Azərbaycan milli
maraqlara söykənən müstəqil siyasət
yürüdür
Bakıda
Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və
Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının
XVI Baş Assambleyasının birgə açılış
mərasimi keçirilib Azərbaycan
Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-dək rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Bakıya Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.
Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.
Azərbaycan Prezidenti İlham
Əliyevin nitqi
- Xanımlar və cənablar, sabahınız xeyir.
Əvvəlcə bütün qonaqlarımızı salamlayıram. Beş qitəni, 80 ölkəni və dünyanın 100-dən artıq aparıcı xəbər agentliyini təmsil edən 200 nəfər qonağımız Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresində toplaşıblar.
Belə bir vacib, qlobal və beynəlxalq tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Əminəm ki, qonaqlarımız gündəlikdəki vacib məsələlərin müzakirəsi ilə yanaşı, Azərbaycan haqqında daha dolğun məlumat əldə edəcək, ölkənin inkişafının şahidi olacaqlar. Bu ölkə müasirdir, dinamikdir və gələcək üçün nəhəng potensiala malikdir. Biz bu tədbirin Bakıda keçirilməsini həm də müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi hesab edirik. Bu, hökumətimiz üçün prioritetlərdən biridir və düşünürəm ki, müstəqilliyimizin 25 ili ərzindəki nailiyyətlərimiz bizim media azadlığı ilə yanaşı, bütün digər fundamental azadlıqların təmin edilməsinə müvəffəq olduğumuzu nümayiş etdirir.
Bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub. Biz məqsədimizə nail olmuşuq və bu 25 il ərzində siyasi və iqtisadi islahatlarla yanaşı, transformasiya keçmiş sahələrdən biri demokratik inkişaf istiqamətindəki islahatlar olub.
Ötən ay biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etdik. Nəyə görə bərpası deyirəm? Çünki ilk Azərbaycan Demokratik Respublikası təqribən 100 il bundan öncə - 1918-ci ildə yaradılıb. Təəssüf ki, ilk demokratik respublikanın ömrü yalnız iki il olub. Lakin bu iki il vacib illər olub. O dönəmdə ölkəmizin demokratik inkişafının təməli qoyulub. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk demokratik respublika idi. Onun əhəmiyyətli nailiyyətlərindən biri Avropanın bir çox dövlətindən əvvəl qadınlara səsvermə hüququnun verilməsi olub.
Müstəqilliyimiz 1991-ci ildə bərpa edildi və biz öz həyatımızı yaşamağa başladıq. Biz ölkəni yenidən qurmalı, siyasi təsisatları yaratmalı, iqtisadiyyatımızı müasirləşdirməli və dünya xəritəsində yerimizi müəyyən etməli idik. Bu illər Azərbaycan xalqının əsas hədəflərə nail olduğunu nümayiş etdirir. Bu gün Azərbaycan beynəlxalq arenada nüfuza malik dövlətdir. Burada bir faktı qeyd etmək kifayət edər. Bir neçə il əvvəl Azərbaycan dünyanın ən mötəbər beynəlxalq qurumu - BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Biz bu üzvlüyü 155 dövlətin dəstəyi sayəsində əldə etmişik. Yəni, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti, hətta Azərbaycan ilə fəal siyasi təmaslara malik olmayan ölkələr belə bizim namizədliyimizi dəstəkləyib.
Bu, məsuliyyətli və məntiqlə davranan tərəfdaş ölkəyə - Azərbaycana dəstəyin, bizim beynəlxalq müstəvidə davranışımıza və fəaliyyətimizə verilmiş yüksək qiymətin göstəricisi idi. Bununla yanaşı, belə geniş beynəlxalq dəstəyin əldə olunması onu nümayiş etdirir ki, Azərbaycan müstəqil xarici siyasət aparan ölkədir və bu siyasət regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəldilir. Bizim xarici siyasətimiz milli maraqlarımız üzərində qurulub və heç kəsə qarşı yönəlməyib. Eyni zamanda, Azərbaycan ləyaqətli ölkədir və bizim gələcəyimiz öz əlimizdədir. Bu baxımdan həmin amillərlə yanaşı, Azərbaycanın sürətli siyasi və iqtisadi inkişafı bu geniş beynəlxalq dəstəyin əldə olunmasında mühüm rol oynayıb. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəalıq və bütün bu təşkilatlarda ədalət dəyərini və beynəlxalq hüququ təşviq edirik.
Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv dövlətdir və hər iki təşkilatda yüksək səviyyəli dəstəyə malikdir. Dünyada ilk dəfə 2008-ci ildə məhz bizim təşəbbüsümüz nəticəsində İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin birgə toplantısı təşkil edilib. Bu iki təsisat arasında yaranmış əməkdaşlıq və daha geniş hərəkat “Bakı prosesi” adı alıb və biz bununla fəxr edirik. Hesab edirik ki, bu sahədəki nailiyyətimiz dünyada yüksək qiymətləndirilir.
Həmin təşəbbüsün irəli
sürülməsinə səbəb yalnız bizim hər iki
təşkilata üzv olmağımız deyildi. Bizim tariximiz,
ənənələrimiz və ölkəmizin multikultural
inkişafı müxtəlif dövlətlər, sivilizasiyalar
və dinlər arasında münasibətlərin necə
düzgün planlaşdırılıb, təşkil edilə
biləcəyinin nümunəsidir. Azərbaycan isə
multikulturalizmin yaxşı nümunəsidir. Yeri gəlmişkən,
bu il ölkəmizdə “Mültikulturalizm ili” elan edilib. Bu,
bizim dövlət siyasətimizdir və cəmiyyətimizdə
hökm sürən ümumi ab-havanın göstəricisidir.
Biz çoxsaylı beynəlxalq tədbirlər
təşkil edirik. Onların sırasında hər il
keçirilən Bakı Beynəlxalq Humanitar Forumu və
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
da var. Bu il
biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev
sahibliyi etdik. Nailiyyətlərimizin mühüm
göstəricisi bu ilin oktyabr ayında Katolik Kilsəsinin rəhbəri,
Roma Papası Fransiskin Azərbaycana səfəri və
çıxışında multikulturalizm və bizim nailiyyətlərimiz
haqqında söylədiyi fikirlər olub. O, burada Katolik
Kilsəsini, Azərbaycan məscidini ziyarət etmiş, Azərbaycanın
bütün dini icmalarının rəhbərləri ilə
görüş keçirmiş və Bakıdan, bu zaldan
dünyaya mədəniyyətlərarası və dinlərarası
dialoqun dəyərləri ilə bağlı mesaj
vermişdir.
Biz bunu xüsusilə də bugünkü dünyada etnik
və dini zəmində qarşıdurmaların mövcud
olduğu şəraitdə bir nailiyyət kimi qəbul edirik. Biz faciələrin,
milli və ya dini mənsubiyyətinə görə
insanların əzabının şahidi oluruq. Bunlar dərin narahatlıq doğuran hadisələrdir.
Bu səbəbdən biz öz gündəliyimizi
təklif edirik. Bu, multikulturalizm gündəliyidir.
Multikulturalizm iflasa uğramayıb və hesab
edirəm ki, Azərbaycan nümunəsi bunu sübut edir.
Biz əməkdaşlıq və
qarşılıqlı anlaşma gündəliyini təklif
edirik. Bunlar müsbət meyillərdir. Bu
baxımdan bizim rolumuz əsasən ənənələrimiz və
ölkəmizin ehtiyacları üzərində qurulub. Çünki Azərbaycan çoxmillətli,
çoxkonfessiyalı ölkədir. Azərbaycanda
əmin-amanlıq hökm sürür, müxtəlif etnik və
dini qrupların nümayəndələri sülh və ləyaqət
şəraitində yaşayırlar. Eyni
zamanda, bu, dünyaya bir mesajdır. Biz tənha
bir ada deyilik, qonşuluğumuzda digər ölkələr var
və bizim qanunauyğun marağımızdadır ki, bu sahədə
regionda və dünyada müsbət inkişaf mövcud olsun.
