İşıqlı
duyğularla yaşayırdı
Bəzən “Gözəllik uzaqdan daha yaxşı görünür” deyirlər. Amma bu fikir heç də həmişə özünü doğrultmur. Bir çox hallarda istər təbiəti, istərsə də hadisələri yaxından görməyin, insanları yaxşı tanımağın faydası, səmərəsi daha artıq olur. Jurnalistlik fəaliyyətim dövründə tanıdığım, sevdiyim insanlar haqqında yazmağı, onların üstün cəhətlərini oxucuya çatdırmağı həmişə lazım bilmişəm. Bu baxımdan respublikanın əməkdar mədəniyyət işçisi, tanınmış maarif xadimi Ədilə Xeyrulla qızı Heydərovanın həyatı, fəaliyyəti məni daim düşündürüb.
Bu xanımın simasında ziyalı bir Azərbaycan qadınını, yüksək biliyə, dünyagörüşə malik insanı, yaxşı pedaqoqu və bacarıqlı təşkilatçını, fədakar və sədaqətli ömür-gün yoldaşını, gözəl ananı görmüşəm. Ötən il əbədiyyətə qovuşmuş, insanların yaddaşında isə haqqın, halallığın tərəfdarı olan xoş bir xanım kimi qalmışdır. Ə.Heydərova həm də dövrünün tanınmış şəxsiyyəti, kəşfiyyatçı, diplomat, 1970-1978-ci illərdə daxili işlər naziri olmuş general-leytenant Arif Nəzər oğlu Heydərovun ömür-gün yoldaşı idi.
Ədilə xanım İçərişəhərdə tanınmış bir ailənin qızı, yaxşı valideynlərin övladıydı. Atası Xeyrulla Qasımov Xəzər Dəniz Gəmiçiliyinin hörmətli işçilərindən idi. İrana gedib-gələn ticarət gəmisinin kapitanı vəzifəsində çalışırdı. SSRİ-nin əməkdar dənizçisi fəxri adını almışdı ki, bu da o vaxt böyük bir titul idi. Dövrün yüksək mükafatı olan Lenin ordeninə də layiq görülmüşdü. Bir hadisədən sonra Xeyrulla kişinin şöhrəti çalışdığı sahədə xüsusilə dildə-ağızda gəzməyə başladı. O, Sankt-Peterburqdan (o vaxt Leninqrad adlanırdı) gələn gəminin donmuş Volqa çayında xilas edilməsində böyük cəsurluq, şücaət və peşəkar səriştə nümayiş etdirmişdi.
İkinci Dünya müharibəsinin çətin günlərində Xeyrulla kişi həyat yoldaşı Süniyyə xanımla məsləhətləşib belə qərara gəlirlər ki, öz ailə büdcələri üçün topladıqları böyük miqdarda pulu son qəpiyinədək hökumətə təhvil versinlər. Həmin vaxt dövlət döyüş təyyarəsi almaq üçün vəsait yığırdı. Həyat yoldaşının xeyirxah təşəbbüsünə qoşulan Süniyyə xanım da görüb-götürmüş, dünyanın hər üzünə bələd olan müdrik qadın idi. Bakının milli adət-ənənələrlə yaşayan, əsilli-köklü, sanballı ailələrindən birinin qızı idi. Təkcə evdarlıqla, uşaqlarına yaxşı ana olmaqla fərqlənmirdi, maarifpərvər, sinəsi nağıllar, əfsanələr, dastanlarla dolu olan bir xanım idi. Bu ailə ocağının əməlisalehliyi, vətən təəssübkeşliyi, ənənələri, həyata, insanlara baxışı çoxlarına nümunə idi. Həmin insanlar çətin vaxtlarda, zəmanənin amansız burulğanlarında, taleyin ağır sınaqlarında sınmamaq, bütöv qalmaq üçün bütün dərdlərin, əzabların qabağında sal qaya kimi durmuşdular.
