Moskvada
yazıçı-publisist Elmira Axundovanın “İlham
Əliyev. Prezidentin portreti dəyişikliklər
fonunda” kitabı çapdan çıxıb
Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatında
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
yazıçı, Əməkdar Jurnalist Elmira Axundovanın
“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər
fonunda” (“Èëüõàì Àëèåâ. Ïîðòðåò ïðåçèäåíòà íà ôîíå ïåðåìåí”) kitabı rus dilində
çapdan çıxıb.
Nəfis tərtib olunmuş kitabda tanınmış
yazıçı-publisist Elmira Axundova postsovet məkanının
ən praqmatik siyasi xadimlərindən biri İlham Əliyev
haqqında faktlar və materiallar əsasında açıq və
inandırıcı şəkildə, sadə və aydın
dildə söhbət açır, onun uğur fenomenini təhlil
edir. Müəllif
“Uğurlu, nüfuzlu şəxsiyyət, prezident olmaq
üçün nə etmək lazımdır?”, “Xalqın
lideri missiyası nədir?” suallarına cavab axtarır.
Açıq
mənbələrdən götürülmüş sənədlərdən,
müəllifin Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə
edən adamlardan şəxsən aldığı nadir
müsahibələrdən istifadə olunmuş kitabda
toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan
Prezidenti haqqında geniş məlumat verir.
Kitabın əvvəlində Elmira Axundova
AZƏRTAC-ın fotoarxivindən təqdim olunan fotomateriallara
görə agentliyin baş direktoru Aslan Aslanova təşəkkürünü
bildirib.
Müəllif xalqının gələcəyi naminə
öz üzərinə böyük məsuliyyət
götürmüş müasir Azərbaycanın liderinin
hakimiyyətə gəldiyi şəraiti təhlil edir.
Ailə kiçik dövlətdir
Şəxsiyyətin dünyaya baxışının, mənəvi
dəyərlərinin formalaşmasında əsas məsuliyyət
məhz valideynlərin üzərinə düşür. Müəllifin
yazdığı kimi, gələcək prezidentin valideynləri
– Heydər Əliyev və Zərifə Əliyeva dahi insanlar
idi. Yüksək vəzifə,
şan-şöhrət sahibi olmalarına baxmayaraq, onlar olduqca
sadə, təvazökar, səmimi idilər. E.Axundova
yazır: “Bir çox xüsusiyyətləri ona valideynlərindən
irsən keçib. Ancaq tərbiyənin də rolu az deyil. Onlar
övladlarını, ilk növbədə, şəxsi
nümunələri ilə tərbiyə edirdilər. Valideynlərinin əsas öyüdünü – həmişə,
hər şəraitdə insanlığını itirməmək
təlimini gələcək prezident yaxşı mənimsəmişdi”.
Elə ailəyə, yaxınlarına,
xalqına sevgi də Heydər Əliyevin və Zərifə
Əliyevanın övladlarına aşıladıqları
başlıca örnəkdir. Müsahibələrinin
birində dövlət başçısı ailəsindən
müsbət enerji aldığını, ailəsi ilə fəxr
etdiyini deyir: “Axşam evə gələndə, əgər
heç bir fövqəladə hal, zəng olmursa, artıq
onilliklərdir məni əhatə edən tamamilə başqa
mühitə- ailə mühitinə düşürəm”.
Müəllifin
fikrincə, Prezidentin şəxsiyyətini daha dəqiq onun
xanımı Mehriban Əliyeva səciyyələndirib: “O,
heç zaman dəyişmir və ətrafında səmimilik
və xeyirxahlıq mühiti yarada bilir. Pafosluq və
sünilik onun xarakterinə yaddır. Buna görə də
tamamilə fərqli insanlar onunla ünsiyyətə can
atırlar. İlham hər zaman öz prinsiplərinə
və ideallarına sadiqdir. İşində,
Vətənə xidmətdə heç bir kompromisə və
sövdələşməyə getmir. Ölkənin
və xalqın mənafeyi onun üçün sözsüz
prioritetdir”.
