İqtisadi modernləşmənin
uğur formulu
Prezident İlham Əliyevin yeni
inkişaf strategiyası Azərbaycanın dayanıqlı
iqtisadi yüksəlişinin təminatçısıdır
Hər bir böhranın sonu düzgün strategiya əsasında
adətən yeni iqtisadi sıçrayışlarla
müşahidə olunur. Yəni böhran yeni iqtisadi ideyaları həyata
keçirmək üçün münbit şərait deməkdir.
İstənilən böyük dövlətlərdə
inkişafın davamlılığını təmin edən
başlıca amillərdən biri məhz strateji hədəflərin
düzgün müəyyənləşdirilməsidir.
Son illər dünyada geosiyasi risklərin yüksəlməsi
və iqtisadi problemlərin dərinləşməsi, dünya
enerji bazarındakı qeyri-sabitlik və tərəfdaş
ölkələrdə milli valyutaların dəyərdən
düşməsi fonunda Azərbaycan iqtisadiyyatının
dayanıqlıq nümayiş etdirməsi bir daha göstərdi
ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən
olunması və bu hədəflərin məqsədyönlü
şəkildə reallaşdırılması çox önəmlidir.
Bu baxımdan Prezident İlham Əliyevin
çevik və praqmatik iqtisadi siyasəti və vaxtında
görülmüş qabaqlayıcı tədbirlər
dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə
təsirlərinin minimuma endirilməsinə imkan yaratdı.
Çevik iqtisadi idarəetmənin təşkili
Azərbaycanın dayanıqlı iqtisadi
inkişafının təmin olunmasında ölkəmizdə
yaradılmış siyasi sabitliklə yanaşı,
iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin
prioritet istiqamətlərini özündə əks etdirən
dövlət proqramları müstəsna əhəmiyyət kəsb
edir. Dünya iqtisadiyyatında baş verən proseslərə
qarşı ölkə iqtisadiyyatının
dayanıqlığının daha da möhkəmləndirilməsi
üçün Prezident İlham Əliyevin islahatlar siyasəti
çərçivəsində çevik iqtisadi idarəetmənin
təşkili, biznes mühitinin
yaxşılaşdırılması, investisiyaların təşviqi
və qeyri-neft məhsullarının ixracının
stimullaşdırılması sahəsində əhəmiyyətli
qərarlar qəbul edilib. Eyni zamanda
dövlət başçısının fərman və sərəncamları
ilə yeni qurumar yaradılıb.
Düşünülmüş,
məqsədyönlü və uzaqgörən siyasət
yürüdən Prezident İlham Əliyev ilin əvvəlində
(yanvarın 26-da Regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
ikinci ildönümünə həsr olunmuş iclasında)
qlobal böhranın və devalvasiyanın ölkəmizə mənfi
təsirlərinin tez zamanda aradan qaldırılması ilə
bağlı konkret tapşırıq və tövsiyələrini
verdi. Dövlət başçısı
bildirdi ki, ölkə iqtisadiyyatını mənfi təsirlərdən
qorumaq üçün maliyyə intizamı gücləndirilməli,
lüzumsuz xərclərə yol verilməməli, uzaq gələcəyə
hesablanmış layihələrin icrası təxirə
salınmalı, valyuta bazarının sabitləşməsi üçün
bir sıra səmərəli tədbirlər həyata
keçirilməli, sahibkarlığın inkişafı,
ixracın stimullaşdırılması istiqamətində
islahatlar genişləndirilməlidir. Dövlət
başçısı eyni zamanda qeyd etdi ki, indiki şəraitdə
hökumətin fəaliyyətində dinamizm və şəffaflıq
artırılmalı, yeni dövrün aktual
çağırışlarına cavab verən çevik
idarəçilik modeli formalaşdırılmalı, dövlət
büdcəsinin xərclər hissəsinin təsnifləşdirilməsi
təkmilləşdirilməli, xərcləmələr
üzrə yeni mexanizmlər işlənilib
hazırlanmalı, fəaliyyət istiqamətləri oxşar
olan, bir-birini təkrarlayan dövlət qurumlarının
konsolidasiyası həyata keçirilməli, dövlət
aparatının saxlanılması xərcləri maksimum dərəcədə
optimallaşdırılmalı, büdcə yükünün
azaldılması istiqamətində addımlar
atılmalıdır.