Müstəqilliyin bərpa olunmasından sonra uzun illərdir
üzləşdiyimiz problemlər sırasında istər
tarixi, istərsə də hüquqi baxımdan Azərbaycanın
əzəli torpağı olan Dağlıq Qarabağın Ermənistan
tərəfindən işğalı dayanır. Dağlıq
Qarabağ Azərbaycanın tarixi torpağıdır. “Qarabağ” sözünün özü Azərbaycan
mənşəlidir. Bu gün təkcə
sovet dönəmində Azərbaycanın tərkibində
muxtar vilayət olmuş Dağlıq Qarabağ deyil, ölkənin
yeddi digər rayonu da erməni işğalı
altındadır.
Bu işğal 20 ildən artıqdır ki, davam edir. İşğal
nəticəsində bir milyondan çox azərbaycanlı
qaçqın və məcburi köçkün vəziyyətinə
düşüb. Ermənistan
xalqımıza qarşı etnik təmizləmə siyasəti
həyata keçirib və bu gün Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış ərazisinin 20 faizi Ermənistan
tərəfindən işğal edilib. Bütün
aparıcı beynəlxalq təşkilatlar müvafiq qətnamə
və qərarlar qəbul ediblər. 1990-cı
illərin əvvəlində BMT Təhlükəsizlik
Şurası dörd qətnamə qəbul edib ki, orada Ermənistan
qoşunlarının Azərbaycan ərazisindən dərhal və
qeyd-şərtsiz çıxarılması tələb
olunur. Ancaq onlar icra olunmamış
qalır. Ermənistan həmin qətnamələrə
məhəl qoymur, beynəlxalq ictimaiyyətə saymazlıq
edir. Burada ciddi müzakirələr
aparılmalı və addımlar atılmalıdır ki, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin icra mexanizmləri
yaradılsın. Eyni zamanda, qətnamələrin
icrası ilə bağlı vahid icra üsulu olmalıdır.
Çünki bəzi hallarda biz BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin bir neçə
gün içərisində icra edildiyinin şahidi oluruq.
Bizə gəldikdə isə artıq 20 ildən
çox vaxt keçir. Bu, qəbuledilməzdir.
Bu, Azərbaycana qarşı ikili standartların
göstəricisidir. Biz işğala son
qoymalıyıq.
Digər
beynəlxalq təşkilatlar, o cümlədən İslam
Əməkdaşlığı Təşkilatı, Avropa
Şurasının Parlament Assambleyası, Avropa Parlamenti,
Qoşulmama Hərəkatı bənzər qərar və qətnamələr
qəbul ediblər, ancaq onlar da kağız üzərində
qalmaqdadır.
Bizim bütün tarixi abidələrimiz, məscidlərimiz,
məzarlıqlarımız ermənilər tərəfindən
dağıdılıb. ATƏT-in iki faktaraşdırıcı
missiyası da bu faktları təsdiq edib. Burada,
Bakıda siz dövlətin himayəsi altında olan, təmir
edilmiş erməni kilsəsini ziyarət edə bilərsiniz.
Ancaq işğal edilmiş Dağlıq
Qarabağda və digər rayonlarda bizim bütün məscidlərimiz
Ermənistan tərəfindən dağıdılıb.
Münaqişə ən qısa zamanda öz həllini
tapmalıdır. Bu həll beynəlxalq hüquqa və Azərbaycanın
ərazi bütövlüyünə əsaslanmalıdır.
Azərbaycanın ərazi
bütövlüyü istənilən digər dövlətin
ərazi bütövlüyü qədər dəyərlidir.
Biz tez-tez eşidirik ki, postsovet məkanında
olan digər münaqişələr dövlətlərin ərazi
bütövlüyü çərçivəsində həll
edilməlidir. Həmin prinsip Azərbaycana
da şamil olunmalıdır.
Bu nəhəng siyasi, iqtisadi və sosial yükə
baxmayaraq, Azərbaycan inkişaf edir. Biz bu inkişafa
sadiqik. Biz daha güclü dövlət
yaratmalıyıq, bütün sosial vədlərimizə əməl
etməliyik, iqtisadiyyatımızı şaxələndirməliyik
və daha güclü olmalıyıq. Təəssüf
ki, bu gün dünyada bir çox hallarda beynəlxalq hüquq
pozulur və təcavüzkarı işğala son qoymağa məcbur
edəcək siyasi mexanizmlər yoxdur. Bu səbəbdən
biz əsas diqqəti ölkənin iqtisadi inkişafına
yönəltmişik. Hesab edirəm ki,
nailiyyətlərimiz olduqca böyükdür.
