Birinci
Türkoloji Qurultayın dərsləri və müasir
çağırışlar
Ümumən dünya elminin, xüsusən də türk dünyasının böyük elmi hadisəsi olan Birinci Bakı Türkoloji Qurultayı tarix kimi də, müasirlik baxımından da mühüm əhəmiyyətə malikdir. 1926-cı ilin 26 fevralından 6 martına kimi Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsinə, inteqrasiya proseslərinin dərinləşdirilməsinə geniş üfüqlər açan ictimai hadisədir. Türkologiyanı böyük və sistemli elmi təlim kimi təqdim edən Bakı Türkoloji Qurultayı beynəlxalq miqyasda da böyük əks-səda tapmışdır. Bu, Azərbaycanın dünya türkologiyasına, geniş mənada ümumdünya elminə çox qiymətli töhfəsidir. Birinci Türkoloji Qurultayın məruzələri və qərarları türk dünyasının çoxəsrlik tarixinin və böyük gələcəyinin elmi cəhətdən tədqiq edilib öyrənilməsinin möhtəşəm proqramıdır.
Birinci Türkoloji Qurultay - türk dünyasının mədəni birliyinin və mənəvi bağlılığının yeni tarixi epoxadakı vəzifələrini diqqət mərkəzinə çəkən böyük elmi forumdur. Bu qurultay XX əsrin əvvəllərində türkoloji elmi-mədəni mühitin ən aktual məsələlərinə: dilçilik, latın əlifbası, orfoqrafiya, tarix, ədəbiyyat, folklor, incəsənət, etnoqrafiya, terminologiya, metodika sahələrində problemlərin həllinə, mövcud səviyyəsinə və inkişaf etdirilməsi yollarına işıq salan mühüm baxışlar sisteminin əməli-nəzəri ifadəsidir.
Türk dünyası sistemində mədəni inteqrasiyanın və maarifçiliyin nəzəri əsaslarının və təcrübi-əməli imkanlarının müəyyən edilib istiqamətləndirilməsində də Birinci Türkoloji Qurultay böyük rol oynamışdır. Birinci Türkoloji Qurultayın 17 iclasında dinlənilib müzakirə edilən 38 məruzədə humanitar və ictimai elmlərin, türkologiyanın ən aktual problemləri əhatə olunmuş və konkret təkliflər irəli sürülmüş, mühüm qərarlar qəbul edilmişdir. Bu, planetin bərabərhüquqlu üzvü olan türk xalqlarının milli-mənəvi varlığının, birliyinin və gələcəyinin qurultayıdır. Ümumiyyətlə, türkologiyanın bütün genişliyi ilə beynəlxalq miqyasda inkişaf etdirilməsi baxımından Birinci Bakı Türkoloji Qurultayının müzakirələri və direktivləri xüsusi əhəmiyyətə malikdir. Qurultayda keçmiş Sovetlər birliyində yaşayan türkdilli xalqların, Avropa türkologiyasının nümayəndələrinin təmsil olunması, Türkiyə və İran ziyalılarının iştirakının təmin edilməsi əhatə olunan türkoloji mühitin genişliyini, miqyasını aydın şəkildə təsəvvür etməyə imkan verir.
