Milli Məclisdə Azərbaycan-Polşa
və Azərbaycan-Belçika əlaqələri müzakirə
olunub
Noyabrın
14-də Milli Məclisin sədri Oqtay Əsədov Polşa
Respublikasının ölkəmizdəki səfiri Marek Tsalka
ilə görüşüb.
Parlamentin
mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,
görüşdə Azərbaycan-Polşa münasibətlərinin
böyük tarixə malik olduğunu deyən sədr iki
ölkə arasında əməkdaşlıq əlaqələrinin
yüksək inkişaf səviyyəsinə
çatmasından məmnunluğunu ifadə edib. Qeyd olunub ki,
ölkə başçılarının
qarşılıqlı səfərləri və aparılan
danışıqlar əlaqələrimizin daha da möhkəmlənməsi
üçün yaxşı zəmin yaradıb. Bu günədək
Azərbaycan ilə Polşa arasında 40 hüquqi sənəd
imzalanıb, 10 sənəd isə baxılmaqdadır.
Oqtay
Əsədov deyib ki, Azərbaycan Polşa ilə təkcə
siyasi deyil, iqtisadi sahədə də əlaqələrin
davamlı inkişafında maraqlıdır. Bu baxımdan Azərbaycan-Polşa
Hökumətlərarası İqtisadi Komissiyasının fəaliyyətini
vurğulamaq yerinə düşərdi.
Milli
Məclisin sədri 2007 və 2008-ci illərdə Polşaya səfərlərini
xatırladıb. Bildirib ki, Polşa Parlamenti Senatının sədri
Boqdan Boruseviç də müxtəlif vaxtlarda Azərbaycana səfər
edib. Dövlətlərarası münasibətlərin
inkişafında parlamentlərin rolunu yüksək qiymətləndirən
O.Əsədov diqqətə çatdırıb ki, Azərbaycan
Polşa ilə münasibətləri bütün istiqamətlərdə,
o cümlədən parlamentlərarası əlaqələr
sahəsində inkişaf etdirmək əzmindədir. Təqdirəlayiq
haldır ki, hər iki ölkənin parlamentlərində
qarşılıqlı işçi qrupları fəaliyyət
göstərir. Deputatlarımız nüfuzlu beynəlxalq
qurumlarda səmərəli əməkdaşlıq edirlər.
Polşanın
ölkəmizdəki səfiri Marek Tsalka qeyd edib ki, Polşa Azərbaycana
dost ölkədir və müxtəlif sahələrdə əlaqələrimizin
daha da möhkəmlənməsi xalqlarımızın
ümumi maraqlarına xidmət edir. Bu baxımdan parlamentlərin
də üzərinə böyük vəzifə
düşür və biz parlament nümayəndə heyətlərinin
qarşılıqlı səfərlərini çox əhəmiyyətli
hesab edirik.
Sonra
görüşdə tərəfləri maraqlandıran digər
məsələlər ətrafında geniş fikir mübadiləsi
aparılıb.
X X X
Noyabrın
14-də Milli Məclisin sədri Oqtay Əsədov Belçika
Krallığının ölkəmizdəki səfiri Bert
Şufs ilə də görüşüb.
Sədr
bildirib ki, Azərbaycan Belçika ilə əlaqələrin
inkişafına böyük önəm verir. Bu gün iki
ölkə arasındakı münasibətlər uğurla
inkişaf edir. Qarşılıqlı səfərlər və
keçirilən görüşlər münasibətlərimizin
yüksək səviyyədə olmasından xəbər
verir. İkitərəfli əlaqələrin
inkişafında ölkələrimizin rəhbərlərinin
rolu böyükdür. Bu günədək iki ölkə
arasında 7 hüquqi sənəd imzalanıb, daha 5 sənəd
isə baxılmaqdadır. Bu gün ölkələrimiz
arasında siyasi, iqtisadi, mədəni və eləcə də
bir çox digər sahələr üzrə əməkdaşlığın
genişləndirilməsi üçün əlverişli
imkanlar var.
Qeyd
edilib ki, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri
bunun əyani sübutudur. Gələcəkdə TANAP və
TAP layihələrinin reallaşması Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində mühüm rol oynayacaqdır.
Hazırda Azərbaycanda Belçika Krallığından olan
19 şirkət fəaliyyət göstərir. İqtisadi sahədə
ticarət dövriyyəsinin artırılması
üçün geniş potensial vardır.
Parlamentlərarası
əlaqələrin inkişafında parlament sədrlərinin
səfərlərinin əhəmiyyətini xüsusi
vurğulayan O.Əsədov bildirib ki, hər iki ölkə
parlamentində fəaliyyət göstərən dostluq
qrupları sıx və faydalı əməkdaşlıq
üçün körpü rolunu oynayır. Deputatların
qarşılıqlı səfərləri təqdirəlayiqdir.
Nümayəndə heyətlərimizin beynəlxalq qurumlarda
mütəmadi görüşləri, onları
maraqlandıran məsələlər ətrafında
müzakirələrin aparılması çox önəmlidir.
Belçika
Krallığının ölkəmizdəki səfiri Bert
Şufs qeyd edib ki, Azərbaycanın qısa zaman kəsiyində
əldə etdiyi uğurlar və bölgədə baş verən
proseslər Avropa ölkələrinin, o cümlədən
Belçikanın diqqət mərkəzindədir. Avropada Azərbaycanın
əhəmiyyəti və bölgədə
oynadığı rol yüksək qiymətləndirilir.
“Biz
də parlamentlər səviyyəsində əlaqələrimizin
daha da möhkəmlənməsi üçün deputatlardan
ibarət nümayəndə heyətlərinin
qarşılıqlı səfərlərini önəmli
hesab edirik”, - deyə səfir bildirib.
Görüşdə
digər məsələlər ətrafında da fikir
mübadiləsi aparılıb.
Azərbaycan.- 2016.- 15 noyabr.- S. 2.