Bu gün Azərbaycan müasir, inkişafda olan,
özünü təmin edən ölkədir, güclü və
şaxələndirilmiş iqtisadiyyata malikdir. Sosial təminat
yüksək səviyyədə təmin edilir, bütün
iqtisadi proqramlarımız həyata keçirilib, onların bəziləri
hətta vaxtından əvvəl icra olunub. Son 13 ildə Azərbaycan iqtisadiyyatı üç
dəfə artıb. Biz yoxsulluğun
öhdəsindən gələ bilmişik və bu gün bu
göstərici 5 faiz səviyyəsindədir. İşsizlik də təqribən həmin səviyyədədir.
Mötəbər beynəlxalq təşkilatlar Azərbaycanı
inkişaf baxımından yüksək mövqelərə
layiq görürlər. Məsələn, Davos Dünya
İqtisadi Forumu Azərbaycanı iqtisadi rəqabətliliyinə
görə 37-ci yerə layiq görüb. Bu
isə dünya miqyasında aparıcı mövqelərdən
biridir. Öz növbəsində bu, onu
nümayiş etdirir ki, bizim iqtisadiyyatımız rəqabətlidir,
şaxələndirilmişdir və yalnız bir mənbədən
- enerji mənbəyindən asılı deyil. Gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi,
iqtisadi islahatların davam etdirilməsi ölkəmizin
davamlı inkişafı üçün əlavə imkanlar
yaradacaq və əminəm ki, Azərbaycan qarşıdan gələn
illərdə daha da güclü olacaq.
Qarşılıqlı maraq üzərində
qurulmuş geniş regional əməkdaşlığın
yaradılması istiqamətində tərəfimizdən
böyük səylər göstərilir. Xüsusilə
də enerji və nəqliyyat sahələrində. Bizim təşəbbüslərimiz artıq öz bəhrəsini
verir. 1990-cı illərin ortalarında Azərbaycan
tərəfindən irəli sürülmüş enerji layihələri
regionumuza firavanlıq gətirib. Biz Xəzərin
nəhəng enerji ehtiyatlarını dünya bazarlarına
çıxaran ilk ölkə olmuşuq. Xəzər
dənizinin şaxələndirilmiş boru kəmərləri
sistemi vasitəsilə Qara və Aralıq dənizləri ilə
birləşdirilməsi Azərbaycanın ən mühüm
nailiyyətlərindəndir.
Bu gün biz “Cənub Qaz Dəhlizi” adlanan qlobal enerji
layihəsi üzərində çalışırıq. Onun icrası
nəticəsində biz bir sıra ölkələr
üçün etibarlı qaz ixracatçısına
çevriləcəyik. Layihənin dəyəri
təqribən 45 milyard dollardır və Azərbaycan onun həyata
keçirilməsində aparıcı rol oynayır. Bu gün biz artıq “Cənub Qaz Dəhlizi” layihəsinin
iştirakçısı olan 7 dövlətlə sıx əməkdaşlıq
yaratmışıq. Gələcəkdə
isə yeni ölkələr layihəyə qoşulacaq ki, bu
da bizə öz ehtiyaclarımızı təmin etməyə,
böyük qaz ixracatçısına çevrilməyə,
tranzit və istehlakçı dövlətlərə isə
yeni enerji mənbəyi əldə etməyə imkan yaradacaq.
Hər bir dövlətin öz
iqtisadiyyatını və sənayesini inkişaf etdirmək
üçün buna ehtiyacı var.
Bizim enerji siyasətimiz milli maraqlarımıza və əməkdaşlığa
əsaslanır. Hesab edirəm ki, Azərbaycan, qeyd etdiyim
kimi, bu sahədə də qarşılıqlı marağa
söykənən çox məsuliyyətli yanaşma
nümayiş etdirir. Biz yalnız belə olan halda məqsədimizə
nail ola bilərik. Layihənin
bütün iştirakçıları gəlir
paylarını əldə etməlidir və biz enerji əməkdaşlığını
ölkələri yadlaşdıran deyil, birləşdirən
sahə hesab edirik. Düşünürəm
ki, bu sahədəki nailiyyətlərimiz artıq nəzərdən
keçirilə bilər.
