Azərbaycan
nümunə göstərir
Məcburi
köçkünlərin problemlərinin həlli dövlətin
daim diqqət mərkəzindədir
Hələ də doğma yurd-yuvalarının nisgili ilə yaşayan, didərgin düşdükləri ərazilərə qayıdacaqlarını böyük səbirsizliklə gözləyən məcburi köçkünlər əslində o günün çox da uzaqda olmadığını yaxşı bilirlər. Tam və birmənalı şəkildə etimad göstərdikləri Ali Baş Komandanın onların yurd həsrətinə son qoyacağına da qəti əmindirlər.
Sadəcə, bir qədər də səbir etmək qalır. Azərbaycan təkcə tarix boyu başqalarının əlində vasitə olan ermənilərə qarşı mübarizə aparmır. Çox mürəkkəb geosiyasi şəraitdə bu mənfur qonşularımızı teatr kuklası kimi oynadanların da ölkəmizin əleyhinə məkrli planları uğurla neytrallaşdırılır. Elə bundan irəli gəlir ki, ölkəmiz Cənubi Qafqazın lider dövləti sayılır, regionda siyasi, iqtisadi proseslərin inkişaf axarını müəyyən edir.
Qeyd edilənlər kontekstində Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi gün də uzaqda deyil və buna məcburi köçkünlər də qəlbən inanırlar. Yurd qubarına son qoyulan günə qədər və ondan sonra da dövlətlərinin daim arxalarında olduğunu, onlara hərətəfli qayğı göstərdiyini və göstərəcəyini də yaxşı bilirlər.
6 milyard manatdan çox vəsait sərf
olunub
Qeyd edək ki, məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması istiqamətində
görülən mühüm tədbirlər baxımından
Azərbaycan artıq dünyada uğurlu bir nümunənin
müəllifi qismində çıxış edir. Lakin bu diqqət
və qayğı onlara doğma ocağa qayıtmaq arzusunu
unutdurmayaraq daha da gücləndirib, insanların öz ata-baba
yurdlarına dönmək ümidlərini artırıb.
Onlar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə dünyaya göz açdıqları torpaqlara
qayıdacaqlarına getdikcə daha çox əminlik ifadə
edirlər.
İndinin özündə isə məcburi
köçkünlərin problemlərinin öyrənilməsi
və vaxtında həll olunması daim diqqət mərkəzində
saxlanılır. Müvafiq qurumlar tərəfindən məcburi
köçkünlərin məskunlaşdıqları şəhər
və rayonlarda mütəmadi olaraq görüşlər
keçirilir, əhalini narahat edən məsələlərin
həlli məqsədilə lazımi tədbirlər
görülür.
Ümumiyyətlə, ölkə rəhbərliyinin Azərbaycan
xalqının inkişafına hesablanmış siyasətindən
qaçqın və məcburi köçkünlər də
uğurla faydalanırlar. Məhz bundan irəli gəlir ki, ölkə
əhalisinin ən həssas təbəqəsi sayılan
qaçqınların və məcburi köçkünlərin
problemlərinin həlli ilə bağlı görülən
işlər bu insanların həm sosial, mənzil-məişət
çətinliklərinin aradan qalxmasında, həm də maddi
rifah hallarının yüksəlməsində mühüm
rol oynayıb. Xatırlatmaq yerinə düşərdi
ki, bu vaxta qədər məcburi köçkünlərin
üzləşdikləri problemlərin həllini ehtiva edən
müvafiq dövlət proqramlarının qəbulu və
onların icrası nəticəsində 6,2
milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard
manatı dövlət büdcəsinin, 2 milyard manatı
Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq
maliyyə qurumları və ölkəmizdə fəaliyyət
göstərən beynəlxalq humanitar təşkilatların
vəsaitidir.
Dövlət
Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən
3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi
salınıb, 50 min ailə və ya 250 min nəfərdən
çox qaçqın və məcburi köçkün yeni
mənzillərlə təmin olunub. Şəhər
və rayonlar tərəfindən bu məqsədlə ayrılmış
yararsız ərazilər salınmış qəsəbələr
hesabına tam abadlaşdırılıb, texniki infrastruktur
yenilənib və bu ərazilər müasir infrastrukturun
qurulduğu yerlərə çevrilib.
Bir
mühüm məqamı da qeyd edək ki, yeni
yaşayış məntəqələrində bütün
texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət
mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi,
2 olimpiya idman kompleksi tikilib. Qarşıdakı
müddət ərzində də bu istiqamətdə
görülən işlərin daha geniş miqyas alması nəzərdə
tutulur.
