Regional inkişaf strategiyası
uğurlu nəticələr verir
Gələn il 34
şəhər və rayon dövlət büdcəsindən
dotasiya almadan özünü maliyyələşdirəcək
Regional dövlət proqramlarının uğurla icra
edilməsi ötən illərdə Azərbaycanın
sosial-iqtisadi həyatına yeni nəfəs gətirməklə
yanaşı, bu istiqamətdə dövlət siyasətinin
yeni müstəviyə qədəm qoymasını təmin
edib. Bunun nəticəsidir ki, 2004-cü ildən bəri
bir neçə dəfə artan milli iqtisadiyyatımız
inkişaf səviyyəsinə görə dünyada
öncül yerlərdə bərqərar olub.
Azərbaycan iqtisadiyyatı
dayanıqlığını qoruyur
İnkişaf dinamikasına malik Azərbaycanın
iqtisadi sahədə qazandığı böyük
uğurların kökündə dayanan əsas amillərdən
biri iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata
keçirilən məqsədyönlü siyasətdir. Belə ki, Azərbaycan
iqtisadiyyatının tərəqqisi məhdud sfera üzərində
köklənməyərək çoxcəhətli,
genişmiqyaslı xarakterə malikdir. Ölkə
iqtisadiyyatının ən müxtəlif sahələrində
inkişafın paralel şəkildə getməsi, bir-birini
tamamlaması hər zaman xüsusi diqqət mərkəzindədir.
Bu səpkidə görülən işlər
Azərbaycanın iqtisadi yüksəlişinə böyük
töhfələr verərək onu daha sürətli hala gətirib.
Xüsusilə qeyd etməliyik ki, dövlət
proqramları ölkəmizin sosial-iqtisadi inkişafında yeni
mərhələnin başlanğıcını qoyaraq
regionların inkişafını dövlət siyasətinin
prioritet istiqamətlərindən biri səviyyəsinə
qaldırıb. Regionlarda iqtisadiyyatın
inkişafını sürətləndirən amillərin,
bununla bağlı dövlət siyasətinin və dəstəyinin
əsas istiqamətlərinin müəyyən edildiyi proqram
mövcud potensialdan səmərəli istifadə etməklə
iqtisadiyyatın ayrı-ayrı sahələrinin
inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin
genişləndirilməsinə, ixracyönümlü məhsul
istehsalının stimullaşdırılmasına, kənd təsərrüfatının
inkişafına yol açıb.
Son illərdə dünya iqtisadiyyatında müəyyən
kataklizmlərlə müşayiət olunan proseslər baş
verməkdədir. Bu sırada neftin qiymətinin
ucuzlaşması Azərbaycan iqtisadiyyatına da təsirsiz
ötüşmür. Dünya enerji
bazarlarında təklifin artması, tələbin isə həmin
artımla zəif ayaqlaşması ölkə iqtisadiyyatı
üçün əsas gəlir və valyuta daxilolması mənbəyi
olan neftin qiymətinin hələ də aşağı səviyyədə
qalmasını şərtləndirir. Bu,
öz növbəsində, xarici valyutada daxilolmaların
azalmasına səbəb olub. Belə
makroiqtisadi proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirini
göstərib və ölkəmizdə mahiyyət etibarilə
əvvəlki illərdən fərqli makroiqtisadi vəziyyət
yaranıb.
Ona görə Azərbaycan Respublikasının iqtisadi
siyasətinin əsas məqsədlərindən biri dünya
iqtisadiyyatında baş verən qlobal iqtisadi proseslərin və
meyillərin yaratdığı risklərin ölkə
iqtisadiyyatına mövcud təsirlərini, həmçinin
ölkənin uzunmüddətli sosial-iqtisadi
inkişafının prioritet istiqamətlərini nəzərə
almaqla makroiqtisadi sabitliyin təmin edilməsidir. Bu mənada
Prezident İlham Əliyevin xalqımızın maraqları və
tələbatı üzərində qurulan inkişaf kursunun nəticəsi
olaraq dünyada baş verən dərin siyasi və iqtisadi
böhranlara baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik
saxlanılıb. 2016-cı ildə Azərbaycanın
sosial-iqtisadi inkişafının yekunları göstərir
ki, regional və qlobal səviyyədə mürəkkəb
iqtisadi proseslərin mənfi təsirləri olsa da, ölkə
iqtisadiyyatı dayanıqlığını qoruyur.
Büdcənin gəlir və xərcləri
optimallaşdırılır
2016-cı ilin ötən aylarında qlobal iqtisadi
artım gözlənilən səviyyədə olmayıb. Xüsusilə
ölkələrin iqtisadi vəziyyətləri
arasındakı fərq daha da dərinləşib,
Böyük Britaniyanın Avropa Birliyindən
çıxması (Brexit) ilə dünya iqtisadiyyatında
mövcud olan qeyri-müəyyənlik bir qədər də
artıb. Beynəlxalq maliyyə
institutları “Brexit” ilə bağlı öncədən
vermiş olduqları təhlillərində dəyişiklik edərək
dünya üzrə iqtisadi artım sürəti ilə
bağlı proqnozlarını bir qədər azaldıblar.