Ölkələr üzrə Birinci Türkoloji Qurultayın nümayəndə heyətləri həmin xalqların tanınmış, görkəmli alimlərindən və ictimai xadimlərindən ibarət olub, türkologiyanın müstəqil elm sahəsi kimi nə qədər böyük potensiala malik olduğunu bütün reallığı ilə əks etdirirdi. Məlum olduğu kimi, Türkoloji Qurultayda Türkiyə Cümhuriyyəti 4 nəfərlik nümayəndə heyəti (onlardan 1 nəfəri alman və 1 nəfəri macar alimi olmaqla), Rusiya Federasiyası 48, Almaniya 2, Qazaxıstan 4, Özbəkistan 11, İran 1, Türkmənistan 4, Qırğızıstan 2, Gürcüstan 5, Ermənistan 2 təmsilçi ilə iştirak etmişdir. Mərkəzi hökumətlə razılaşdırmaqla Türkoloji Qurultayda Tatarıstan 10, Başqırdıstan 5, Dağıstan 6, Krım tatarları 5 nəfərlik ayrıca nümayəndə heyəti ilə təmsil olunmuşlar. Birinci Türkoloji Qurultaya rəsmi olaraq Azərbaycan hökuməti tərəfindən ölkələr üzrə dəvət olunmuş ziyalılar aşağıdakılardan ibarət idi:
AZƏRBAYCAN: Səmədağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ruhulla Axundov, Hənəfi Zeynallı, Həbib Cəbiyev, Mustafa Quliyev, Nikolay Aşmarin, Əziz Qubaydullin, Xalid Səid Xocayev, Bəkir Çobanzadə, Cabbar Məmmədzadə, Artur Rudolfoviç, Zifeldt-Simumyaqi, Pənah Qasımov, Müseyib İlyasov, Cəlil Məmmədzadə, Ayna Sultanova, Fərid Xurşid, Həmid Sultanov, Mirzə Davud Hüseynov, Hüseyn Musayev, Əhməd Pepinov, İbrahim Rza Şəbüstəri, Həsən Musayev;
TÜRKİYƏ: Əlibəy Hüseynzadə, Mehmet Fuad Körpülüzadə, Vitek Paul (alman), Yulius Messaroş (macar);
RUSİYA: Akademik Vasili Bartold, Sergey Malov, Aleksandr Miller, Aleksandr Samoyloviç, Feodor Menzel (alman), Lev Şerbak, Aleksey Başkirov, İlya Borozdin, Solomon Veltman, Anatoli Çenko, Lev Jirixov, Sergey Oldenburq, Nikolay Poppe, Sergey Rudenko, Vsevolod Tomaşevski, Konstantin Yudaxin, Nikolay Yakovlev, Rauf Sabirov, Şamil Usmanov, Qani İtamişev, İbrakim Yumankulov; Qaraçaylardan: Umar Aliyev, Abdulkərəm Xubiyev, Nana Tokov; Yakutiyadan: İsidar Baraxov, Anempodist Satronov, Aleksey İvanov; başqırd-çuvaş Pamel İvanov, xakas Nikolay Ratanov, Rulayev; Ukraynadan: Aqafangel Krımski; türkmən Beşim Külbeşirov, inquş Zaurbek Malsatov, Rostovdan: Cahangir Nacıyev, votyak İosif Naqovitsin, çeçen Xalid Oşayev, yəhudi Mixail Pavloviç, çuvaş Mixail Petron, oryot Aleksey Savaşkin, adıgey Səfərbəy Siyuxov, Leninqraddan (Sankt-Peterbuq) Abdulla Tağızadə, balkar İbrahim Usbayev, tsey Davud Xatiroviç, noqay Əbdülhəmid Canibekov, avar Əbdüllətif Şamxalov, Tatarıstandan: Qaley Əbdürrəhimov, İbad Alnarov, Səttar Arifullin, Sabah Alnaqubov, Sibqat Qafurov, Qalimcan İbrahimov, Qayaz Maqsudov, Qəbdürrəxman Sədi, Şərəf Alimcan, İ.Lemanov; Başqırdıstandan: Qabdiləhəl Vilqadonov, Həbibbulla Qabibov, Kərim İdelqujin, Sadiq Miryasov, Zakir Zakirov, Dağıstandan: İbrahim Əliyev, Qalımcan Ayyupov, Şevqi Bekturə, Cəlaləddin Qorxmazov, Kərim Mamedbekov, Edhem Feyzi, Krımdan: Həbibulla Odabaş, Həsən Səbri Odabaş, Hüseyn Akçokraklı, Yaqub Kamal;
ALMANİYA:
Elmlər doktoru Radebold Valter;
QAZAXISTAN:
Əhməd Baytursunov, Lides Omarov, Əziz Bayseyidullin, Bilal
Suleyev;
ÖZBƏKİSTAN:
Əbducabbar Əbducabbarov, Mixail Qavrilov, Aşurəli Zahiri,
Meşriq İlbek, Rəhim İnoqarnov, Bikcan Rəhmanov, Sadri
İsmail, Mecid Usmanov, Neymət Həkimov, Qazi Yunusov, Rəhimi
Şakircan;
TÜRKMƏNİSTAN:
Bekki Berdıyev, Məhəmməd Qəldiyev, Həşim
Perenqliyev, Bazarkul Daniyarov;
GÜRCÜSTAN:
Bassariya Simon, Hikmət Cövdətzadə, Rzaqulu Nəcəfov,
Aleksandr Tibilov, Nikolay Roqdayev, Şərif Manafov;
ERMƏNİSTAN:
Bala Əfəndiyev, Raciya Açaryan.
