Azərbaycanda insan hüquq və azadlıqlarına yüksək təminat yaradılıb

 

Prezident İlham Əliyevin son 13 ildə yürütdüyü iqtisadi, siyasihüquqi islahatların əsasında məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Ötən müddətdə ölkəmizin demokratikləşmə sahəsində yüksək nailiyyətlər qazanması da bilavasitə mülki cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq və ədliyyə islahatlarının respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur.

Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla “Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir. Milli Fəaliyyət Proqramında dövlətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin konsepsiyası müxtəlif istiqamətlər üzrə müəyyən olunmuş, həmçinin həyata keçiriləcək tədbirlərin icrası, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizmi göstərilmişdir. Belə ki, sənəddə qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbulu, korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişafı nəzərdə tutulmuşdur.

İnsan hüquqlarının təmini istiqamətində həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsas şərtlərindən biri kimi çıxış edir. Respublikamız iqtisadi cəhətdən inkişaf etdikcə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları cəmiyyət həyatında getdikcə daha dolğun, real məzmun kəsb etməyə başlayır. Azərbaycan müstəqil dövlət kimi dünya siyasi arenasında öz layiqli yerini tutaraq insan hüquq və azadlıqları sahəsində Qərbin yüzilliklər boyu keçdiyi yolu ən qısa zamanda adlayaraq böyük nailiyyətlər əldə edib. Milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq Qərb təsisatları ilə əməkdaşlıq edilmiş, bir sıra milli hüquqi aktlar məhz belə əməkdaşlıq və müzakirələrin nəticəsində qəbul edilmişdir.

Son vaxtlar bəzi dövlətlərin və nüfuzlu təşkilatların beynəlxalq hüquq normalarına münasibətdə siyasi avantürizm sərgiləmələri belə bir qənaətin formalaşmasına gətirib çıxarıb ki, Avropa məkanında əsl demokratik dəyərlərə “ikili standartyanaşma halı getdikcə güclənir. Müasir dövrdə bir sıra Qərb dövlətlərinin insan hüquqlarının müdafiəsi bəhanəsi ilə öz maraqlarını gerçəkləşdirmək cəhdlərinin tez-tez şahidi oluruq. Azərbaycanın regionun güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr ölkəmizə qarşı “təzyiq rıçaqları”nı istənilən formada işə salsalar da, istəklərinə nail ola bilmirlər. “İkili standartlar”ın əsirinə çevrilən bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkədə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının yaxşılaşmasını qətiyyən arzulamırlar. Azərbaycana qarşı aparılan qərəzli kampaniya da ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi güdür.

İkili standartlar” və “demokratiya ixracı”nın doğurduğu fəsadlar

Müasir dünyada imperializm siyasətindən əl çəkə bilməyən ölkələr hələ də “insan hüquqları”, “demokratiyakimi məsələlərdən konyunktur maraqlarını gerçəkləşdirmək üçün istifadə edirlər. “İkili standartlarfonunda dünyadademokratiya ixracı”nın cəhdlərinin doğurduğu fəsadlar da son illərin siyasi reallıqlarına nəzərən göz önündədir. Əlbəttə, bu və digər sualların cavabını yenə də hegemonluq iddiasında olan aparıcı dövlətlərin “ikili standart” siyasətində axtarmaq lazım gəlir. Məhz bu siyasət üzündən Azərbaycan özü də illərdir ki, əziyyət çəkir, üzləşdiyi ədalətsiz münaqişənin həllinə nail ola bilmir. İşğalçı ilə işğala məruz qalan tərəf arasında heç bir fərqin qoyulmaması, BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 məlum qətnamənin icra edilməməsi və digər faktlar bunu əminliklə söyləməyə ciddi əsaslar verir.

