Sərkərdə mətinliyi və qətiyyəti
Ali Baş Komandan
İlham Əliyev işğaldan yenicə azad edilmiş Azərbaycan
torpağından düşmənə son xəbərdarlığını
etdi
Lələtəpə Azərbaycan torpağıdır!
Dörd günlük aprel müharibəsi zamanı işğaldan azad edilib!
Və ilk dəfədir ki, Ali Baş Komandan cənab İlham Əliyev düşməndən geri alınmış ərazilərimizə gedərək qəhrəman Azərbaycan əsgər və zabitləri ilə görüşdü, onları hərbi əməliyyatlarda fərqləndiklərinə görə mükafatlandırdı, komanda məntəqəsindən qarşı tərəfi seyr etdi, müvafiq tapşırıqlarını verdi!
Həm də düşmənə sonuncu xəbərdarlığını etdi!
Hazırkı səfərə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində bir sıra hadisələr və dəyişikliklər baş vermişdir. Azərbaycanın son iyirmi ildə ilk dəfə olaraq ərazilərinin bir qismini düşməndən geri alması ilə nəticələnən dəyişikliklər isə cənab İlham Əliyevin rəhbərliyi dövründə ölkə daxilində və beynəlxalq aləmdə, o cümlədən münaqişənin həlli istiqamətində apardığı uzaqgörən və səmərəli siyasətin birbaşa nəticəsidir.
“İşğal
edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi
hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi “müstəqilliyimizin övladıdır” - desək, yəqin ki, səhv etmərik! Çünki hər dəfə Azərbaycan dövlət müstəqilliyinə can atanda və buna nail olanda Azərbaycanın müstəqilliyini istəməyən dövlətlər və qüvvələr bunun qarşısını almaq üçün min bir məkrli planlar qurmuş, müxtəlif üsullarla ölkəmizdən ərazi qopararaq “alət-milləti” olan ermənilərə “pay” vermiş, onların dövlətini yaratmağa, ərazilərini genişləndirməyə nail olmuşlar. 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövründə baş verən hadisələr də buna parlaq misaldır.
Qırmızı imperiyanın çöküşü zamanı baş verənlər isə tarixin yenidən təkrarlandığının sübutudur.
Yenə eyni ssenari, yenə eyni qüvvələr...
Təəssüf ki, həmin dövrdə xalq həqiqi rəhbərindən - ulu öndər Heydər Əliyevdən müvəqqəti olaraq aralı düşmüşdü. Azərbaycana rəhbərlik edənlər isə görünür ya tarixin ibrət dərslərindən lazımi nəticələr çıxarmağı bacarmırdılar, ya da maymaq, qətiyyətsiz və təcrübəsiz olduqlarından mövcud proseslərdən baş çıxarmaq, yaxud mənfi meyillərə müqavimət göstərmək iqtidarında deyildilər. Odur ki, torpaqlarımız yenidən işğala məruz qaldı, 20 min vətən övladı şəhid verilərək bir milyon qaçqın və məcburi köçkün ordusu yarandı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə görülən işləri üç şərti mərhələyə ayırmaq olar. Birinci mərhələyə ulu öndər Heydər Əliyevin gördüyü işlər daxildir. Buna qədər Azərbaycanın həm özünün, həm də o dövrdə ölkəyə rəhbərlik edənlərin bu mürəkkəb məsələnin qarşısının alınmasında və çözümündə siyasi-psixoloji hazırlıq və qabiliyyətlərinin lazımınca olmadığını görürük. Onlar ya başlarını itirir, ya mərkəzin (Moskvanın) itaətindən çıxmağı bacarmır, ya da “demokrat olduqları üçün” kiminsə torpağı onlara qaytaracağına bel bağlayırdılar. Nəticədə nə vaxtında ordu yaradıldı, nə torpaqların müdafiəsi təşkil edildi, nə beynəlxalq aləmdə iş aparıldı, nə də BMT-nin qəbul etdiyi qətnamələrin dərhal icrasına nail olundu. Hətta ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sessiyasında çıxış edərək Dağlıq Qarabağ məsələsinin kökünün dərinliklərdə olduğunu və onun həllinə xüsusi yanaşma tələb edildiyini söyləyərək səmərəli təkliflərini verəndə ona qulaq asmaq istəmədilər. Sonradan ağrı-acısını isə tək keçmiş rəhbərlik yox, bütün Azərbaycan xalqı çəkəsi oldu!
Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ilk günlərdən münaqişənin həllinə ciddi diqqət yetirməyə başladı və bir sıra mühüm addımlar atdı. 1994-cü ilin yanvarında onun rəhbərliyi ilə Füzuli rayonunda uğurlu hərbi əməliyyat keçirilərək Horadiz qəsəbəsi və 22 kənd işğaldan azad edildi. Düşmən Heydər Əliyevin qayıdışı ilə müharibənin gedişində mühüm dəyişikliyin baş verdiyini anlayaraq atəşkəs müqaviləsi imzalamalı oldu. Beləliklə, yeni ərazilərin işğalının da qarşısı alındı.
İkinci vacib məsələ ordu quruculuğuna başlanılması oldu. Ayrı-ayrı partiyaların və insanların maraqlarına xidmət edən qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, əhalidəki qanunsuz silah-sursat toplandı, möhkəm və dönməz sabitlik yaradılaraq milli ordunun formalaşdırılması prosesi sürətləndirildi.
Müstəqilliyin ilk illərində Azərbaycanın beynəlxalq aləmə çıxan informasiya və mətbu orqanları yox idi. SSRİ-nin informasiya resurslarından istifadə edən Ermənistan beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz xeyrinə təhrif olunmuş rəy formalaşdırmış, bizim haqqımızda isə “vəhşı məllət”, “zavallı erməniləri sıxışdıran” xalq imicini yaratmışdı. Ulu öndər yüzlərlə jurnalistin görə bilmədiyi işi təkbaşına həyata keçirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında əsl həqiqətlərin dünya icttimaiyyətinə, beynəlxalq təşkilatlara və ayrı-ayrı dövlətlərə çatdırılmasına nail oldu.
Daha bir həlledici addım isə ATƏT-ə üzv ölkələrin Lissabon şəhərində keçirilən sammitində atıldı. Azərbaycan Prezidenti Heydər Əliyevin təkidi sayəsində “ölkələrin ərazi bütövlüyü prinsipi”nin “millətlərin öz müqəddəratını təyinetmə hüququ”ndan üstün olması fikrini əsaslandıran müddəanın qəbul edilən sənədlərə əlavə edilməsinə nail olundu. Ömür vəfa etmədiyindən ulu öndər başladığı işləri sona çatdıra bilmədi. Gördüyü nəhəng işlərlə yanaşı öz layiqli siyasi varisini də yetişdirərək bizi cismən tərk etdi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev özündən əvvəl görülən işləri daha da inkişaf etdirərək yeni mərtəbəyə qaldırdı.
Müasir dövrdə müharibə cəbhəsində qələbə əldə etmək üçün ilk növbədə iqtisadi sahədə və beynəlxalq aləmdə uğur və nüfuz qazanaraq buna təməl yaratmalısan. Cənab İlham Əliyevin gördüyü işlər müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi, xalqın rifahının yüksəldilməsi və digər problemlərin müvəffəqiyyətli həlli ilə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də ölkəmizin ərazi bütövlüyü əsasında çözümünə xidmət etmişdir.
Onlar hansılardır:
Əvvəla, Azərbaycan sürətli inkişaf yolu keçərək iqtisadiyyatını üç dəfə artırdı, dünya üzrə ən yüksək ÜDM istehsalına nail oldu. Müharibə həm də ölkələrin iqtisadiyyatından asılıdır və onun hər dəqiqəsi pul tələb edir. Odur ki, bu sahədə düşmənlərimizi xeyli üstələdik.
