Asiyadan Avropaya yol Azərbaycandan keçir

 

Son illər həyata keçirilən mühüm infrastruktur layihələri ölkəmizin tranzit daşımaçılığında daha üstün mövqelərə sahib olmasını təmin edib

 

Respublikamızın tranzit potensialından və onun əlverişli coğrafi mövqeyindən tam faydalanmaq üçün son illər ölkə rəhbərliyinin təşəbbüsləri və xüsusi diqqəti sayəsində kifayət qədər mühüm islahatlar və irimiqyaslı tədbirlər həyata keçirilib. Bir neçə beynəlxalq hava limanının tikintisi, yeni təyyarə və gəmilərin alınması, müasir avtomobil yolları şəbəkəsinin yaradılması və digər bu kimi başa çatdırılan infrastruktur layihələri ölkəmizin nəqliyyat imkanlarının güclənməsində mühüm rol oynayıb. O cümlədən, respublikamızın tranzit daşımalarda iştirak imkanlarını genişləndirib.

 

Həyata keçirilən tədbirlər müsbət nəticə verir

 

Bir fakta diqqət yetirməklə həyata keçirilən tədbirlərin tədricən müsbət nəticə verdiyini görmək olar. Bu da ilin 9 ayı ərzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) göstərilən bütün xidmətlər üzrə artımların müşahidə olunmasıdır. Ən çox artım isə irihəcmli nəqliyyat vasitələrində, o cümlədən qoşqu və digər avtotexnikanın daşınması üzrə qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3,2 dəfə artıb və əksər hallarda yükün son ünvanı Qazaxıstan və Türkmənistan olub. Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 41 faiz artaraq 3,25 milyon tona çatıb. Bunun da 86,8 faizi tranzit yükaşırmanın payına düşüb. Yük dövriyyəsinin artması ilə gəmi yanalmalarının sayı da 82 faiz artıb.

Ümumiyyətlə, ölkələr arasında əlaqələrin məzmunu zaman-zaman yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, ticari və iqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını daim qoruyub saxlayır. Hazırda dünyanın hər yerində istər sərnişin, istər beynəlxalq yükdaşımalar sahəsində ciddi rəqabətin olması təsadüfi sayılmamalıdır. Belə şəraitdə böyük tranzit potensialına malik Azərbaycan müşahidəçi mövqeyində dayana bilməz. Çünki tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Odur ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri ölkəmizin tranzit mərkəzinə çevrilməsini tam təmin etməkdir. İlin əvvəlindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə xidmətlərin həcminin artması ölkəmizin tranzit yükdaşımaçılığı sahəsində getdikcə daha üstün mövqelərə sahib olduğunu göstərir.

Onu da qeyd edək ki, hələ bir neçə il əvvəl təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bildirilir ki, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, ölkənin bölgələrində logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bütün bunlar eyni zamanda istehsal və investisiya mərkəzi kimi də ölkənin cəlbediciliyinin artmasına, yeni biznes və məşğulluq imkanlarının yaranmasına yol açacaq. Bu məqsədlə yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdiriləcək, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişləndiriləcək, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyəti artırılacaq. İllər ötdükcə qarşıya qoyulan vəzifə və məqsədlərin həyata vəsiqə alması günümüzün reallığıdır.

 

Qitələri birləşdirən körpü

 

Qeyd edildiyi kimi, qarşıya qoyulan vəzifələrin bir qismi uğurla yerinə yetirilib. Ölkəmizdə tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli investisiyalar yönəldilib. Bakıda və ölkə regionlarında beynəlxalq hava limanlarının, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Ən əsası, bunlar Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir. Digər tərəfdən, İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan respublikamız digər dəhlizlərlə müqayisədə yüklərin Azərbaycan ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Bizim dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də məhz bununla bağlıdır”.

Azərbaycanın önəm verdiyi beynəlxalq nəqliyyat layihələrindən biri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Ölkəmizin tranzit potensialının artırılması istiqamətində görülən işlər bu nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsində işlərin sürətləndirilməsini zəruri edib. Bu məqsədlə Prezident İlham Əliyev 2015-ci il dekabr ayında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvələr səfərbər olunub.

Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycan üçün çox önəmli marşrut olaraq respublikamızın tranzit potensialından yüksək səviyyədə bəhrələnməyə imkan verəcək. Bu layihə Hindistandan başlayaraq İrandan keçməklə Azərbaycan, Rusiya, Fin körfəzinə qədər ərazini əhatə edir. Azərbaycan isə “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində dünyanın böyük iqtisadiyyatlarını birləşdirəcək. Bu layihənin gerçəkləşdirilməsi yüklərin ünvanına çatdırılma müddətlərini 2-3 dəfə azaldacaq.

Azərbaycan həm də “Şərq-Qərb” nəqliyyat dəhlizi üzərində yerləşir. 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi - TRASEKA müqaviləsinin məqsədi bir zamanlar Avropa və Asiya arasında ticarətin aparıldığı İpək Yolunun bərpasını təmin etmək idi. Azərbaycan dövləti indiyədək bu istiqamətdə də üzərinə düşən işləri layiqincə yerinə yetirib. Azərbaycan həm də tranzit imkanlarının genişlənməsinə yol açan təşəbbüslərin müəllifidir. Bu təşəbbüslərdən biri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsidir. BTQ-nin istifadəyə verilməsi ilə konteyner qatarlarının Çindən birbaşa Avropaya və Aralıq dənizinə getməsi mümkün olacaq.

Bu gün dünyanı gəmiçiliksiz təsəvvür etmək mümkün deyil. Dəniz nəqliyyatı ticarətin və qloballaşmanın əsasına çevrilib. Gəmilərlə qida məhsulları, texnologiyalar, dava-dərman və digər vacib mallar göndərilir. Dünyada, xüsusən inkişaf etməkdə olan ölkələrdə əhalinin sayı durmadan artır, bununla əlaqədar ucuz başa gələn və səmərəli dəniz daşımaları iqtisadi artım və davamlı inkişaf üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Dəniz daşımaları bütün dünyada həyat səviyyəsinin sürətlə artmasında mühüm rol oynayır.

Azərbaycanda da dəniz nəqliyyatının inkişafına xüsusi diqqət yetirilir. Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi tezliklə regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Limanın inşasının birinci fazası 2017-ci ildə başa çatacaq və Çindən tutmuş Mərkəzi Asiya və Avropayadək daşımalara töhfəsini verəcək. Birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdən ibarət olacaq. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Limanda layihə üzrə logistika mərkəzinin yaradılması da mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə yaradılmış “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Transxəzər beynəlxalq nəqliyyat marşrutu, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri kimi layihələrin fəal iştirakçısıdır. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Cibuti Limanı və Azad Ticarət Zonası, o cümlədən Bolqarıstanın Limanlar İnfrastrukturu şirkəti ilə anlaşma memorandumlarının imzalanması isə limanlar arasında təcrübə mübadiləsi də həyata keçirilməsinə yol açacaq, liman idarəçiliyi və heyətin təlim və tədrisi sahələrində əməkdaşlıq imkanlarını artıracaq.

 

Yükdaşıma prosedurları sadələşdirilib

 

Ölkənin nəqliyyat sektorunda icra edilən layihələrlə yanaşı, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarını cəlb etmək istiqamətində bir sıra tədbirlərin görülməsi, o cümlədən yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddətinin və nəqliyyat xərclərinin azaldılması da vacibdir.

Odur ki, respublikamızda dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədi Prezident İlham Əliyevin 21 oktyabr 2015-ci il tarixli sərəncamı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Respublikamızın ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi bu quruma həvalə edilib.

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası və Azərbaycanın yükdaşımalarda iştirak edən müvafiq qurumları arasında aparılan məhsuldar əməkdaşlıq nəticəsində Azərbaycan üzərindən daşınan tranzit yüklər üçün əlverişli şərait yaradılıb, yükdaşıma prosedurları sadələşdirilib, harmonikləşdirilib, tariflərdə şəffaflığa və endirimlərin tətbiqinə nail olunub, bu işlərin nəticəsi olaraq tranzit yüklərin həcmində artım müşahidə edilir.

Son illər Azərbaycanın tranzit potensialını tam hərəkətə gətirmək üçün xeyli iş görülüb. Bütün bunlar, öz növbəsində ölkəmizin regionda nəqliyyat-logistika qovşağına çevrilməsinə töhfə verir. Təbii ki, ölkəmizin nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə tezliklə bu sahənin qeyri-neft sektorunda çəkisinin əhəmiyyətli dərəcədə artması ilə nəticələnəcək, Azərbaycana valyuta axınını sürətləndirəcək.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2016.- 9 noyabr.- S. 1, 4.