandakı tarixi yurd yerlərindən deportasiya edilmiş soydaşlarımızın sənət məbədi olmuş İrəvan Dövlət Azərbaycan Dram Teatrının qaçqın həyatı yaşadığı diqqətə çatdırıldı, bu sənət ocaqlarına qayıdışın zəruriliyindən bəhs olundu.

Ölkəmizdə qaynar mədəni həyatın yaşandığı xüsusilə vurğulandı. Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən beynəlxalq layihələrin Azərbaycanı dünyanın tanınmış mədəniyyət mərkəzinə çevirdiyi xüsusi qeyd olundu. Bununla da konfrans ölkəmizə öz imkanlarını, tarixi həqiqətlərini, mədəniyyətinin inkişaf istiqamətlərini təqdim etmək üçün əlavə imkan yaratmış oldu.

Bakı şəhəri 2014-cü ilin noyabrında növbəti teatr forumuna evsahibliyi etdi. III Bakı Beynəlxalq Teatr Konfransı dünyanın teatr institutları ilə əlaqələrin daha da genişləndirilməsini, əməkdaşlığın güclənməsini nəzərdə tuturdu. Mötəbər tədbir bu dəfə müasir dünyada teatr qarşısında duran vacib mövzuya - “Teatr sənətinin multikulturalizm - universal dəyərlər sistemində yeri” məsələsinə həsr olunmuşdu. Tədbirdə 40-dan çox ölkədən 110 nəfərədək tanınmış mütəxəssis iştirak edirdi.

Beləliklə, bir neçə gündən sonra IV Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başlayacaq. Əvvəlki konfranslardan sonra baş verən proseslər göstərdi ki, beynəlxalq teatr tədbiri dünyada tanınan sənət adamlarının daim diqqət mərkəzindədir. Bu mənada dördüncü dəfə keçirilən konfransın Azərbaycan və dünya teatr sənətinin yeni inkişaf mərhələsinə qədəm qoyması və birgə layihələrin hazırlanması baxımından əhəmiyyətli olacağı şübhə doğurmur.

Builki konfrans “Multikulturalizm və teatr” mövzusuna həsr olunacaq. Burada müxtəlif müsabiqələr, sərgilər, festivallar təşkil ediləcək. İştirakçılar Azərbaycanın bütün sahələrdə, o cümlədən teatr mühitində də bir tolerantlığın, multikulturalizmin olduğunun şahidinə çevriləcəklər.

Müzakirə olunacaq məsələlər, treninqlərdə ediləcək məruzələr, ümumilikdə konfransın gündəminə çıxan mətləblər teatr bilicilərinin canlı ünsiyyətini təmin etməklə təbii ki, uğurlu nəticəyə gələcək, qarşılıqlı yeni əlaqələrin qurulmasına zəmin yaradacaq. Mötəbər tədbir çərçivəsində beynəlxalq ekspertlər tərəfindən ustad dərsləri və treninqlər keçiriləcək.

Bir sözlə, Beynəlxalq Teatr Konfransı dünyada baş verən teatr proseslərini təhlil edib nəticələr çıxarmaq üçün gözəl bir fürsət olacaq. Çünki mədəniyyətlərin yaxınlaşması prosesində teatrın da imkanlarından yararlanmaq lazımdır. Burada müzakirə olunan mövzular teatrların gələcək inkişafı üçün nə dərəcədə əhəmiyyətlidirsə, qlobal miqyasda mədəni inteqrasiya, humanist dəyərlərin təsir imkanlarının genişləndirilməsi baxımından da bir o qədər faydalı olacaq. Qeyd edək ki, beynəlxalq konfranslar mövcud potensialımızı, gələcək plan və perspektivləri bir daha nəzərdən keçirməyə imkan verir. İnanırıq ki, dünya miqyaslı tədbirləri yüksək səviyyədə reallaşdırmaq təcrübəsini dəfələrlə nümayiş etdirən ölkəmiz IV Bakı Beynəlxalq Teatr Konfransına da layiqli evsahibliyi edəcək.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2016.- 5 noyabr.- S. 5.