Dünyanı
heyrətləndirən dəniz şəhəri
Neft Daşlarında ilk
quyunun fontan
vurmasından 67 il keçir
67 ildir insanları heyrətləndirən Neft Daşları bənzəri olmayan şəhərdir. Çünki dünyanın heç bir yerində açıq dənizin qoynunda, polad dayaqlar üstündə qərar tutmuş belə şəhər yoxdur. Ona görə bu şəhərin hələ də möcüzə təsiri bağışlaması, “Dünyanın yeddinci möcüzəsi”, “Möcüzələr adası”, “Əfsanəvi şəhər” adlanması təsadüfi deyil.
Neft Daşları haqqında çox yazılıb, çox danışılıb. Onun haqqında ulu öndər Heydər Əliyevin dediyi sözlər öz dəyəri ilə xüsusi fərqlənir: “Neft Daşlarında işləyən hər kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz”, “Neft Daşları Azərbaycan neftçilərinin əmək qəhrəmanlığına möhtəşəm abidədir”, “Neft Daşları XX əsrdən XXI əsrə atılmış körpüdür”.
Neft Daşlarının bənzərsizliyi mədən-şəhər olmasındadır. Bu şəhərin sakinləri yalnız neftçilərdir. Neftçilər dedikdə, təkcə dənizin dərin qatlarından “qara qızıl”, mavi yanacaq çıxaranlar deyil, böyük neftçi “ailəsi”nin bütün üzvləri - geoloqlar, kəşfiyyatçılar, qazmaçılar, inşaatçılar, rabitəçilər, energetiklər, nəqliyyatçılar və xidmət sahələrində çalışanlar nəzərdə tutulur. Başqa sözlə, bunlar təkcə “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin işçiləri deyil, neçə-neçə digər müəssisə və təşkilatın nümayəndələridir ki, talelərini bu mədən-şəhərlə bağlayıblar. Növbələşərək işləyirlər - hər ayın yarısını dənizdə, işdə olurlar, sonrakı yarım ayı isə öz ev-eşiklərində.
Hər bir şəhərin öz yaranma tarixi olur. Neft Daşlarının necə yaranması da bənzərsizdir.
Belə ki, dənizin bu akvatoriyasında neftin varlığı barədə ilk mənbələr
XVIII əsrin sonlarına
təsadüf edir.
XIX yüzillikdə və XX əsrin birinci yarısında isə burada tədqiqatlar aparılıb.
Lakin bu neft rayonunun
mütəmadi geoloji tədqiqatlarına 1945-ci ildə
keçmiş SSRİ Elmlər
Akademiyasının xüsusi
ekspedisiyası tərəfindən
başlanılıb. Ekspedisiyaya Azərbaycan
geoloqu Ağaqurban Əliyev başçılıq
edib.
Xəzərin fırtınalı qoynunda
aparılan mürəkkəb
və gərgin axtarışlar dörd il çəkib.
Nəticədə neft rayonunun
geoloji xəritəsi hazırlanıb və onun sənaye üsulu ilə kəşfiyyatı planlaşdırılıb.
1948-ci ilin noyabr ayında qazılması nəzərdə tutulan
ilk quyunun yerini müəyyənləşdiriblər. 1949-cu ilin martında isə inşaatçılar
sərt qayaların üstündə ilk taxta evciyin quraşdırılmasını
başa çatdırıblar.
Neft dənizin
dibindən baş qaldıran və bir hissəsi suyun üzərində görünən qara daşlar yaxınlığında
müşahidə olunmuşdu. Ona görə
də buranı “Qara daşlar” adlandırmağa başlamışlar.
Böyük neft təşkilatçısı Sabit
Orucovun, təcrübəli
qazma mühəndisi Yusif Səfərovun və kəşfiyyatçı-geoloq
Ağaqurban Əliyevin
təklifi ilə Bakının gəmi təmiri zavodlarında istifadədən silinmiş
yeddi iritonnajlı gəmi “Qara daşlar”a gətirilərək
burada basdırılır.
Bundan sonra əraziyə “Yeddi gəmi adası” deyirlər.
Bu qeyri-adi ada
Xəzərin fatehlərini
fırtınalardan qoruyan
sığınacağa və
dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrilir.
Sonralar yataq rəsmi olaraq Neft Daşları adını alır. Burada ilk buruq
1949-cu ilin aprelində
quraşdırılır və
həmin ilin iyununda birinci kəşfiyyat quyusunu qazmağa başlayırlar.
Noyabrın 7-də quyu neft
fontanı vurur. Həmin tarix Neft Daşlarının
“doğum günü”
və dünyada dəniz neftinin erasının başlanğıcı
hesab olunur.