Ədilə xanım bu ailənin sonbeşiyi idi. Fərasəti həm bilik və düşüncəsində görünürdü, həm də hərəkətlərində özünü büruzə verirdi. Yaxşı xüsusiyyətləri ona həm genlərlə ötürülmüşdü, həm də özünün iti gözü, ağlı-zəkası vardı.
Uşaqlığı müharibə dövrünə düşmüşdü. Bakıdakı 134 nömrəli orta məktəbi bitirmişdi. Ali məktəbə qəbul olmaq məqamı gələndə isə gənc qızın həyatında ağlagəlməz bir hadisə baş verir. Sənədlərini Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) iki fakültəsinə - hüquqşünaslıq və geologiya fakültələrinə təqdim edir. İmtahanları uğurla verib hər iki ixtisasa qəbul olunur. İl yarım hər iki fakültədə - birində qiyabi, digərində əyani yolla təhsilini davam etdirir. Lakin sovet dövrünün öz qanunu vardı. Bütün böyük və kiçik məsələlərin hamısı müəyyən olunmuş çərçivələr daxilində həll edilirdi. Günlərin birində kiminsə yazdığı anonim məktub Ədiləni seçim qarşısında qoyur. Beləliklə, o, yalnız geologiya fakültəsində oxumalı olur.
Təhsilini başa çatdırandan sonra əmək fəaliyyətinə neft mədənində başlayır, sonra onu komsomol işinə irəli çəkirlər. Ədilə xanım deyirdi ki, komsomol hərəkatı çox böyük qüvvə və əsl məktəb idi. Orada idarəetməni, təşkilatçılığı öyrənirdin, qayda-qanuna, nizam-intizama riayət etməyin yollarına, cavabdehlik, məsuliyyət, təəssübkeşlik hisslərinə, təşəbbüskarlıq keyfiyyətinə yiyələnirdin. Hər sahədə birinci olmağa çalışırdın, yeniliyə, müasirliyə aparan yol komsomoldan başlayırdı. “Mənim ən gözəl xatirələrim bu təşkilatda çalışdığım gənclik illərimlə bağlıdır” deyirdi Ədilə xanım.
Sonralar elm sahəsində uğurlara imza atmağa başladı. Geologiyanın öyrənilməmiş istiqamətləri üzrə tədqiqatlar, araşdırmalar apardı. Lakin ailə həyatı bu işləri yarımçıq qoydu. Onun bəxtinə alicənab, ziyalı, geniş dünyagörüşlü bir cavan çıxdı.
Arif Heydərov o zaman Dövlət Təhlükəsizliyi Komitəsində işləyirdi. 1950-ci ildən başlayaraq ulu öndər Heydər Əliyevlə bir sahədə çalışırdı. Onlar əsl silahdaş və şəxsi dost idilər: “Heç vaxt seçməmişəm ki, bu mənim dostumdur, o isə dostum deyildir. Bunlara baxmayaraq, gənc yaşlarımda insanlar vardı ki, onlarla rəsmi münasibət saxlayardım, amma insanlar da vardı ki, rəsmi münasibətdən savayı, onlarla şəxsi münasibət də saxlayırdım. Arif Heydərova münasibətim məhz belə, şəxsi münasibət xarakteri daşıyıbdır”.
Arif Heydərov dövlətin tapşırığı ilə bir müddət Türkiyədə işləməli olur. Ankaraya gələndə o artıq evlənmişdi. Evliliyinin ilk günündən onunla həyat yollarında çox mətin bir qadın qoşa addımlayırdı.
Arif Heydərovun həmkarları, çevrəsindəki insanlar çox tez başa düşmüşdülər ki, o, ömrünü adi bir qadınla bağlamayıb. İlk dövrlərdə hətta təəccüblənib öz heyrətlərini açıq ifadə edənlər də vardı. Deyirdilər ki, sən belə savadlı qızı haradan tapmısan. Arif bu sözlərdən nə inciyər, nə də sıxılardı. Əksinə, bu sözlər onun xoşuna gəlirdi, sevinirdi ki, onun həyat yoldaşı belə yüksək səviyyəli insandır. Bu elə bir dövr idi ki, yuxarı dairəyə məxsus insanlar heç də hamını qəbul edə bilmirdilər. Ədilə xanımın isə istənilən vaxt söhbətə qoşulmağa və mövzunu davam etdirməyə həm biliyi, həm intellekti, həm də potensialı vardı!
