İlham Əliyevin siyasəti erməni vətənpərvərlərini hərəkətə gətirdi

 

S.Sarkisyan hakimiyyətinin faşist və talançı siyasət yürütdüyünü bəyan edən erməni hüquq müdafiəçiləri Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istədilər

 

Tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistanın müstəqilliyinin əslində, formal olduğu məlum məsələdir. İstər sovet hakimiyyəti, istərsə də indiki “müstəqilliyi” dövründə bu dövlət forpostu olduğu güclərin hərbi-siyasi maraqlarına xidmət edib. Bununla yanaşı, bu dövlət son 30 ilə yaxın dövrdə erməni şovinist dairələrinin xülyalarının, təcavüzkar ideyalarının və hazırkı işğalçılıq siyasətinin girovuna çevrilib. Bunun əziyyətini çəkənlər isə sıravi vətəndaşlardır.

 

Rüşvət və korrupsiya Ermənistanda sosial gərginliyi davamlı surətdə artırır

 

SSRİ-nin dağılmasından 25 il ötür. Son aylarda keçmiş sovet respublikalarının əksəriyyəti müstəqilliyə qovuşmalarının 25 ilini qeyd ediblər. Sözsüz ki, bu illər hər bir dövlətin həyatında müəyyən uğurlarla, əlamətdar hadisələrlə yadda qalıb. Bircə Ermənistandan başqa. ABŞ-da dərc olunanHuffington Post” qəzetində bu yaxınlarda dərc olunmuş məqalədə yazılıb: “Əslində, Ermənistanın müstəqilliyinin 25-ci ildönümü sevinc üçün səbəb olmalıdır, amma ermənilərin əksəriyyəti əldən verilmiş imkanlar barədə düşünür”. Müəllif Armine Saakyan Ermənistanın üzləşdiyi fəlakətli vəziyyətə həsr etdiyi məqaləsində yazıb ki, ölkə müstəqilliyinin ildönümünü keçmiş SSRİ-nin ən kasıb üzvlərindən biri statusunda qeyd etməyə hazırlaşır. O vurğulayıb ki, Ermənistanda korrupsiya halları baş alıb gedir, ölkədə zəngin və yoxsul təbəqə arasında böyük uçurum var. Onun fikrincə, Ermənistan bu gün necə “sağ qalacağını” düşünür. Müəllif məqalənin sonunda vurğulayıb ki, onun özü də Ermənistanın müstəqilliyinin 25-ci ildönümünü sevinclə qeyd etməyəcək, çünki ölkəsi müstəqil deyil.

Səhvə yol verməyən müəllifin “unutduğubir məsələ də var. Bu da öz işğalçılıq siyasətinin qurbanına çevrilən Ermənistanın bu illəri qonşu dövlətlərin ərazilərinə göz dikməklə keçirməsi, regionda təhdid və separatçılıq mənbəyi kimi tanınmasıdır. Bu ölkənin terrorçu dairələri tək Azərbaycana və Türkiyəyə qarşı deyil, Gürcüstana qarşı da ərazi iddiaları ilə çıxış edirlər. Bu üzdən Ermənistan blokada vəziyyətinə düşüb, Azərbaycanın siyasi-diplomatik gedişləri nəticəsində Cənubi Qafdazda həyata keçirilən bütün layihələrdən kənarda qalıb. Belə vəziyyətdə Ermənistanda hansısa inkişafdan danışmaq sadəcə, gülüş doğurar. Xüsusən, Serj Sarkisyanın iqtidarda olduğu dövrdə Ermənistanda iqtisadi tənəzzül daha da dərinləşib, ölkənin xaricdən iqtisadi asılılığı artıb. Xarici borc isə son illərdə elə çoxalıb ki, onu qaytarmaq üçün ölkə lazımi resurslara malik deyil. Aparılan hesablamalara görə, 1991-ci ildən sonra Ermənistana xaricdən göndərilən pullar yerli iqtisadiyyatın gəlirlərindən çox olub. Amma son iki-üç ildə bu pullar da azalıb və nəticə etibarilə ölkədə sosial-iqtisadi gərginlik yeni miqyas alıb.