Yeni çağırışlara cavab
verən biznes və investisiya mühiti
Dünya iqtisadiyyatı yeni
çağırışlarla üzləşdiyi
üçün Azərbaycan iqtisadiyyatı da bu
çağırışlara cavab verməlidir. Bu səbəbdən
də ölkədə biznes və investisiya mühitinin
yaxşılaşdırılması, ümumilikdə
qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata
keçirilən sistemli tədbirlər böyük əhəmiyyət
kəsb edir. Bütün bunları nəzərə alan dövlət başçısı Azərbaycanda
biznes mühitinin əlverişliliyinin artırılması və
beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha
da yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında sərəncam imzaladı.
Sənəddə göstərilirdi ki, ölkədə
iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli
inkişafı sahəsində uzunmüddətli və sistemli
fəaliyyət həyata keçirilir. Aparılan
davamlı iqtisadi islahatlar və iqtisadiyyatın
diversifikasiyası siyasəti nəticəsində qeyri-neft
sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli
irəliləyişlərə nail olunubdur. Bu tədbirlərin davamı olaraq növbəti
dövrlərdə də iqtisadiyyatın neftdən
asılılığının minimuma endirilməsi və sahibkarlığın
inkişafına əsaslanan rəqabətqabiliyyətli milli
iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin
daha da yaxşılaşdırılması istiqamətində
tədbirləri davam etdirmək əsas strateji hədəflərdən
biri kimi müəyyən edilibdir. Göstərilən hədəfə
nail olmaq üçün dövlət tərəfindən
ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin
inkişaf etdirilməsi, biznes və investisiya mühitinin
yaxşılaşdırılması, dövlət tənzimləməsinin,
o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi,
sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin
və süni maneələrin aradan qaldırılması,
sahibkarlara dövlət dəstəyi və təşviq
mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliyin,
ixrac imkanlarının genişləndirilməsi, ən
yüksək beynəlxalq standartlara uyğun olaraq elektron
dövlət xidmətləri göstərilməsi sahələrini
əhatə edən kompleks tədbirlər həyata
keçirilib.
Postneft dövrünə yeni iqtisadi
modellə
Bu tapşırıq və tövsiyələrdən
sonra ölkəmizdə yeni iqtisadi islahatların həyata
keçirilməsinə başlanıldı. İqtisadiyyatın
bütün sahələri üzrə konkret proqramlar
hazırlandı və dövlət başçısı
mühüm sərəncamlar, fərmanlar imzaladı. “2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə
qalacaq” deyən Prezident İlham Əliyev islahatları daha qətiyyətlə
və sürətlə aparmaq istiqamətində
ardıcıl tədbirlər gördü və milli
iqtisadiyyatın şaxələndirilməsi istiqamətində
islahatlar aparıldı. Dövlət
başçısı ölkə iqtisadiyyatında
dayanıqlı inkişafın təmin edilməsi
üçün yeni istiqaməti müəyyənləşdirdi:
“Əgər vaxtilə qeyri-neft sektorunun inkişafı ilə
məşğul olmasaydıq, bu gün iqtisadi
inkişafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft
sektorunun inkişafı 2016-cı ildə də iqtisadi sahədə
əsas prioritet olacaq”.
Yeni inkişaf mərhələsinin
başlanğıcında olan Azərbaycan bəzi dövlətlərdən
fərqli olaraq özünün növbəti uğurlu
inkişaf modelini seçdi. Bu dövrün isə
özünəməxsus qanunauyğunluqları, iqtisadi-siyasi
çağırışları mövcud idi. İqtisadiyyatımızın beynəlxalq rəqabət
qabiliyyətini yüksəltmək, idxaldan
asılılığı azaltmaq, qeyri-neft məhsullarının
ixracını əsaslı şəkildə artırmaq yeni mərhələnin
əsas prioritetləri oldu və dövlət
başçısının aydın, dərin
düşünülmüş iqtisadi islahat konsepsiyası məhz
ölkəmizin yeni inkişaf hədəflərinə
hesablandı.
Ölkədə
qeyri-neft məhsullarının ixracının
stimullaşdırılması, rəqabətqabiliyyətli
qeyri-neft məhsullarının istehsalı və
ixracının, ənənəvi, yeni bazarlara
çıxış imkanlarının artırılması,
bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi
məqsədi ilə Prezident İlham Əliyev qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması ilə
bağlı əlavə tədbirlər haqqında sərəncam
imzaladı. Sənəddə göstərilirdi
ki, son illər ərzində ölkə iqtisadiyyatının əsas
hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun
inkişafında mühüm nailiyyətlər əldə olunmuş,
onun ümumi daxili məhsulda xüsusi çəkisi
üstünlük təşkil etmiş, rəqabətqabiliyyətli
və ixrac potensialı yüksək olan məhsulların
istehsalı genişlənmişdir. “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasında ixracyönümlü iqtisadi model əsas
götürülərək yüksək əlavə dəyər
yaradan ixracyönümlü iqtisadiyyata transformasiya
mühüm məqsəd kimi müəyyən olunmuşdur.
