Füzuli rayonunda
yeni salınan qəsəbədə məcburi
köçkünlər üçün hər cür şərait
yaradılıb
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər görülür. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,9 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. İndiyədək 50 min ailə və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün son 23 ildə 6,1 milyard manat vəsait xərclənib. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği isə 4,5 dəfə artırılıb. Son 13 ildə 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 40 milyon manat güzəştli kredit verilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizə düşüb.
Yalnız bu ilin on ayında Sabirabad rayonunda fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 440, Qazaxdakı 304, Zaqataladakı 135 məcburi köçkün ailəsinin həmin rayonlarda yeni salınmış qəsəbələrə və Bakının Ramana qəsəbəsində inşa edilmiş beşmərtəbəli binaya 50 məcburi köçkün ailəsinin, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 50 hərbçi ailəsinin yeni yaşayış binasına köçürülməsi təmin edilib. Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına Abşeron rayonu ərazisində 44 hazır mənzil alınıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkandakı əlillər üçün pansionatında müvəqqəti məskunlaşan məcburi köçkünlərin bu ilin noyabrında buraya köçürülməsi təmin ediləcək.
İndi Bakı da daxil olmaqla, Tərtər, Beyləqan, Şirvan, Sumqayıt, Kürdəmir və Ucarda qəsəbə, məhəllə və yaşayış komplekslərinin layihə-smeta sənədləri hazırlanır. Bundan əlavə, Gəncə, Goranboy, Bərdə və Ağcabədidə yeni layihələndirmə işləri üçün müvafiq torpaq sahələri ayrılıb. Bu ilin proqramına əsasən Horadizdə 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, 417 hektar sahəni əhatə edən yeni qəsəbədə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbəyə ölkə üzrə mövcud olmuş 16 fin tipli qəsəbədən və Füzuli rayonunda olan sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəklər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev qəsəbədəki evlərdən birində yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə 400 evin ümumi yaşayış sahəsi 21 min 511 kvadratmetrdir. Mənzillərdən 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si isə dördotaqlıdır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə aparılan tikinti işləri zamanı zəruri infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilib.
Qəsəbədə 120 yerlik uşaq bağçası da tikilib. İkimərtəbəli bağça hər cür avadanlıqla təchiz olunub.
Dövlət başçısı bağçada uşaqların əyləncəsi və istirahəti üçün yaradılan şəraitlə tanış oldu.
Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb. Bağçanın musiqi zalında da hər cür şərait mövcuddur.
Qəsəbədəki məktəbdə olan Prezident İlham Əliyevə məlumat verildi ki, bu təhsil ocağı 320 şagird yerlikdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Bundan başqa, burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısını və onlarla görüşlərini əks etdirən fotostendlər yaradılıb. Burada aprel döyüşlərində ordumuzun qələbəsini əks etdirən fotolardan ibarət guşə, həmçinin indiyədək istifadəyə verilmiş yeni qəsəbələrin fotostendləri də var. Akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var.
Məktəbin hərbi kabineti əyani vəsaitlərlə zənginləşdirilib.
Prezident, Ali Baş Komandan İlham Əliyev burada Heydər Əliyev adına Ali Hərbi Məktəbin, Dövlət Sərhəd Xidməti Akademiyasının, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Füzulidən olan kursantları və orta məktəb şagirdləri ilə görüşdü.
Kursant İsgəndərov dövlət başçısına raport verdi:
- Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının hərbi məktəblərinin kursantları Sizinlə görüşə hazırdır.
Dövlət başçısı kursantları salamladı.
Dövlət Sərhəd Xidməti Akademiyasının kursantı Lütfizadə dedi:
- Möhtərəm
Prezident, cənab Ali Baş Komandan. Azərbaycan
Respublikası vətəndaşlarının ən
böyük arzusu işğal altındakı
torpaqlarımızın düşmən tapdağından azad
olunmasıdır. Bu, mənim də ən
böyük arzumdur. Məhz ona görə
də məktəbli vaxtlarımdan hərbçi olmaq qərarına
gəlmişəm. Sərhədçi
peşəsinə olan rəğbətim və marağım
məni Dövlət Sərhəd Xidmətinin Akademiyasına
gətirdi. Akademiyada
yaratdığınız ideal şəraitə görə
Sizə təşəkkürümüzü bildiririk. Sizə söz veririk ki, etimadınızı öz
şərəfli xidmətimizlə doğruldacaq, Azərbaycan
Respublikasının Prezidentinə, dövlətinə və
xalqına daim sədaqətlə xidmət edəcəyik.
Prezident
İlham Əliyev: Sağ ol. Əyləş.
Horadiz şəhərindən
olan məktəbli dedi:
- Cənab
Ali Baş Komandan, mən Füzuli rayonunun Horadiz şəhərindəki
Mais Səfərov adına bir nömrəli
tam orta məktəbin şagirdiyəm. Valideynlərimin
anadan olduğu Füzuli şəhəri hazırda
düşmən tapdağı altındadır. Mən belə bir qərara gəlmişəm ki, hərbçi
olum, torpaqlarımızın azadlığı uğrunda
mübarizədə iştirak edim.
Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbin kursantı İsgəndərov dedi:
- Cənab
Ali Baş Komandan, Azərbaycan Respublikasının hər bir vətəndaşı
kimi mən də istəyirəm ki, işğal altında olan
torpaqlarımızı düşmən tapdağından azad
edək. Məhz buna görə hərbçi
peşəsini seçmişəm. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində
təyyarəçi ixtisası üzrə təhsil
alıram. Təyyarəçi olmaq istəyimin səbəbi
odur ki, məhz bir təyyarəçinin gördüyü
iş bir hərbi hissənin gördüyü işə bərabərdir.
Məhz buna görə də düşmənə
kiçik zərbə deyil, böyük zərbə endirmək
istəyirəm.
Prezident
İlham Əliyev kursantlarla görüşdə
çıxış edərək dedi:
- Ölkəmizin
hərbi potensialı gündən-günə güclənir. Bu gün Azərbaycan Ordusu dünya miqyasında
güclü ordular sırasındadır. Ordu
quruculuğu prosesi uğurla gedir. Ordumuzun
maddi-texniki təminatı ən yüksək səviyyədədir.
Bu gün Azərbaycan Ordusunda olan texnika,
silah-sursat ən yüksək texnologiyalara malikdir.
Döyüş
qabiliyyətimiz, peşəkarlıq artır, kadr potensialı
da güclüdür və Sizin kimi gənclər
gələcəkdə Ordumuzun, bütün hərbi birləşmələrimizin
inkişafında öz rolunu oynayacaqdır.
Siz hərbçi peşəsini seçmisiniz. Bu, çox
şərəfli peşədir. Bu peşə
ölkəmizə, dövlətimizə lazımdır. Bax, bu ərazi işğal altında idi. 1994-cü ildə Azərbaycan Ordusu uğurlu hərbi
əməliyyat keçirərək bu ərazini və
Füzuli rayonunun digər ərazilərini
işğalçılardan azad etmişdir. İndi bu ərazilərdə binalar tikilir, qəsəbələr
salınır, inkişaf gedir. Bu, ölkəmizin
gücünü göstərir ki, biz işğaldan azad
edilmiş torpaqlarda belə yüksək səviyyəli şərait
yarada bilmişik.
Bu il Azərbaycan Ordusu növbəti tarixi qələbə
qazanmışdır. Füzuli rayonunda Lələtəpə
zirvəsinin işğalçılardan təmizləmə əməliyyatı
bizim şanlı tariximizdir. Biz ordumuzla fəxr
edirik. Şəhidlərimiz Vətən,
torpaq uğrunda qan töküblər. Biz
işğala son qoymalıyıq və qoyacağıq.
Ordumuzun gücü ilk növbədə, ordumuzda hökm
sürən vətənpərvərlik ruhundadır. Döyüş
qabiliyyətimiz də, Vətən sevgisi də buna
bağlıdır. Hər bir Azərbaycan
gənci, hər bir vətəndaş vətənpərvər
olmalıdır, Vətəni hər şeydən çox sevməlidir
və Vətən uğrunda öz qəhrəmanlığını
göstərməlidir. Bizim ordumuz belə
ordudur, bizim hərbçilərimiz belə hərbçilərdir.
Biz ordumuzla, hərbçilərimizlə fəxr
edirik. Sizin qarşınızda çox
gözəl nümunələr var. Bu gün Lələtəpə
ərazisində olarkən, düşmənlə üz-üzə
dayanan hərbçilərlə görüşərkən
bir daha gördüm ki, bizim gənclərimiz nə qədər
vətənpərvərdir, peşəkardır, Vətənə
bağlıdır. Peşəkarlıq,
nizam-intizam, vətənpərvərlik, döyüş
qabiliyyəti - bunlar bizim ordumuzun böyük
üstünlüyüdür. Bu gün
düşmənin istənilən hədəfini məhv etməyə
qadirik. Aprel döyüşləri ordumuzun
gücünü bir daha göstərib.
Sizə gələcək fəaliyyətinizdə
uğurlar arzulayıram. Çox şadam ki, uşaqlar, gənclər
orduda xidmət etmək üçün böyük maraq
göstərirlər. Siz hərbçi
peşəsini seçərək ölkəmizin hərbi
potensialını gücləndirəcəksiniz. Sizə uğurlar arzulayıram. Həmişə
Vətənə bağlı olun. Sağ olun.
* * *
Kompüter otağında isə şagirdlər
informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər.
Dövlət başçısı burada ümummilli
lider Heydər Əliyevin və Prezident İlham Əliyevin
Füzuli rayonuna səfərlərini əks etdirən
videoçarxa baxdı.
Azərbaycan Prezidenti məktəbin idman zalında gənc
idmançıların çıxışlarına
baxdı, onlarla xatirə şəkli çəkdirdi.
Prezident İlham Əliyevin təhsilin inkişafına
göstərdiyi diqqət və qayğı təsdiqləyir
ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri
sırasındadır. Bu siyasət təkcə paytaxtı deyil,
bölgələri də əhatə edir, doğma
yurdlarından didərgin düşən
soydaşlarımızın təhsilinin yüksək səviyyədə
qurulmasına xidmət göstərir. Heydər
Əliyev Fondunun dövlət səviyyəsində həyata
keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək
isə öz nadirliyi ilə seçilir.
Məlumat verildi ki, qəsəbənin elektrik, qaz,
içməli və suvarma suyu ilə təchizatı yüksək
səviyyədə qurulub. Bütün zəruri
infrastruktura malik qəsəbədə yol-küçə
şəbəkələrinin tikintisi də uğurla yerinə
yetirilib. Bu yaşayış massivi
respublika üzrə qaçqın və məcburi
köçkünlər üçün salınan 95-ci qəsəbədir.
