İstiqlalımızın
rəmzi
Bayraq hər bir xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Azərbaycan Respublikasının müstəqil, suveren dövlət kimi mövcudluğunu dövlətçilik rəmzlərindən olan dövlət bayrağı bütün dünyaya göstərir. Zəngin tarixi irsdən yaranaraq uğrunda on minlərlə insanın canından keçdiyi üçrəngli bayrağımız tarixi yolumuzun, milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir.
Tarixə istinad etsək görərik ki, üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilməsi 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Bu tarixdə Azərbaycan Milli Şurası Tiflisdə İstiqlal Bəyannaməsi ilə dövlət müstəqilliyini dünyaya bəyan etmişdir. Həmin dövrdə Bakı şəhəri bolşevik-daşnak qruplaşmalarından ibarət Bakı Xalq Komissarları Sovetinin əlində olduğu üçün həmin il iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli Hökuməti və Milli Şurası Gəncədə yerləşdirilmişdir. Qeyri-sabit siyasi vəziyyətlə bağlı 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının yeddinci iclasında onun buraxılması, bütün qanunverici və icra hakimiyyətinin Azərbaycanın Müvəqqəti hökumətinə verilməsi haqqında qərarlar qəbul edilmişdir. Məhz Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilir.
1918-ci il noyabrın 9-da Bakı şəhərində Fətəli xan Xoyskinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmiş, burada onun milli bayraq haqqında məruzəsi dinlənilmişdir. Müzakirələrdən sonra “yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq” dövlət bayrağı kimi qəbul edilmişdir.
Azərbaycanın üçrəngli bayrağı dahi mütəfəkkir və ziyalı Əli bəy Hüseynzadənin hələ əsrin əvvəllərində milli yaşam fəlsəfəsi kimi irəli sürdüyü “Türkləşmək, müasirləşmək, islamlaşmaq” devizinə əsaslanmışdır. Türkləşmək - milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi; islamlaşmaq - islamda milli dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi, müasirləşmək isə - Avropa elm və texnikasının nailiyyətlərinin öyrənilib nəticələrini milli elm və mədəniyyətin inkişafına istiqamətləndirmək, Qərb demokratiyası ənənələrindən istifadə etmək deməkdir.
1920-ci il aprelin 28-də respublikanın bolşeviklər tərəfindən işğalından dərhal sonra - mayın 3-də üçrəngli bayrağımız Azərbaycan Parlamentinin binası üzərindən endirildi. Bundan sonra bolşevik ideologiyasının məhsulu kimi əsas hissəsi qırmızı, aşağı hissəsi tünd göy rəngdən ibarət, üzərində oraq və çəkic şəkli olan qondarma bayraq 70 il dövlət atributu kimi cəmiyyətə sırındı.
Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər ulu öndər Heydər Əliyevin hələ Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan ümummilli lider Heydər Əliyev Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir. Respublikada geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı ilə Azərbaycanın üçrəngli bayrağı rəsmi olaraq Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, ulu öndər bu istiqamətdəki vətənpərvər səylərini israrla, əzmlə davam etdirmişdir. Nəhayət, muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, Naxçıvan MSSR-in adından “sovet” və “sosialist” sözləri çıxarılmış, onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir.
Sessiyada Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərar qəbul edilmişdir. Muxtar respublikanın ali orqanı üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət də qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti həmin vəsatət əsasında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul etmişdir. Bu qanunla şanlı üçrəngli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi təsdiq edilmiş, istiqlal rəmzi kimi dalğalanmağa başlamışdır.
Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, “hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir”. Bundan əlavə, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır.
Ulu öndərin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. 2009-cu il 18 mart tarixdə keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasının 75-ci maddəsinə edilmiş əlavə də istər siyasi və mənəvi, istərsə də hüquqi baxımdan müstəsna əhəmiyyət kəsb edir. Həmin əlavəyə görə, “Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü (Azərbaycan Respublikasının dövlət bayrağı və ya Azərbaycan Respublikasının dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsinə əsasən, “dövlət rəmzlərinə hörmətsizlik ifadə etmə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Qeyd olunan əlavə isə Cinayət Məcəlləsində əksini tapmış müddəaya konstitusion əsas verir.
“Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun 1.3-cü maddəsinə əsasən “Dövlət əhali arasında Azərbaycan Respublikası dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədi ilə tədbirlər görür”. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması haqqında” sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sərəncamın preambulasında dövlət rəmzlərinin müstəsna rolu bir daha vurğulanmış, Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması və Nazirlər Kabinetnin bu sərəncamdan irəli gələn vəzifələri həll etməsi məsələləri əksini tapmışdır.
Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixini “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi təsis etmişdir. Keçmişimizə, milli dəyərlərimizə, tarixi-mədəni irsə yüksək qayğı ilə yanaşan Prezident İlham Əliyevin bu sərəncamının əsasında ilk növbədə milli bayrağa, onun fəlsəfəsinə yüksək hörmət, vurğunluq dayanır. Bu addım ölkə vətəndaşlarının milli həmrəyliyini, vahid azərbaycançılıq məfkürəsi ətrafında sıx birləşməsini təmin etmək, Dövlət bayrağının təbliği işini daim diqqət mərkəzində saxlamaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində dövlət atributlarına, xüsusən də dövlət bayrağına diqqəti artırmaq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məramından irəli gəlmişdir. 2010-cu ildən başlayaraq noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Prezident İlham Əliyev Dövlət Bayrağı meydanı üçün Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında müvafiq yer ayırmış, 2007-ci il 30 dekabr tarixdə isə paytaxtın bu unikal tikilisinin layihəsi ilə tanış olaraq təntənəli təməlqoyma mərasiminə qatılmışdır. Ölkə başçısı Dövlət Bayrağı meydanının inşası prosesini də xüsusi diqqət mərkəzində saxlamış, ortaya çıxan problemlərin operativ həlli üçün müvafiq göstərişlər vermiş, sərəncamlar imzalamışdır. 2010-cu il sentyabrın 1-də isə Bakıda Dövlət Bayrağı meydanının təntənəli açılış mərasimi olmuşdur.
Məlumat üçün bildirək ki, meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılmış, tikinti işlərini xüsusi layihə əsasında xarici və yerli mütəxəssislər həyata keçirmişlər. Bayraq dayağının hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Bayrağın dəniz səviyyəsindən hündürlüyü isə 192 metrdir. Bayraq dirəyinin hündürlüyü artdıqca dirəyin diametri 1 metrədək azalır. Küləyin sürəti saniyədə 66 metr (saatda 200 kilometrdən çox) olanda belə dirəyin təhlükəsizliyi tam təmin olunub. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə 350 kiloqramdır. Yaş halda çəkisi 2 dəfə artır. Xüsusi yumşaq materialdan hazırlanan bayraq təbii təsirlərə olduqca davamlıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının əhəmiyyəti də xüsusi vurğulanmalıdır.
Dövlət Bayrağı meydanının təntənəli açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyev bu möhtəşəm layihəyə Azərbaycanın dövlət müstəqilliyinin göstəricisi kimi yüksək dəyər vermişdir: “Bu gün bu gözəl meydanda Azərbaycanın müstəqil siyasətini xüsusi qeyd etmək istərdim. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik həsrəti, müstəqillik arzusu ilə yaşamışdır. Uzun illər, onilliklər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq, azadlıqdan məhrum olmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Bayaq qeyd etdiyim kimi, biz o şansı, bu imkanı itirə bilərdik və əgər 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi, çox güman ki, itirəcəkdik. Bu gün isə müstəqilliyimiz artıq dönməzdir, əbədidir. Biz müstəqil ölkə kimi yaşayırıq. Bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxmışıq, gözəl, möhkəm ölkə yaratmışıq”.
Üçrəngli dövlət bayrağı bu gün ayrı-ayrı dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin binaları üzərində ucaldılır, mühüm beynəlxalq tədbirlərdə, siyasi, iqtisadi tədbirlərdə, idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. İdmançılarımızın müxtəlif ölkələrdəki hər qələbəsi şərəfinə ucaldılan bayraq hər bir azərbaycanlının qəlbində böyük sevinc, iftixar hissləri doğurur, dövlətə, xalqa mənsubluq hissini gücləndirir.
Elnur HACALIYEV,
Azərbaycan.- 2016.- 9 noyabr.- S. 1, 5.