Dünya Xəbər Agentlikləri Konqresi: medianın aktual problemlərinin müzakirəsi üçün nadir platforma

 

Qlobal informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 100-ə yaxın xəbər agentliyinin rəhbərləri, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, mətbuat üzrə beynəlxalq ekspertlər Bakıya toplaşırlar. Azərbaycan noyabrın 16-18-də mötəbər beynəlxalq və regional qurumların çox önəmli tədbirlərinə - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Mübaliğəsiz demək olar ki, bu günlərdə dünyanın xəbər nəbzi Bakıda döyünməyə başlayıb.

 

Nə üçün Azərbaycan, nə üçün Bakı?

 

Dünya Xəbər Agentlikləri Konqresinə ev sahibliyi edəcək ölkə və informasiya agentliyi kiminsə istəyi, yaxud xahişi əsasında müəyyənləşmir. Təşkilatın Nizamnaməsinə görə ev sahibi səsvermə yolu ilə seçilir.

Üç il əvvəl, 2013-cü ildə Ər-Riyadda keçirilən IV Konqresdə AZƏRTAC da şansını sınamaq qərarına gəldi və öz namizədliyini irəli sürdü. Bizimlə bərabər daha bir neçə agentlik konqresə sədrlik etmək arzusunda idi. Şura üzvlərinin əksəriyyətinin dəstəyini qazanan AZƏRTAC Konqresə ev sahibliyi etmək hüququna yiyələndi.

Əslində, dünyanın bir nömrəli media forumunun Azərbaycanda keçirilməsini şərtləndirən amillər var və biz də ilk növbədə buna güvənirdik. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyada söz və nüfuz sahibinə çevrilib. Bəziləri bilməsə də, informasiyanı yaradan və daim xəbərin içərisində olan əcnəbi həmkarlarımız Azərbaycanın uğurlarından yaxşı xəbərdardırlar.

Müasir müstəqil Azərbaycan bu gün dinamik inkişaf edən, iqtisadi, siyasi, sosial və humanitar sahələrdə öz paradiqmalarını yaradan ölkə imici qazanıb. Azərbaycan üzvləri məhdud sayda olan kosmik klubun üzvüdür. O, artıq dünyaya intellektual məhsul - “ASAN xidmət” brendini təqdim edir.

Azərbaycan, eyni zamanda, obrazlı şəkildə “Dünyanın humanitar Davosu” adlandırılan beynəlxalq əməkdaşlığın yeni formatını yaradıb. Siyasi və politoloji leksikonda “Multikulturalizmin və tolerantlığın Azərbaycan modeli”, “Humanitariyanın Azərbaycan platforması”, “Bakı prosesindən başlanan Şərq-Qərb dialoqu” kimi ifadələr yer alıb. Azərbaycan dünyaya öz mesajlarını ünvanlayır və onlar artıq çox yerdə eşidilir, rəğbət doğurur.

Belə bir sınanmış atalar sözü var: Çox oxuyan yox, çox gəzən çox bilər. Digər peşə sahiblərinə nisbətən jurnalistlər çox gəzir və çox şey görürlər. Dünyanın xəbər agentlikləri rəhbərlərinin əksəriyyəti Azərbaycanda olub və ölkəmizdəki inkişafa şəxsən şahiddirlər. Onlar xalqımızın qonaqpərvərliyindən, Bakının gözəlliyindən ağızdolusu danışırlar.

Yeri gəlmişkən, Azərbaycanın artan nüfuzu, qazandığı uğurlar AZƏRTAC-ın xarici əlaqələrinə də müsbət təsir göstərir. Agentliyimiz beynəlxalq informasiya təşkilatlarında fəal təmsil olunmaqla yanaşı, 45-dək xəbər agentliyi ilə ikitərəfli əməkdaşlığa dair sazişlər imzalayıb. V Konqresə Azərbaycanın və AZƏRTAC-ın ev sahibi seçilməsində bu faktorun da rolu az olmayıb. Cəsarətlə demək olar ki, Dünya Xəbər Agentliklərinin Bakı Konqresi Azərbaycanın beynəlxalq aləmə yeni mesajı olacaq.