Çünki 2016-cı ilin fevral ayından
etibarən dünya maliyyə və əmtəə
bazarlarında gedən bərpa prosesi iyun ayının
sonlarında “Brexit”in təsiri ilə bir qədər zəiflədi
və artan qeyri-müəyyənlik xüsusilə maliyyə
bazarlarına mənfi təsir göstərdi.
Mənfi qlobal meyillər, təbii ki, Azərbaycan
iqtisadiyyatı qarşısında da mühüm
çağırışları daha da
aktuallaşdırır. Bunlar neftin dünya bazar qiymətinin aşağı və
dəyişkən olması şəraitində büdcənin
qeyri-neft kəsirlərinin tədricən azaldılması, bu
məqsədlə pul və fiskal siyasətin sərtləşdirilməsi,
iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft
ixracının artırılması, idxalın əvəzləşdirilməsi
imkanlarından tam istifadə etmək məqsədilə
struktur və institusional islahatların sürətləndirilməsi,
sosial baxımdan həssas əhali qruplarının sosial təminatının
gücləndirilməsi və digər bu kimi məsələlərdir.
Bunu nəzərə
alaraq növbəti il və sonrakı 3 ildə fiskal
yığcamlaşdırma siyasətlərinin davam etdirilməsi,
dövlət büdcəsi xərclərinin
optimallaşdırılaraq daha qənaətlə icra edilməsi,
xərclərin səmərəliliyinin daha da
artırılması, dövlətin borc və öhdəliklərinin
vaxtında və tam həcmdə yerinə yetirilməsi,
dövlət büdcəsinə Azərbaycan Respublikası
Dövlət Neft Fondundan transfertin az
proqnozlaşdırılması və növbəti illərdə
tədricən azaldılması, qeyri-neft sektoru və onun
aparıcı sahələrində qabaqlayıcı iqtisadi
artımın, qeyri-neft ixracına əsaslanan iqtisadi artım
modelinə keçidin dəstəklənməsi istiqamətində
siyasət davam etdiriləcək.
Elə 2017-ci ilin dövlət büdcəsinin layihəsi
hazırlanarkən də bu amillər nəzərə
alınıb.
Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti
il üçün xam neftin 1 barelinin 50
ABŞ dolları ətrafında
proqnozlaşdırılmasını və digər qlobal amilləri
nəzərə almaqla 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin
hesablanması zamanı neftin ixrac qiyməti 40 ABŞ
dolları səviyyəsində nəzərdə tutulur. Bu mənada dövlət və icmal büdcələrin
gəlirlərinin hazırlanmasında makroiqtisadi proqnozlara
uyğun olaraq hesablamalar aparılıb. Qeyd olunanlar nəzərə
alınaraq dövlət büdcəsinin gəlirləri 15
milyard 955 milyon, xərcləri isə 16,6 milyard manat
proqnozlaşdırılır.
Gələn
ilin dövlət büdcəsinin layihəsi qlobal iqtisadiyyatda
baş verən başlıca meyillər və
çağırışlar, Azərbaycan
Respublikasının strateji inkişaf prioritetləri, dünya
iqtisadiyyatında mövcud olan risklərin Azərbaycana ehtimal
olunan təsirləri ilə yanaşı, neftin dünya bazar
qiymətinin aşağı olması şəraitində
qeyri-neft kəsirlərinin azaldılması, pul və fiskal
siyasətlərin sərtləşdirilməsi,
iqtisadiyyatın şaxələnməsi, qeyri-neft
ixracının artırılması, idxalın əvəzləşdirilməsi
imkanlarından tam istifadə etmək məqsədilə
struktur və institusional islahatların sürətləndirilməsi,
gəlir və xərclərin optimallaşdırılması,
xərclərin səmərəliliyinin daha da
artırılması, daxili əmtəə bazarlarının
stimullaşdırılması, kənd təsərrüfatının
aparıcı sahələrinin, sənayenin, regionların
sosial-iqtisadi inkişafı kimi strateji və taktiki hədəflər
nəzərə alınmaqla hazırlanıb.
Gəlirlərin vəziyyətinə uyğun olaraq
2017-ci ilin dövlət büdcəsinin xərcləri sosialyönlü
olmaqla büdcə xərclərinin strukturunun, səmərəliliyinin
və ünvanlılığının artırılması
diqqətdə saxlanılıb. Büdcə layihəsi
hazırlanarkən mövcud makroiqtisadi mühitə uyğun
olaraq ölkənin uzunmüddətli inkişafının təminatı,
regionların inkişafına yönəlmiş tədbirlərin,
kənd təsərrüfatının
stimullaşdırılmasının və inkişaf etdirilməsinin,
təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və
fiziki infrastruktur layihələrinin maliyyə təminatı
diqqətdə saxlanılıb.