Bütün müsbət xasiyyətlərə - sədaqətli həyat yoldaşı, qayğıkeş ana, evin-ocağın istisinin qoruyucusu olmaqdan əlavə, Ədilə xanım həm də kəşfiyyatçı xanımı idi. Kəşfiyyatçının həyat yoldaşı olmaq o qədər də asan məsələ deyil. Ələlxüsus da qadın ərinin işinin içində olanda, yəni onun nə ilə məşğul olduğunu tam bilib dərk edəndə. Ədilə Heydərova nəinki bunları bilirdi, hətta özü də bu sahədə çalışırdı. Rəsmən o, tərcüməçi kimi fəaliyyət göstərsə də, başqa, daha mühüm tapşırıqların yerinə yetirilməsində ona köməkçi olurdu.
Ə.Heydərova bir neçə xarici dil bilirdi. Ona görə
də siyasilərin həmin dövr üçün ən məxfi
söhbətlərində, yığıncaqlarında
iştirak edirdi. Elə məqamlar olurdu ki,
efirə qulaq asır, kəşfiyyatçıların təqib
olunub-olunmadığını nəzarətə
götürürdü.
Bütün kəşfiyyatçıların təxəllüsləri
var idi. Arif Heydərovun təxəllüsü “Qaraqaş”
idi. Yəni efirdə “Qaraqaş”la
bağlı nə söyləsələr, birbaşa ona aid
idi. Odur ki, bir dəfə Ədilə
xanım efirdə “Qaraqaş qeyb oldu” sözlərini eşidib
çox həyəcan keçirir. Operativ
şəkildə lazımi yerlərə xəbər verir.
Və hər şey yaxşı qurtarır,
ömür-gün yoldaşı tez bir vaxtda təhlükədən
sovuşub özünü səfirliyin ərazisinə
çatdırır.
Xatırladaq ki, Arif Heydərov 1949-cu ildən 1970-ci ilədək
DTK-nın kəşfiyyat bölməsində
çalışıb. Bu dövr ərzində o, məsul
tapşırıqlar alaraq dəfələrlə uzun müddətə
xaricə göndərilib. Xeyli müddət
ovaxtkı Almaniya Demokratik Respublikasında və Türkiyədə
diplomat kimi işləyib, rəsmi olaraq konsul vəzifəsini
tutub. Əslində isə sovet kəşfiyyatı
rezidentinin müavini funksiyasını yerinə yetirib.
Ədilə xanım ömrü boyu bəzi anların həyəcanını
unuda bilmirdi. Bir dəfə gecəyə yaxın əri ona deyir ki,
hazırlaş, gedirik. Onda kiçik
oğlu Maqsudun doğulmasından heç 40 gün keçməmişdi.
Onlar maşına əyləşib ailənin
uşaq həkiminin evinə tərəf gedirlər. Arif xəbərdarlıq edir ki, onları
güdürlər və əgər o, müəyyən
vaxtdan sonra geriyə qayıtmasa, xanımı nə etməlidir.
Saat yarım... Arifin qayıtmağına qədər çəkən
bu vaxt Ədilənin ömründən neçə il qoparmışdı - bunu ancaq həmin
sarsıntıları keçirən xanımın özü
bilirdi...
Belə idi kəşfiyyatçı həyatı... Ölüm də, təhlükə də gözlə qaş arasında idi. Həm kəşfiyyatçı Arif üçün, həm də ömür-gün yoldaşı, eyni zamanda həmkarı Ədilə xanım üçün...