Eyni sözləri bizim etibarlı nəqliyyat dəhlizinin
yaradılması təşəbbüsümüz haqqında
da demək olar. Biz üstün coğrafi mövqeyə
malikik. Ancaq müvafiq infrastruktur olmadan bu
coğrafiya o qədər də böyük əhəmiyyət
kəsb etmir. Bu səbəbdən bizim səylərimiz
nəqliyyat sahəsində regional əməkdaşlığın
yaradılmasına yönəldilib. Xüsusilə
də Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində.
Bu layihə yekunlaşmaq üzrədir və artıq ilk
sınaq yük qatarı Asiyadan Avropaya Azərbaycan
ərazisindən hərəkət edib. Bundan
başqa, icra edilməkdə olan digər layihə Şimal-Cənub
nəqliyyat dəhlizi layihəsidir. Azərbaycan
bu layihənin icrası çərçivəsində vacib tədbirlər
görmüş və mühüm addımlar
atmışdır. Xəritəyə nəzər
salsanız aydın olar ki, hər iki dəhliz əlavə fəaliyyət
sahəsi yaradacaq, artımı və sənayenin
inkişafını stimullaşdıracaq, müxtəlif
dövlətlərə və şirkətlərə vaxta qənaət
etməklə yüklərini ixrac etmək imkanı verəcək.
Şərq-Qərb və Şimal-Cənub dəhlizləri
vasitəsilə yük nəql edən şirkətlər iki
həftəyədək vaxta qənaət etmiş olacaqlar.
Təbii ki, burada sərmayəyə ehtiyac var. Biz həm
sərmayə yatırır, həm də bu layihələrin
icrası üçün digər tərəfdaşlarımıza
maliyyə dəstəyi veririk. Bunun məqsədi isə
yenə də regional əməkdaşlıq,
proqnozlaşdırılma, iqtisadi mənfəət və təhlükəsizlikdir.
Çünki təhlükəsizlik olmasa, qeyd
etdiyim heç bir layihənin icrası mümkün olmaz.
Təhlükəsizliklə bağlı
narahatlıq artmaqdadır. Ətrafımızda
vəziyyət getdikcə gərginləşir, yeni
narahatlıq mənbələri, qarşıdurma, qan
tökülməsi, müharibələr meydana gəlir və
bu da bizi dərindən narahat edir.
Bizim siyasətimiz hər zaman risklərin
azaldılmasına hesablanır. Bu gün Azərbaycanda
olan vəziyyət onu nümayiş etdirir ki, bu, təkcə
bizim ölkə üçün deyil, bütün region
üçün düzgün siyasətdir.
Müstəqilliyimizin 25 illiyindən bəhs edərkən
sosial təminatın gücləndirilməsi və sosial
infrastrukturun yaradılması sahəsində görülən
işləri qeyd etmək lazımdır. Sosial layihələrin
icrası sırasında ən vaciblərindən biri
qaçqınların və məcburi köçkünlərin
yerləşdirilməsi olmuşdur. Bu qəbildən
olan 250 min nəfər yeni evlərlə və mənzillərlə
təmin edilmişdir. Təhsil
infrastrukturuna böyük vəsait yatırılmış, Azərbaycanda
3 mindən artıq yeni məktəb inşa edilmişdir.
Biz fəxr edə bilərik ki, Azərbaycanda
savadlılıq 100 faiz səviyyəsindədir. Bu isə bizə inkişaf etmək imkanı
yaradacaq. Çünki hazırda dünyada
inkişaf təbii sərvət üzərində deyil, bilik,
müasir texnologiya və təhsil üzərində qurulur.
Bu səbəbdən biz təbii sərvətlərin
insan kapitalına çevrilməsinə
çalışırıq və hesab edirəm ki, buna
müvəffəq olmuşuq. Təhsil
bizim əsas prioritetlərimizdən olub, bu gün də
prioritetdir və gələcəkdə də prioritet olaraq
qalacaq.