İqtisadi tənəzzülün illərdir dərin kök saldığı Ermənistanda tüğyan edən problemlər çoxdurbunlardan biri A.Saakyanın da məqalədə yazdığı kimi korrupsiyadır. Rüşvətxorluq və korrupsiya ölkədə sosial gərginliyi davamlı surətdə artırır, siyasiiqtisadi tənəzzülün daha sürətli xarakter alması ilə müşayiət olunur. Sadə ermənilər əmindirlər ki, bu problemin kökünü kəsmək terrorçuluğu və işğalçılığı dəstəkləyən iqtidarların dövründə mümkün olmayacaq.

Bütün sahələrdə tənəzzülə uğramış Ermənistanda insan hüquqlarının müdafiəsi sahəsində vəziyyət daha dözülməzdir. Ölkədə məmur özbaşınalığının tüğyan etməsi, müstəqil məhkəmə hakimiyyətinin olmaması insan hüquqlarının ümumi vəziyyətinin daha bərbad hala düşməsi ilə nəticələnib. Amma Ermənistanda insan hüquqlarının durumunun pisləşməsi ilə bağlı narahatlıqları bölüşməyən hakimiyyət ciddi müqavimətlə üzləşmədiyindən belə demək olarsa, daha da azğınlaşır, ona qarşı olanların neytrallaşdırılması üçün sərt repressiyalara start verir. Odur ki, bu ölkədə insan hüquqları sahəsində bərbad durumun olmasına dair çoxsaylı faktların üzərinə isə demək olar ki, hər gün yeniləri əlavə olunur.

İqtisadi tənəzzül və sosial böhran təbii ki, Ermənistanda miqrasiya tempini ilbəil artırıb, demoqrafik gərginliyi pik həddə çatdırıb. Çünki insanların sabaha olan ümidlərinin qırılması əhalinin kütləvi şəkildə ölkədən köç etməsi ilə müşayiət olunur. Əvvəlki kimi, Ermənistanı ortacavan nəslin nümayəndələri tərk edirlər. Təbii ki, bunun fonunda, Ermənistanın real əhalisi ilbəil azalmaqdadır. Ümumiyyətlə, 1991-ci ildən indiyədək Ermənistanı 1,5 milyon insan birdəfəlik tərk edib. Bu barədə sosioloq Ruben Yeqanyan məlumat verib. O deyib ki, hər il ölkədən geri qayıtmamaq şərti ilə 35 mindən çox Ermənistan vətəndaşı köçür. Miqrasiya ilə bağlı statistik məlumatlar isə hökumət tərəfindən cidd-cəhdlə gizlədilir. Hətta Ermənistan Statistika Komitəsinə bu barədə xəbər yaymaq qadağan edilib.

 

Dağlıq Qarabağ münaqişəsi Ermənistana göz yaşı və bədbəxtlik gətirib

 

Ermənistandakı böhran cəmiyyətin və ölkə həyatının bütün sahələrini əhatə edir. Bu ölkənin məhz özünün işğalçılıq siyasəti ucbatından ağır günlər yaşadığı bütün dünyaya məlumdur. İşğalçı ölkədə əksəriyyət əmindir ki, düşdükləri indiki acınacaqlı durumun baiskarı hakimiyyəti ələ keçirən terrorçu iqtidarlardır. Bu səbəbdən hazırda mövcud hakimiyyətə qarşı narazılığın miqyası sürətlə genişlənməkdədir.