İkincisi, “hücum diplomatiyası” konsepsiyasını elan edən cənab İlham Əliyev Ermənistanın işğalçılıq əməllərinin beynəlxalq qurumlarda və dünya ölkələrində ifşasına start verdi. Artıq bütün dünya əsl həqiqətləri bilir. Və Ermənistanın işğalçı olduğu Avropa İttifaqının, AŞPA-nın, İƏT-in, NATO PA-nın və digər qurumların qəbul etdikləri sənədlərdə öz əksini tapmışdır. Ondan çox ölkənin parlamenti Xocalı faciəsini soyqırımı kimi təsdiq etmişdir.
Üçüncüsü, münaqişənin sülh yolu ilə həllinə çalışan Azərbaycan müharibə variantını da heç vaxt istisna etməyib. Çünki Ermənistan rəhbərliyi hər vəchlə sülh danışıqlarından yayınır, ATƏT-in Minsk qrupu, habelə həmsədr dövlətlər onun şıltaqlıqlarına “akademik dözümlülük” göstərir, BMT Təhlükəsizlik Şurası isə öz nüfuzunun və qəbul etdiyi dörd qətnamənin icrasının qayğısına qalmır.
Azərbaycan Ordusunu Cənubi Qafqazın (həm də dünyanın) ən güclü və modern ordusuna çevirən cənab İlham Əliyev ordumuzun ən yeni texnologiyalara əsaslanan müasir silahlarla silahlandırılmasını diqqət mərkəzində saxlayır və buna lazım olduğu qədər vəsait ayırır.
Dördüncüsü, artıq Azərbaycanın özünün oturuşmuş Müdafiə Sənayesi vardır və orduya gərək olan silah-sursatın bir qismini özümüz istehsal edirik.
Bütün bunlar özünün məntiqi sonluğuna çatdı:
Cari ilin aprelində erməni təxribatına cavab verən Azərbaycan Milli Ordusu 2000 hektardan çox ərazini işğaldan azad edərək bir o qədərini də nəzarəti altına aldı! Aprel əməliyyatını yüksək qiymətləndirən Ali Baş Komandan İlham Əliyev demişdir: “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir”.
“Ermənistanın
rəhbərliyi başqasının gücünə güvənməsin”
Ermənistan marionet və monoetniq ölkəyə
çevrilmişdir.
Dünyaya multikulturalizm nümunəsi göstərən
Azərbaycanda isə onlarla etnos yaşayır.
Otuz mindən
çox erməninin ömür sürdüyü ölkəmizə
“erməni qonaqları”nın gəlməsi
nadir hadisə deyil!
Biz
heç zaman xoş niyyətlə gələnləri
qapıdan qovmamışıq!
Bu günlərdə üç Ermənistan vətəndaşının
Azərbaycana gəlişi də adi səfərlərdən
biri sayıla bilərdi. Hər gah onu qeyri-adi edən müəyyən
nüanslar olmasaydı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həlli istiqamətində
ulu öndər Heydər Əliyevin və möhtərəm
Prezident İlham Əliyevin gördükləri işlər
barədə qısaca danışdıq. Bu işlərin yekununda
aprel ayında baş verənləri isə təkcə Ermənistan
yox, bütün dünya gördü və bildi! Reallıq budur ki, blokada vəziyyətinə
salınan Ermənistan iflas həddindədir. Korrupsiyalaşmış kriminal ölkə rəhbərliyi
ilə xalq arasında dərin uçurum yaranmış,
dövlət müstəqilliyini itirən Ermənistan forposta,
özgəsinin quberniyasına çevrilmişdir. Hazırda təkcə Dağlıq Qarabağda yox,
Ermənistan ərazisində yaşayan on minlərlə sadə
erməni də Ermənistanın cinayətkar rəhbərliyinin
girovuna çevrilib. Onlar dilənçi
şəraitində, daim səksəkədə, müharibənin
yenidən alovlanacağı qorxusu və ölüm təhlükəsi
altında əsir həyatı sürməkdədirlər.