Qəsəbədə yaradılan şəraitlə
tanışlıqdan sonra Prezident İlham Əliyev Füzuli
rayon ictimaiyyətinin nümayəndələri və məcburi
köçkünlər ilə görüşdü.
Dövlət başçısı görüşdə
çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
- Sizi
ürəkdən salamlayıram. Füzuli
rayonunda yenidən olmağımdan çox məmnunam. Bu gün 400 köçkün ailəsi
üçün yeni salınmış qəsəbənin
açılışını qeyd edirik. Gözəl qəsəbədir, bütün şərait
yaradılıb. Məktəb, uşaq bağçası,
tibb məntəqəsi, gözəl fərdi evlər tikilib, təbii
ki, infrastruktur layihələri icra edilib, içməli su, qaz,
elektrik xətləri çəkilib, yollar salınıb.
İnşaatçılar da yaxşı işləyiblər. Mən
onları da salamlayıram, onlara öz minnətdarlığımı
bildirmək istəyirəm. İnşaatçılar
son illər ərzində məcburi köçkünlər
üçün 95 qəsəbə salıblar. Bu qəsəbələr yüksək səviyyədə
qurulub, bütün şərait yaradılıb. Artıq bu, Azərbaycan standartıdır. Burada yaradılmış məktəbin, uşaq
bağçasının binaları, fərdi evlər zövq
oxşayır. Ona görə mən
inşaatçıları da salamlayıram,
köçkünlərə də öz hörmətimi
bildirmək istəyirəm.
Bildiyiniz kimi, Azərbaycan dövləti məcburi
köçkünlərin vəziyyətini
yaxşılaşdırmaq və məşğulluğunu
artırmaq üçün müntəzəm olaraq ciddi tədbirlər
görür.
2004-cü ildə müvafiq proqram qəbul
edilmişdir. 2007-ci ildə bu proqrama əlavələr
edilmişdir. Bu proqramın icrası
uğurla davam edir. Qeyd etdiyim kimi, 95 qəsəbə
salınıb, təkcə Füzuli rayonunda 16 qəsəbə
salınıb. Bu illər ərzində
ancaq tikinti işlərinin aparılması üçün 2
milyard manatdan çox vəsait ayrılmışdır.
Bütövlükdə isə məcburi
köçkünlərə ayrılmış vəsait 6
milyard manatdan çoxdur. Bu, bir daha onu
göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına,
xüsusilə işğaldan əziyyət çəkən
vətəndaşlarına böyük diqqətlə yanaşır,
qayğı göstərir. Bu, bir daha Azərbaycan
dövlətinin siyasətini əks etdirir. Bizim siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşıdır. Məcburi
köçkünlər uzun illərdir ki, işğaldan əziyyət
çəkir. Köçkünlər arasında
yoxsulluq hələ 13 il bundan əvvəl
75 faiz səviyyəsində idi. Bu gün
köçkünlər arasında yoxsulluq 12 faizə
düşübdür, ancaq ölkə üzrə orta
göstərici 5 faizdir. Hələ ki,
görüləsi işlər çoxdur. Təbii ki, köçkünlər
üçün, ilk növbədə, yaşayış yerləri
inşa edilməli idi və edilir. Eyni
zamanda, onların məşğulluğu ilə bağlı
çox ciddi addımlar atılır.
Bu istiqamətdə bundan sonra da addımlar atılacaq. Gələn il
yeni qəsəbələr salınacaqdır. Dövlət
Neft Fondundan maliyyələşən bu qəsəbələrin
inşası əlbəttə ki, köçkünlərin vəziyyətini
bir qədər yüngülləşdirir. Bu günə qədər Dövlət Neft Fondundan
ayrılmış vəsait hesabına 250 min
köçkün yeni evlərlə, mənzillərlə təmin
edilmişdir. Bu, bir daha onu göstərir
ki, bizim ən böyük təbii sərvətimiz olan neft Azərbaycan
xalqının sərəncamındadır, Azərbaycan
xalqının maraqlarına xidmət göstərir. Əgər bu imkanlar olmasaydı, belə gözəl
qəsəbələr salmaq mümkün olmazdı. Ona görə güclü iqtisadi imkanlarımız
bu şəraiti yaradır. Biz öz təbii
resurslarımızdan səmərəli şəkildə
istifadə edirik. İlk növbədə,
sosial layihələrə diqqət yetiririk,
köçkünlərin problemlərini həll etməyə
çalışırıq.
Sonuncu çadır şəhərciyi 2007-ci ildə ləğv
edildi. Bu, mənim
2003-cü ildə seçkiqabağı vədlərimdən
biri idi ki, 5 il ərzində çadır
şəhərcikləri ləğv ediləcək. Biz buna
dörd il ərzində nail olduq. Bu gün
isə fin tipli sonuncu qəsəbə ləğv olunur. Fin
tipli 16 qəsəbə var idi, indi onların biri də
qalmayıb. Fin tipli sonuncu qəsəbənin yerində
Füzuli köçkünləri üçün yeni
müasir qəsəbə salınacaq. Beləliklə,
Füzuli rayonunun köçkün problemi demək olar ki,
öz həllini tapacaq.
Bu gün Füzuli rayonu ərazisində 71 min insan
yaşayır.