Açıq söyləmək lazımdır - bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasında da həmin dövlətlərin rolu az deyil. Məlum dövlətlər və təşkilatlar İrəvanın işğalçı siyasətinə göz yummaqla əslində onu təcavüzkarlığa şirnikləndirir, danışıqlarda müsbət meyillərin əldə olunmasını əngəlləyirlər. Hansısa təəssübkeşliklə Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi etiraf edilmir. Bu bir yana, “demokratiya carçıları” Azərbaycandakı müsbət meyillərə kölgə salmağa çalışdıqları halda təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, dövlətin antihumanist, insanlığa qarşı yönəlmiş zorakı addımlarına göz yumurlar.

Ermənistan hakimiyyəti son prezident seçkilərində total saxtakarlığa yol verdi, bu prosesə qarşı çıxan müxalifətçilərə amansızcasına divan tutdu. Hökumət qüvvələri odlu silahdan açılan atəşlə onlarla nümayişçini qətlə yetirdi, yüzlərlə müxalifətçi həbs edildi. İrəvanda fövqəladə vəziyyət elan olundu, prezidentliyə ən real namizəd ev dustağına çevrildi, nəinki mətbuatın, hətta internetin də üzərində sərt senzura tətbiq edildi. Son aylar Ermənistanda sosial tələblərlə meydana çıxan insanlara qarşı polis zorakılığı tətbiq olundu. Gürcüstanda isə son parlament seçkilərindən sonra baş verən olaylara beynəlxalq təşkilatların ciddi reaksiyası olmadı. Qərbin demokratiya “ixracçıları” baş verənləri tez bir zamanda unutmağaunutdurmağa çalışdılar. Bəli, bu gün bəzi dövlətlər təcavüzkar Ermənistanı dolayısı ilə himayə etdikləri halda Azərbaycanın regionda güclənməsi, müstəqil qərarlar qəbul etməsi ilə barışa bilmirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının baiskarı da elə onlardır. Azərbaycanı yerli-yersiz güzəştə getməyə çağıranlar Ermənistanın aşkar çığallığını ört-basdır etmək yolu tutublar.

Ermənistan və digər region ölkələrində insan hüquq və azadlıqları ilə bağlı daha ciddi, təxirəsalınmaz problemlərin mövcud olduğu bir zamanda, Azərbaycanın yenidən hədəf götürülməsi bu məkanda antitürk və antimüsəlman meyillərin daha da gücləndiyini göstərir. Azərbaycana qarşı hücumların müəyyən geosiyasi proseslərlə bağlı olduğu danılmaz reallıqdır. Aşkar görünür ki, Avropada müəyyən ölkələr, o cümlədən təşkilatlar Azərbaycanın regionda durmadan artan nüfuzundan narahatdırlar. Məsələ burasındadır ki, qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən respublikamız özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. Son 13 ildə ölkəyə uğurla rəhbərlik edən Prezident İlham Əliyev praqmatikrasional düşüncəli lider kimi davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün ilk növbədə iqtisadiyyatın sürətli inkişafını təmin edib. İqtisadi sahədə əldə olunan uğurlar ölkədə vətəndaşlarla iqtidarın mənəvi birliyini gücləndirməklə yanaşı, həm də ölkəmizin xarici siyasət sahəsində inamlı, qətiyyətli mövqeyini təmin edir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində, nəqliyyat, kommunikasiya əlaqələrində böyük rol oynayır. Ən əsası, Azərbaycan türkislam dünyasının dünyəvi dövləti olaraq zəngin multikulturalizm və tolerantlıq ənənələrinə malikdir. Buna baxmayaraq, Avropanın bəzi ermənipərəst siyasi dairələri və bəzi beynəlxalq qurumlar ölkəmizə uğursuz təzyiq cəhdi kimi insan hüquqları və demokratiya məsələlərindən istifadə etməyə çalışırlar. Şübhəsiz ki, insan hüquqlarının təminatı və demokratikləşmə proseslərinin sonu yoxdur. Bu gün Qərb ölkələrinin əksəriyyətində insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlərin mövcudluğu, insanların sosial hüquqlarının, habelə sərbəst toplaşmaq hüququnun kobud şəkildə pozulduğu Avropa parlamentarilərinə yaxşı məlumdur. Onlar nədənsə bu gün Almaniya, Fransa, İsveç və digər ölkələrdə sosial hüquqları uğrunda dinc mübarizə aparan insanların mitinq və yürüşlərinin zorakılıqla dağıdılması, müsəlmanlara qarşı ayrı-seçkiliyin hökm sürməsi, islamafobiya, dinietnik dözümsüzlük hallarını nədənsə “görməzliyə vururlar”.