Çətin yolun
başlanğıcı
Müəllif
İlham Əliyevin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərindən birində - Moskva
Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda
(MDBMİ) təhsil aldığı illərdən, müəllimləri
və tələbə yoldaşları, artıq sonralar, bu ali
məktəbdə mühazirələr oxuduğu dövrdə
tələbələri ilə münasibətlərindən
yazır. MDBMİ-nin əməkdaşlarından biri Raisa
Polevaya İlham Əliyevi belə xatırlayır: “Hələ
1970-ci illərdən tanıdığım İlham Əliyev
parlaq şəxsiyyətlər sırasında xüsusi yer
tutur. O, qeyri-adi şəxsiyyətdir. İlham
Əliyevin tələbələrə, əməkdaşlara,
müəllimlərə olduqca xeyirxah münasibəti bizi bir
qədər təəccübləndirirdi.
Özünüz də başa düşürsünüz ki,
institutumuz adi ali məktəb deyil, burada
elitar ailələrin övladları təhsil alırdı. İlham Əliyev bütün tələbələrdən
seçilirdi”.
Gələcək prezidentin hələ gənc
yaşlarından taleyin bir-birinin ardınca vurduğu zərbələrə
mətinliklə sinə gərdiyini vurğulayan Elmira Axundova
yazır ki, İlham Əliyev hələ gənc
yaşlarından zərbələri dəf etməyi öyrənmişdi. Həyat onu
heç də həmişə əzizləməyib. Əliyevlər ailəsi XX əsrin 80-ci illərinin
ikinci yarısında böyük sarsıntılarla üzləşdi.
İlham Əliyev 24 yaşında ən əziz
adamını – anasını itirdi. Heydər
Əliyevin səhhətində ciddi problemlər yarandı və
bunun ardınca da o, vəzifəsindən istefa verməli oldu.
İlham Əliyev bu zərbələrə də
ləyaqətlə sinə gərib.
Sonrakı illər Azərbaycan xalqının təkidi
ilə Heydər Əliyevin hakimiyyətə
qayıdışı və ölkədə bütün sahələrdə
dirçəliş dövrü ilə əlamətdardır. Müəllif
yazır ki, Azərbaycanın darmadağın,
parçalanmış, müharibələrdən və təzyiqlərdən
yorulmuş bir dövründə Heydər Əliyevə sədaqətli
komanda lazım idi. Bu komandada əsas
mövqelərdən biri – Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin vitse-prezidenti vəzifəsi İlham
Əliyevə həvalə olundu. O zaman neft şirkətinin
prezidenti işləmiş Natiq Əliyev müsahibələrindən
birində deyir: “Bilirsiniz, məndən İlham Əliyev
haqqında soruşanda onun daim Heydər Əliyevin yanında
olmasını yada salıram. Bu isə hər
bir siyasətçi üçün ən yaxşı məktəbdir”.
Yeni nəslin lideri
Ulu öndər Heydər Əliyevin vəfatından sonra
onun rəhbərliyi dövründə artıq sürətli
inkişaf kursu götürmüş Azərbaycanın bu yola
sadiq qalacaq güclü, ziyalı, uzaqgörən liderə
ehtiyacı var idi. Elmira Axundova yazır ki, prezident seçkilərində
İlham Əliyevin namizədliyinin həm Azərbaycan
xalqı, həm də dünya və region ölkələrinin
aparıcı siyasətçiləri tərəfindən dəstəklənməsi
Heydər Əliyevin seçimində
yanılmadığını göstərdi, çünki
regionun əsas siyasətçiləri və çoxsaylı əcnəbi
investorlar üçün İlham Əliyevin Prezidentin
oğlu olması faktı önəmli deyildi. Azərbaycanın
siyasi və iqtisadi kursunun ardıcıllığı onlar
üçün daha vacib idi. Əlbəttə,
bu, mühüm amil idi. Ancaq başlıca
amil hakim partiyanın yeni nəslinə məxsus parlaq namizədin
- İlham Əliyevin şəxsiyyəti idi.