Rayon əhalisinin ümumi sayı isə 128
mindir. Yeni salınmış 16 qəsəbədə
vətəndaşlar məskunlaşıblar. Eyni zamanda, 1994-cü ildə işğaldan azad
edilmiş ərazilərdə yeni qəsəbələr
salınıb, o cümlədən bu qəsəbə. Horadiz şəhəri vaxtilə qəsəbə
idi, biz ona şəhər statusu verdik. İşğaldan
1994-cü ildə azad edilmiş torpaqlarda bax belə gözəl
şərait yaradılıbdır. Bu,
bizim gücümüzü göstərir. Ermənistana bəlkə də ən böyük zərbə
elə budur. İşğal edilmiş
Dağlıq Qarabağda və digər torpaqlarımızda məskunlaşan
ermənilər bu gün səfalət içində
yaşayırlar. O görüntülər bəzən
televiziya və internet vasitəsilə yayımlanır - səfalət,
yoxsulluq, işsizlik, ümidsizlik. Bizim
torpağımızı zəbt ediblər, ancaq o torpaqlarda
normal həyat qura bilməyiblər və bilməyəcəklər.
Çünki o torpaq onlara məxsus deyil. Bu, bizim dədə-baba torpağımızdır.
Biz o torpaqlara qayıdacağıq, necə ki,
buraya - Horadizə qayıtdıq, Lələtəpəyə
qayıtdıq. Digər torpaqlara da
qayıdacağıq. Ona görə işğaldan
azad edilmiş ərazilərdə ən müasir şəraiti
yaratmaq bizim siyasətimizi əks etdirir və
gücümüzü göstərir.
Bu gün Horadiz abad, inkişafda olan şəhərdir. Horadizdə bir çox
sosial obyektlər inşa edilmişdir - Olimpiya İdman
Kompleksi, Muğam Mərkəzi, Rəsm Qalereyası, Diaqnostika
Mərkəzi, Gənclər Mərkəzi, Heydər Əliyev
Mərkəzi, digər obyektlər. Füzuli
rayonunun bütün infrastruktur məsələləri öz
həllini tapıbdır. İçməli
su, elektrik enerjisi məsələləri həll olunub.
Bir neçə il bundan əvvəl mənim iştirakımla
25 meqavat gücündə Su Elektrik Stansiyası
açılmışdır ki, bu, nəinki Füzuli rayonuna,
ətraf bölgələrə də enerji verir. Qazlaşdırma Füzuli rayonunda 100 faizdir. Biz heç Azərbaycanda hələ 100 faizə
çatmamışıq, təqribən 90-95 faizə
yaxınlaşırıq, Füzulidə bu, 100 faizdir. Kəndlərarası üç böyük yol
layihəsi icra edilmişdir. Kəndlərin
demək olar ki, hamısı yollarla təmin edilib. Bu gün daha bir yolun
açılışını etdik. Bax,
budur bizim dövlətimizin gücü və bizim siyasətimiz.
Bu gün mənə məruzə edildi ki, Füzuli rayonunda
120 min ton taxıl yığılıbdır. Ancaq sovet
vaxtında cəmi 40 min ton taxıl
yığılırdı. Hələ
rayonun yarısı işğal altındadır. Düzdür, o illərdə 120 min ton üzüm
yığılırdı. İndi
üzüm istehsalı yoxdur. O vaxt 200 tondan çox
barama yetişdirilirdi. Biz baramaçılığı
indi bərpa edirik. Biz o səviyyəyə
yəqin ki, bir neçə ildən sonra
çatmalıyıq. Yəni, Füzuli
rayonunun potensialı çox böyükdür. İnsanlar da zəhmətkeşdir, vətənpərvərdir.
Ona görə rayonun gələcək
inkişafı ilə bağlı atılacaq addımlar
Füzulini daha da gücləndirəcək. İndi kənd təsərrüfatının digər
sahəsi - pambıqçılıq sürətlə
inkişaf edir. Keçən il
heç pambıq istehsalı yox idi.
Rayon icra
hakimiyyətinin başçısı Alı Alıyev:
Keçən il olmayıb, bu il 300 tondan
artıqdır, hələ yığacağıq da.
Prezident
İlham Əliyev: 300 tondan artıq, gələn il yəqin ki, bir neçə min ton olacaq.
Alı
Alıyev: Bəli, cənab Prezident, gələn il üçün 2 min hektardan çox sahədə
pambıq əkiləcək. Müqavilələr
də bağlanılıb.
Prezident
İlham Əliyev: Müqavilələr bağlanılıb, o
cümlədən, bax, aprel ayında işğaldan azad
edilmiş torpaqlarda da əkin işləri aparılır. Bunu da biz artıq təmin edirik. Gələcəkdə
baramaçılığın da çox böyük
potensialı var. Baramaçılıq elə bir sahədir ki,
30-40 gün ərzində insanlara yaxşı pul qazanmaq
imkanı verir. Özü də dövlət
subsidiyalar verir, tinglərlə təmin edir. Yəni, dövlət bütün işləri
görür ki, insanlar yaxşı pul qazansınlar,
dolanışıqları yaxşı olsun. Ona görə
biz bu il 70 ton barama tədarük etmişik,
keçən il 200 kiloqram idi. Gələn il
bir neçə yüz ton barama istehsal olunacaq və gələcəkdə
minlərlə ton barama tədarük ediləcəkdir. Bu da bilavasitə insanların güzəranına
müsbət təsir göstərəcək. Füzuli rayonunda həm yeni sahələrdə, həm
həyətyanı əkin sahələrində
baramaçılıq sürətlə inkişaf edəcək.
