Azərbaycanın
güclü ordusu var. Bunu bütün
dünya bilir
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Ali Baş Komandan İlham Əliyev komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izlədi.
Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edildi.
Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim etdi.
Dövlətimizin başçısı hərbçilərlə görüşdü və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törətmişdir. Qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab vermişdir. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurmuşdur və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilmişdir.
Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir.
Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlamışdır. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olubdur. Mən Hərbi Hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi - tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq.
Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük
xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər
vətəndaşlardır. Bizim əsgərlərimiz,
zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda
ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim
şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar,
miflər uydururdu. Guya
onların yenilməz ordusu var.
Aprel döyüşləri göstərdi
ki, hansı ordu yenilməzdir.
Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu
istənilən vəzifəni icra etməyə
qadirdir. İşğal
edilmiş torpaqlarda,
Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur
ki, bu gün
biz onu məhv edə
bilməyək. Bu gün
Azərbaycan Ordusu güclü
ordular sırasındadır. Bunu biz bilirik,
Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü
orduların reytinqlərində Azərbaycan Ordusunun
çox yüksək yeri
vardır. Ordumuzun döyüş
qabiliyyəti yüksək səviyyədədir, günbəgün
artır. Ordumuzda nizam-intizam
hökm sürür. Ordumuzun maddi-texniki təminatı
ən yüksək səviyyədədir. Biz
son illər ərzində milyardlarla
dollar dəyərində ən müasir silah-sursat, hərbi
texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha
göstərdi. Aprel döyüşlərindən
sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər
görülür, vəsait
ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə
və dəqiqliyə
malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır.
Ordumuzun döyüş qabiliyyəti
ilə bərabər,
vətənpərvərlik ruhu da yüksəkdir. Biz öz torpağımızdayıq,
bura Azərbaycandır.
Lələtəpə də
Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi
də Azərbaycandır.
Biz öz torpağımızdayıq.
Heç
bir ölkənin torpağında gözümüz
yoxdur. Ancaq biz öz torpağımızda
ikinci erməni dövlətinin yaranmasına
heç vaxt imkan verməyəcəyik.
Aprel döyüşləri bunu
bir daha sübut etdi.
1994-cü ilin yanvar
ayında Füzuli rayonunda uğurlu əməliyyat keçirilmişdir,
22 kənd işğalçılardan
azad edilmişdir. Bu, böyük tarixi qələbə idi.
Aprel döyüşləri növbəti
tarixi qələbədir.
Dünya
bir daha gördü ki, Azərbaycan Ermənistanın
işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik.
Bu, bizim əzəli
torpağımızdır, tarixi torpağımızdır
və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza
qayıdacağıq.
Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik! Sağ olun.
x x x
Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham
Əliyev müvafiq
tapşırıqlarını verdi.
Azərbaycan.- 2016.- 13 noyabr.- S. 2.