Bölgələrin dotasiyadan
imtinası prosesi sürətlənir
Qeyd edildiyi kimi, qarşıda duran vəzifələrdən
biri büdcə xərclərinin səmərəliliyinin
artırılması və
optimallaşdırılmasıdır. Bu sırada artıq
neçə ildir ki, qarşıya qoyulan vəzifələrdən
biri də şəhər və rayonların dövlət
büdcəsindən maliyyələşməsinin
azaldılması və tədricən
dayandırılmasıdır. Fərəhli
haldır ki, regional inkişaf proqramlarının nəticəsi
olaraq ötən illərdə bu istiqamətdə
mühüm irəliləyiş baş verib.
Prezident
İlham Əliyev noyabrın 12-də Füzuli rayon ictimaiyyətinin
nümayəndələri və məcburi köçkünlərlə
görüşdə bu barədə deyib: “Gələcəkdə
bizim planlarımız ondan ibarətdir ki, hər bir rayon
özünü təmin edə bilsin. Yəni bu
gün rayonların bir çoxu dotasiya ilə yaşayır.
İndi Azərbaycan dövlətinin
gücü, maddi imkanları var, biz bunu edirik və edəcəyik.
Ancaq hər bir rayon
çalışmalıdır ki, öz hesabına
yaşasın. Buna imkan var”.
Ötən
illərdə büdcədən dotasiya alan
rayonların sayının xeyli azalması göstərir ki,
bütün bölgələrin özünümaliyyələşdirmə
prinsipləri əsasında yaşaması
mümkündür. Bunun üçün sadəcə
hər bir şəhər və rayon özünün potensial
imkanlarından düzgün yararlanmalıdır. Son illərdə bəzi rayonların təcrübəsində
bunun nə qədər real olduğunu görmək olar. Məsələn, Prezident İlham Əliyevin təsdiq
etdiyi dövlət proqramlarının uğurlu nəticəsi
və yerli imkanlardan səmərəli istifadənin nəticəsi
olaraq artıq İmişli rayonu neçə ildir ki, dövlət
büdcəsindən dotasiya almır. Qeyri-neft
sektorunun inkişafı ilə əlaqədar olaraq rayonun
iqtisadi imkanları artdıqca yerli gəlirləri də ilbəil
çoxalıb və nəticə etibarilə İmişli
dövlət büdcəsinin yardımından imtina edib.
Əgər İmişli rayonu dotasiyadan imtina etməyə nail olubsa, digər rayonların da öz hesabına yaşaması tamamilə mümkündür. Ələlxüsus Azərbaycanın bütün rayonlarının özünəməxsus iqtisadi potensialı, təbii imkanları, ən əsası ölkədə əlverişli biznes mühiti var. Neftin qiymətinin aşağı düşdüyü və xərclərin optimallaşdırılmasının vacib olduğu indiki şəraitdə isə rayonlar buna daha tez nail olmalıdırlar.
Fərəhli haldır ki, gələn ilin dövlət büdcəsinin layihəsi ilə tanışlıq dövlət büdcəsinin dotasiyasından imtina edən şəhər və rayonların sayının artdığını göstərir. Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Yevlax, Naftalan, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı Abşeron, Ağcabədi, Qəbələ, Sabirabad, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı və digər rayonlar da büdcə dotasiyasından azaddır. Ümumilikdə gələn il 34 şəhər və rayon dövlət büdcəsindən dotasiya almadan özünü tam maliyyələşdirəcək.
Onu da əlavə edək ki, 2017-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan dotasiyanın yerli xərclərin tərkibində xüsusi çəkisi cəmi 10,6 faiz təşkil edəcəkdir ki, bu da əvvəlki illə müqayisədə 743,5 mln. manat və ya 42,7 faiz azdır.
Təbii ki, regionların dövlət büdcəsi dotasiyasından tam azad olunması üçün zaman lazımdır. Amma vaxtilə yalnız Bakının dotasiya almadığını, gələn il isə öz yerli xərcləri hesabına maliyyələşən şəhər və rayonların sayının 34-ə çatacağını nəzərə alsaq görərik ki, bu sahədə qarşıya qoyulan məqsədlər reallaşır. Bunun da əsas səbəblərindən biri ölkədə həyata keçirilən düşünülmüş iqtisadi siyasətdir. Məhz bu siyasətin və onun tərkib hissəsi olan regional inkişaf strategiyasının uğurlu nəticələr verməsi büdcə dotasiyalarının həcmini azaldıb. Bu da, öz növbəsində, imkan verir ki, həmin vəsaitlər ölkənin inkişafı ilə bağlı digər istiqamətlərə yönəldilsin.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2016.-
17 noyabr.- S. 1.