1951-ci ildən burada
estakada və estakadayanı meydançalar
tikilməyə başlanır. Neft Daşları
insan zəkası və zəhməti ilə getdikcə əsl şəhərə
çevrilir. Burada
beş və
doqquzmərtəbəli yataqxana
binaları, vertolyot meydançası, tibb məntəqəsi, çörəkbişirmə
sexi, mağaza və digər obyektlər var. Bütün
bunlar nəhəng sənaye kompleksinin əhatəsindədir. Çünki Neft Daşlarının əsas infrastrukturu estakada və meydançalar, hidrotexniki qurğular, kommunikasiya xətləri, kompressor stansiyası və bir çox digər istehsalat obyektləridir.
Neft Daşlarında
67 ildir fasiləsiz olaraq neft və
qaz hasil edilir. Təbiətin Azərbaycana bəxş
etdiyi bu əvəzsiz nemətləri
isə suların dərinliyindən fədakar
insanlar çıxarırlar.
Onlar Xəzərin fırtınalı
qoynunda, ekstremal şəraitdə işləyirlər.
Dənizin isə bəzən amansız olduğu da sirr deyil. Ötən illər
ərzində dəli-dolu
dalğaların yarımçıq
qoyduğu ömürlər
də olub. Vaxtilə Neft Daşlarında ilk quyunu qazan və
1957-ci ilin bir payız gecəsində 21
nəfər fədakar
neftçi ilə birlikdə əbədilik sulara qərq olan Mixail Kaveriçkinin
şəxsində onların
hamısının xatirəsi
daim yad olunur.
Dənizin cazibə qüvvəsi böyük, Azərbaycan neftçisinin iradəsi isə yenilməzdir. Bu gün Xəzərin qoynunda Azərbaycan neftçilərinin yeni nəsli çalışır
və fədakarlıq
göstərir. Bütün bunlara
görə də Prezident İlham Əliyev “Neft Daşları hələ uzun illər Azərbaycana çox ləyaqətlə xidmət
edəcəkdir” demişdir.
Son illərdə Xəzər neftçiləri yalnız hasilatı sabit saxlamaq, yeni istehsal obyektləri istifadəyə verməklə kifayətlənməyiblər. Polad adada gül-çiçək əkib, ağac becərib, park salıblar. Bir qarış torpağı olmayan məkanda bağ salmağın özü də möcüzə deyilmi? Buradakı yaşıllıqlar qurudan gətirilən torpaq üstündə yaradılıb.
Şəhərin mərkəzindəki parkda ulu öndər Heydər Əliyevin abidəsi ucalır. Neft Daşlarında Heydər Əliyev Muzeyi də fəaliyyət göstərir.
Dənizdə neft və qaz hasilatının cığıraçanı olduğu üçün Neft Daşları həqiqətən keçən əsrdən günümüzədək uzanan bir körpü rolunu oynayır. Məhz “Neft Daşları”nın kəşfindən sonra Azərbaycan geoloqlarının inamı və inadı daha da artmışdır. Onların gərgin axtarışları sayəsində Xəzər dənizinin həm Azərbaycana məxsus sektorunda, həm də bütün akvatoriyasında karbohidrogen ehtiyatları kəşf edilmişdir. Bu isə Xəzərin dünyada ən böyük neftli-qazlı regionlardan olduğunun təsdiqi deməkdir. Sonralar dənizdə nəhəng “Günəşli”nin, onun ardınca neçə-neçə digər yatağın kəşfi göstərdi ki, “Neft Daşları” Azərbaycanın təkcə neft-qaz sənayesində deyil, bütün tarixində özünə haqlı olaraq önəmli yer alır.
“Biz XXI əsrə qapıları geniş açdıq. Vaxt gələcək, yataqlarda böyük platformalar tikiləcək və biz hamımız böyük bir gəmiyə toplaşıb Neft Daşlarına, “Azəri”, “Çıraq”, “Günəşli” və digər yataqlara yollanacağıq. O günlər uzaqda deyil...” Bu sözlər də ulu öndər Heydər Əliyevə məxsusdur.
67 il əvvəl baş vermiş o tarixi hadisə - dənizin ortasında neftin fontan vurması bu gün aparılan möhtəşəm işlərin zirvəsindən daha aydın görünür. Azərbaycan bu zirvəyə “Əsrin müqaviləsi”ni həyata keçirməklə, Bakı-Tbilisi-Ceyhan kəməri kimi möhtəşəm boru xətti inşa etməklə, nəhəng “Şahdəniz” yatağını üzə çıxarıb işləməklə, Xəzərin sahilindən İtaliyayadək 3500 kilometrlik dəhliz çəkməklə və bir çox digər qlobal layihələri reallaşdırmaqla çatıb.
Flora SADIQLI,
Azərbaycan.- 2016.- 6 noyabr.- S. 4.