Bu çərçivədə əsas vəzifələrdən
biri qeyri-neft sektorunun yüksək inkişaf tempini qoruyub
saxlamaqla onun ixrac imkanlarını genişləndirməkdir.
Ölkədə qeyri-neft sənayesinin,
sahibkarlığın inkişafı, həmçinin şəffaflığın,
xüsusən də maliyyə sahəsində şəffaflığın
artırılması, eləcə də ictimai nəzarət
mexanizminin daha da fəallaşdırılması istiqamətində
mühüm addımlar atıldı. Prezident İlham
Əliyev həmin sahələrdə konkret nəticələrin
əldə olunması, fəaliyyət mexanizminin həyata
keçirilməsi istiqamətində iki mühüm fərman
imzaladı. Bunlar Maliyyə Bazarlarına Nəzarət
Palatası publik hüquqi şəxsin və Apelyasiya
Şurasının yaradılması haqqında fərmanlardır.
Adıçəkilən ilk qurum ölkənin
maliyyə sektorunun dayanıqlığını təmin etmək
və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək,
ikinci qurum isə sahibkarlıq fəaliyyəti göstərən
fiziki və hüquqi şəxslərin şikayətlərinə
baxılması sahəsində şəffaflığın və
obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin
hüquqlarının və qanunla qorunan maraqlarının
müdafiəsi məqsədilə yaradıldı.
Prezidentin rəhbərliyi və təşəbbüsü
ilə qeyri-neft sektorunda başlanan genişmiqyaslı
islahatların keyfiyyətlə və nəzərdə tutulan
istiqamətdə həyata keçirilməsinin ən əsas
prinsipləri maliyyə sahəsində şəffaflığın,
nəzarət mexanizmlərinin və bu bazarda likvidliyin təmin
edilməsi idi.
Maliyyə Bazarlarına Nəzarət Palatası
publik hüquqi şəxsin yaradılması da bu zərurətdən
irəli gəldi. Sahibkarlığın inkişafı,
bu sahəyə nəzarətin gücləndirilməsi, iş
adamlarının hüquqlarının və qanunla qorunan
maraqlarının müdafiəsi üçün yaradılan
apelyasiya şuraları isə dövlət-sahibkar münasibətlərinin
qurulmasında çox mühüm amil oldu. Eyni
zamanda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində
həyata keçirilən siyasətin davamı olaraq
sahibkarlıq sahəsində aparılan yoxlamalar
dayandırıldı, lisenziyalaşdırma sistemi təkmilləşdirildi,
investisiyaların təşviqi və qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması sahəsində
mühüm qərarlar qəbul edildi.
Aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən
biri də investisiyaların təşviqi ilə bağlı həyata
keçirilən tədbirlər oldu. İnvestisiya təşviqi sənədi
sahibkarlara Vergi Məcəlləsində və “Gömrük
tarifi haqqında” qanunda nəzərdə tutulmuş güzəştlərdən
yararlanmağa imkan verdi. İnvestisiya təşviqi
sənədini almış sahibkarlar mənfəət və gəlirin
50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin
idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular
üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından
7 il müddətinə azad edilirlər. Bu, qeyri-neft sektoruna
investisiyaların artırılmasına, yeni iş yerlərinin
açılmasına əlverişli zəmin yaratmaqla
yanaşı, sahibkarlığın inkişafına əhəmiyyətli
töhfə verdi.
İnnovativ inkişafa qədəm
qoyan milli iqtisadiyyat
Ölkədə
qeyri-neft sənaye sahələrinin davamlı inkişafı,
bu istiqamətdə sahibkarlıq fəaliyyətinin daha da
genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan
rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin
yaradılması, o cümlədən əczaçılıq
sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq
məhsullarının idxalından
asılılığın azaldılması, əhalinin dərman
vasitələrinə tələbatının ödənilməsində
yerli istehsalın təşviq edilməsi və əhalinin məşğulluğunun
artırılması məqsədilə bir neçə sənaye
parkının təməli qoyuldu. Cənubi Qafqazın sənaye
mərkəzi hesab olunan ölkəmizdə həyata
keçirilən dövlət proqramları ilk növbədə
regionların tarazlı, davamlı inkişafını,
onların potensialının bir-birinə kömək mexanizmi
üzərində qurulmasını, qeyri-neft sektorunun möhkəmləndirilməsini,
iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin
azaldılmasını, infrastrukturun yeniləşdirilməsini
təmin edən kompleks proqram sənədləri olmaqla
yanaşı, bölgələrdə özəl sektorun və
sahibkarlığın inkişafına təkan verdi. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə
edən regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət
kəsb etməklə bölgələrdə dönüş
mərhələsinin əsasını qoydu,
sahibkarlığın yüksəlişinə zəmin
yaratdı. Daxili investisiya layihələri
nəticəsində zavod-fabriklər, sənaye parkları və
sənaye məhəllələri, texno və aqroparklar və
digər təyinatlı istehsal obyektlərinin inşası
sürətləndi.
