İlk dəfə
TEDx UNEC konfransı keçirildi
Azərbaycan
Dövlət İqtisad Universitetində (UNEC) “Elm
aylığı” çərçivəsində ilk dəfə
TEDx konfransı keçirilib.
AZƏRTAC
xəbər verir ki, “Təhsil və elmin vəhdəti”
mövzusunda konfransın keçirilməsi üçün
bu ilin martında TED (Technology, Entertainment, Design – Texnologiya,
Əyləncə, Dizayn) təşkilatından rəsmi
lisenziya alınıb.
Konfrans TED kuratoru
Kris Andersonun videomüraciəti
ilə başlanıb. K.Anderson müraciətində
TEDx konfranslarının
mahiyyətinə və
qazanılan dəyərlərə
diqqət çəkib.
O, paylaşmağa layiq
ideyaları özündə
ehtiva edən konfransda məruzəçilərin
iştirakçılara faydalı
məlumatlar verəcəklərinə
əminliyini ifadə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya
Prosesləri İnstitutunun
direktoru, akademik Vaqif Abbasov “Azərbaycanda elm və təhsilin vəhdətinin
problemləri və həlli yolları” mövzusunda məruzə ilə çıxış
edib. O, aktual mövzunun
əsas istiqamətlərinə
diqqət çəkərək
inkişafa mane olan səbəbləri açıqlayıb.
Təcrübəsinə əsaslanan məruzəçi
çıxış yolunun
müəllim hazırlığının
metodologiyasının dəyişdirilməsi
olduğunu bildirib.
Həyata keçirilən layihələrdə ölkənin
siyasi, iqtisadi, coğrafi və mental dəyərlərinə əsaslanan
milli modelin yaradılmasının vacibliyini
vurğulayıb.
Milli Məclisin
deputatı Fazil Mustafa
“Azərbaycanda elmi fəaliyyət və təhsil prosesinin qanunvericilikdə tənzimlənməsi”
mövzusunda danışıb. Təhsil sahəsində
dünya təcrübəsinin
tətbiqi zamanı yaranan problemlərdən söz açan F.Mustafa bu problemlərin
həlli yollarını
açıqlayıb.
Təhsil üzrə ekspert, professor
Şahlar Əsgərov
“Tərəqqi, texnologiya
və elmin vəhdəti” mövzusunda
məruzə ilə çıxış edib. Professor elm və təhsilin vəhdətini riyazi düsturlar əsasında
izah edib, sənaye və texnologiyanın bu vəhdətdə rolunu dinləyicilərlə paylaşıb.
UNEC-in rektoru, professor Ədalət
Muradov “İnsan kapitalı - təhsil və elmin yaratdığı
dəyərdir” anlayışındakı
üç amil arasındakı əlaqənin
yaratdığı faydaları
izah edib.
Qeyd olunub ki, “Paylaşılan ideyalar” şüarı ilə 1984-cü ildə qurulan TED məruzəçilərin
qısa videoları ilə biliyi və unikal mülahizələri bütün
dünyaya yayan ensiklopediya kimi formalaşıb. TED-də
dünyada məşhur
şəxslər və
elm adamları bilik və təcrübələrini
paylaşmaqdadırlar. Bu günədək 150 ölkədə təşkil
edilmiş 5.723 TEDx konfransında 7.114 məruzəçini
təqribən 5 milyard
insan izləyib.
Azərbaycan.- 2016.- 6 noyabr.- S. 3.