Xəbər Agentliklərinin Konqresini kuluarlarda “dünya informasiya sammiti” adlandırırlar. Çünki Konqres öz sıralarında 100-dən çox informasiya agentliyini birləşdirən, qlobal informasiya siyasətinin formalaşmasında aparıcı rol oynayan ən mötəbər beynəlxalq media qurumudur. Konqresə, eyni zamanda, bütün regional media təşkilatları - Avropa Xəbər Agentlikləri Alyansı (EANA), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), Ərəb Xəbər Agentlikləri Federasiyası (FANA), Latın Amerikası Xəbər Agentlikləri Birliyi (ULAN) daxildir. Onun sıralarında, həmçinin ABŞ-ın Associated Press, Böyük Britaniyanın Reuters, Rusiyanın TASS, Çinin SİNXUA, İtaliyanın ANSA, Fransanın France Press agentlikləri və digər informasiya nəhəngləri təmsil olunur.

Bakı Konqresi yalnız müzakirə platforması olaraq qalmayacaq. Burada bir sıra müqavilələr imzalanacaq, yeni əməkdaşlıq əlaqələrinin başlanğıcı qoyulacaq.

Bununla da dünyanın bu mötəbər media qurumuna sədrlik AZƏRTAC-a keçəcək və agentliyimiz 2016-2019-cu illərdə Konqresə rəhbərlik edəcək.

 

Xəbər agentlikləri üçün yeni çağırışlar

 

Azərbaycanı beynəlxalq arenada aktor səviyyəsinə yüksəldən Prezident İlham Əliyevin dəstəyi, fəaliyyətində genişmiqyaslı humanitar layihələrə xüsusi önəm verən Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə noyabrın 16-da Heydər Əliyev Mərkəzində açılacaq Konqresin devizi belədir: “Xəbər agentlikləri üçün yeni çağırışlar”.

Müasir dünya xəbərlə nəfəs alır. Zənnimcə, informasiyanın cəmiyyət həyatındakı yerini və rolunu təsvir etmək üçün bundan uğurlu və bundan yığcam ifadə tapmaq çətindir.

Konkret olaraq bizim yaşadığımız dövrü isə xəbərin əsas istehsalçıları olan informasiya agentlikləri üçün yeni çağırışlar, ənənəvi medianın ildırımsürətli və dramatik transformasiyası erası kimi xarakterizə etmək olar. Dünya Xəbər Agentliklərinin Bakı Konqresi məhz belə bir vaxtda keçirilir və onun gündəliyini də təbii ki, həyatın özü müəyyənləşdirir.

Konqres çərçivəsində “Xəbər istehlakının gələcəyi”, “Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları”, “Xəbər agentliklərinin innovasiyası”, “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi”, “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları” mövzularında məruzələr dinləniləcək, diskussiyalar aparılacaq.

Bu mövzuların, çağırışların hər biri dövrün reallığıdır və bütün dünyanı düşündürür. Daim yeniləşən texnologiyalar gündəlik həyatımıza elə sürətlə daxil olur ki, bəzən onlarla ayaqlaşmağa çətinlik çəkirik. İnformasiya texnologiyaları sahəsində inqilabi yeniliklər təkcə xəbər agentliklərində iş yerinin simasını dəyişmir, həyatımızın ayrılmaz hissəsinə çevrilir. Leksikonumuza “Sosial media”, “Vətəndaş jurnalistikası”, “Multimedia”, “İnformasiya sənayesində süni intellekt”, “Onlayn media” və digər bu kimi yeni terminlər daxil olur.

Bu yeniliklər dalğasının yaratdığı çağırışlara xəbər agentlikləri nə dərəcədə hazırdır? Yaxud rəqəmsal mediada bir hadisə haqqında xəbərin çoxsaylı versiyalarını normal hesab etmək olarmı? Xəbər agentlikləri ilə sosial medianın müxtəlif platformaları arasında münasibətlər rəqabətə, yoxsa əməkdaşlığa əsaslanmalıdır? Bu məsələlər hazırda beynəlxalq və regional media qurumlarının tədbirlərində ən çox müzakirə edilən mövzulardır.