Azərbaycanda isə vəziyyət fərqlidir. Son illərdə dinamik inkişaf edən Azərbaycan bu gün regionun aparıcı dövlətidir. Rəsmi Bakının iştirakı və razılığı olmadan bölgədə hər hansı iqtisadi layihənin reallaşması mümkün deyil. Dünyanın enerji təhlükəsizliyinə, terrorizmlə mübarizəyə böyük töhfələr verən Azərbaycan dünya birliyində özünə layiqli yer tutub. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində, həm Ermənistanın iqtisadi blokadası dərinləşib, həm də Azərbaycan son dövrlərdə Ermənistanla aparılan sülh danışıqlarında mühüm beynəlxalq siyasidiplomatik üstünlük əldə edib. Bütövlükdə, Azərbaycan Prezidentinin uğurlu diplomatik gedişləri nəticəsində Ermənistanın beynəlxalq səviyyədə təcrid olunması daha da sürətlənib və dünya artıq erməni yalanlarına inanmır.

Ermənistanın bir dövlət olaraq müstəqil olmadığını, S.Sarkisyan iqtidarının isə işğalçı siyasət yürütdüyünü anlayan erməni hüquq müdafiəçiləri də bunları artıq etiraf etməyə başlayıblar. Daha dəqiq desək, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticələri Ermənistanın həqiqi vətənpərvərlərini hərəkətə gətirib. Hansı ki, müharibədə tərəfdarlarından fərqli olaraq bu insanlar işğalçı siyasətin Ermənistanı məhvə apardığını dərk edir və dilə gətirirlər.

Bu günlərdə Bakıda keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransda iştirak edən erməni yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, o cümlədən Ermənistanın “Meridian” qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna Caqinyan da bildirdirlər ki, Serj Sarkisyan prezident yox, işğalçıdır və Dağlıq Qarabağ münaqişəsi Ermənistana yalnız göz yaşı və bədbəxtlik gətirib.

Keçirdikləri mətbuat konfransında “Sarkisyan hakimiyyəti ölkəni şəxsi mənafeyini güdməklə, xalqı talamaqla idarə edir”- deyən Suzanna Caqinyan çıxışında Sarkisyan hakimiyyətinin təcavüzkar siyasətindən, Ermənistanda hökm sürən aclıq və səfalətdən danışıb. O deyib ki, Ermənistanın hazırkı rejimi erməni xalqını talan edirS.Sarkisyan prezident yox, işğalçıdır: “O, təkcə azərbaycanlılara qarşı deyil, erməni xalqına qarşı da soyqırımı həyata keçirib. Sarkisyan məni öldürmək üçün tapşırıq verib. Mən Ermənistanda hüquqların tapdalanmasına qarşı mübarizə aparıram. Onlar məni izləyirlər, hətta terrorçuluqda belə günahlandırırlar. Ermənistanda hakimiyyət zəbt edilib. Xalqın vəziyyəti çox ağırdır”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini qeyd edən S.Caqinyan bildirib ki, Ermənistandakı mövcud rejim bu münaqişədən istifadə edərək hakimiyyətə gəlib. Ona görə də bu rejim münaqişənin həllində maraqlı deyil. Ermənistan hakimiyyətinə Dağlıq Qarabağ münaqişəsini indiki vəziyyətdə saxlamaq çox əlverişlidir. Sarkisyan həmin torpaqlardan yalnız öz mənfəətini güdür.

“Dağlıq Qarabağ münaqişəsini həll etməyin vaxtıdır. Bu münaqişə Ermənistan hakimiyyətinin hazırda istifadə etdiyi metodlarla deyil, sülh yolu ilə həll edilməlidir. Bu münaqişə nəticəsində insanların həlak olması çox pis haldır. Bu hallar insanı dəhşətə gətirir. Biz bilirik ki, Azərbaycan Prezidenti münaqişənin sülh yolu ilə həllini istəyir. Təəssüf ki, Ermənistan hakimiyyəti bu məsələnin tənzimlənməsinə imkan vermir. Bu rejim öz xalqına qarşı da çox ədalətsizdir” - deyən S.Caqinyan Azərbaycan xalqına qarşı törədilən müsibətlərə, Xocalı soyqırımına görə Ermənistan xalqı adından azərbaycanlılardan üzr istəyib.