BMT-də ciddi islahatların aparılması günün tələbidir

Dünyada siyasi və hərbi toqquşmaların, ziddiyyətlərin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş normaları əsasında həlli məqsədilə yaradılmış BMT-nin son illər baş verən proseslərə müdaxilə imkanları yox dərəcəsindədir. Təşkilat İraqda İŞİD terrorçularının kütləvi soyqırımı həyata keçirmələrinə, dinc insanların zorakılıqla öldürülməsinə, Suriyada sonu görünməyən vətəndaş müharibəsinə qətiyyətsiz mövqe nümayiş etdirir. BMT-ni iflic vəziyyətinə salan səbəblərdən biri də məhz Təhlükəsizlik Şurasının qərarlarının konsensus yolu ilə qəbulu, məlum beş dövlətin veto hüququndan istənilən vaxt yararlanaraq qərar qəbuletmə mexanizmini iflic duruma gətirmək imkanlarının olmasıdır. Məhz buna görə Azərbaycan başda olmaqla, bir sıra ölkələr təşkilatın qərar qəbuletmə mexanizmlərinin dəyişdirilməsini, BMT-də ciddi islahatların aparılmasını təklif edirlər. Bu istiqamətdə əməli tədbirlərin həyata keçirilməməsidir ki, dünyanın sivil ritmini - sülh və təhlükəsizliyi, sivil birgəyaşayışı təmin etməli olan beynəlxalq hüquq normaları - dövlətlərin əksəriyyəti tərəfindən qəbul edilmiş sazişlər, bəyannamələr və s. təsir gücünü itirərək kağız üzərində qalmaqdadır.

BMT kimi nüfuzlu təşkilatın müstəqilliyini de-fakto itirməsi hazırda dünyada milli-etnik, dini separatizm zəminində yaradılmış münaqişə ocaqlarının söndürülməsi istiqamətində təsirli tədbirlər görməməsi və ya buna qadir olmaması beynəlxalq hüququn tədricən “gərəksizləşməsi” qənaətini yaradır. Əslində, söhbət bu normaların tamamilə kənara atılmasından da getmir, məlum dövlətlər özlərinə gərəkli məqamda siyasi mənafelərini gerçəkləşdirmək niyyəti ilə beynəlxalq sazişlərə istinad edirlər. Lakin ümumilikdə son illər bir sıra həlledici qərarların məhz BMT-nin və digər aparıcı təşkilatların iştirakı və razılığı olmadan özbaşına verilməsi ilə bağlı çoxsaylı misallar göstərmək mümkündür.

Azərbaycan daim beynəlxalq hüquq norma və prinsiplərindən çıxış etməklə hansısa dövlətin daxili işlərinə qarışmır. Eyni zamanda bu faktla hər bir vətənpərvər azərbaycanlı fəxr edə bilər ki, respublikamız milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə, hətta ən yaxın müttəfiqlərinə də güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirib. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə nüfuz etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərib. Ölkə rəhbərliyi bu güniqtisadisiyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır.

Konstitusiya islahatları dövlətin insan və vətəndaş amilinə böyük həssaslıqla yanaşdığını bir daha təsdiqlədi

Azərbaycana qarşı qərəzli mövqe tutan, onun güclü, qüdrətli dövlətə çevrilməsi ilə barışmayan müəyyən xarici qüvvələr məhz “sapı özümüzdən olan baltalar”ın xidmətlərindən yararlanmağa çalışırlar. Antiazərbaycançı qüvvələrin təbliğat ruporuna çevrilən bəzi qəzetlər də antimilli dairələrin maraqlarına xidmət edən qərəzli məlumatlar yayırlar. Antiazərbaycançı şəbəkənin xaricdə, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən təbliğat ruporları anlamalıdırlar ki, respublikamızda insan və vətəndaş hüquqları hansısa qüvvələrin maraqları əsasında yox, milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur.Xalq ilə iqtidar arasındakı birlik Azərbaycanda sabitliyin qarantıdır. Bizim bütün uğurlarımıza xor baxanlar da bunu bilsinlər” - deyən Prezident İlham Əliyev antiazərbaycançı qüvvələrə sərt mesaj ünvanlayıb.

Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə ümumxalq referendumu da azad, demokratik və şəffaf şəraitdə yekunlaşdı. Səsverənlərin yüksək fəallığı ilə müşayiət olunan bu seçkilər eyni zamanda ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açaraq Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsində mühüm rol oynadı.

Konstitusiyanın daha da təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət edən əlavə və dəyişikliklərə ölkə vətəndaşları müsbət münasibət bildirdilər. Əsas Qanunun 23 maddəsində dəyişikliyin, həmçinin 6 yeni maddənin əlavə edilməsi çox mütərəqqi addım oldu. Şübhəsiz ki, bu dəyişikliklər bir sıra reallıqlarla şərtlənir. İnkişaf etmiş dövlətlərin də təcrübəsi göstərir ki, Konstitusiya ali qanun kimi uzunmüddətli qüvvədə olması nəzərdə tutulan, məzmun sabitliyi ilə səciyyələnən əsas normativ-hüquqi aktdır. Bununla belə, Konstitusiyanın ümumxalq referendumu ilə qəbul olunması və sabitliyi onun daimi dəyişməzliyi anlamına da gəlmir. Konstitusiya qəbul olunduğu andan onun tənzimləmə predmetini təşkil edən ictimai münasibətlərin inkişafı, sosial, iqtisadisiyasi şəraitin xarakterində pozitiv dəyişikliklərin baş verməsi Əsas Qanuna müvafiq dəyişiklik və əlavələri zərurətə çevirir. Azərbaycan Respublikasında insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsinin təmin olunması, ölkədə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi, Azərbaycan Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı yeni müddəaların Azərbaycan Konstitusiyasında təsbit edilməsi məqsədilə hələ 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərində ümumxalq referendumunun keçirilməsi də məhz dövrün reallıqları ilə şərtlənmişdi. Son dərəcə mütərəqqi xarakter daşıyan bu əlavə və dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmini məqsədinə xidmət etmiş, demokratikləşmə prosesinə yeni nəfəs vermişdi.

26 sentyabrda Konstitusiyaya edilən əlavə və dəyişikliklər də mütərəqqi xarakter daşıyır. İnsan hüquq və azadlıqlarından sahibkarlıq fəaliyyətinə, qanunverici hakimiyyətdən ali icra strukturunda yeni yüksək postun yaranmasınadək çoxsaylı sahələrə aid əlavə və dəyişikliklər ölkəmizdə inkişafın davamlığına təminat yaradacaq. Əsas Qanunda edilən dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevikeffektiv idarəetmə mexanizmi formalaşdırmaqdır.

Konstitusiya islahatının mütərəqqi xarakter daşıdığı, beynəlxalq hüquq normalarına tamamilə uyğun olduğu, insan və vətəndaş hüquq-azadlıqlarının təminatına yönəldiyi ilk baxışda qabarıq görünür. Əsas Qanunda 23 dəyişikliyin 16-sının, yəni dörddən üçünün sırf insan hüquq və azadlıqlarının qorunması ilə əlaqədar olması deyilənlərə əyani misaldır. Ölkə Konstitusiyasına edilən əlavə və dəyişikliklər məhz vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsinə, qanuni mənafelərinin səmərəli təminatına xidmət edir. Konstitusiya islahatları həm də dövlətimizin insan və vətəndaş amilinə böyük həssaslıqla yanaşdığını və yüksək dəyər verdiyini bir daha təsdiqlədi.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 6 noyabr.- S. 1, 5.