Məşğulluq səviyyəsi
yüksəldilir
Ötən dövrdə yüzlərlə məcburi
köçkün ailəsinin məskunlaşdığı
yataqxanaların təmiri də həyata keçirilib,
onların məskunlaşdığı yerlərə yollar,
su, işıq xətləri çəkilib, yeni məktəblər,
uşaq bağçaları tikilib və digər
çoxsaylı işlər görülüb. Məcburi
köçkünlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, sosial müdafiəsinin
gücləndirilməsi sahəsində aparılan
genişmiqyaslı işlərin davam etdirilməsi bu
kateqoriyadan olan insanların hamısının yaxın tezlikdə
problemlərinin daha səmərəli şəkildə həll
olunacağını deməyə əsas verir.
Əsas etibarilə daxili imkanlar hesabına görülən
bu işlərə beynəlxalq miqyasda da maliyyə və diqqət
ayrılması üçün əməli addımlar
atılır.
Dünya Bankı ilə 78,5 milyon ABŞ
dolları dəyərində, məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması, gəlir
imkanlarının dəstəklənməsi komponentlərini
özündə əks etdirən imzalanan son sazişi buna
misal göstərmək olar.
Digər
mühüm məqamlardan biri də odur ki, son 13 ildə 380 min
nəfər əməkqabiliyyətli məcburi
köçkündən 161 min nəfəri büdcə təşkilatlarında
və digər sahələrdə daimi, 200 min nəfəri isə
müvəqqəti işlə təmin edilib. Bu
da 2003-cü illə müqayisədə 2 dəfə
çoxdur. Nəticədə məcburi
köçkünlər arasında yoxsulluq həddi 74 faizdən
12 faizədək azalıb.
Məcburi
köçkünlərin məşğulluğunun
artırılması, sahibkarlığın inkişafı məqsədilə
11 min nəfər məcburi köçkünə 7,7 milyon
manat məbləğində mikrokredit, Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən isə 2 min nəfər
məcburi köçkün sahibkara 40 milyon manat güzəştli
kredit verilib, 3600 yeni iş yeri açılıb. Sadalanan bu statistik rəqəmlər onun təsdiqidir
ki, Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən inkişaf strategiyası və ölkədə
uğurla reallaşdırılan yeni sosial-iqtisadi islahatlar əhalinin
digər təbəqələri kimi, məcburi
köçkünlərin də həyat səviyyəsinin
yüksəlməsinə öz müsbət təsirini
göstərir.
Yenə də bu siyasətdən irəli gəlir ki, Azərbaycanda
10 ilə yaxındır çadır şəhərcikləri
ləğv edilib. Əvvəllər belə şəhərciklərdə
yaşayan insanların hamısı müasir tipli qəsəbələrə
köçürülüb. Xatırladaq ki, məcburi
köçkünlərə göstərilən diqqət və
qayğının dövlət siyasəti səviyyəsinə
yüksəlməsi istiqamətində atılan mühüm
addımlardan biri Prezidentin 2004-cü il 1 iyul tarixli sərəncamı
ilə “Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”,
2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli sərəncamları
ilə həmin dövlət proqramına əlavələrin
təsdiq edilməsi oldu. Ötən müddət
ərzində görülən tədbirlər nəticəsində
həmin dövlət proqramı, ona edilmiş əlavələr
və digər normativ aktlar uğurla icra edilib və bu sahədə
nəzərdə tutulan digər işlər davam etdirilir.
Sözügedən proqramın uğurla həyata
keçirilməsi nəticəsində məcburi
köçkün ailələrinin əksər problemləri
öz həllini tapıb. Görülən tədbirlərin
nəticəsidir ki, məcburi köçkünlər
arasında yoxsulluq həddi son 12 ildə 75 faizdən 12 faizədək
azalıb.
Dünya üçün nümunə
Məcburi köçkünlərə ayrılan vəsaitin
ödənişində yeni qaydaların və sosial ədalət
prinsipinin tətbiq edilməsi məqsədilə də
addımlar atılır. Belə ki, kommunal xidmət xərclərinin
məcburi köçkünlər tərəfindən ödənişini
təmin etmək məqsədilə həmin vəsait yemək
xərci üçün müavinətlə bağlı
plastik karta əlavə edilməklə, nağd şəkildə
məcburi köçkünlərin özlərinə veriləcək
və bunun icrasına 2017-ci ilin yanvarında
başlanılacaq. Bütün bunlar bir
daha Azərbaycanın məcburi köçkünlərə
diqqət və qayğı baxımından uğurlu bir
nümunə olduğunu aydın surətdə nümayiş
etdirir.