Mənbələr
təsdiq edir ki, hazırda Azərbaycan Milli Elmlər
Akademiyası Rəyasət Heyətinin yerləşdiyi
binanın üçüncü mərtəbəsindəki
böyük akt zalında keçirilmiş Birinci Türkoloji
Qurultayda adları rəsmi siyahıya daxil edilməyən,
müəyyən təkliflər əsasında dəvət
olunan tanınmış ziyalılar, elm adamları və
yazıçılar da iştirak etmişlər. Məsələn,
Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Abdulla Şaiq,
Vəli Xuluflu, Salman Mümtaz, İsmayıl Hikmət, Əli
Nazim, Əmin Abid, Cəfər Cabbarlı, Əziz Şərif
və başqaları da Birinci Türkoloji Qurultayda təmsil
olunmuşlar.
Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi
Azərbaycanın geniş mənada türkologiyanın əsas
mərkəzlərindən biri olduğunu göstərir. Bundan əvvəl, 1920-ci ildə
Şərq Xalqlarının Birinci Qurultayı da Bakıda
keçirilmiş, həmin mötəbər tədbir nəticəsində
Azərbaycanın türk-müsəlman dünyasında əhəmiyyətli
mövqeyi və böyük intellektual potensialı diqqəti
cəlb etmişdir. Azərbaycan ziyalılarının Şərq
Xalqlarının Qurultayında və Birinci Türkoloji
Qurultayda yaxından və fəal iştirakı ölkəmizdə
yalnız dilçilik mənasında deyil, ədəbiyyat,
tarix, mədəniyyət, folklor, etnoqrafiya və
maarifçilik miqyasında böyük elmi və
yaradıcı qüvvələrin yetişib
formalaşdığını nümayiş etdirir. Digər ölkələrdən olan təmsilçilərin
mötəbər fikirləri və təkliflərinin əhəmiyyətini
heç də azaltmadan qeyd etmək lazım gəlir ki, Azərbaycan
nümayəndələrinin qaldırdıqları məsələlər,
irəli sürdükləri ideyalar hər iki qurultayın ana
xəttinin, əsas istiqamətlərinin müəyyən
edilməsində mühüm rol oynamışdır. Eyni zamanda Azərbaycanın elm, ədəbiyyat və
mədəniyyət xadimlərinin türk-müsəlman
dünyasının, şərqşünaslıq və
türkologiya elminin görkəmli nümayəndələri
ilə təması, əlaqələrinin genişlənməsi
baxımından da Şərq Xalqlarının Qurultayı və
Birinci Türkoloji Qurultay mühüm əhəmiyyət kəsb
etmişdir. Ümumilikdə isə Birinci
Türkoloji Qurultay türk dünyasında elmi-mədəni
inteqrasiya ilə yanaşı, beynəlxalq miqyasda
türkologiyanın inkişafına da qüvvətli təsir
göstərmişdir. Türkologiyanın
yüksək inkişafı və türk dünyasında
başlanan güclü inteqrasiya prosesləri
qurultaydansonrakı yeni türkoloji axını
formalaşdırmışdır. Bu yeni
dalğa dünyada XIX əsrdən başlanan və XX əsrin
əvvəllərində sürətlə dərinləşən
milli-mənəvi özünüdərk və mədəni
inteqrasiya proseslərinin türkoloji mühitdəki əks-sədası
idi. Sağlam milli və elmi əsaslara
malik olan həmin axının ideyasında hər hansı
qarşıdurma, çəkişmə, ixtilaf,
inkarçılıq meyli yox idi. Əksinə,
Birinci Türkoloji Qurultay geniş mənada türkologiyanın
dünya elmi fikrinin üzvi tərkib hissəsi olduğunu göstərmişdir.