Bu məqsədlə “Şəki İpək”
Kombinatının fəaliyyəti bərpa edildi. Kombinatın yenidən qurulması ilə
bağlı planlar var. Bu kombinat Azərbaycanda tədarük
edilən bütün baramanın emalı ilə məşğul
olacaq.
Mən altıncı dəfədir ki, Füzuli rayonuna
Prezident kimi səfər edirəm. Hər dəfə
burada olarkən bu inkişafı, yenilikləri görəndə
ürəyim sevinir. Bu gün “Azərxalça”
qurumunun xalça kombinatında olmuşam. Bu da yenilikdir. “Azərxalça”
yeni yaradılmış təşkilatdır. Bu təşkilatın qarşısında vəzifə
qoyulubdur ki, Azərbaycanın müxtəlif yerlərində
müasir xalçaçılıq sənayesi bərpa
edilsin. İndi artıq 10 rayonda bu işlər
görülür. Onlardan biri də Horadiz
şəhəridir. Bu kombinatda 160 insan
çalışır, onların hamısı
qadınlardır, yaxşı maaş
alırlar və xalçaçılıq sənətini də
yaşadırlar. Gələcəkdə bu,
ölkəmizdə böyük valyuta ehtiyatının
yaradılmasına imkan verəcək. İcra
hakimiyyətinin başçısı məruzə etdi ki,
indi Füzulidə digər sahələrdə də işlər
görülür. Aqroparkın
yaradılması layihəsi var, icra edilir, istixanalar
salınır, südçülük təsərrüfatı
yaradılır.
Alı
Alıyev: Bəli, aqroparkın layihəsi var, işlər
gedir. Tikinti işlərinin 40 faizi həyata
keçirilib. Sizin xeyir-duanızla dörd
iri taxılçılıq təsərrüfatı
yaratmışıq. Camaat bilir ki, həmin
torpaqlar qeyri-müəyyən adamların əlində idi.
Bu gün ermənilər də görürlər
ki, biz orada əkirik, biçirik, becəririk. Bu da bizə 10-12 min ton məhsul verəcək.
Prezident
İlham Əliyev: Bəli, mənim göstərişimlə
qısa müddət ərzində 200 min hektardan çox torpaq
sahəsi o torpaqları qanunsuz şəkildə zəbt edənlərin
əlindən alınıb və insanlara verilib. Əgər kimsə boş torpağı zəbt
edibsə, bilsin ki, əlindən alınacaq. Əgər əlindən
alınmağını istəmirsə əkib-becərsin, həm
özü pul qazansın, həm də ki, insanlara xeyir versin.
Ancaq o torpaqları zəbt edənlər görünür,
maraqlı deyillər ki, orada nəsə iş görsünlər.
Görünür, onların pulu o qədərdir
ki, o torpaqlardan pul qazanmaq fikrində deyillər. Ona
görə bu proses davam edəcək. Biz
yalnız birinci mərhələdə qanunsuz zəbt edilmiş
200 min hektar torpağı insanlara qaytarmışıq. Çünki bu gün kənd təsərrüfatında
gedən proseslər artıq öz bəhrəsini verir. Biz pambıqçılığı bərpa
etmişik. Hava şəraitinin pisləşməsinə
baxmayaraq, - oktyabr ayında aramsız yağışlar
yağırdı, qoymurdu ki, məhsul yığılsın,
- bu il 60 min ton, yəni, keçən illə
müqayisədə iki dəfə çox pambıq tədarük
edilib. Amma hələ ki, yığım gedir və
biz istədiyimiz rəqəmə çatacağıq. Gələn
il isə 250 min ton, bəlkə də 300
min ton pambıq yığılacaq. Biz
pambıqçılığın şöhrətini qaytaracağıq.
O cümlədən, Füzuli rayonunda
pambıqçılığın inkişafı
üçün çox gözəl imkanlar var. Yəni, bu,
insanlar üçün məşğulluq deməkdir. Bu, hər bir rayonun inkişafı deməkdir. Gələcəkdə bizim planlarımız ondan
ibarətdir ki, hər bir rayon özünü təmin edə bilsin.
Yəni, bu gün rayonların bir çoxu
dotasiya ilə yaşayır. İndi Azərbaycan
dövlətinin gücü, maddi imkanları var, biz bunu edirik
və edəcəyik. Ancaq hər bir rayon
çalışmalıdır ki, öz hesabına
yaşasın. Buna imkan var.
Bu gün mən hərbçilərlə
görüşdüm. Lələtəpə ərazisində
onlarla bir yerdə oldum, onları təltif etdim. Onlara
dedim və bir daha sizə, bütün Azərbaycan xalqına
demək istəyirəm ki, Lələtəpə əməliyyatı
bizim şanlı tariximizdir. Aprel
döyüşləri Azərbaycan dövlətinin, Azərbaycan
Ordusunun gücünü göstərdi. Düşmənə
döyüş meydanında sübut etdik ki, biz
güclüyük. Biz ermənilərin
uzun illər ərzində yaratdıqları mifi, yalanı
dağıtdıq ki, guya onların belə güclü ordusu
var. Bu gün döyüş meydanında biz sübut etdik ki,
kimin ordusu güclüdür, kimin ordusu nəyə qadirdir.
