Şah əsərlərin möhtəşəm təqdimatı

 

Musiqi dünyası

 

Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin yadigarı, görkəmli musiqiçi Fərəc Qarayevin yaradıcılığı rusiyalı musiqisevərlərə yaxşı tanışdır. Mütəxəssislər onun musiqisində neoklassisizmdən və neoromantikadan muğamcaz notlarına, Avropa instrumental teatrından milli çalğı alətləri teatrına kimi böyük müxtəlifliyi həmişə qeyd edirlər. F.Qarayevin 1983-cü ildə yazdığı “1791” serenadasını o dövr Azərbaycan musiqisinin ən parlaq novatorluq nümunəsi, milli klassik musiqimizin inkişafında yeni mərhələ adlandırırlar. Əsər sosialist realizminin hökm sürdüyü bir zamanda yazılmasına baxmayaraq, dövrün ənənələrindən və təcrübəsindən köklü şəkildə fərqlənə bilib, bəstəkarın mənəvi azadlığını və bədii seçim sərbəstliyini nümayiş etdirib. Bu günlərdə Moskva Dövlət Akademik Filarmoniyasında “Digər fəza” V Beynəlxalq Aktual Musiqi Festivalında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səsləndirilən Azərbaycan bəstəkarının Motsarta sevgi etirafı olan “1791” serenadası sürəkli alqışlarla, böyük heyranlıqla qarşılanıb.

Azərbaycan orkestrinin çıxışında daha iki möhtəşəm əsər də təqdim olunub. Rusiyada ilk dəfə ikinci avanqard dövrünün ən böyük əsəri - alman bəstəkarı K.Ştokhauzenin üç orkestr üçünQruplar” və italyan bəstəkarı Luçano Berionun 1968-ci ildə birinci ifadan sonra yeni musiqinin klassikasına çevrilmişSimfoniya” əsərləri səslənmişdir. Gecənin aparıcısı, Müasir Musiqi Assosiasiyasının eksperti, sənətşünaslıq doktoru Rauf Fərhadov bugünümüzün musiqisininDostoyevskisi” adlandırılan K. ŞtokhauzeninQruplar” əsərinin xüsusi yanaşma tələb etdiyini bildirmişonun üç orkestr qrupu tərəfindən üç dirijorun rəhbərliyi ilə səsləndirildiyini söyləmişdir.

P.İ.Çaykovski adına konsert salonunun səhnəsində Azərbaycan Simfonik OrkestriRusiya Dövlət Orkestri üç qrupa bölünmüş, hər qrupa ayrılıqda Fuad İbrahimov, Vladimir YurovskiFilipp Çijerski dirijorluq ediblər. Klassik musiqinin şah əsəri adlandırılan “Qruplar” Azərbaycan və Rusiya musiqiçilərinin birgə layihəsində möhtəşəm səsləndirilib.

XX əsr klassiki sayılan Luçano Berionun “Simfoniya”sını isə Azərbaycan Dövlət Simfonik Orkestri hələ 2013-cü ildə Bakıda təqdim etmişdi. Bu, italyan bəstəkarının əsərinin keçmiş sovet məkanında ilk ifası olmuşdu. Ən böyük musiqi forumlarından sayılan “Digər fəza” festivalında əsərin Rusiya premyerası Azərbaycan musiqiçilərinin ifasında böyük uğurla gerçəkləşmişdir. Musiqi tənqidçilərinin fikirlərinə görə, festivalda Azərbaycan orkestrinin çıxışı həqiqətən, Rusiyanın musiqi həyatında əlamətdar hadisə olmuşdur.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2016.- 11 noyabr.- S. 8.