Rüşvət vermək imkanı olan ermənilər
çoxdan ailələrini də götürərək bu dilənçi
və perspektivsiz ölkəni atıb xaricə gediblər.
Yerdə qalanlar qocalar, əlsiz-ayaqsızlardır.
Onlar isə Azərbaycanın nə vaxtsa öz
torpaqları ilə bərabər onları da girovluqdan azad edəcəyini,
iqtisadi imkanlarımızdan barınaraq insan kimi
yaşayacaqları günü gözləyirlər. Biz də Azərbaycan Konstitusiyasını qəbul
edərək əvvəlki kimi ərazimizdə dinc fəaliyyət
göstərəcək ermənilərlə birgə
yaşamağa hazır olduğumuzu dəfələrlə
söyləmişik. Sadəcə, problem biz tərəfdə
deyil, erməni tərəfindədir!
Ən nəhayət,
Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyanın
“Sputnik” agentliyinə verdiyi müsahibədə “Dağlıq
Qarabağa muxtar respublika statusu verilə bilər” deməklə
güzəştin son həddini də müəyyən etdi.
Beləliklə,
ya sülh, ya müharibə seçimi özünün pik həddinə
çatdı!
Əgər dörd günlük aprel müharibəsi və
onun Ermənistanı şoka salan nəticələri
olmasaydı, heç kəs, xüsusən ermənilər vəziyyətin
dalana dirəndiyini və kəskinliyini aydınlığı
ilə dərk etməzdi. Artıq Ermənistan cəmiyyəti
müharibənin birinci mərhələsinin eyforiyasından
ayılıb və növbəti mərhələnin onlar
üçün fəlakətlə nəticələnəcəyinin
qaçılmazlığını dərk edir! Ermənistanın kriminal rəhbərliyi ilə
reallığı dərk edən erməni toplumu
arasındakı kəskin fikir ayrılığı və
qarşıdurmanın ən yüksək səviyyəyə
çatması da məhz bu səbəbdəndir. Artıq
erməni xalqı bu qarşıdurmada kriminal ölkə rəhbərliyinə
qalib gəlməsə, münaqişə beynəlxalq
hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik
Şurasının dörd məlum qətnaməsi əsasında
həllini tapmasa, hansı fəlakətlərə
düçar olacağını yaxşı anlayır.
Hamı başa düşür ki, Azərbaycanla müharibə
onlara heç nə qazandırmadı, özgə
torpaqlarını işğal etməklə heç nə yiyəsi
olmadılar! Əksinə, forpost dövlətə çevrilməklə
müstəqilliklərini itirdilər, övladlarını
onların olmayacaq torpaqlara görə qurban verdilər və nə
qədər ki, ağıllanmayıblar
yaxşılığa doğru heç bir dəyişiklik
baş verməyəcəkdir!
Bütün bu fikirləri Bakıya gələrək
beynəlxalq tədbirdə çıxış edən Ermənistan
vətəndaşlarının dillərindən eşitdik. Ermənistan “Milli Azadlıq
Hərəkatı” təşkilatının rəhbəri
Vaan Martirosyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan
və “Meridian” Qeyri-Hökumət Təşkilatının sədr
müavini, hüquq müdafiəçisi Suzanna Caqinyan əvvəlcə
Bakıdakı “Xocalı soyqırımı” abidəsini ziyarət
edərək bu günahsız qurbanların xatirəsi
önündə baş əydilər. Sonra “Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr
və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan
baxış” mövzusunda beynəlxalq konfransda fikir və
düşüncələrini iştirakçılarla
bölüşdülər. Onların dediklərindən bəzi
sitatlar gətiririk:
Ermənistan
“Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri,
hüquq müdafiəçisi Vaan Martirosyan:
* “Ermənistanda hakimiyyəti güc yolu ilə tutan,
Xocalı soyqırımını törədən hakimiyyət
indi də öz xalqına qarşı soyqırımı
törədir.