Türk mənşəli xalqların nümayəndələrindən
başqa, qurultayda rus, alman, macar, gürcü, yəhudi, abxaz,
çərkəz və başqa xalqların nümayəndələrinin
də təmsil olunması qurultayın ümumiyyətlə
böyük elmi hadisə olduğunu bir daha təsdiq edir.
Iştirakçıların əhatə etdiyi
coğrafiyanın genişliyi beynəlxalq miqyasda
türkologiyaya olan marağın miqyasını təsəvvür
etməyə imkan verir.
Ayrı-ayrı
ölkələrdən gəlmiş tanınmış
nümayəndələrin, görkəmli alimlərin Birinci
Bakı Türkoloji Qurultayında aşağıdakı
mövzularda məruzələri dinlənilmişdir:
1. “Müasir vəziyyət və türk xalqları
tarixinin araşdırılmasının ən yaxın vəzifələri”
(akademik Vasili Bartold); 2. “Tatar mədəniyyəti sahəsində
ən yeni kəşflər” (İlya Borozdin); 3. “Türk-tatar xalqlarında tarixi ədəbiyyatın
inkişafı” (Qubaydullin); 4. “Türk
tayfalarının etnoqrafik tədqiqinin müasir vəziyyəti
və ən yaxın vəzifələri” (Rudenko); 5. “Anadolu və Balkan türklərinin
etnoqrafiyasının tədqiqinin müasir vəziyyəti və
ən yaxın vəzifələri” (Messaroş), 6. “Qafqaz türklərinin etnoqrafik tədqiqinin ən
yaxın vəzifələri” (Çursin); 7. “Türk xalqlarının təsviri sənəti
haqqında” (Miller); 8. “Türk ləhcələrinin
yaxın qohumluğu haqqında” (Bəkir Çobanzadə); 9.
“Altay dillərinin qarşılıqlı
qohumluğu məsələlərinin tarixi və müasir vəziyyəti”
(Nikolay Poppe); 10. “Türk dillərinin Yafəs
dillərə münasibəti haqqında” (Genko); 11. “Türk dillərinin tədqiqinin müasir vəziyyəti
və ən yaxın vəzifələri” (Aleksandr
Samoyloviç); 12. “Qədim türk dillərinin
tədqiqi” (Malov); 13. “Türkologiyanın
keçmişi və onun hazırkı vəziyyəti
haqqında bəzi məlumatlar” (Aşmarin); 14. “Türk və erməni dillərinin
qarşılıqlı təsiri” (R.Açaryan); 15. “Orfoqrafiyanın əsas prinsipləri və
onların sosial əhəmiyyəti” (Lev Şerbak); 16. “Türk dillərində elmi terminologiyanın yaranması
prinsipləri haqqında” (Zifeldt); 17. “Elmi
terminologiya sistemi haqqında” (Bəkir Çobanzadə); 18.
“Türk dilləri üzrə elmi terminologiya
sistemi haqqında” (Hənəfi Zeynallı); 19. “Əlifba məsələləri türk millətlərinin
varlığının sosial və mədəni şəraiti
ilə əlaqədə və yazı sisteminin müəyyənləşdirilməsi
proqramı” (Yakovlev); 20. “Əlifbanın
texniki baxımdan quruluşunun əsasları” (Jirkov); 21.
“Ərəb və latın şrift sistemləri
və onların türk-tatar xalqları üçün tətbiqi
məsələləri” (Alimcan Şərif); 22. “Türk xalqlarında ədəbi dilin
inkişafı” (Fuad Köprülüzadə); 23. “Doğma dilin tədrisi metodikasında ən yeni cərəyanlar”
(Şerbak); 24. “Türk dillərinin tədrisi
metodikasının əsasları” (Lemanov); 25. “Türk xalqları arasında diyarşünaslıq
işinin xüsusiyyətləri” (Oldenburq), 26. “Anadolu-Balkan türkləri ədəbiyyatının
araşdırılmasının nəticələri və
perspektivləri” (F.F.Menzel); 27. “Oktyabr
inqilabından sonra türk-tatar xalqlarının mədəni
nailiyyətləri” (Pavloviç); 28. “Türk
dilində imla qaydaları” (Fərhad Ağazadə); 29. “Qərbin iki dastanında türk” (Əli bəy
Hüseynzadə) və s.
