Elm məbədimizin tarixinə dair dəyərli tədqiqat əsəri
Müasir Azərbaycan cəmiyyətinin inkişafını səciyyələndirən əsas amillərdən biri geniş struktura malik elmi tədqiqat müəssisələrinin, bütövlükdə, mütəşəkkil çoxşaxəli elm sisteminin mövcudluğudur. Azərbaycanda elmi idarəetmənin əsas sütunu sayılan Elmlər Akademiyası tarix üçün çox da böyük olmayan inkişaf dövrü ərzində şərəfli yol keçmiş, bəşər elminin inkişafına layiqli töhfələr vermişdir. Heydər Əliyev Milli Elmlər Akademiyasının keçdiyi yolu xalqımızın tarixində böyük bir səhifə kimi qiymətləndirərək göstərirdi ki, çoxəsrlik tariximizdə Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, çoxsahəli olmayıbdır. Ümummilli lider Elmlər Akademiyasını Azərbaycan xalqının milli sərvəti adlandıraraq, onu qoruyub saxlamağı bizlərə vəsiyyət etmişdir.
Ölkə Prezidenti İlham Əliyev də Milli Elmlər Akademiyasının xalqımızın sosial-iqtisadi, mədəni-mənəvi inkişafında, elmi-intellektual potensialının formalaşmasında rolunu yüksək qiymətləndirərək akademiyanın 70 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda qeyd edildiyi kimi, AMEA yarandığı vaxtdan etibarən fəaliyyət müddəti ərzində mühüm nailiyyətlər qazanmış, elmi məktəblərin qurulmasına müvəffəq olmuş, beynəlxalq elm strukturlarına uğurla inteqrasiya etmişdir.
Ölkəmizdə elmin təşəkkülü problemlərinə dair istər sovet dövründə, istərsə də müstəqillik dövründə bir sıra tədqiqatlar aparılsa da, kompleks xarakter daşımamış, ilkin mənbələrdən geniş istifadə edilməmişdir. Elmi fəaliyyətin inkişafının bir sıra mühüm spesifik məsələləri, Elmlər Akademiyasının təşəkkülü problemləri, inkişaf mərhələləri, müxtəlif elmi-tədqiqat strukturlarının fəaliyyəti, elmi kadrlar hazırlığı, yeni elmi istiqamətlərin, məktəblərin yaradılması dərin tədqiqatlardan kənarda qalmışdır. Bütün bu məsələlər AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tamilla Kərimovanın 2016-cı ildə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş “Azərbaycan Milli Elmlər Akademiyasının yaranması” adlı monoqrafiyasında hərtərəfli öyrənilmişdir.
Müəllif monoqrafiyanın birinci fəslində Azərbaycanda elmin təşəkkülünün və milli ziyalıların formalaşmasının əsas mərhələlərini təhlil edərək, bu prosesin köklərinin tarixin dərinliklərinə gedib çıxdığını qeyd edir. Fəsildə sovet hakimiyyətinin ilk illərində Azərbaycanda elmin inkişafı ilə bağlı atılan addımlar təhlil edilir, ilk elmi təşkilatların və elmi idarəetmə orqanlarının yaradılması, Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkili, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitunun, SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan Şöbəsinin fəaliyyəti ilə bağlı məsələlər işıqlandırılır. Müəllif bu elmi müəssisələrin yaradılması və fəaliyyətini əsas götürərək Azərbaycanda elmi müəssisələr sisteminin təşkili və formalaşması prosesini üç ardıcıl mərhələyə (1920-1929, 1929-1932 və 1932-1935-ci illər) bölmüşdür. Ötən əsrin 20-ci illərində Azərbaycan tarixi sahəsində aparılan tədqiqatlara, arxeoloji işlərə, etnoqrafik araşdırmalara, elmi biliklərin yayılması üçün maarifləndirmə işinə kitabda xüsusi yer ayrılmış, bu istiqamətdə Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyəti xüsusi vurğulanmışdır. Monoqrafiyada keçən əsrin 20-ci illərinin sonu - 30-cu illərinin əvvəllərində respublikada təhsil və elm sahəsində həyata keçirilən köklü dəyişikliklər təhlil edilmiş, yeni yaradılmış tədqiqat müəssisələrinin, xüsusən Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun fəaliyyəti geniş işıqlandırılmışdır. Kitabda konkret faktlar əsasında həmin dövrdə ölkədə formalaşmış inzibati-amirlik sisteminin elmin təşkilinə mənfi təsiri təhlil edilmişdir. Bununla yanaşı, monoqrafiyada həmin dövrdə Azərbaycan xalqının milli mədəniyyətinin, dilinin, ədəbiyyatının öyrənilməsi və inkişaf etdirilməsi sahəsində qazanılmış uğurlar geniş əksini tapmışdır.
Əsərdə SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan Şöbəsinin yaradılması və fəaliyyəti ayrıca yarımfəsildə işıqlandırılır. Filialın ayrı-ayrı elmi istiqamətlər üzrə tədqiqatları, elmi kadr hazırlğıı haqqında monoqrafiyada geniş və maraqlı materiallar var.