Məlum bir faktdır ki, o zaman SSRİ-nin xarici kəşfiyyatı 70 ildən çox bir vaxtda dünya imperializminə qarşı bütün cəbhələrdə mübarizə aparırdı. Sovet kəşfiyyatının mübarizəsi əslində ən iri dövlətlərə - ABŞ, İngiltərə, Fransa, Almaniya və digər ölkələrə qarşı idi. Türkiyənin əleyhinə isə, təbii ki, heç bir iş görülmürdü. Son görüşlərimizin birində Ə.Heydərova hətta neçə-neçə onillik əvvəl Türkiyədə birgə çalışdıqları həmkarları, dostları tərəfindən daim yad edildiklərini sevinclə söyləyirdi.
Bəli, Ədilə xanımın işdə də, dostlar, qohumlar arasında da böyük hörməti vardı. Çalışdığı bütün idarə və təşkilatlarda tutduğu vəzifəni yerinə yetirməklə yanaşı, həm də ictimai işlərlə məşğul olurdu. Hərtərəfli bilik sahibi idi. Onun dərindən düşünmək və qərar vermək qabiliyyəti vardı.
Pedaqoji institut bitirməmişdi. Bununla belə, gözəl
pedaqoq idi. Əvvəla ona görə ki,
qarşısında dayanan auditoriyaya deməyə sözü
vardı. İkincisi, o, insanlarla dil tapmağı,
ünsiyyət qurmağı bacarırdı. Bir növ, psixoloq idi. Bu xüsusiyyətlər
ona M.Ə.Sabir adına Pedaqoji Texnikumda
müəllim kimi çalışmağa imkan verdi. İstər yolüstü söhbətlərində,
istər mühazirələrində Ədilə Heydərovanın
pedaqoqluq səviyyəsi ilk sezilən keyfiyyət idi. O,
yetirmələrinin həm təhsildə, həm də şəxsi
həyatda qayğıları ilə maraqlanardı. Onların müvəffəqiyyətinə sevinərdi.
Sonralar Ədilə xanım uzun illər Azərbaycan Təhsil
İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri vəzifəsində (1978-ci ilin
noyabrından 2007-ci ilədək) çalışdı. Məhz bu vəzifədə
Ədilə Heydərovanın daha bir qabiliyyəti - təşkilatçılığı
üzə çıxdı.
Həmkarlar ittifaqında işləyəndə
özünü ölkə, yəni keçmiş SSRİ səviyyəsində
həmkarlar lideri kimi göstərməyi bacarmışdı. Dəfələrlə
Azərbaycan müəllimlərinin, Azərbaycan
qadınlarının, SSRİ və Azərbaycan həmkarlar
ittifaqı qurultaylarının nümayəndəsi
seçilmiş, bu möhtəşəm məclislərdə
azərbaycançılıq və dövlətçilik
ruhunda məzmunlu çıxışlar etmişdi. O,
Ümumittifaq Həmkarlar İttifaqı sədrləri
arasında böyük hörmətə və nüfuza malik
idi. Bu sahənin rəhbər işçiləri
olan Tatyana Frolova, Tamara Yanuşovskaya və başqaları ilə
yaxın münasibətdə idi. Xüsusilə gender bərabərliyi,
qadınların hüquqlarının müdafiəsi, əmək
şəraitinin yaxşılaşdırılması və s.
məsələlərdə Ədilə xanımın fikri, təklifləri
nəzərə alınır və qəbul edilirdi. O həm
də gözəl natiq idi və
çıxışlarını özü yazırdı. Auditoriyanı ələ almaq bacarığı var
idi. Pedaqoji işçilərin sosial
hüquqlarının qorunması, istirahətinin təşkili
sahəsində bütün səylərini səfərbər
edirdi.