Dünya Xəbər Agentlikləri Konqresinin, OANA-nın, EANA-nın, FANA-nın prezidentləri, Associated Press, Reuters, SİNXUA, AZƏRTAC, Anadolu, TASS, France Press, Press Association, EFE, Yonhap, Kyodo, TT, SPA, BTA, AAP, İRNA, DPA, Notimex, ATPE və digər nüfuzlu informasiya agentliklərinin, “Los-Angeles Times” qəzetinin, “Al Arabiya” televiziyasının rəhbərləri, “Tripod Advisors”, “News Corp”, “PwC”, “Axel Springer”, “Stibo Accelerator” aparıcı media şirkətlərinin mütəxəssisləri Bakı Konqresinin sessiyalarında məruzələrlə çıxış edərək rəqəmsal texnologiyaların vüsətli inkişafı dövründə xəbər agentliklərinin fəaliyyətinin yeni trendləri barədə fikirlərini bölüşəcəklər.

 

Beşinci Konqres. Beş qitə. Beş sessiya

 

Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq işləri ilə bağlı qurumun Şurasının beş iclası keçirilib: ikisi Londonda, üçü Bakıda. Sonuncu iclasda Konqresin gündəliyinin müzakirəsi zamanı belə bir fikir səsləndi: Təsadüfə baxın, beşinci Konqresdə beş sessiya keçiriləcək və beş qitənin informasiya agentlikləri təmsil olunacaq. Bu baxımdan Bakı Konqresi təkcə sessiyaların çoxluğu, müzakirə ediləcək mövzuların aktuallığı ilə deyil, iştirakçı agentliklərin sayına və coğrafiyasına görə fenomen təşkil edir.

Konqresdə ilk dəfədir ki, dünyanın bütün qitələri böyük heyətlə təmsil olunur. Bakıya Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib. İnkişaf səviyyəsində və qabaqcıl texnologiyaların yayılmasında fərqlərə baxmayaraq, bütün qitələrin peşəkar jurnalistləri iki gün ərzində plenar iclasda və beş sessiyada informasiya məhsulunun istehsalçısı olan xəbər agentliklərinin problemlərini birlikdə müzakirə edəcəklər.

Konqresin sessiyalarını təsnifatlaşdırsaq, zəngin bir palitra alınır. Onların hamısını səciyyələndirən bir amili xüsusi vurğulamağa ehtiyac var: İstehlakçılara obyektiv, fundamental dəyərlərə və peşəkar jurnalistikanın əsas meyarlarına uyğun informasiya çatdırılmasında müasir kommunikasiya texnologiyalarından geniş istifadə edilməsinin, dəqiq, tərəfsiz və qərəzsiz xəbər hazırlanmasına sadiqliyin təşviqi Bakı Konqresinin başlıca məqsədidir.

Zənnimcə, sessiyaların qısa xülasəsinə diqqət yetirsək, Konqresin məqsəd və məramını daha aydın təsəvvür edə bilərik.

 

Xəbər istehlakının gələcəyi və sosial media fenomeni

 

Müzakirələrin xəbər istehlakının gələcəyi ilə bağlı problemlərə yönəldildiyi birinci sessiya informasiya sənayesində tələb və təklifin mütənasibliyi məsələsinə həsr olunub. Bu sessiyada kommunikasiya texnologiyalarının və informasiyanın ictimaiyyət tərəfindən qəbul edilməsinin yeni vasitələri, xəbərin seçilmiş və ya ümumi auditoriyaya çatdırılması yolları ilə bağlı təcrübə və fikir mübadiləsi aparılacaq.