Bu hakimiyyət qaldıqca, tərəflər
arasında sülh olmayacaq”.
* “Ermənistan rəhbərliyi Dağlıq Qarabağ
münaqişəsinin həllini istəmir. Belə desək,
onlar bu münaqişədən qidalanırlar. Əgər münaqişə həll olunsa,
onların avtoritar rejimi çökəcək”.
* “Hazırda Ermənistan cəmiyyətində
açıq şəkildə bildirirlər ki, Qarabağ
onlara müsbət heç nə verməyib. Son 2-3 ildə
müxalifətin mitinqləri və ya başqa toplantılar
zamanı insanlar Qarabağ münaqişəsinin onlara
ağrı, acı və nifrətdən başqa heç nə
vermədiyini etiraf ediblər”.
* “Referendum olsa, əhalinin 80 faizi Azərbaycanın tərkibində
qalmağı seçəcək. Çünki
Qarabağda insanlar ehtiyac içində yaşayırlar.
Onların içməyə suları belə
yoxdur.”
* “Ermənistan ordusunun gücü hazırda hər
hansı orduya cavab verəcək səviyyədə deyil. Orduda xidmət
edənlərdə vətənpərvərlik yoxdur. Qeyri-döyüş itkiləri artıb. Hamımız bilirik ki, bu müharibə Ermənistanın
iflası ilə bitəcək.”
* “Ermənistan hakimiyyəti militarist, şovinist,
faşıst siyasəti yürüdür.”
* “Dağlıq Qarabağ ətrafında 7 rayon dərhal
Azərbaycana qaytarılmalıdır. Erməni xalqı da
sülh istəyir. Ancaq Sarkisyan rejimi bu
xoş niyyətin reallaşmasına imkan vermir. Azərbaycanda 30 min erməni rahat yaşayır.
Bu da onu göstərir ki, ermənilərin Azərbaycanda
sülh şəraitində yaşaması üçün
heç bir maneə yoxdur.”
Erməni
publisist, yazıçı və ictimai xadim Vahe Avetyan:
* “Mən bura həm yazıçı, həm də vətəndaş
kimi gəlmişəm. Bir neçə məcburi
köçkünlə görüşmüşəm,
Xocalı abidəsini ziyarət etmişəm. Xocalı abidəsinin qarşısında,
günahsız insanların qarşısında baş əymişəm”.
* “Ermənistanın beynəlxalq hüquqa saymazyana
münasibəti uzun müddət davam edə bilməz. Ermənistan
Azərbaycanın ərazi bütövlüyünə
hörmət etməlidir”.
“Meridian”
Qeyri-Hökumət Təşkilatının sədr
müavini, hüquq müdafiəçisi Suzanna Caqinyan:
* “Ermənistanda Qarabağ münaqişəsinin sülh
yolu ilə həllini arzulayan insanlar çoxdur. Əgər
Serj Sarkisyan və Robert Köçəryan kimilər
mühakimə olunmasa, 20 ildən sonra erməni xalqı
qalmayacaq”.
* “Serj Sarkisyan erməni xalqını talan edir. O, prezident yox,
işğalçıdır. Serj Sarkisyan erməni
xalqına qarşı soyqırımı həyata
keçirib”.
* “Dağlıq Qarabağ münaqişəsi erməni
xalqına, Dağlıq Qarabağda yaşayan ermənilərə
faciə və göz yaşları gətirib, bundan başqa
heç nə bəxş etməyib. Yalnız Serj Sarkisyan
kimilər bundan istifadə edərək hakimiyyəti ələ
keçiriblər”.
* “Mən Azərbaycan xalqına qarşı törədilən
münasibətlərə görə Ermənistan xalqı
adından azərbaycanlılardan üzr istəyirəm”.