Bizim hərbçilərimiz böyük qəhrəmanlıq
göstərmişlər. Biz şəhidlər
vermişik. Allah bütün şəhidlərimizə
rəhmət eləsin. Yaralılar olubdur.
Mən hərbçilərə də dedim, sizə də demək
istəyirəm ki, hərbi hospitalda onlara baş çəkərkən
hamısı, - bəziləri ağır vəziyyətdə
idi, - deyirdilər, biz sağalan kimi döyüş bölgəsinə
qayıdacağıq və Vətən uğrunda ölməyə
də hazırıq. Bax, bizdə belə
övladlar yetişibdir.
Müstəqillik dövründə Azərbaycan gəncləri
böyük zirvələrə çatıbdır. Onlarda vətənpərvərlik
ruhu, döyüş qabiliyyəti, döyüşkənlik ən
yüksək səviyyədədir. Aprel
döyüşləri bizim şanlı tariximizdir. Biz həm Füzuli və Cəbrayıl
rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox
strateji yerləri işğalçılardan azad etdik. Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin
ərazisi olan yerləri də qaytarmışıq. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin
ərazilərinin bir hissəsi işğalçılardan təmizlənib,
azad edilib. Biz indi Lələtəpə ərazisindən
on minlərlə hektar torpağa nəzarət edirik. Erməni ordusu orada heç tərpənə də
bilmir. Bu gün ordu quruculuğu prosesi
uğurla davam edir.
Aprel döyüşlərindən sonra növbəti
tapşırıqlar verildi, maliyyə vəsaiti
ayrıldı.
Ordumuza nə qədər lazımdırsa, o qədər
də vəsait ayrılacaq. Ermənistan isə
başqasının yardımına möhtacdır. Başqa mənbələrdən pul, kredit, silah və
digər materiallar verilməsə, Ermənistan nə iqtisadi cəhətdən,
nə də hərbi cəhətdən ayaqda dura bilməz.
Bunu hamı yaxşı bilir. Dünya da bilir. O məsələyə bir daha
qayıtmaq istəyirəm, onlar əllərində, nəzarətlərində
olan müxtəlif kütləvi informasiya vasitələri ilə
rəy formalaşdırmağa, mif, əfsanə yaratmağa
çalışırdılar ki, guya onların yenilməz
ordusu Azərbaycana zərbə vurub, torpaqları işğal
edib. Ancaq həyat göstərir ki, xarici
yardım olmadan onlar nəinki işğal edə, heç
tutduqları torpaqları saxlaya bilməzlər. Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan
Ordusu heç nəyə baxmadan uğurlu əks-hücum əməliyyatı
keçirərək torpaqlarımızı
işğalçılardan azad edibdir. Yəni,
biz öz hesabımıza yaşayırıq. Heç kimdən asılı deyilik və imkan
daxilində öz həyatımızı qururuq.
Bu gün Azərbaycan dünya miqyasında uğurlu
inkişaf yolu ilə gedən bir ölkə kimi
tanınır.
Bizim həm sosial, həm iqtisadi, hərbi
quruculuq, enerji təhlükəsizliyi sahələrində,
ictimai proseslərin inkişafı ilə, multikulturalizmlə,
dinlərarası dialoqla bağlı təcrübəmiz
öyrənilir. Bütün bu məsələlərdə
Azərbaycan nümunə kimi göstərilir və biz bu yolla
gedirik.
Bir daha qeyd etmək istəyirəm ki, gələcəkdə
ordumuza nə qədər silah-sursat lazımdırsa, Azərbaycanda
o qədər də istehsal olunacaq və idxal ediləcəkdir. Bizim
torpaqlarımız işğal altındadır. Aprel döyüşləri onu göstərdi ki, bu
işğala son qoyulmalıdır. Ermənistan
rəhbərliyi başqasının gücünə güvənməsin.
Burada da üzbəüz mövqelərimiz
arasında bir neçə yüz metr məsafə var, ondan da
az. May ayında Tərtər rayonunda olarkən mənim
durduğum yerdən erməni hərbi mövqelərinə əlli,
altmış metr məsafə var idi. Əgər
istəyirlər ki, məsələ sülh yolu ilə həll
olunsun və erməni xalqı itki verməsin,
torpaqlarımızdan çəkilsinlər. Biz də müharibə istəmirik, ancaq biz
torpaqlarımızı istəyirik. İşğalçılardan
azad edilmiş, bu gün durduğumuz bax bu yerdə - Lələtəpədə
olmağımız onu göstərir ki, biz o günü
yaxınlaşdırırıq.
Siz - burada yaşayan insanlar böyük hörmətə
layiqsiniz. Siz döyüş bölgəsində, düşmənlə
üz-üzə yaşayırsınız. Buna baxmayaraq, qurursunuz, yaradırsınız,
uşaqlar böyüdürsünüz. Mən
sizə minnətdaram. Sizi salamlayıram,
sizə yeni uğurlar arzulayıram.
* * *
Məcburi
köçkünlər adından çıxış edən
Elnarə Məmmədova dedi:
- Hörmətli
cənab Prezident, bizim Füzuli torpağına xoş gəlmisiniz.
Sizin başqa rayonlara, o cümlədən
Füzuliyə səfərləriniz nəticəsində
bütün rayonlar abadlaşır, gözəlləşir.