İkinci sessiyanın əsas müzakirə obyekti isə yeni texnologiyaların və sosial medianın xəbər sənayesində yaratdığı imkanlar, habelə şəbəkəsi daim genişlənməkdə olan sosial media fenomenidir. Bu gün sosial media təkcə informasiyanın yayılmasında deyil, həm də yaranmasında vasitəçi və ya platforma rolu oynayır.

Yeri gəlmişkən, müasir jurnalistikanın üzləşdiyi yeni çağırışlarla əlaqədar, ilk növbədə, rəqəmsal əsr üçün səciyyəvi olan tamamilə yeni vasitələrdən istifadə məsələsinə toxunmaq istərdim. Bu vasitələr jurnalist peşəsini yeni məzmunla zənginləşdirir və bizi həyata yeni gözlə baxmağa, maksimum çeviklik göstərməyə sövq edir. İndiki dövrün tələbi jurnalistin keçmiş vərdiş və miflərdən bərk-bərk yapışaraq yeniliyə müqavimət göstərməsi deyil, gözlənilməz nəticələrdən, hətta risklərdən çəkinməyərək fəaliyyətini çoxvektorlu dəyişikliklər sisteminə uyğun qurmağı bacarmasıdır.

İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dünyada ətraf aləmdən təcrid olunmuş xəbərlər kabinəsində əyləşərək tək-tənha işləyən, yaxud məsələn, qaynar nöqtələrdən reportaj aparan jurnalist obrazı ümidsiz dərəcədə köhnəlib və artıq işə yaramır. Müasir jurnalist informasiyanın toplanması, işlənməsi və yayılması üçün istifadə edilən şəbəkənin bir qovşağıdır. Müəyyən mənada deyə bilərik ki, peşəkar identifikasiyanın yeni tipi – “şəbəkələşmiş jurnalist” tipi formalaşır və o, öz növbəsində şəbəkə jurnalistikasının bir subyektidir.

İndi fərdi reportyorların idarə etdiyi mikrobloqlara da biganə qalmaq mümkün deyil. Burada informasiyanı bölüşmək və sürətlə yaymaq üçün hədsiz imkanlar var. Sayı sürətlə artmaqda olan mikrobloqlar jurnalist təhqiqatlarının bu və ya digər mövzularına diqqəti cəlb edən “vətəndaş informasiya agentlikləri” statusu qazanmaqdadır.

Jurnalistlərin “kraudsorsinq”ə müraciəti kimi daha bir yeni metod diqqəti çəkir. “Kraudsorsinq” vətəndaş jurnalistikasının hüdudlarını genişləndirir və “kollektiv zəka” imkanlarından istifadə edərək informasiyanı toplamağa və yoxlamağa, habelə xəbər istehsalında seçim funksiyalarını həyata keçirməyə imkan verən təcrübələrin geniş spektrini əhatə edir.

 

Xəbər agentliklərinin innovasiyası: ənənəvi və müasir media bir-birini necə tamamlaya bilər

 

Konqresin üçüncü sessiyasında xəbər agentliklərinin innovasiyaları və informasiyanın müvafiq istifadəçi auditoriyasına ötürülməsində ənənəvi və müasir medianın bir-birini necə tamamlaması məsələlərinə diqqət yetiriləcək.

Bu gün televiziya, radio, çap mediası və internet də daxil olmaqla informasiyanı çatdırmağın yeni formatlarının ünvanlı auditoriyanı xəbər istehlakında üstünlük verilən innovativ üsullara uyğun böldüyünü aydın görürük. Odur ki, informasiya cəmiyyətinin təşəkkülü, perspektivləri barədə müzakirələr yalnız yeni informasiya texnologiyaları sahəsində baş verən tərəqqiyə əsaslandıqda lazımi səmərə verə bilər.

Hazırda videomateriallar insanlarda vizual informasiya mənbəyi kimi daha çox maraq oyadır və mətn şəklində xəbərləri getdikcə üstələyir. Təbii ki, bu trendlərə biganə qalmaq olmaz və onlara yeni reallıqlar kimi yanaşmaq lazımdır. Müasir jurnalist sosial şəbəkələrin funksiyalarını bilməli, informasiyanın necə yayıldığını izləməli, yeni texnologiyalardan istifadə etməyi bacarmalıdır. Bu da, öz növbəsində, jurnalistlərin təlimi məsələsini gündəmə gətirir.