Ermənistan vətəndaşlarının söylədiklərinin
hamısı həqiqətdir. Hətta müharibənin hər iki
xalqa bəxş etdiyi faciə və fəlakətlərin
miqyasında bəlkə də azdır!
Şübhə
etmirik ki, bu həqiqətləri təkcə Dağlıq
Qarabağda yaşayan erməni millətindən olan ermənilər
yox, Ermənistan ərazisindəki sadə ermənilər də
çoxdan dərk ediblər!
Bu gün
onları danışmağa, əsl həqiqətləri
ucadan söyləməyə sövq edən təkcə
“vicdanları” deyil! Həm də yaranmış situasiyadır!
Azərbaycan tərəfinin apardığı
uğurlu siyasətdir ki, artıq Ermənistan dilənçi
forposta çevrilib. Kriminal rəhbərlik ölkəni
qaldıra, dövləti idarə edə bilmir! Əslində rəsmi
Yerevan deyilənlərin itaətkar icraçısıdır!
Aprel
müharibəsində Azərbaycan Ordusunun gücünü və
imkanlarını görəndən sonra torpaqları daha
saxlaya bilməyəcəklərini də aydın dərk edirlər!
Müharibə
təqdirində Ermənistanın kriminal rejimi təkcə
Dağlıq Qarabağı itirəcəklərini deyil,
forpost dövlətlərini də məhv edəcəklərini
gözəl anlayırlar!
Ermənistanlı
gənc Dağlıq Qarabağda, özgə torpağı
uğrunda müharibədə ölmək istəmir! Onun
valideyni də buna qarşıdır, amma əllərindən
heç nə gəlmir!
Su meymunun
boğazına çıxanda balasını
ayağının altına qoyur - demişlər!
Bu gün erməni vətənpərvərlərini
danışdıran vəziyyətin kritikliyini, dramatikliyini
başa düşmələridir. Artıq anlayıblar ki, özgə
torpağına yiyələnmək iddiası onları öz
torpaqlarından, vətənlərindən də məhrum edə
bilər! Bu gün Ermənistan özü də daxil olmaqla
heç bir dövlət və beynəlxalq qurum Dağlıq
Qarabağı nə müstəqil qurum, nə də Ermənistan
torpağı kimi tanıyır!
Heç
tanımayacaqlar da!
Ağlı
başında olanlar Ermənistanın və erməni
xalqının xilası qayğısına qalmalıdır!
Azərbaycan
Prezidenti cənab İlham Əliyevin Lələtəpədən
verdiyi mesajlar da bunu sübut edir!
“Əgər erməni silahlı qüvvələri aprel
döyüşlərindən düzgün nəticə
çıxarmasalar, gələcəkdə Lələtəpə
əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar
olacaqdır”.
Azərbaycan
tərəfi belə hesab edir ki, işğal altındakı
torpaqları sülh yolu ilə boşaltmaq üçün
Ermənistana verilən müddət başa çatıb!
Ali
Baş Komandan cənab İlham Əliyev əbəs yerə əyninə
hərbi paltar geyinərək yenicə işğaldan azad
etdiyi Lələtəpə yüksəkliyinə getməyib!
Onun bu səfəri
Azərbaycan Silahlı Qüvvələrinin indiyədək
keçirilən hərbi təlimlərin ən möhtəşəmi
ilə təsadüfən eyni vaxta düşməyib!
Ali
Baş Komandan komanda-idarəetmə məntəqəsindən
düşmən tərəfi elə-belə seyr etmir!
Sözünün
sahibi olan Azərbaycan Prezidentinin hər kəlməsini
qarşı tərəf ciddiyə almalıdır!
Həm də
düşmənlərimiz unutmamalıdırlar:
* Daha Azərbaycandan
zorla torpaq qopara bilməyəcəklər!
* Zəbt
etdikləri ərazi onların deyil və geriyə
qaytarmalıdırlar!
*
Müharibənin birinci mərhələsinin yekununa görə
özlərini “qalib” hesab etsələr də, əslində
miskin vəziyyətə düşənlərdir!