Haraya gedirsiniz, oraya uğur gətirirsiniz. İyirmi ildən artıqdır ki, biz fin tipli qəsəbədə
çox ağır şəraitdə yaşamışıq,
vaqonlarda dərs keçmişik. Ancaq
nailiyyətlərimiz çox olub. Bu, fin
tipli 16-cı qəsəbədir ki, ləğv etmisiniz. Rayonumuzda məcburi köçkünlər
üçün 16 qəsəbə salınmışdır.
Bütün bunlar çox qısa bir müddətdə
uğurla icra olunmuşdur. Yaradılan bu
şəraitə görə bütün məcburi
köçkünlər adından Sizə dərin təşəkkürümüzü
bildiririk.
Cənab
Prezident, ölkəmizin əhalisinin sayının az və ərazisinin
kiçik olmasına baxmayaraq, Azərbaycanda bir milyondan
artıq qaçqın və məcburi köçkün var.
Onların problemləri ulu öndər Heydər Əliyevin
hakimiyyəti illərində olduğu kimi, Sizin rəhbərliyinizlə
də çox uğurla həll olunur. Ancaq 550
milyonluq Avropa 1 milyon miqrantın əlində əsir-yesir
qalıb. Siz qısa bir müddətdə
Azərbaycanı çox yüksək səviyyədə
inkişaf etdirmisiniz və abadlaşdırmısınız.
Cənab
Prezident, inanırıq ki, biz məcburi köçkünlər
Sizin siyasətiniz nəticəsində
tezliklə öz doğma torpaqlarımıza
qayıdacağıq. Sizi əmin edirik ki, bizim
üçün tikdirdiyiniz, övladlarımıza hədiyyə
etdiyiniz bu gözəl məktəb binasında
xalqımıza, Vətənimizə vətənpərvər
övladlar yetişdirəcəyik. Çox sağ olun. Allah Sizi qorusun.
Prezident
İlham Əliyev: Sağ olun.
Füzuli
ictimaiyyətinin nümayəndələri adından rayon
Ağsaqqallar Şurasının sədri Məcnun Namazəliyev
çıxış edərək dedi:
- Cənab
Prezident, xoş gəlmisiniz. Sizi Füzulidə
salamlamaq bizim üçün həmişə fəxrdir,
iftixardır.
Cənab
Prezident, mən Sizin gəlişinizi ikiqat
bayram hesab edirəm. Prezidentimiz Füzulidədir. Allah Sizi qorusun. Həm də bu
gün ulu öndərin əli ilə yazılmış,
ümumxalq səsverməsi ilə təsdiq edilmiş Azərbaycan
Konstitusiyası Günüdür. Bu
münasibətlə Sizi təbrik edirəm.
Cənab
Prezident, füzulililər çox yaxşı
yaşayırlar. Hər şeyimiz - evimiz,
güzəranımız, çörəyimiz, işimiz var.
Bunların hamısını bizim üçün Siz
yaratmısınız. Biz bütün xidmətlərdən
pulsuz istifadə edirik. Hələ üstəlik
çörəkpulu da verirsiniz. Çox sağ
olun.
Füzuli camaatı qədirbiləndir, Sizi çox
sevirik. Cənab
Prezident, Füzuli camaatı tarixən işləyən olub,
rahat camaat olub. Bizim Füzuli keçmiş
dövrdə 27 nəfər Sosialist Əməyi Qəhrəmanı
yetişdirib. Azərbaycanda 274 Sosialist
Əməyi Qəhrəmanı olub. Onların
27-si Füzulidəndir. Bu gün də o cür zəhmətkeşlərimiz
var. Siz sahibkarlarımız, torpaqda işləyən hər
bir adam, fermerlər üçün
çox gözəl şərait yaratmısınız. Torpaq, toxum, subsidiya, kredit, texnika, gübrə, yanacaq
verirsiniz, təkcə qalır işləmək. Buna görə Sizə çox təşəkkür
edirik.
Füzuli
Azərbaycanda beş rayondan biridir ki, 100
min tondan çox taxıl istehsal edir. Siz indicə dediniz, bu il 121 min tondur. Biz son altı ildə
650 min tona yaxın taxıl vermişik. Heç
SSRİ dövründə 1930-cu ildən 1990-cı ilə qədər
Füzuli 650 min ton taxıl istehsal etməyib.
Cənab
Prezident, başqa sahələrimizdə də
uğurlarımız çoxdur. Sizin bir gözəl
tapşırığınız var ki, biz qeyri-neft sektorunu
gücləndirək və idxaldan
asılılığımızı azaldaq. Füzulililər bunu yaxşı bilirlər. Sizin tapşırığınızla
pambıqçılığı,
üzümçülüyü,
baramaçılığı da inkişaf etdiririk. Heyvandarlıq məhsulları istehsalında da
yaxşı nəticələrimiz var.
Cənab
Prezident, Sizin tapşırığınızla Horadiz-Bakı
qatarı işləyir. Füzulidən
Bakıya hər gün avtobuslar, taksilər gedir. Hər
gün camaat özünün istifadə etdiyindən əlavə,
Bakıya yüzlərlə balon qatıq, süd, pendir, yağ, toyuq, yumurta, ət daşıyır. Həm
qohumlarına pay verir, həm də satıb ehtiyaclarını
ödəyirlər. Bu gün Füzulidə
avtomaşını olmayan ailə çox azdır. Həm öz şəxsi maşını var, bəzilərinin
2, 3 maşını var. Çox sağ olun, cənab Prezident,
bunlar çox yaxşı hallardır.