 

İnformasiya yayımının sürətli və vizual forması: multimedia

 

Xəbərçilik və xəbər ötürülməsi sahəsində multimedianın roluna həsr olunan dördüncü sessiyada informasiyanın yayılmasının sürətli və vizual forması olan multimedia məhsulunun istehlakçıya çatdırmağın yolları araşdırılacaq. Buraya təkcə sonradan istifadəçilərə təqdim edilən multimedia məhsulları deyil, həm də birbaşa informasiya mənbəyinə çıxış imkanı verən internetdəki sosial şəbəkələr və digər paylaşma platformalarında canlı yayım da daxildir. Bu innovasiyalar həm xəbərin istehsalı, istehlakı və şərhi, həm də informasiyanın auditoriyaya çatdırılmasında multimediadan səmərəli istifadə olunması üçün jurnalistlərə təlimlər keçirilməsini ön plana çıxarır.

Konqresdə bu mövzuya ayrıca sessiyanın həsr olunması onunla bağlıdır ki, mətn, video və audioinformasiya jurnalistin təhkiyəsində getdikcə daha çox inteqrasiya edir və vizual təyinlərə əsaslanan axtarış mexanizmləri teqlərin və mətnin təhlili mexanizmləri ilə müqayisədə daha “ağıllı” təsir bağışlayır. Vizual dildən savadlı istifadə edilməsi jurnalistlər üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Vizual kommunikasiyanın fərqini və üstünlüyünü daha yaxşı anlamaq, onun incəliklərinə yiyələnmək informator peşəsinin mühüm şərtinə çevrilir.

Rəqəmsal həyatda eyni bir əhvalatın, yaxud hadisənin çoxsaylı versiyaları normal qarşılanmalıdır. Adətən insanlar xəbər mənbələri kimi müxtəlif platformalardan istifadə edirlər. Onlar düşünürlər ki, müasir şəraitdə jurnalistin neytrallıq və obyektivlik şərtlərinə riayət etməsi çox çətindir. Ancaq nə qədər çətin olsa da, xəbər agentlikləri peşəkarlığı, obyektivlik və qərəzsizlik prinsiplərini daim qorumalıdır.

Jurnalistlərin qarşılaşdığı ənənəvi problemlərə – onların missiyasının qorunmasına, informasiyaya çıxışına və münaqişə zonalarında fəaliyyətinə həsr olunacaq beşinci sessiyada mətbuat azadlığı, silahlı münaqişə və siyasi qeyri-sabitlik bölgələrində xəbər hazırlamaqla həyatlarını risk altında qoyan media peşəkarlarının şəxsi təhlükəsizliyinin təmin edilməsi yolları barədə müzakirələr aparılacaq. Yəqin razılaşarsınız ki, milli və dini zəmində münaqişələrin kəskinləşdiyi, dünyanın başı üzərində terror kabusunun dolaşdığı bir vaxtda bu məsələ də son dərəcə aktualdır.

 

Tarixə qısa ekskurs

 

Beynəlxalq media qurumlarının tarixinə qısaca nəzər salmaq dünya informasiya məkanında cərəyan edən prosesləri bir qədər də dərindən anlamağa yardımçı ola bilər.