 

V.Martirosyan: “Erməni rəhbərliyi tökdüyü qanların, törətdiyi faciələrin hesabını mütləq verəcək”

 

Azərbaycanda erməni ailəsində olduqlarını bildirən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan deyib ki, bütün qonşular onların erməni olduqlarını bilirlər: “Onlar 1988-ci ildən burada dinc yaşayırlar. Mən onların problemləri ilə maraqlandıqda heç bir çətinliklə üzləşmədiklərini vurğuladılar. Təəssüf ki, Ermənistanda bu, belə deyil. Çünki Ermənistan hakimiyyəti militarist, şovinist, faşist siyasəti yürüdür. Hələ sovet dövründə Ermənistanda xüsusi xidmət orqanları tərəfindən “ASALA” kimi terror təşkilatları yaradılıb. Bu təşkilatlar ermənilər arasında müsəlmanlara, xüsusən də azərbaycanlılara, türklərə qarşı düşmənçilik hissi aşılayıblar”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan V.Martirosyan bildirib ki, Ermənistanda hakimiyyətin dəyişməsi münaqişəsinin tənzimlənməsini sürətləndirə bilər: “Erməni xalqı mövcud iqtidarı devirmək üçün ayağa qalxmasa, bu işğalçı rejim hakimiyyətdən getməyəcək. Sarkisyan rejimi Dağlıq Qarabağda törətdiyi qanlı cinayətlər sayəsində hakimiyyətə gəlib. Əgər münaqişə həll edilsə, onlar da yox olacaqlar. Əminəm ki, onlar Haaqa Məhkəməsi qarşısında cavab verəcəklər. Onlar tökdükləri qanların, törətdikləri faciələrin hesabını mütləq verəcəklər”.

V.Martirosyan vurğulayıb ki, Dağlıq Qarabağa muxtariyyət verilməsi münaqişənin müdrik həll yoludur: “Heç kəs erməniləri oradan çıxarmağa hazırlaşmır. Vaxt keçdikcə iki xalq orada birlikdə sülh şəraitində yaşayacaq. İndi o torpaqlar boşdur, yüzlərlə insan ölür. Dağlıq Qarabağ ətrafındakı 7 rayon dərhal Azərbaycana qaytarılmalıdır. Azərbaycan işğala məruz qalan ölkə olsa da, sülh tərəfdarıdır. Erməni xalqı da sülh istəyir. Ancaq Sarkisyan rejimi bu xoş niyyətin reallaşmasına imkan vermir”.

Erməni yazıçı-publisist, ictimai xadim Vahe Avetyan bildirib ki, beynəlxalq hüquq dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmasını tələb edir. Onun sözlərinə görə Ermənistanın beynəlxalq hüquqa saymazyana münasibəti uzun müddət davam edə bilməz və Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir.

“Düşünürəm ki, mənim üçün vacib olan Azərbaycana gəlmək, burada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmək, qarşısında baş əymək idi. Mən bunu etdim. Bu işdə mənə kömək edənlərə təşəkkürümü bildirirəm” - deyə Vahe Avetyan bildirib.

Ermənilərə bəllidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanılması Ermənistana və onun xalqına fəlakətdən, yoxsulluqdan başqa heç nə gətirməyəcək.

Bakıya səfər edən erməni hüquq müdafiəçilərinin dediklərindən göründüyü kimi, Ermənistanın işğalçı olduğu bu ölkənin vətəndaş cəmiyyəti dairələrində də etiraf olunur. Onların fikrincə, erməni xalqının nicatı indiki hakimiyyətin iqtidarına və ən əsası, işğalçı siyasətə son qoyulmasından asılıdır.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2016.- 11 noyabr.- S. 1, 7.