Türkoloji Qurultayda dinlənilən məruzələr
elmi cəhətdən yüksək nəzəri səviyyəsi
və aktuallığı ilə səciyyələnir. Məruzələrin
heç birində kəskin millətçi, şovinist
baxışlara yol verilməmişdir. Lakin
məruzələrdə ortaq köklərə malik olan, elmi-mədəni
inteqrasiya baxımından qohum xalqların vahid amalı, dərin
milli-mənəvi dəyərləri əks etdirilmişdir.
Bu isə türk dünyasının, son nəticədə
dünya elm və mədəniyyətinin daha da zənginləşməsinə,
inkişafına xidmət edirdi. Buna
baxmayaraq, hakim sovet ideologiyasının prinsiplərinə
uyğun gəlmədiyi üçün həmin türkoloji
elmi axın Sovetlər İttifaqının ictimai-siyasi
mühitində böyük vahimə və şübhə ilə
qarşılanmış, ağır repressiyalara səbəb
olmuşdur. Əslində, yeni böyük
sivilizasiyanın yaranmasına təkan verəcək bu prosesə
hakim ideologiya pantürkizm, panislamist baxımından
yanaşaraq, sağlam düşüncəni arxa plana
keçirmişdir. Ona görə də
milli-mənəvi yaxınlığın və birliyin yarada
biləcəyi bütövlüyə ümumi mədəni
inkişafın bir parçası səviyyəsində yox,
mövcud ideoloji meyarların tərs mütənasibi kimi
baxılmışdır. Bunun nəticəsidir
ki, Birinci Türkoloji Qurultayın, demək olar, Sovetlər
İttifaqından olan bütün əsas
iştirakçıları ciddi təqiblərlə üzləşmiş,
həbs cəzasına məhkum olunmuş, sürgünə
göndərilmiş, ölüm hökmünün qurbanı
olmuşlar. Beləliklə, ümumtürk
coğrafiyasını əhatə edən Böyük
Çöl landşaftı mədəniyyət, ortaq dəyərlər
və elm baxımından sanki dünyadan qoparılmış,
bütövlük və harmoniya pozulmuşdur. Lakin nə qədər çətin olsa da, Birinci
Türkoloji Qurultayın ideyaları,
çağırışları yaşamış,
sonrakı dövrlərdə milli-mənəvi dəyərlərin,
milli mədəniyyətlərin və ədəbiyyatın
inkişafında, elmi-mədəni inteqrasiyanın
formalaşmasında mühüm rol oynamışdır.
Qurultayda
qaldırılan latın əlifbasına
keçid məsələsi XX əsrin əvvəllərində
Azərbaycanda və Türkiyədə tətbiq olunmuşdur.
Sonradan Sovetlər İttifaqı daxilində bu proses
dayandırılsa və fərqli kiril əlifbaları ilə əvəz
olunsa da, müstəqillik epoxasında latın
əlifbası ideyası yenidən dirçəlmişdir.
