Birinci Türkoloji Qurultayda
multikultural mühit
“Multikulturalizm” nisbətən
yeni bir anlayış olsa da, dünya sosial-fəlsəfi fikrində
onun çox zəngin ənənələri
var. Hələ qədim
ədəbiyyatlarda müxtəlif
mədəniyyətlərin təmasını və birgəyaşayışını görmək mümkündür. Orta əsrlərdə
qlobal səviyyədə
ticarətin və ədəbi-mədəni əlaqələrin
genişlənməsi ilə
bağlı mədəniyyətlərin
yaxınlaşması da
güclənir. Xüsusilə qədim İpək yolunun üzərində yerləşən ölkələrdə,
o sıradan Azərbaycanda
müxtəlif mədəniyyətlərin
dinc yanaşı yaşaması və bir-birini zənginləşdirməsi
ənənə halına
gəlir. Xalqın həyat
tərzinə çevrilən,
gündəlik məişətinə
sirayət edən bu tendensiya zamanla
onun düşüncəsinə,
təfəkkürünə də nüfuz edir və nəticədə,
təbii olaraq, bədii söz sənətində özünün
ifadəsini tapır.
Azərbaycanda multikulktural cəmiyyətin
formalaşması tarixinə
nəzər salsaq, bu mütərəqqi ideyanın, ənənənin
köklərinin tarixin
dərinliklərinə gedib
çıxdığını görərik. Bir çox dövlətlərdən
fərqli olaraq, Azərbaycanda multikultural cəmiyyət, tolerant əxlaq
zorən, xalqın iradəsi əksinə bərqərar olmamışdır.
Bu proses əslində
əks istiqamətdə
getmiş, məhz millətin yaşam tərzindən, mentalitetindən,
daxili-mənəvi keyfiyyətlərindən
qidalanaraq, güc alaraq bu gün
ən yüksək səviyyəsinə çatmış
və xalqın, millətin hərtərəfli
inkişafını, gələcəyini
düşünən dövlətin
də hazırda dəstəyini qazanmışdır.
Tarix sübut
edir ki, bu torpaqda ən
mürəkkəb sosial-mədəni
dəyişikliklər şəraitində
belə yerli, köklü xalq tərəfindən müxtəlif
dilli və inanclı millətlərlə
dinc yanaşı yaşamaqda problemlər, demək olar ki, olmamışdır.
Multikulturalizm siyasəti yürüdən,
tolerantlığa dəstək
olan dövlət və xalq ilk növbədə öz milli dəyərlərinə
qiymət verməli, xalqın genetik yaddaşını oyatmaq üçün milli kimliyinin ən başlıca özəlliklərinin
öyrənilməsinə və
təbliğinə nail olmalıdır.
Türk xalqlarının tarixində
önəmli hadisə
olan Birinci Beynəlxalq Türkoloji Qurultayda multikultural mühiti şərtləndirən
əsas amillər də xüsusi vurğulanmalıdır. “Birinci Türkoloji Qurultayın 90
illik yubileyinin keçirilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 18 fevral
2016-cı il tarixli sərəncamında göstərilir
ki, türk xalqlarının mədəni
inteqrasiyasında xüsusi
və mühüm bir mərhələnin əsasını qoymuş
bu möhtəşəm
qurultay ilk növbədə
geniş vüsəti
və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün
bir sıra taleyüklü məsələlərin
qoyuluşu, işlənib
hazırlanması və
ardıcıl şəkildə
gerçəkləşdirilməsi baxımından müstəsna
əhəmiyyət daşıyır.
Belə ki, məhz bu mötəbər
məclisdə keçmiş
Sovetlər birliyi məkanında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı,
dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə
bağlı yaxın gələcək üçün
düşünülmüş bir sıra mühüm
və əhəmiyyətli
qərarlar qəbul edilib, latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı
şəkildə işlənib
hazırlanıb. Tarixi hadisələrin
sonrakı inkişafı,
türk xalqlarının
maddi-mədəni irsinin
öyrənilməsi sahəsində
görülən işlər,
dünyanın ən mötəbər elm adamlarının
bu işə marağının artması
Birinci Türkoloji Qurultayın nə qədər böyük tarixi əhəmiyyətə
malik olmasını bir daha təsdiqləyir.
Qurultay türkologiyanın
həm də bir elm kimi inkişafına
təkan vermişdir. Türk dillərinin
fonetikası, leksikologiyası,
frazeologiyası, onomastikası,
morfologiyası, sintaksisi,
dialektologiyası, dil tarixi, üslubiyyatı, nitq mədəniyyəti sahəsində əldə
edilmiş nailiyyətlərin
təməli məhz bu qurultayda qoyulmuşdur.
Mötəbər məclisdə müzakirə
edilən məsələlər,
onların əhəmiyyəti,
türk dilləri, ədəbiyyatı, folkloru,
etnoqrafiyası ilə
bağlı aparılan
fikir mübadilələri
çox böyük əks-səda vermişdir. Elə bu
səbəbdəndir ki,
beynəlxalq tədbirdən
qısa bir zaman keçdikdən sonra türk millətlərindən olan
qurultay nümayəndələrinin
əksəriyyətinə qarşı
1937-ci ilin dəhşətli
repressiyası başlanmışdır.
Nəticədə sayılıb-seçilən ziyalılar, düşünən
beyinlər amansız irtica və cəza tədbirlərinin
qurbanı olmuşdur.
Bu, azmış kimi, bəzən bütün millət (türk millətləri) acı repressiyanı dadmışdır.