Müəllifin
fikrincə, ölkənin yeni liderinin qarşısında
artıq fərqli vəzifələr dururdu: “İndi ölkəni
tənəzzüldən çıxarmaq, normal inkişaf
relsinə qoymaq deyil, gələcəyə
sıçrayış etmək, iqtisadiyyatı keyfiyyətcə
yeni mərhələyə qaldırmaq, cəmiyyəti XXI əsrin
çağırışlarına uyğun yenidən qurmaq
lazım idi”.
Elmira Axundova Azərbaycan dövlətinin
başçısının hakimiyyət fenomenini, ölkəmizin
sosial modelinin formalaşması prosesini təhlil edərək
iqtidarın sosialyönümlü layihələri, vətəndaş
birliyinin və sabitliyin əsaslarından olan multikulturalizm ənənələrinin
qorunması və inkişafı, idman sahəsində əldə
olunan nailiyyətləri mühüm amil kimi önə çəkir. Müəllif yazır:
“Müasir Azərbaycan ən cəsarətli arzuların və
möhtəşəm layihələrin həyata
keçirildiyi coğrafi məkandır. Özü
də bu işlər ardıcıl, dəqiq qrafik üzrə
görülür. Uğurun sirri ondadır
ki, respublikada ən müxtəlif istiqamətlərdə dəqiq,
elmi-nəzəri, iqtisadi təmələ əsaslanan modernləşmə
strategiyası işlənib hazırlanıb. Bu strategiyada sosial prioritetlər – insan, onun rifahı,
sosial müdafiəsi, gələcəyi ön
sıradadır”.
Kitabda Prezidentin daxili və xarici, hərbi, sənaye, mədəniyyət,
idman, multikulturalizm və informasiya sahələrində siyasətinin
ən müxtəlif aspektləri təhlil edilir.
Son söz əvəzi
Kitabın
sonunda Elmira Axundova oxucularına müraciətlə yazır:
“Siz məndən soruşa bilərsiniz: məgər respublikada
problem qalmayıb? Əlbəttə, problemlər
var, onlardan qaçmaq çətindir. Ancaq
bu, inkişafdan doğan problemlərdir. Ölkənin
inkişaf dinamikası göz qabağındadır və
İlham Əliyev o qədər müasir və səmərəli
işləyir ki, bir çox problemlər yeni işlərin, təşəbbüslərin
axarında əriyir, keçmişə çevrilir”.
Müəllifin
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı
və müasir Azərbaycan” məqaləsindən gətirdiyi
sitatda İlham Əliyevin Azərbaycanın ən yeni tarixində
rolu belə müəyyənləşdirilir: “Prezident
İlham Əliyevin öz qurucu fəaliyyətində əsaslandığı
innovasiyalı inkişaf konsepsiyası ölkənin modernləşməsi,
postsənaye cəmiyyəti quruculuğu proqramında müstəsna
rol oynayır. Dövlətimizin
başçısı sosial-iqtisadi xarakterli mühüm təşəbbüsləri
bir-birinin ardınca həyata keçirməklə öz
müasirlərində fəaliyyət əzmini
coşdurmağa, layiqli gələcəyin möhkəm əsaslarını
qurmaq üçün həmfikirlərini arxasınca
aparmağa nail oldu. O, xalqa verdiyi sözünün
üstündə durdu. Quruculuq sərhədlərini
ilbəil genişləndirən nəhəng islahatlar
proqramının xalqa faydası göz qabağındadır”.
Rusiyada geniş oxucu kütləsi Elmira Axundovanın
“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər
fonunda” kitabını Moskvanın və Sankt-Peterburqun bir
çox kitab mağazalarından əldə edə bilər.
Bu ilin noyabr-dekabr aylarında kitab “Rosspen” nəşriyyatı
tərəfindən Moskva Mərkəzi Rəssamlar Evində
keçiriləcək intellektual ədəbiyyat
yarmarkasında ən yaxşı nəşr kimi təqdim
olunacaq.
Azərbaycan.-
2016.- 13 noyabr.- S. 9.