Hazırda Azərbaycanda, Türkiyədə, Özbəkistanda
və Türkmənistanda rəsmi olaraq latın
əlifbasından istifadə olunur. Qazaxıstan isə latın əlifbasına keçmək
haqqında qərar qəbul etmişdir. Görkəmli dövlət
xadimi Heydər Əliyevin 1 avqust 2001-ci il
tarixli xüsusi fərmanı ilə Azərbaycanda latın əlifbasına
tam keçidin təmin edilməsi Birinci Türkoloji
Qurultayın ideyalarının müstəqil ölkəmiz
üçün nə qədər aktuallıq
qazandığını və müasirlik baxımından əhəmiyyət
kəsb etdiyini göstərdi. Eyni zamanda 3 oktyabr 2009-cu ildə
Naxçıvan sammitində Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının yaradılması və
səmərəli fəaliyyəti də yeni tarixi epoxada
Birinci Türkoloji Qurultayın ideyalarının
işığında meydana çıxan mühüm tarixi
hadisə olub, türk xalqları coğrafiyasında elmi-mədəni
inteqrasiyanın inkişaf etdirilməsində mühüm hadisəyə
çevrilmişdir. Beynəlxalq Türk
Akademiyasının dilçilik, ədəbiyyat, arxeologiya,
coğrafiya və folklorşünaslıq baxımından
apardığı çoxaspektli işlər, həyata
keçirdiyi əhəmiyyətli layihələr türk xalqlarının
daha da yaxınlaşmasına, ümumdünya elmi-mədəni
proseslərində aktiv iştirakına şərait
yaradır. Beynəlxalq Türk Akademiyasının layihəsi
kimi türkdilli ölkələrin ortaq ümumtəhsil məktəblərində
tədris olunmaq üçün qəbul edilmiş “Ortaq
türk tarixi” dərsliyinin nəşr edilməsi və istifadəsinə
start verilməsi, “Ortaq türk ədəbiyyatı” və
“Ortaq türk coğrafiyası” dərsliklərinin
hazırlanmasına başlanılması da yeni tarixi epoxada
müasir türkologiyanın mühüm nailiyyətlərindən
sayılmağa layiq hadisədir. Keçmiş Sovetlər
İttifaqı dövründən “Sovetskaya türkologiya”
adı ilə Bakıda çap edilmiş elmi jurnalın
müstəqillik illərində daha geniş elmi istiqamətləri
əhatə etməklə yüksək poliqrafik səviyyədə
“Türkologiya” adı ilə nəşr edilərək beynəlxalq
aləmdə və türk dünyasında yayılması Azərbaycanın
əsas türkoloji mərkəzlərdən biri olduğunu
nümayiş etdirir. Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının ardıcıl və
məqsədyönlü fəaliyyətinin davamı olaraq Azərbaycanda
- Bakıda Mədəni İrs Fondunun işə
başlaması müasir şəraitdə ortaq mədəniyyətlərin
birgə inkişaf etdirilməsinə daha bir imkan yaradır.
Eyni zamanda 29 iyun 2015-ci ildən türk
dünyasının Elmlər Akademiyaları
Assosiasiyasının fəaliyyət göstərməsi ilə
elm sahəsində ortaq tədqiqatların, birgə
ekspedisiyaların, müştərək konfransların təşkili
və həyata keçirilməsi prosesləri ardıcıl
xarakter almışdır. Bütün bunlarla bərabər,
türk xalqları üçün ortaq latın
əlifbasının müəyyən edilib qəbul
olunması və vahid terminologiyanın
formalaşdırılması qarşıda duran əsas vəzifələrdən
biridir. Türk xalqlarının elmi mühitini əhatə
edən xüsusi bir impakt faktorlu elmi jurnalın təsis edilməsi
də müasir mərhələdə türkologiyanın
inkişafında yeni dalğa yarada bilər.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Birinci
Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi
haqqında” 18 fevral 2016-cı il tarixli sərəncamı
böyük tarixi hadisə olan Birinci Türkoloji Qurultayın
dərslərini müstəqillik dövrü epoxasının
işığında müasirlik baxımından bir daha yenidən
tədqiq edib ümumiləşdirməyə, ictimai və elmi
cəhətdən qiymətləndirməyə və nəticələr
çıxarmağa, yeni inkişafa nail olmağa, müasir vəzifələri
müəyyənləşdirməyə böyük meydan
açır. Mühüm tarixi əhəmiyyətə malik
olan sərəncamda deyildiyi kimi, “XX yüzilliyin sonlarına
doğru Azərbaycan Respublikasının öz dövlət
müstəqilliyini bərpa etməsi ilə... Türkoloji
Qurultay tərəfindən vaxtilə irəli
sürülmüş tövsiyələrin müasir şəraitdə
uğurla həyata keçirilməsi üçün əlverişli
zəmin yarandı. Bir əsr boyunca
üçüncü dəfə dəyişdirilməyə
məruz qaldıqdan sonra latın qrafikalı yeni əlifbaya
keçildi və və ölkənin ictimai-siyasi həyatının,
xalqın yazı mədəniyyəti tarixinin taleyüklü
məsələlərinin həlli istiqamətində
mühüm addımlar atıldı”.