Azərbaycan haqqında danışarkən tərəfimizdən
təşkil olunan, tərəfdaşlığa və
dostluğa yönəlmiş beynəlxalq tədbirləri qeyd
etmək istərdim. Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə
ev sahibliyi edir. Onlardan iki
idman tədbirini qeyd etmək istərdim. O tədbirlər
ki, onun mahiyyəti yalnız idmanla məhdudlaşmır. Birincisi, ilk Avropa Oyunlarıdır. Oyunlar ötən
il Bakıda təşkil edilmişdi və
onlar iki nöqteyi-nəzərdən rəmzi xarakter
daşımışdır. Birincisi, ona görə
ki, bu günədək digər qitə oyunlarından fərqli
olaraq, Avropa Oyunları təşkil edilməmişdir. İkinci isə ilk Avropa Oyunlarının müsəlman
ölkəsində keçirilməsidir. Bu,
qarşılıqlı anlaşmanın çox mühüm
göstəricisi idi və mən avropalı tərəfdaşlarımıza
oyunlara ev sahibliyi etmiş Azərbaycanı
dəstəklədiklərinə görə minnətdarlığımı
bildirirəm. Bu oyunlar Yay Olimpiya Oyunları səviyyəsində
təşkil olunmuşdur və həqiqətən də
birlik və dostluq festivalına çevrilmişdir.
Gələn
il biz IV İslam Həmrəyliyi
Oyunlarını qəbul edəcəyik. Yəni, iki il içərisində bir şəhərdə
həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları
təşkil edilmiş olacaq. Bir az əvvəl
qeyd etdiyim fikrə qayıtmaq istəyirəm - əlaqə,
multikulturalizm, qarşılıqlı anlaşma və
qarşılıqlı hörmət. Budur, bizim
təşviq etmək istədiklərimiz. Təbii
ki, güclü media dəstəyi olmasa, biz bu sahədə
uğur əldə edə bilmərik. Əlbəttə,
medianın hansı formada fəaliyyət göstərməli
olduğu haqda danışmayacağam, çünki bu, mənim
işim deyil.
Bir dövlət başçısı və siyasətçi
kimi, əminəm ki, medianın beynəlxalq hadisələrdəki
rolu dəqiqliklə təhlil edilməlidir. Çünki
medianın rolu gündən–günə artır və bununla
yanaşı, məsuliyyət də artır. Biz bir çox hallarda media tərəfindən
işıqlandırılan hadisələrin gərginlik, qan
tökülməsi və qarşıdurma
yaratdığının şahidi oluruq. Bu
səbəbdən əməkdaşlıq dəyərlərinin
təşviqi baxımından xəbər agentliklərinin və
medianın dəstəyi olduqca əhəmiyyətlidir. Bununla siyasətçilər ümumbəşəri
dəyərlərin müdafiəsi üçün yeni
imkanlar əldə etmiş olurlar. Bununla dəyərlərin
təşviqində bizə daha ardıcıl və fəal
olmaq fürsəti verilmiş olur. Bəzən
mediada gördüklərimiz və oxuduqlarımız
reallıqdan fərqlənir. Bunu şəxsi
təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin Prezidenti
kifayət qədər dəqiq məlumat mənbələrinə
malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz
bu və ya digər eyni hadisə onun kim tərəfindən
təqdim edilməsindən asılı olaraq, bəzən fərqli
şəkildə çatdırılır. Bu səbəbdən
biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının
şahidi oluruq. Yaxın Şərq,
müharibələr, Avropa, postsovet məkanı – burada eyni
hadisə fərqli şəkildə təqdim edilir. Yəni, biz burada siyasi motivlər və müəyyən
mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin
şahidi oluruq. Hadisələrin gedişi
müəyyən çərçivəyə
salınır, təqdim edilməli olan məsələlər
müəyyənləşdirilir, digər mövzular isə
qadağan edilir.
Bu səbəbdən sizin bugünkü toplantınız
və Konqresiniz bu mühüm məsələləri nəzərdən
keçirəcək. Hamımız azad medianın tərəfdarıyıq.
Hamımızın, xüsusilə də 70 il
Sovet İttifaqının tərkibində yaşamış Azərbaycan
kimi dövlətlərin doğru məlumata ehtiyacı var. O
dönəmdə yalnız vahid rəsmi siyasət və vahid
ideologiya mövcud idi və bizim heç bir məlumata
çıxışımız yox idi. Təkcə
bizim deyil, bütün ölkələrin və xalqların həqiqətən
nələrin baş verdiyi ilə bağlı məlumat əldə
etmək hüququ var. Əminəm ki, siz bu məsələləri
müzakirə edəcəksiniz və Bakı Konqresi fəaliyyətinizdə
mühüm addım olacaq.
