Şəkərli diabet xəstələrinə dövlət qayğısı

 

Dünyada, eləcə də ölkəmizdə ən çox yayılan xəstəliklərdən biri də şəkərli diabetdir. İnsan sağlamlığına törətdiyi ciddi təhlükə ilə bağlı artan narahatlığa cavab olaraq Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 23 dekabr 2006-cı il tarixli qətnəməsı ilə 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd edilir. Məqsəd dünya ölkələri rəhbərlərinin, səhiyyə sisteminin, QHT-lərin, dünya ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin bəşəri bəlaya çevrilmiş şəkərli diabet xəstəliyinin müalicəsinə, bu xəstəliyi daşıyan insanların həyat keyfiyyətinin, fəaliyyətinin yaxşılaşmasına hər cür kömək göstərməkdir. Ümumdünya diabet gününün mühüm cəhətlərindən biri də əhalini bu xəstəliyin yaranma səbəbləri və onun qarşısının alınmasında vacib olan amillərlə maarifləndirməkdir.

Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, bu gün dünyada 390 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir. Ən pisi odur ki, bir o qədər də insan bu xəstəliyin daşıyıcısı və ya ona meyillilik qrupunda olduğu halda bundan xəbərsizdir. Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmamaq, qeyri-sağlam həyat tərzi artıq çəkiyə səbəb olur. Bu da şəkərli diabetin yaranmasına təkan verir.

Azərbaycanda təxminən 212 min 670 nəfərdən çox adam şəkərli diabetlə qeydiyyatdadır, onlardan uşaq və yeniyetmələr 1300 nəfərdir, I tip xəstələr isə 28 min nəfərdir. Xəstəliyin artımını müqayisə etmək üçün 2005-ci ilə olan statistikaya nəzər salsaq görərik ki, o vaxtı cəmi 56 min nəfər şəkərli diabet xəstəsi olduğu halda indi bu rəqəm ondan 4 dəfə çoxdur. Mütəxəssislərin fikrincə, bu xəstəlik tamam başqa xəstəliklə əlaqədar həkimə müraciət edildikdə aşkar edilir, amma o vaxta qədər bu xəstəlik insan sağlamlığına öz zərərini vurur. Ona görə də xəstəliyin geniş yayılmasının qarşısını almaq üçün hər bir insan öz sağlamlığına biganə qalmamalı, vaxtında müalicə müəssisələrində özünü yoxlatmalı və müayinədən keçməlidir. Tibbi araşdırmalara görə, şəkərli diabetə meyilli olan insanlar qabaqlayıcı tədbirlər görməklə bu xəstəliyə tutulmaqdan xilas ola bilirlər. Həmin xəstəliklə əlaqədar pasiyentə nə qədər tez diaqnoz qoyularsa, müalicə tez başlanarsa, ağır və çox xərc tələb edən fəsadlar xeyli azalar.

Sağlamlığımızın qorunması üçün hər bir fərdin fəallığı bir yana, bu sahəyə dövlətin ildən-ilə artan diqqət və qayğısı da gündəmdədir. MDB məkanında ilk dəfə olaraq Prezident İlham Əliyevin 23 dekabr 2003-cü il tarixli sərəncamı ilə Azərbaycanda “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu qanun Azərbaycanda şəkərli diabetə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir, onun profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlətin təminatlı yardım tədbirləri mütəmadi olaraq həyata keçirilir, müayinə və müalicəsi təşkil olunur. Şəkərli diabet üzrə Dövlət Proqramı, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri, müayinə və müalicəsi üzrə tədbirlərin maliyyələşdirilməsi, tibbi yardım və əmək hüquqları bu qanunla tənzimlənir. Hətta bu məsələdə beynəlxalq əməkdaşlıq da nəzərdə tutulur.

Azərbaycan Respublikasının Nazirlər Kabineti şəkərli xəstələrə dövlət qayğısının təşkili qaydalarını tənzimləyir. Hökumət “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”, eləcə də “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası” haqqında qərar verib.

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ölkə Prezidentinin 2004-cü il 12 fevral tarixli fərmanının icrası məqsədilə Nazirlər Kabineti tərəfindən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”, həmçinin “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası” təsdiq edilib.

Ölkə Prezidentinin tövsiyəsi ilə Milli Məclis şəkərli diabet xəstələrinə dövlət qayğısını özündə əks etdirən qanun qəbul edib və dövlət proqramları (3 dəfə, hər biri 5 ilə hesablanmış) təsdiq olunub. Bu sənədlərin icrası məqsədilə hər il dövlət büdcəsindən ünvanlı olaraq vəsait ayrılır. 2016-cı ilin dövlət büdcəsində Şəkərli diabet üzrə Dövlət Proqramının icrasına 40 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsait bilavasitə Səhiyyə Nazirliyinin mərkəzləşdirilmiş xərclər bölməsinə yönəldilir. Nazirliyin həyata keçirdiyi tədbirlər nəticəsində respublikada belə xəstələrin insulin və şəkərsalıcı dərmanlarla təminatında müsbət irəliləyiş yaranıb, 90 nəfər şəkər xəstəsi olan uşaq pompa insulin müalicəsinə keçirilib.

Mütəxəssislərin hesablamalarına görə, diabetin ağırlaşmasından yaranan fəsadların müalicəsinə, onun tam və keyfiyyətli profilaktik tədbirlərinə 5 dəfə çox xərc çəkilir. Əks halda xəstələrdə görmə qabiliyyətinin itirilməsi, ürək-damar xəstəlikləri, böyrək çatışmazlığı, ətraf hissələrin amputasiyası kimi fəsadlar daha da güclənə bilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü ilə olan məlumatına görə, 11 min nəfərdən çox şəkər diabeti xəstəsi bu ağır fəsadlar nəticəsində əlil olub. Diabetin fəsadlarının qarşısının alınması üçün daimi özünənəzarət və keyfiyyətli kompleks müalicə vacibdir.

Şəkər xəstələrinin 90 faizi 2-ci qrupa aiddir. Təcrübədən və müşahidələrdən bəlli olub ki, sağlam həyat tərzi və müvafiq qabaqlayıcı tədbirlər gördükdə onların 70 faizində bu xəstəlik həyat tərzinə çevriliruzun ömür sürə bilirlər. Xəstəliyin tam idarə olunması üçün müvafiq özünənəzarətə, keyfiyyətli, standartlara uyğun müalicənin yerinə yetirilməsinə, fiziki fəallıq, sağlam qidalanma və maariflənməyə riayət olunmalıdır. Şəkərli diabet xəstəliyində özünənəzarətə daha ciddi riayət olunmalıdır, çünki müəyyən edilmiş müalicə rejimindən bir qədər kənara çıxdıqda qanda şəkərin səviyyəsi arta bilir, onun çox olub bu səviyyədə qalması isə gələcəkdə mütləq ağırlaşmalara gətirib çıxarır. Şəkərin səviyyəsinin nəzarəti isə xəstə tərəfindən mütəmadi yoxlanılmalıdır. Bundan ötrü xəstədə qlükometr və lazımi miqdarda test-çubuqların olması vacibdir. Respublikamızda yuxarıda söylənilən tövsiyələrə riayət edən, vaxtilə xəstəliyi çox ağır keçən, insulin tələbli bir neçə 2-ci qrup şəkərli diabet xəstəsi hazırda heç bir dərman qəbul etmədən gümrah həyat tərzi yaşayır. Bu, hamıya örnək olmalıdır.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2016.- 13 noyabr.- S. 10.