Birinci Beynəlxalq Türkoloji Qurultay həm də türk xalqlarının siyasi-iqtisadi
birliyinin, mədəniyyət
və elm sahələrində
mübadilə və qarşılıqlı zənginləşmə
prosesinin canlanmasına
bir təkan verdi, ümumtürk
əlifbası və ortaq türk dili ideyasının intişar tapmasına səbəb oldu.
Qurultayın rəyasət heyətinə və fəxri üzvlüyünə irəli sürülmüş namizədlərin siyahısının, qoyulan məsələlərin nəzərdən keçirilməsi qurultaydakı multikultural mühit haqqında aydın təsəvvür yaradır, digər millət və xalqların milli dəyərlərinə hörmət və ehtiram açıq-aydın hiss olunur. Belə ki, ayrı-ayrı türk xalqlarının nümayəndələri ilə yanaşı, qeyri-türk millətindən olan ziyalıların da qurultayın işində yaxından iştirak etməsi onun diqqət mərkəzində olan məsələlərin tolerant ruhundan xəbər verir. Heç bir xalqın maddi-mənəvi haqlarına toxunmadan türk xalqlarının tarixi, etnoqrafiyası, dil və ədəbiyyatı problemlərinə həsr edilmiş məsələlər diqqəti cəlb edir. Bir hal da maraqlıdır ki, dil və ədəbiyyat məsələlərindən fərqli olaraq, tarix və etnoqrafiyaya həsr olunmuş məruzələrin müəllifləri rus və Avropa şərqşünasları olmuşdur. Mövzu və toxunulan problem baxımından diqqət çəkən məruzələrdən “Türk xalqları tarixinin tədqiqi, öyrənilməsi işlərinin hazırkı vəziyyəti və yaxın vəzifələri” (akademik V.V.Bartold, professor İ.N.Borozdin, dosent Q.Qubaydullin), “Türk xalqlarının etnoqrafiyasının öyrənilməsinin hazırkı vəziyyəti və yaxın vəzifələri” (professor S.Rudenko, Meysoroş (Macarıstan), Çursin) və s. çıxışları göstərmək olar.
Qurultayda söylənilən məruzələrin əsas qayəsinin mədəni plüralizmə əsaslanması da burada hökm sürən multikultural mühitdən xəbər verir. Qafqazın və xüsusilə də bütün Cənubi Qafqazın əhalisinin əsas hissəsini təşkil edən müxtəlif təsərrüfat məişətli və mədəni səviyyəli türk xalqlarının ədəbi, tarixi, adət-ənənələri, şifahi və yazılı ədəbiyyatı, dialekt və şivələri və s. problemləri bütöv halda götürülmüş, hər bir xalqa, sayının, müstəqil ərazi vahidinin, dövlət strukturunun mövcud olub-olmamasından asılı olmayaraq, fərq qoyulmadan hər birinin məsələsinə eyni diqqət ayrılmışdır. Burada habelə türk xalqlarının həyat tərzi, adət-ənənələri, ədəbiyyatı, dil xüsusiyyətləri, antropoloji xüsusiyyətləri əlahiddə halda öyrənilməklə qalmayıb, digər xalqlarda qarşılıqlı münasibətdə, qarşılıqlı təsir və zənginləşmə prosesində götürülmüş və məhz bu istiqamətdə aparılan elmi tədqiqat işlərinin nəticələrinin əhəmiyyətli olacağı vurğulanmışdır. Məsələn, Q.Çursinin “Qafqazın türk xalqlarının etnoqrafiyasının öyrənilməsi haqqında” məruzəsində deyilirdi: “Qafqazın türk xalqlarının etnoqrafiyasının əsaslı öyrənilməsi həm sırf elmi, həm də təcrübi cəhətdən vacibdir. Elmi cəhətdən bu türk xalqlarının mənşə və tərkibini, tarixlərini, başqa xalqlarla mədəni qarşılıqlı münasibətlərini aydınlaşdırmağa kömək edəcəkdir”.
Birinci Türkoloji Qurultayda xalqların bir-birinə yaxınlaşmasında ədəbiyyatın rolu xüsusi vurğulanmışdı. “Ədəbiyyat xalqların mədəniyyətini yaxınlaşdırır. Əgər biz mədəniyyətlərimizi yaxınlaşdırmaq istəyiriksə, ilk növbədə ədəbiyyatımızı yaxınlaşdırmalıyıq”. Qurultayda irəli sürülən prioritet məsələlərdən biri olan əlifba islahatları, ortaq əlifbanın yaradılması məsələsi də məhz etnoqrafiya, dil və tarix baxımından bir qrupa daxil olan, əsrlər boyunca başqa millətlərlə təmasda, dinc yanaşı yaşayan türk xalqlarının ədəbi, mədəni və tədricən iqtisadi-siyasi birliyinin yaradılması məqsədinə köklənmişdi.
Beləliklə, 1926-cı il fevralın 26-dan martın 6-dək davam edən Birinci Türkoloji Qurultay türk xalqlarının milli, mənəvi, etnik dəyərlərinin geniş elmi araşdırma obyektinə çevrilməsi işində çox böyük bir addım oldu. Amma eyni zamanda hər hansı xalqın dünyadan, başqa sivilizasiya və mədəniyyətlərdən təcrid edilmiş şəkildə inkişafının, tanınmasının və nüfuzlu sözə sahib olmasının mümkünsüzlüyünü bir daha göstərdi. Bu möhtəşəm tədbirdə yaradılmış çoxmillətli mühit və onun fəaliyyəti dinindən, millətindən asılı olmayaraq, bütün insanların, düşünən beyinlərin əsas missiyasının bəşəriyyətin maddi-mədəni sərvətlərinin öyrənilməsi, təbliği, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi olduğunu isbatladı.
Sevinc QULİYEVA,
ADPU-nun doktorantı
Azərbaycan.- 2016.- 9 noyabr.- S. 6.