Bu nümunəyə dünyada ehtiyac artır. Məsələn,
faktdır ki, bu gün 550 milyon əhalisi olan Avropa 1 milyon
miqrantın idarəçiliyində çıxılmaz vəziyyətə
düşüb. Çox vaxt ölüm və işgəncələrdən
can qurtaran qaçqın və miqrantları qəbul edən
ölkələrdə rəhmlilik, dözümlülük
göstərilməkdənsə, ayrı-seçkilik və
ksenofobiya müşahidə olunur. Bu, əlbəttə,
onların onsuz da çətin vəziyyətini daha da
ağırlaşdırır. Halbuki on milyon əhaliyə
malik, gənc dövlət olan Azərbaycan 20 ildən
çoxdur ki, bir milyon 200 min nəfərdən çox
qaçqının, məcburi köçkünün problemlərini
həll edir, beynəlxalq hüquq normalarına hörmətlə
yanaşır, götürdüyü öhdəlikləri
layiqincə yerinə yetirir.
Bu gün Avropa bir milyon qaçqın və miqrantın əlində
girova çevrilib. Avropada hər gün minlərlə miqranta
qarşı qeyri-insani davranışa, onların
hüquqlarının kobud şəkildə pozulmasına dair
xeyli sayda məlumat yayılır. Özü də
bütün bunlar o fonda baş verir ki,
Avropanın iqtisadi imkanları, əhalisinin sayı Azərbayandan
dəfələrlə böyükdür. Amma
miqrantların idarəçiliyində onlar, demək olar ki,
çıxılmaz bir duruma düşüblər. Azərbaycanda isə əksinə, məcburi
köçkünlərin, qaçqınların problemlərinin
həllində əməli addımlar atılır.
Prezident İlham Əliyev məcburi köçkünlərlə
görüşlərinin birində deyib: “Azərbaycan dövləti
məcburi köçkünlərin problemləri ilə
mütəmadi qaydada məşğuldur və bu məsələlərin
həlli üçün böyük vəsait
ayrılır... Hər il ən azı 20
min köçkün yeni evlərə
köçürülür, onların şəraiti
yaxşılaşır. Yəni, bir sözlə, biz hər il, demək olar ki, bir kiçik şəhər
yaradırıq və bunu davam etdirəcəyik. Əminəm
ki, növbəti illərdə bu proses daha da sürətlə
gedəcək”.
Elə bu səbəbdəndir ki, BMT-nin yeni Baş katibi seçilmiş Antonio Quterreş bundan əvvəl ölkəmizə səfərləri fonunda Azərbaycanın məcburi köçkünlərlə bağlı gördüyü işləri mühüm təcrübə kimi dünyanın bir çox ölkələri üçün nümunə adlandırıb. 10 milyonadək əhaliyə malik, gənc, kiçik bir dövlət olan Azərbaycanın 20 ildən çox müddət ərzində təbii artım hesabına sayı bir milyon 200 mini keçən qaçqın və məcburi köçkünün əsas problemlərini öz üzərinə götürərək həll etməsi, beynəlxalq hüquq normalarına hörmətlə yanaşması, götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsi həqiqətən də nümunədir. Azərbaycan bu nümunəni məcburi köçkünlərin öz torpaqlarına qayıtmasından sonra da davam etdirəcək və bu insanlar öz doğma yurd-yuvalarında da hərətərəfli qayğı ilə əhatə olunacaqlar. O gün isə, yuxarıda qeyd olunduğu kimi, uzaqda deyil.
O da mühüm faktdır ki, ölkəmizdə olan qaçqın və məcburi köçkün probleminin miqyasına baxmayaraq, Azərbaycan hökuməti həmçinin dünyada humanitar fəlakətlərdən ziyan çəkmiş insanlara birbaşa və yaxud beynəlxalq təşkilatlar vasitəsilə vaxtında yardım göstərməkdə maraqlıdır. Azərbaycanın milli donor institutu olan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) dünyanın müxtəlif yerlərində humanitar yardım üzrə layihələr həyata keçirir, həssas qrupa məxsus olan insanlara humanitar yardım göstərir, habelə səhiyyə, təhsil, enerji, informasiya və kommunikasiya texnologiyaları sahələrində potensialların yaradılması proqramlarını təşkil edir.
Məqsəd zərər çəkmiş bu cür ölkələrdə BMT-nin “2030 - Davamlı İnkişaf Gündəliyi”ndə əksini tapmış hədəflərə nail olmaqdır. Çünki həll olunmamış münaqişələr yeni qaçqın axını yaratmaqda və evlərinə qayıtmaq istəyən milyonlarla qadınları, kişiləri və uşaqları qeyri-müəyyənlik vəziyyətində saxlamaqda davam edir. Azərbaycan isə bu problemlərlə üzləşən dövlət kimi onun həm ölkə daxilində, həm də dünya miqyasında həllində maraqlıdır və bu istiqamətdə də əməli addımlar atır.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2016.- 6 noyabr.- S. 1, 2.