Aqrar islahatlar, bu sektora dövlət dəstəyinin əhəmiyyətli
dərəcədə gücləndirilməsi, yeni
çağırışlara uyğun strateji hədəflərin
müəyyənləşdirilməsi və institusional
islahatların aparılması kənd təsərrüfatında
ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və
keyfiyyət dəyişikliklərinə gətirib
çıxardı. Prezident İlham Əliyevin
tütünçülüyün,
pambıqçılığın, ipəkçiliyin,
toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı
tədbirlər haqqında imzaladığı sərəncamlar
fəallığın yüksəlməsinə səbəb
oldu. Əhalinin ərzaq təhlükəsizliyinin
təmin edilməsi, aqrar sahədə ixrac potensialının
artırılması məqsədilə ölkədə
müasir aqroparklar və iri fermer təsərrüfatlarının
yaradılmasına başlanıldı. Bununla
yanaşı, kənd təsərrüfatı məhsulları
istehsalçıları tərəfindən öz maddi və
sosial tələbatlarının ödənilməsi məqsədilə
kənd təsərrüfatı kooperativləri və
onların ittifaqları vasitəsilə həyata keçirilən
könüllü birgə fəaliyyət olan Kənd Təsərrüfatı
Kooperasiyası yaradıldı.
Hökumət qeyri-neft sektorunun inkişaf bazalarından
biri kimi aqrar-sənaye sektoruna daha böyük
üstünlük verir. Ölkənin inkişafının əsas
sütunlarından biri aqrar sektordur. İnnovativ
iqtisadiyyatda aqrar sektorun modernləşdirilməsi
başlıca prinsiplərdəndir və bu sahədə aqrar
texnoparkların yaradılması əsas hədəflərdən
hesab olunur. Dövlət gələcəkdə
həm daxili tələbatın yerli istehsalla təmin edilməsi,
eyni zamanda çox böyük ixrac imkanlarının
yaranması üçün kənd təsərrüfatının,
sənaye potensialının inkişafını təmin edir.
Kənd təsərrüfatının
inkişafına göstərilən dövlət
qayğısı isə onu deməyə əsas verir ki, Azərbaycan
yaxın zamanlarda yerli məhsullarını xarici bazarlara
asanlıqla çıxara biləcək. Dövlətin
dəstəyilə həyata keçirilən bu tədbirlərdən
sonra Azərbaycanın istehsal etdiyi məhsullar ayrı-ayrı
dövlətlərin əmtəələrilə rəqabətə
girəcək, “Made in Azerbaijan” brendi dünya bazarlarında
xüsusi yer tutacaq. Bu da, əlbəttə ki, Azərbaycanda
qeyri-neft sektorunun inkişafını sürətləndirməklə
yanaşı, ölkəmizə əlavə valyutanın daxil
olmasına, yeni iş yerlərinin açılmasına imkan
yaradacaq.
Yeni uğurlara aparan yol - milli
iqtisadiyyatın Strateji Yol Xəritəsi
Dünyada
baş verən iqtisadi proseslər fonunda ölkə
iqtisadiyyatının inkişafı, investisiya və biznes
mühitinin daha da yaxşılaşdırılması,
sahibkarlığın genişləndirilməsi
üçün əlverişli imkanlar yaradılması,
qeyri-neft ixrac potensialının artırılması,
idxalın əvəzlənməsi ilə bağlı
mühüm qərarlar qəbul edilsə də, mövcud
qlobal iqtisadi şərait aparılan iqtisadi islahatları daha
da genişləndirməklə onların müntəzəmliyinin
təmin edilməsini, sahibkarlıq subyektləri tərəfindən
mütərəqqi elmi-texniki çağırışlardan,
stimullaşdırıcı mexanizmlərdən və
innovasiyalardan istifadə etməklə yeni konseptual
yanaşmaların tətbiqini zəruri edir. Eyni
zamanda mövcud iqtisadi potensialdan və əlverişli
investisiya mühitindən daha səmərəli istifadəni və
bu sahədə təşviqat, ictimai
iştirakçılıq sistemlərinin tətbiqi vacib şərt
hesab olunur. Ona görə də Prezident
İlham Əliyev aparılan iqtisadi islahatların əhatə
dairəsinin genişləndirilməsini və bu sahədə
işlərin səmərəli əlaqələndirilməsini
təmin etmək məqsədilə İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
yaradılması haqqında fərman imzaladı. Bu mərkəzin missiyası aparılan iqtisadi
islahatların əhatə dairəsinin genişləndirilməsini
və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini
təmin etməkdir. Mərkəzin fəaliyyətinin məqsədləri
ölkənin dayanıqlı iqtisadi inkişafının təmin
edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə
təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında
iqtisadi islahatların həyata keçirilməsi
üçün təkliflər, habelə orta və
uzunmüddətli dövr üçün proqnozlar
hazırlamaqdan, dövlət orqanlarını və
qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin
iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanın
nailiyyətlərinin təbliğini təşkil etməkdən
ibarətdir.
