Bakı şəhərində
yağış kanalizasiya sisteminin
təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun
yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Son dövrlərdə Bakı şəhərində gedən sürətli iqtisadi inkişaf, əhalinin sayının artması, çoxlu sayda müxtəlif təyinatlı binaların və obyektlərin tikintisi şəhər təsərrüfatına, onun infrastrukturuna, o cümlədən mühəndis-kommunikasiya təminatı obyektlərinə düşən yükü dəfələrlə artırmışdır.
Bakı şəhərində 2016-cı ilin sentyabr və oktyabr aylarında yağan yağışlar həmin dövr üçün müşahidə edilmiş yağıntı normasından müvafiq olaraq 9,2 və 3,7 dəfə çox olmuşdur. Bu yağıntılar nəticəsində küçə və prospektlərdə səth sularının kənarlaşdırılmasını təmin etməli olan yağış kanalizasiya sisteminin işləməməsi ciddi fəsadlar törətmiş, bir sıra müxtəlif təyinatlı obyekt və tikililərə ziyan dəymiş, vətəndaşların və nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdır.
Bakı şəhərinin və Abşeron yarımadasının yağış kanalizasiya sisteminin yüksək inkişaf templərindən geri qalması və şəhər təsərrüfatının tələblərinə cavab verməməsi bu sistemin təkmilləşdirilməsini, o cümlədən səth sularının idarə olunmasını, təmizlənməsini, yağış və ərimiş qar sularının yığılması nəticəsində ciddi problemləri olan şəhər avtomobil yollarında, yaşayış massivlərində zəruri tədbirlərin həyata keçirilməsini, şəhərin ekoloji və sanitar vəziyyətinin normada saxlanılmasını tələb edir.
Bakı şəhərində yağış kanalizasiya sisteminin, şəhərin ekoloji və sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:
İşçi qrupunun rəhbəri
Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
İşçi qrupunun
üzvləri:
Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini;
Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı;
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri;
Ramil Usubov
- Azərbaycan
Respublikasının daxili
işlər naziri;
Abbas Ələsgərov - Azərbaycan
Respublikasının Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinin
sədri;
Qorxmaz Hüseynov
- “Azərsu”
Açıq Səhmdar
Cəmiyyətinin sədri;
Əhməd Əhmədzadə -
Azərbaycan Meliorasiya
və Su Təsərrüfatı
Açıq Səhmdar
Cəmiyyətinin sədri;
Balababa Rzayev - “Azərişıq”
Açıq Səhmdar
Cəmiyyətinin sədri;
Saleh Məmmədov
- “Azəravtoyol”
Açıq Səhmdar
Cəmiyyətinin sədri.
2. İşçi qrupuna tapşırılsın:
2.1. Bakı şəhərinin
yağış kanalizasiya
xətlərinin vəziyyətini
təhlil etsin və sosial-iqtisadi inkişaf perspektivlərini,
əhalinin artım tempini nəzərə almaqla kanalizasiya sisteminin idarə olunmasına, etibarlılığının
artırılmasına, ardıcıl
və mərhələli
rekonstruksiyasına, habelə
bu sahədə ekoloji və sanitar təhlükələri
və problemləri istisna edən digər zəruri tədbirlərin həyata
keçirilməsinə dair
təkliflərini hazırlayıb
üç ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin.
2.2. Bakı şəhərində
yağış, ərimiş
qar sularının yığılması təhlükəsi
olan şəhər avtomobil yollarını müəyyənləşdirməklə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə
dair təkliflərini
hazırlayıb iki ay
müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
2.3. Bakı şəhər və Bakı şəhəri rayonlarının
İcra hakimiyyətləri
tərəfindən şəhər
ərazisində baş
verə biləcək
subasma və digər fövqəladə
halların nəticələrinin
aradan qaldırılmasında
çevik idarəetmənin
həyata keçirilməsinə,
bu sahədə təsərrüfat xidmətlərinin
fəaliyyətinin əlaqələndirilməsinə,
habelə təxirəsalınmaz
tədbirlərin görülməsi
üçün müvafiq
maddi-texniki bazanın yaradılmasına dair təkliflərini hazırlayıb
iki ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 noyabr
2016-cı il
Azərbaycan.- 2016.- 12 noyabr.- S. 1.