Ümumiyyətlə, bütün dövrlərdə Azərbaycanda
elm və mədəniyyət inkişaf etmiş, elmi-ədəbi
və mədəni əlaqələr istiqamətində
mühüm addımlar atılmışdır. XX əsr
ölkəmizdə humanitar düşüncənin və mədəniyyətin
inkişaf etdirilməsi baxımından xüsusi mərhələyə
çevrilmişdir. Xüsusən
respublikamıza böyük öndər Heydər Əliyevin rəhbərlik
etdiyi dövrdə Azərbaycanın elmi, ədəbiyyatı
və mədəniyyəti özünün “qızıl
dövr”ünü yaşamışdır. Məhz ümummilli lider Heydər Əliyevin
böyük iradəsi və uzaqgörənliyi sayəsində
hələ 1978-ci ildə Azərbaycan dilinin ölkəmizin
Konstitusiyasında dövlət dili kimi əks etdirilməsi
böyük ictimai-siyasi hadisədir. XX əsrin
yetmişinci illərində “Müasir Azərbaycan dili”
adlı çoxcildlik dərsliyə görə görkəmli
dilçi alimlərin: Muxtar Hüseynzadə, Əlövsət
Abdullayev, Yusif Seyidov və Ağaməli Həsənovun
respublika Dövlət mükafatına layiq görülmələri
geniş mənada ana dilinə, həmçinin dilçilik
elminin inkişafına dövlət səviyyəsində
göstərilən qayğının əməli ifadəsidir.
Bu zəmində Azərbaycanda mükəmməl
türkologiya məktəbi yaranmış və böyük
elmi ənənələr formalaşmışdır. Müstəqillik illərində Azərbaycan
Respublikasında dilçilik elmi ilə yanaşı, geniş
mənada türkoloji elmlər sitseminə daxil olan ədəbiyyatşünaslıq,
etnoqrafiya, sənətşünaslıq,
folklorşünaslıq sahələri də inkişaf
etdirilmiş, elmi-mədəni inteqrasiya istiqamətində əsaslı
tədbirlər həyata keçirilmiş, mühüm nəticələr
əldə olunmuşdur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 18 fevral
2016-cı il tarixli sərəncamının
işığında Birinci Türkoloji Qurultayın 90 illik
yubileyi tədbirlərinin Türkiyədə, Macarıstanda,
Qazaxıstanda, Tatarıstanda da keçirilməsi elmi-mədəni
inteqrasiya proseslərinin daha da inkişaf etdirilməsində
ölkəmizin xüsusi rola malik olduğunu nümayiş
etdirir.
Müstəqillik illərində Azərbaycan
Respublikasının türkdilli dövlətlərlə,
türk xalqları ilə geniş və hərtərəfli əlaqələr
qurması və inteqrasiya proseslərində yaxından və
fəal iştirak etməsi türk dünyasında birlik və
əməkdaşlığın inkişaf edib möhkəmləndirilməsinə
sanballı töhfələr verir. Ümumiyyətlə, Birinci
Türkoloji Qurultayın 90 illiyinin yüksək səviyyədə
qeyd olunması və keçilmiş yolun, elmi ənənələrin
araşdırılıb öyrənilməsi, müasir vəzifələrin
müəyyən edilməsi Azərbaycanda və türk
dünyasında, ümumən beynəlxalq aləmdə ictimai
və humanitar elmlərin, o cümlədən türkoloji elmlər
sisteminin bütün yönləri ilə inkişaf etdirilməsinə
işıq salır. Bu böyük elmi-mədəni
hadisənin tarixi dərsləri mədəniyyətlərin
dialoquna, qarşılıqlı münasibətlərin və
əməkdaşlığın daha da genişlənməsinə
böyük imkanlar yaradır. Bu isə,
öz növbəsində, həm də dünya elminin daha da
zənginləşdirilməsi, beynəlxalq miqyasda inteqrasiya
proseslərinin yeni hədəflərə doğru inkişaf
etdirilməsi istiqamətində atılan yeni addımların
meydana çıxması, qarşıda daha böyük
üfüqlərin açılması deməkdir.
İsa
HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, akademik
Azərbaycan.--
2016.- 13 noyabr.- S. 10.