Dünya Xəbər Agentliklərinin ilk Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə 2004-cü ilin sentyabrında Moskvada keçirilib. Buna qədər isə xəbər agentliklərinin dünyanın əsas regionlarını əhatə edən beynəlxalq qurumları yaradılmışdı. İlk olaraq 1956-cı ilin avqustunda Strasburqda yeni media texnologiyalarına həsr edilmiş konfransda Avropa Xəbər Agentlikləri Alyansı - EANA təsis olunmuşdu. Bundan beş il sonra - 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), 1964-cü ildə isə Ərəb Xəbər Agentlikləri Federasiyası (FANA) fəaliyyətə başlamışdı. Bu regional təşkilatlar üzv agentliklər arasında əməkdaşlıq əlaqələrini gücləndirmək, informasiya mübadiləsi aparmaq, ortaq mənafeləri müdafiə və təşviq etmək istiqamətində nə qədər səmərəli fəaliyyət göstərsələr də, dünyanın bütün informasiya agentliklərini birləşdirən vahid platformaya ehtiyac getdikcə daha çox hiss olunurdu. Dünya Xəbər Agentlikləri Konqresi məhz bu zərurətdən yarandı.

Xatırladaq ki, sonrakı üç Konqresə, müvafiq olaraq İspaniya, Argentina və Səudiyyə Ərəbistanı ev sahibliyi edib. Dünya mediasının əsas trendlərinin müəyyənləşdirilməsi baxımından nadir platforma olan Konqresdə yeni prezident vəzifələrinin icrasına başlayır və səsvermə yolu ilə növbəti müddət üçün təşkilatın rəhbəri seçilir.

Bu yerdə haşiyə çıxıb AZƏRTAC-ın beynəlxalq media təşkilatlarında təmsilçiliyi ilə bağlı mühüm bir məqamı xatırlatmağı vacib hesab edirəm. Yadımdadır, 2002-ci ilin oktyabrında ulu öndər Heydər Əliyev mənə tapşırdı ki, çalışın AZƏRTAC dünya informasiya məkanına çıxsın. Bunun yolunu da göstərdi. Yaxşı xatirimdədir, dedi ki, informasiya agentliklərinin beynəlxalq təşkilatlarına üzv olun, milli xəbər agentlikləri ilə sıx əlaqələr qurun. Bizim EANA-ya, OANA-ya, sonradan bütün dünyanın xəbər agentliklərini öz sıralarında birləşdirən Konqresə gedən yolumuz, beynəlxalq əməkdaşlığımızın tarixçəsi belə başladı. Ulu Öndərimizin böyük uzaqgörənliklə verdiyi tapşırığın nəticəsidir ki, AZƏRTAC bu gün bir vaxt üzv olmağa can atdığı həmin təşkilatlara sədrlik etmək hüququ qazanıb və onların yüksək səviyyəli tədbirlərinə ev sahibliyi edir.

Dünya Xəbər Agentlikləri Konqresinin əsas orqanı Şuradır (NACO). Şuraya Konqresin hazırkı prezidenti, iki sabiq prezidenti, növbəti Konqresin təşkilat komitəsinin baş katibi və sədri, regional xəbər təşkilatlarının, habelə Associated Press və Reuters agentliklərinin rəhbərləri daxildir.

 

Dünyada informasiya axınının üçdə iki hissəsi OANA-ya üzv agentliklərin payına düşür

 

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) ən böyük regional media qurumudur. OANA 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsinə kömək məqsədi ilə yaradılıb. Təşkilata 35 ölkədən 44 informasiya agentliyi daxildir. Qurumun üzvü olan agentliklər dünyada bütün informasiya axınının üçdə iki hissəsini təmin edir.

OANA-nın məqsədi region ölkələrində informasiya axınına təkan vermək, inkişaf etmiş və inkişafda olan dövlətlər arasındakı informasiya fərqini aradan qaldırmaq, xəbər agentliklərinin redaktə, təlim, kommunikasiya və texniki imkanlarını təkmilləşdirməkdir.

Təşkilatın ali orqanı üç ildən bir keçirilən Baş Assambleyadır. Assambleyada informasiya agentliklərinin qarşılaşdıqları problem və çağırışlar müzakirə edilir, media sahəsində innovasiyalar barədə fikir mübadiləsi aparılır. OANA-nın ilk Baş Assambleyası Tailandda, sonrakı toplantılar Yaponiya, İndoneziya, Malayziya, Hindistan, Çin, İran, Rusiya, Türkiyə və digər ölkələrdə keçirilib.