Prezidentin
digər fərmanları ilə ölkənin makroiqtisadi
sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə
dayanıqlığının təmin edilməsi, bu sahədə
koordinasiya olunmuş siyasətin həyata keçirilməsi,
habelə səmərəli tənzimləmə və
hüquqtətbiqetmə praktikasına nail olunması məqsədilə
Maliyyə Sabitliyi Şurası 2030-cu ilədək Azərbaycan
üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd
və hədəflərə uyğun milli prioritetləri,
onlara dair göstəriciləri müəyyən etmək,
ölkədə sosial-iqtisadi sahələri əhatə edən
dövlət proqramlarının və strategiyaların
Dayanıqlı İnkişaf Məqsədləri ilə
uzlaşdırılmasını təmin etmək məqsədilə
isə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə
Şurası yaradıldı. Həmçinin
ixracın təşviqi məqsədilə bir sıra ölkələrdə
diplomatik nümayəndəliklərin tərkibində Azərbaycanın
ticarət-iqtisadi nümayəndələrinin fəaliyyət
göstərilməsi ilə bağlı qərar verildi.
Bütün bunlar Prezident İlham Əliyevin yeni iqtisadi
islahatlar konsepsiyanın tərkib hissəsidir və milli
iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin
başlıca istiqamətləridir. Qeyd edək ki, Strateji
Yol Xəritəsi yeni iqtisadi çağırışlar
fonunda postsovet məkanında ilk belə sənəddir. Bu sənəd 2025-ci ilə qədər və
sonrakı illərdə əldə olunacaq ümumi hədəfləri
müəyyən edir. Strateji Yol Xəritəsi çərçivəsində
bir il üçün ətraflı yol xəritəsi,
iqtisadi inkişaf strategiyası və 2016-2020-ci illər
üçün Tədbirlər Planı, 2025-ci il
üçün uzunmüddətli proqnoz və 2025-ci ildən
sonrakı dövr üçün məqsədli proqnoz
hazırlanıb. Milli iqtisadiyyatın perspektivi və
11 iqtisadi sektora dair yol xəritəsini özündə birləşdirən
Strateji Yol Xəritəsi 12 sənəddən ibarətdir.
Sənəd təkcə inkişaf məqsədlərini
və prinsiplərini əhatə etmir. Hər
bir istiqamət üzrə qlobal trendlər, mövcud vəziyyətin
təhlili, görüləcək tədbirlər, tələb
olunan investisiya və əsas indikatorlar öz əksini
tapıb. İstehsal və xidmətlər sahəsində
6 əsas sektoru, iki sosial və 3 infrastruktur sektorunu əhatə
edən Strateji Yol Xəritəsi növbəti onillikdə
ölkənin əsas iqtisadi strategiya sənədi olacaq.
Bu isə onu deməyə əsas verir ki, Azərbaycanda rəqabətqabiliyyətli
və inklüziv iqtisadiyyat quruculuğu, həmçinin
dayanıqlı iqtisadi inkişaf xətti davam edəcək,
iqtisadi artımın uzunmüddətli səviyyəsi yüksəlməklə
məcmu buraxılış kəsiri yaxşılaşacaq. Bunun
üçün qısamüddətli dövrdə fiskal və
monetar siyasətlərdən istifadə olunacaq, orta və
uzunmüddətli dönəmdə isə məcmu təklifi
dəstəkləyən investisiya mühiti və infrastruktur
daha da yaxşılaşdırılacaq, bazarlara
çıxış imkanları genişləndiriləcək,
qlobal dəyər zəncirində mövqelər gücləndiriləcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.- 2016.- 11 noyabr.- S. 1, 5.