Ədilə xanımın bir sıra müsbət keyfiyyətləri ona çoxlu dost qazandırmışdı. Onun ən yaxını, sirdaşı, rəfiqəsi Zərifə xanım Əliyeva idi. Onun bu dostluq barədə xatirələri bitib-tükənmək bilmirdi: “Zərifə xanım mənim ən ağır günlərimin rəfiqəsi idi, - deyirdi. - Və bu, təkcə Arif Heydərovu itirdiyim vaxtlara aid deyil. Valideynlərimlə bağlı da onun xeyirxahlığını unuda bilmirəm. Anam ağır xəstə idi, son günlərini yaşayırdı. Hamımızın başı ona qarışmışdı. Digər tərəfdən də həmin vaxt atamın gözləri tutulmuşdu. Anamın xəstəliyi barədə atama bir söz demədik. Çünki dözə bilməzdi. Gözlərində təcili əməliyyat aparılmalı idi. Həkimi isə, təbii ki, Zərifə xanım idi. Yenə də ona müraciət etdik. Xeyli müayinədən sonra dedi ki, vaxt itirmədən əməliyyat etmək lazımdır. Yoxsa gözündəki azacıq işıqdan da məhrum olar.
Amma iş elə gətirdi ki, atamın göz əməliyyatının təyin olunduğu gün anam dünyasını dəyişdi. Mən Zərifə xanımdan xahiş etdim ki, əməliyyatın vaxtını dəyişdirsin. O isə razılıq vermədi, dedi ki, siz gedin dəfn mərasimini keçirin, yas məclisini yola verin, atanın xəstəliyi ilə bağlı nə məsələ varsa, özüm həll edəcəyəm. Belə də oldu.
...Bu xanımı yaxından tanımağın, üstəlik, onunla səmimi münasibətdə olmağın özü də bir səadətdir. Zərifə xanım vəfalı rəfiqə idi, qayğıkeş, mehriban, ünsiyyət saxlamağı bacaran səmimi insan idi”.
1969-cu ilin yayında Heydər Əliyev Azərbaycanın rəhbəri seçildi. O vaxt respublikanın daxili işlər orqanlarında ağır vəziyyət yaranmışdı. Odur ki, Daxili İşlər Nazirliyində dəyişikliklər aparmaq zərurəti ortaya çıxmışdı. Heydərovlar ailəsi həmin zaman Türkiyədə idi. Çünki Arif Heydərov dövlət təhlükəsizliyi orqanlarında işlədiyi müddətin çox hissəsini kəşfiyyat sahəsində çalışmışdı. Ulu öndər onu Bakıya çağırdı və nazir vəzifəsini təklif etdi. Arif düşünmədən təklifi qəbul etdi.
1978-ci il iyunun 29-da isə ailəyə böyük bədbəxtlik üz verdi. Bir namərd gülləsi Arif Heydərovun həyatına son qoydu. Bu, təkcə ailənin faciəsi deyildi, minlərin, milyonların qəlbinə tuşlanmış atəş idi. Onu iş başında qətlə yetirdilər. Bir gün əvvəl 52 yaşının tamamı ilə bağlı kiçik məclis keçirilmişdi. Səhəri gün isə amansız ölüm... Bu, ən çox Ədilə xanım, övladları üçün böyük faciə, ağır mənəvi zərbə, dərin sarsıntı idi. O zaman Muradın 14, Maqsudun isə 10 yaşı vardı.
Ədilə xanım ömrünün sonunadək qəlbini incidən bu mənəvi yara ilə yaşadı. Əslində o, bir gün də Arifsiz olmadı. Bir zaman yaşadığı xoşbəxt günlərin, ailə həyatının xatirələri ilə birgə yatıb, birgə oyandı. “Bizim çox nadir olan bəxtəvər ailəmiz var idi, - Ədilə xanım deyirdi, - sevən və sevilən. Hər şeyə həm ciddi, həm də zarafatyana münasibətimiz olardı. Arifin yolunu intizarla gözləyirdik. Evə gələndə onu kandarda qarşılayardıq... O, nikbin adam idi. Həyatın mənasını da dünyanı işıqlı görməkdə arayırdı və bizə də bunu aşılamağa çalışırdı. Bir sözlə, dünyanı gözəl cəhətlərindən görürdü: “Həyatda hər şey yaxşıdır, pakdır” - bu idi onun baxışı. Və mən də bunun təsiri ilə yaşayırdım. Ancaq onu itirəndən sonra gördüm ki, həyat heç də belə deyil. O, mürəkkəbliklərdən - saxtakarlıqlardan, enişli-yoxuşlu yollardan, təəssüflərdən və heyrətlərdən, qəm və qüssədən, yalan və satqınlıqlardan, natəmizlik və etibarsızlıqlardan da xali deyil. Bunlar adama nə qədər zillətlər verirmiş...”