* Bu
müharibə təkcə Azərbaycana dağıntı və
fəlakət gətirməyib, erməniləri də
qaçqın və dilənçi gününə
salıb!
* Ermənistan
təcrid vəziyyətinə düşərək dövlət
müstəqilliyini itirib!
* Ermənilər
kütləvi şəkildə təkcə Dağlıq
Qarabağı yox, Ermənistanı da tərk etməkdədirlər!
* Tədric
vəziyyətinə düşməklə uzun illər fayda
götürə biləcəkləri yüksək gəlirli
beynəlxalq layihələrdən əlləri
çıxıb və belə davam edərsə, heç
zaman transmilli layihələrə qoşula bilməyəcəklər!
*
Qonşu dövlətlərlə düşmənçilik
daha çox onların özünə ziyan vurur!
* Nə qədər
ki, Ermənistana indiki kriminal insanlar başçılıq
edir, nə Ermənistan müstəqil dövlət olaraq
inkişaf edəcək, nə də erməni xalqı bir
gün görəcək!
* Xilas
yolu Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi
variantla razılaşmaq və məsələnin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
sülh yolu ilə həllinə razılıq verməkdir!
Ali
Baş Komandan cənab İlham Əliyevin Lələtəpədə
söylədiklərindən bəzi məqamları bir daha
xatırladırıq:
- “Biz öz ərazi bütövlüyümüzü bərpa
etməliyik və edəcəyik. Bu, bizim əzəli
torpağımızdır, tarixi torpağımızdır və
biz bu gün hələ də işğal altında olan
bütün torpaqlarımıza qayıdacağıq”.
- “Ermənistanın siyasi rəhbərliyi, nəhayət,
dərk etməlidir ki, işğalçılıq hərəkətləri
onları uçuruma aparır. Azərbaycan gündən-günə
güclənir, möhkəmlənir. Bizim
güclü potensialımız və güclü ordumuz var”.
- “İşğal edilmiş torpaqlarda, Dağlıq
Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün
biz onu məhv edə bilməyək”.
- “Aprel döyüşləri Azərbaycan dövlətinin,
Azərbaycan Ordusunun gücünü göstərdi. Düşmənə
döyüş meydanında sübut etdi ki, biz
güclüyük. Biz ermənilərin
uzun illər ərzində yaratdıqları mifi, yalanı
dağıtdıq ki, guya onların belə güclü ordusu
var. Bu gün döyüş meydanında biz sübut etdik ki,
kimin ordusu güclüdür, kimin ordusu nəyə qadirdir”.
Bu gün
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində baş verən
dəyişikliklər və gəlişmələr ən əvvəl:
*
Ağıllı və uzaqgörən siyasətin nəticəsidir;
*
İqtisadi nailiyyətlərin və islahatların bəhrəsidir;
* Həqiqətin
və ədalətin qələbəsidir;
*
Güclünün zəifi üstələməsidir;
* Azərbaycan
xalqı ilə iqtidarın sarsılmaz birliyinin və
xalqın dəstəyinin bariz sübutudur.
İnsanlar
müharibələrdən, axıdılan qanlardan, inqilablardan
və qaçqın həyatı sürməkdən beziblər!
Dönüş
və dəyişiklik ən uzun sürən münaqişələrdən
sayılan Dağlıq Qarabağdan başlanmalıdır!
Ermənistan
qeyd-şərtsiz qoşunlarını işğal etdikləri
ərazilərdən çıxarmalıdır!
Bu, ilk
növbədə, onun özü üçün, dövlət
və millətin xilası naminə gərəkdir!
Əgər
yenidən müharibəyə başlasalar, tökdükləri
qanın içində boğulacaqlar!
Bunu
müzəffər Azərbaycan Ordusu, onun mətin və qətiyyətli
Sərkərdəsi edəcəkdir!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2016.- 16 noyabr.- S. 1,
4.