Monoqrafiyanın ikinci fəslində Azərbaycan SSR Elmlər Akademiyasının təşəkkülü prosesi təhlil edilmişdir. Müəllif bu prosesi iki tarixi dövrə (1935-1941-ci illər, 1941-1945-ci illər) ayıraraq, hər dövrün xüsusiyyətlərini ayrıca araşdırmışdır. Azərbaycanda elmin yeni, daha yüksək səviyyəyə çatdırılmasında SSRİ EA Azərbaycan Filialının (EAAzF) yaradılması mühüm addım olmuşdur. Monoqrafiyada filialın təşkili ilə bağlı görülmüş işlər geniş işıqlandırılmış, onun elmi fəaliyyətinin əsas istiqamətləri təhlil edilmişdir. Müəllifin qeyd etdiyi kimi, filialın yaradılması ilə Azərbaycan elmi yeni status - akademik elm statusu qazanmış, tədricən əsas bilik sahələrini və profil müəssisələri birləşdirən iri təşkilata, aparıcı elmi mərkəzə çevrilməyə başlamışdı. Həmin dövrdə elmin inkişafında qazanılmış böyük uğurlarla yanaşı, Tamilla Kərimova kitabda elmi tədqiqatların həm keyfiyyətinə, həm də kəmiyyətinə mənfi təsir göstərmiş amillərə də öz münasibətini bildirir. Müəlif stalinizm rejiminin ictimai elmlərə ideoloji təsirinin neqativ nəticələrini xüsusilə qeyd edərək, görkəmli alimlərə qarşı törədilmiş repressiyaların elmin inkişafı yolunda ciddi çətinliklər yaratdığını vurğulayır. Kitabın “Repressiyaya məruz qalmış elm” adlanan yarımfəslində öz əksini tapmış faktlar və rəqəmlər kütləvi qanunsuzluqların və repressiyaların Azərbaycan xalqına gətirdiyi faciələrin və fəlakətlərin mahiyyəti və miqyası haqqında dolğun təsəvvür yaratmağa imkan verir. Tamilla xanım əksəriyyəti ilk dəfə dövriyyəyə buraxılan sənədlərə istinad edərək repressiyaya uğramış elm xadimlərimiz haqqında məlumat verməklə, onların şəkillərini üzə çıxarıb kitabda yerləşdirməklə bir növ üzərinə götürdüyü böyük mənəvi missiyanı - günahsız elm fədailərinin xalqımız qarşısında xidmətlərini üzə çıxarmaq vəzifəsini yerinə yetirmiş olur. Kitabın müvafiq bölməsində Azərbaycan elminin faşizm üzərində ümumi qələbənin əldə edilməsində göstərdiyi xidmətlər işıqlandırılmışdır. Kitabda Azərbaycan elmi-tədqiqat müəssisələrinin, müxtəlif alimlərin yeni silah-sursat, yanacaq-sürtkü növlərinin yaradılması, elmin istehsalatla əlaqələrinin genişləndirilməsi, xüsusən cəbhənin ehtiyacları üçün lazım olan neft-qaz, benzin istehsalının artırılması istiqamətində fəaliyyətləri ətraflı işıqlandırılmışdır.
Monoqrafiyada 1945-ci ildə Azərbaycanda müstəqil Elmlər Akademiyasının təşəkkülü prosesi ətraflı təhlil edilmiş, EA-nın yaradılması ilə bağlı görülmüş işlər, akademiyanın strukturu, ilk tərkibi haqqında müfəssəl məlumat verilmişdir. Müəllifin qeyd etdiyi kimi, Azərbaycanda elm mərkəzinin yaradılması, ona geniş səlahiyyətlər verilməsi Elmlər Akademiyasının gələcək inkişafını müəyyən edən amil olmuşdur. Fəaliyyət göstərdiyi 70 il ərzində akademiya nəhəng elm məbədgahı kimi Azərbaycan elminin inkişafında, yeni-yeni elm sahələrinin yaranmasında son dərəcə əvəzsiz rol oynamışdır. Ümummilli lider Elmlər Akademiyasını Azərbaycan xalqının tarixi nailiyyəti adlandırarkən məhz bu amili nəzərdə tutmuşdur.
Nəşrin mühüm məziyyətlərindən biri də burada Elmlər Akademiyasının təşəkkül dövrünü, elmi müəssisələrin, alimlərin fəaliyyətini əks etdirən 200-dən çox fotoşəklin yer almasıdır. Baş elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin olduğu “Azərbaycan Milli Elmlər Akademiyasının yaranması” monoqrafiyası geniş mənbə bazasına və ədəbiyyata əsaslanaraq hazırlanmış fundamental tədqiqat əsəridir. Müəllif çox böyük elmi qədirbilənlik nümayiş etdirərək ötən əsrin 20-40-cı illərində Azərbaycanda mədəni quruculuq tarixinə, o cümlədən elmin təşkili məsələlərinə dair tədqiqatlar aparmış alimlərimizin adlarını iftixarla çəkmişdir. Əsəri tam əsasla müəllifin ölkəmizdə elmin inkişaf tarixi sahəsində apardığı çoxşaxəli uğurlu araşdırmalarının növbəti, mühüm nəticəsi kimi qiymətləndirmək olar. Kitaba ön söz yazmış AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudovun da qeyd etdiyi kimi, T.Kərimovanın “Azərbaycan Milli Elmlər Akademiyasının yaranması” əsəri akademiyamızın yaranması tarixinə həsr olunmuş ilk əhatəli və sanballı tədqiqatdır. Tam əminliklə söyləmək olar ki, əsər Azərbaycanda yeni yaranmaqda olan elmşünaslıq tədqiqatlarının dərinləşməsinə və genişlənməsinə öz müsbət təsirini göstərəcəkdir.
Kamran İSMAYILOV,
tarix üzrə fəlsəfə
doktoru
Azərbaycan.- 2016.- 13 noyabr.- S. 9.