Təşkilatın noyabrın 18-də Bakıda “Absheron Marriot” otelində keçirilməsi nəzərdə tutulan XVI Baş Assambleyasının iclasına 40 agentliyin rəhbəri və təmsilçisi qatılacaq.

Baş Assambleya çərçivəsində iki plenar sessiya, OANA İcraiyyə Komitəsinin 40-cı və 41-ci iclasları keçiriləcək. Bu tədbirlərdə OANA-nın keçmiş və yeni prezidentlərinin, baş katiblərinin məruzələri, maliyyə, texniki və etika komitələrinin hesabatları dinləniləcək, təşkilati məsələlərə baxılacaq, növbəti Baş Assambleyanın, İcraiyyə Komitəsinin 42-ci iclasının tarixləri və yerləri müəyyənləşdiriləcək.

Beləliklə, növbəti üç ildə bu təşkilata da sədrlik, qurumun veb-saytının idarə edilməsi və digər təşkilati məsələlər AZƏRTAC-a həvalə olunacaq.

2004-cü ildən OANA-da fəal təmsil olunan AZƏRTAC üç dəfə büro üzvü seçilib və 2013-cü ildə Moskvada keçirilən XV Baş Assambleyada gizli səsvermə yolu ilə 2016-2019-cu illərdə bu təşkilata sədrlik hüququ qazanıb.

AZƏRTAC OANA-nın saytında hər il 4 minə yaxın xəbər, 700-dən artıq video və 1600-dən çox foto yerləşdirir, Azərbaycan Prezidentinin və birinci xanımın fəaliyyəti barədə, ölkənin ictimai-siyasi, mədəni, iqtisadi və idman həyatında baş verən mühüm hadisələrlə bağlı məlumatları təşkilatın üzv agentlikləri arasında yayır.

Dünya Xəbər Agentliklərinin V Konqresi və OANA-nın XVI Baş Assambleyası ilə eyni vaxtda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası da keçiriləcək. İclasın gündəliyinə qurumun 2016-cı ildə fəaliyyəti, müştərək layihələrin reallaşdırılması, informasiya mübadiləsinin genişləndirilməsi kimi məsələlər daxildir.

 

İnformasiya inqilabı: dünya mediası hara gedir?

 

Yaşadığımız yüzilliyi haqlı olaraq informasiya inqilabı əsri adlandırırlar. Bu inqilabın əsasını informasiyanın sürətinə və həcminə görə misli görünməmiş innovasiya texnologiyaları təşkil edir.

Təxminən 30 il əvvəl həyatımıza daxil olan internet hazırda informasiyanın qəbul edilməsində və yayılmasında hədsiz imkanlara və üstünlüklərə malikdir. Bu kəşf nəticəsində informasiya axınları milli hüdudları aşır və sərhəd tanımadan dünya informasiya məkanına inteqrasiya edir.

İnformasiya inqilabı, eyni zamanda, cəmiyyətin siyasi həyatına ciddi dəyişikliklər gətirir. Məsələn, qanun layihələri hələ ilkin işlənib hazırlanması mərhələsində ikən onların mətninin nəhəng auditoriya - milyonlar üçün anında əlçatan olması təmin edilir. Digər tərəfdən, hər bir vətəndaşın nisbətən minimal xərclər müqabilində öz tərkibinə görə qeyri-məhdud auditoriyaya müraciət etmək, bu və ya digər məsələyə dair öz fikrini bildirmək imkanı da prinsipial yenilikdir.

Belə bir şəraitdə həqiqətən dramatik transformasiyaya məruz qalan ənənəvi jurnalistika öz yolunu axtarır. Bakı Konqresinin mahiyyətində dayanan, onun ana xəttini təşkil edən də məhz bu məsələdir: Dünya mediası hara gedir? Cavab bəlkə də ilk baxışda sadə görünə bilər: medianı gələcəyə aparan yol haqqında yetərincə danışdığımız texnologiyalardan, o cümlədən hamımızın artıq öyrəşdiyimiz yeni qurğuların tətbiqindən keçir. Lakin onu da unutmaq olmaz ki, internetin aşkar üstünlüklərinə baxmayaraq, şəbəkənin mənfi təsirləri ilə də üzləşirik.