Amma hər şeyə dəyanətlə dözdü, sınmadı, dərdini ürəyində çəkdi, fədakar ana və həyat yoldaşı olduğunu sonadək təsdiqlədi. Ailəsinin, nəslinin şan-şöhrətini ləyaqətlə qoruyub saxladı.
Bu kədərə el-obanın şərik çıxması onun doğmalarına təsəlli və səbir verdi. O ağır günlərdə Ədilənin, övladlarının, Arif Heydərovun bütün doğmalarının dayağı, köməyi ulu öndər Heydər Əliyev oldu. Zərifə xanımın işi, qayğıları çox olsa da, Ədiləni tək buraxmır, bir gün belə yaddan çıxarmırdı. O qədər təsəlli, o qədər ürək-dirək verirdi ki...
Ə.Heydərova ilə hər dəfə söhbətləşəndə deyirdi: “Hər kəsin bir alın yazısı var. Kiminə xoşbəxtlik yazılır, kiminə isə ağrı-acılarla dolu həyat yolu... Mənim üçün isə tamamilə başqa cür oldu. Yaradan məni həyat yollarında sözlə ifadə etməyə çətinlik çəkdiyim qüdrətli bir insanla rastlaşdırdı. Neçə illər səadət içində yaşadım. Və birdən-birə onu da, onunla bağlı bu səadəti də itirdim. Doğrudur, təsəllimi övladlarımdan, ömür-gün yoldaşımın qoyduğu saf əməllərdən aldım. Amma nə gizlədim, ondan sonra, onsuz özümü xoşbəxt qadın saya bilmədim...”
Ədilə xanıma 80 illik yubileyini qeyd etmək qismət olmadı. Amma 78 yaşı tamam olanda yaxın adamlarını başına yığıb ad günü keçirdi və orada gözəl bir nitq söylədi. Bəli, məhz nitq! Hamıya, ilk növbədə isə oğlanlarına ondan sonra necə yaşamağı vəsiyyət edərək sanki vida sözü deyirdi. Nəslin adını, ailənin şərəf və şöhrətini, soyadının təmizliyini qoruyub saxlamağı tövsiyə etdi. Övladlarının, nəvələrinin valideynlərinin pak duyğularına həmişə ehtiramla yanaşmasını arzuladı, onların qoyduğu yolu ləyaqətlə davam etdirməyi məsləhət gördü. Ən başlıcası “İnsanlığınızı, ziyalılığınızı qoruyun!” dedi.
Heydərovlar ailəsinin böyük oğlu Murad Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, sonra vaxtilə atasının təhsil aldığı xüsusi təyinatlı məktəbdə oxuyub. Bir müddət dövlət təhlükəsizliyi sistemində çalışıb, hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işləyir. Kiçik oğul Maqsud isə uzun illər polisdə və gömrük xidmətində işlədikdən sonra istefaya çıxıb. Ədilə-Arif ocağında Zuliyyə, Uliyyə, Leyla, babasının adını daşıyan Arif və balaca Firat kimi gözəl nəvələr böyüyür.
Həyatda hər kəs bir iz qoyub gedir. Pislərdən pis izlər qalır, yaxşılar isə, əlbəttə, xoş əməlləri ilə tanınırlar. Ədilə Heydərovanın ömrünün hər günü mənəvi ucalığa bir pillə olmuşdur və o, yaddaşlarda əməkdar müəllim, əməkdar mədəniyyət işçisi, gözəl təşkilatçı və maarif xadimi kimi qalmışdır.
İradə ƏLİYEVA,
Azərbaycan.- 2016.- 16 noyabr.- S. 10.