Cənab
Prezident, Siz sərəncamınızla Horadizə şəhər
statusu vermisiniz. Horadiz, sözün həqiqi mənasında,
cənnətə çevrilib. Siz keçən səfərinizdə
bir söz demişdiniz: “Horadiz gülüstana çevrilib”. Bu gün biz həmin sözləri Horadizin görməli
yerlərinə şüar kimi yazmışıq.
Bu gün Horadizdə ulu öndərin adını
daşıyan çox yerlər var - prospekt, park, mərkəz,
abidə. Hər gün orta məktəblərin tarix dərsləri
Heydər Əliyev Mərkəzində keçirilir. Kəndlərdən uşaqları avtobusla oraya gətirirlər
ki, ulu öndərin həyat yolunu və fəaliyyətini əyani
şəkildə öyrənsinlər. Yəni,
biz Azərbaycanın tarixini, keçdiyi yolu camaatımıza,
uşaqlarımıza əyani şəkildə
çatdırırıq. Ulu öndərin
abidəsinin önünə əsgərlərimiz gəlirlər,
Vətənə sədaqət andı içirlər.
Cənab Prezident, son illər, xüsusilə aprel hadisələrindən sonra Azərbaycan Ordusunun gücü dünyada məşhurdur. Bu, Sizin sayənizdə mümkün olub, cənab Prezident. Ordumuz müasir texnika ilə təchiz olunub. Əsgərlərimiz üçün çox gözəl şərait yaradılıb. Yeməkləri, yataqları bizimkindən də yaxşıdır. Hətta yaşı çatmayan gənclər də komissarlığa gedib xidmətə yollanmaq istəyirlər. Bu, əsl vətənpərvərlikdir.
Cənab Prezident, bu ilin aprel ayında Fransanın Altkirç şəhərinin meri, Senatın üzvü Horadizə gəlmişdi. Horadizlə qardaşlaşma müqaviləsi imzalandı. Həmin senator Horadizlə tanışlıqdan sonra ictimaiyyətin nümayəndələri ilə görüşdü. Dedi ki, bizim Altkirç şəhəri 75 il bundan qabaq İkinci Dünya müharibəsi zamanı dağılıb, şəhərimizin bərpasını hələ tam qurtarmamışıq. Biz ona işğala məruz qalmış Horadizin şəkillərini göstərdik. Senator çox qısa müddətdə bu qədər gözəl, böyük bərpa işlərinin görülməsinə heyran qaldı. Yəni, cənab Prezident, sağ olun ki, bizdə işlər çox yüksək səviyyədə qurulub. Bu işlərin hamısı Sizin tapşırığınızla görülüb. Siz gözəl bir kəlam söyləmisiniz: “Hər bir məmur vətəndaşın xidmətində durmalıdır”. Bu, bir meyardır.
Prezident İlham Əliyev: Düzdür.
Məcnun Namazəliyev: Bəli, vətəndaş incidilə bilməz. Vətəndaşın evinə gedib soruşurlar ki, nə var, nə yox. Sonra kəndlərdə qəbullar təşkil edilir. Hamı Sizin tapşırığınızı canla-başla yerinə yetirir. Siz aprel hadisələrindən danışdınız, cənab Prezident. O müharibə cəmi 3-4 gün çəkdi. Adətən görmüşük ki, düşmən güllə atanda camaat qaçıb gizlənir. Amma bizim camaatımız hamılıqla işləyirdi. Həmin günlərdə biz hamımız Horadizdə, kəndlərdə idik. Heç kimin əli işdən soyumamışdı. Əksinə, hamı ordumuzun uğurlarından ruhlanmışdı, bir-birini təbrik edirdi. Sanki müharibə getmirdi. Bir tərəfdə güllə, top mərmisinin səsi, tankların gurultusu eşidilirdi, bir tərəfdə isə camaat çox rahat işləyirdi. Çünki ordumuz irəli gedirdi. Cənab Prezident, Siz əmr etsəniz, ordumuz Qarabağı bir neçə günə işğaldan azad edə bilər. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Sağ olun.
Məcnun Namazəliyev: Cənab Prezident, Ulu öndərimizin çox qiymətli kəlamları var. Onlardan biri də “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” kəlamıdır. Bu kəlam ötən əsrin axırlarında gənclərin qurultaylarının birində deyilib. Bu gün Azərbaycan xalqı, o cümlədən bütün füzulililər də bilirlər ki, bizim günəşimiz başımızın üstündədir, o, cənab İlham Əliyevdir. Siz torpağımıza istilik, hərarət verirsiniz, səmamızı işıqlandırırsınız, havamızı isidirsiniz. Cənab Prezident, işıq istilik, həyat deməkdir. Siz bizə həyat verirsiniz, Allah Sizi qorusun. Biz çörəyimizi, güzəranımızı Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə tapmışıq. Biz həyatın, güzəranın, pulun nə demək olduğunu o kişinin dövründə görmüşük. İndi isə biz Sizin sayənizdə yaxşı yaşayırıq. Cənab İlham Əliyev bizim əbədi Prezidentimizdir. Biz cənab İlham Əliyevdən başqa Prezident tanımırıq. Cənab Prezident, Allah Sizi qorusun, Siz də bizi qoruyun.
Prezident İlham Əliyev: Çox sağ olun, xoş sözlərə görə sizə minnətdaram.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2016.- 13 noyabr.- S. 4,
5.