Eyni zamanda, informasiya infrastrukturu və resursları dünyada liderlik uğrunda dövlətlərarası mübarizə arenasına və vasitəsinə çevrilir, fərdi və kütləvi şüur isə kütləvi informasiya və kommunikasiya vasitələrinin fəaliyyətindən getdikcə daha çox asılı vəziyyətə düşür. Bu gün tam əminliklə demək olar ki, informasiya təhlükəsizliyi məsələləri qlobal informasiya cəmiyyətinin inkişafında ciddi problemə çevrilib.

Bütün bu hadisələr texnoloji tərəqqinin təsiri altında jurnalistikanın transformasiyası əsrində üzləşdiyi və bir qədər əvvəl haqqında bəhs etdiyimiz yeni çağırışlardır. Biz getdikcə daha çox hallarda sosial media ilə qonşuluq və əməkdaşlıq etməli oluruq, lakin rəqabət halları da yox deyil. Bu, xeyli dərəcədə həm milli, həm də beynəlxalq miqyasda hüquqi bazanın tam təkmilləşməməsinin, işlək hüquqi tənzimləmə mexanizminin olmamasının nəticəsidir. İnternetin qlobal xarakterini nəzərə alsaq, bu problemin öhdəsindən yalnız beynəlxalq əməkdaşlıq və birgə səylərlə gəlmək olar.

Müasir jurnalistikanın üzləşdiyi yeni çağırışlar həmkarlarımızın rəqəmsal əsr üçün səciyyəvi olan tamamilə yeni peşə vasitələrindən istifadə etməsi məsələsini də gündəmə gətirir. Bu vasitələr jurnalist peşəsini yeni mənada anlamaq üçün hədsiz imkanlar təklif edir. Onların arasında məlumatların əldə edilməsi və təhlili, xəritəçəkmə, vizual jurnalistika kimi potensial imkanları xüsusi qeyd etmək istərdim.

Rəqəmsal texnologiyalar əsrində jurnalistikanın inkişafını və gələcəyini müəyyənləşdirən yeni trendlərə məhəl qoymamaq, biganə qalmaq mümkün deyil. Bu trendlər müasir dövrün reallıqlarıdır və onları qəbul etmək lazımdır. Biz şəbəkə jurnalistikasına peşəmizin əsasını təşkil edən müstəqillik və keyfiyyət cəhətləri üçün təhlükə mənbəyi kimi deyil, əksinə, sərt korporativ nəzarətdən xilas olmaq imkanı kimi baxmalıyıq.

Medianın və ənənəvi jurnalistikanın gələcəyi barədə sualın cavabını tapmaq və dəqiq reseptlər vermək doğrudan da asan məsələ deyil.

Hesab edirəm ki, oxucuda mötəbər beynəlxalq media qurumları və onların Bakıda keçiriləcək tədbirləri, gündəlikdəki əsas mövzular, xəbər istehsalının və istehlakının aktual problemləri, müasir dövrün çağırışları və trendləri barədə müəyyən təsəvvür yarada bildik. Yaxın üç gündə biz dünya xəbər məkanının bu günü və gələcəyi ilə bağlı işgüzar müzakirələrin, birgə qərarların şahidi olacağıq. Azərbaycanın mötəbər beynəlxalq tədbirləri təşkil etmək sahəsində zəngin təcrübəsi, Heydər Əliyev Fondunun dəstəyi Dünya Xəbər Agentliklərinin Bakı Konqresinin də yüksək səviyyədə keçəcəyinə zəmanət verir. Tam əminliklə demək olar ki, dünyanın bütün qitələrini təmsil edən peşəkarlar Bakıda səmərəli işləyəcək və Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar.

 

Aslan Aslanov

AZƏRTAC-ın Baş direktoru

 

Azərbaycan.- 2016.- 15 noyabr.- S. 6.