Sizi ölkəmizdə bir daha salamlayıram. Şadam və fərəhlənirəm
ki, biz belə mötəbər qlobal tədbirə ev sahibliyi edirik. Konqresə
uğurlar arzu edirəm.
Bir daha təşəkkür edirəm.
X X X
Sonra UNESCO-nun baş direktoru xanım İrina BOKOVANIN
videomüraciəti nümayiş etdirildi. Müraciətdə deyilir:
“Möhtərəm
Azərbaycan Respublikasının Prezidenti.
Xanımlar və cənablar.
Dünya Xəbər Agentliklərinin V Konqresinin və
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri
Təşkilatının XVI Baş Assambleyasının
iştirakçılarına ən səmimi təbriklərimi
çatdırmaqdan şərəf duyuram. Dünyanın
100-dək ölkəsindən nüfuzlu media xadimləri rəqəmsal
inqilab və jurnalistlərin qarşılaşdığı
təhdidlər də daxil olmaqla, jurnalistikanın aktual problemlərini
müzakirə etmək üçün bu tədbirlərə
toplaşıblar.
Hesab edirəm ki, bu, gələcək fəaliyyətimizin
uğurunun başlanğıc nöqtəsidir. Biz insan
hüquqları və ləyaqəti, qanunun aliliyi və
yaxşı idarəetmə, demokratiya və davamlı
inkişaf naminə müstəqil, etik və plüralist
medianın vacibliyinə inanırıq. Keyfiyyətli
jurnalistika cəmiyyətlər üçün heç vaxt
olmadığı qədər vacibdir və onun başlıca
vəzifəsi əsasən böhran və münaqişələr
zamanı cəmiyyətin etibarlı informasiyaya tələbatını
ödəməkdən, onun maraqlarını təmin etməkdən,
söz azadlığı üçün əlverişli zəmin
yaratmaqdan ibarətdir.
Bu kontekstdə mən Azərbaycan Prezidentinə bu təşəbbüsü
irəli sürdüyünə görə minnətdarlığımı
bildirirəm.
Konqresin bütün iştirakçılarına,
xüsusən də UNESCO-nun təşəbbüsü ilə
1961-ci ildə yaradılan Asiya və Sakit Okean Ölkələri
İnformasiya Agentlikləri Təşkilatının nümayəndələrinə
təşəkkürümü bildirirəm. Tədbirin
işinə uğurlar arzulayıram və ümid edirəm ki,
biz ifadə azadlığının möhkəmləndirilməsi,
azad informasiya axınının təmin edilməsi və
keyfiyyətli jurnalistikanın hər yerdə dəstəklənməsi
yolunda birgə işləyəcəyik. Çox sağ olun”.
X X X
UNESCO-nun
baş direktorunun müavini Qetaçyu ENQİDA
çıxış edərək dedi:
-Zati-aliləri
Azərbaycan Respublikasının Prezidenti.
Xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Siz burada UNESCO-nun baş direktorunun müraciətini dinlədiniz. Təbii ki, mən
videomüraciətdə söylənilənləri təkrarlamayacağam.
Dünya
Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean
Ölkələri İnformasiya Agentlikləri Təşkilatının
XVI Baş Assambleyası yüzədək xəbər
agentliyinin rəhbərlərini, media peşəkarlarını
bir araya gətirərək dünyada milyardlarla insanın xidmətində
duran agentlik rəhbərlərini, baş redaktorları,
reportyorları və guşə yazarlarını buradan
salamlayır. UNESCO Rusiyanın TASS agentliyinin təşəbbüsü
ilə təsis edilən Dünya Xəbər Agentlikləri
Konqresinin, o cümlədən UNESCO-nun təşəbbüsü
ilə 1961-ci ildə qurulmuş Asiya və Sakit Okean Ölkələri
İnformasiya Agentlikləri Təşkilatının
yaradıcılarından biridir.
Üç gün ərzində siz Bakıda dünya
mediasının durumunu, xəbər agentliklərinin rolunu
müzakirə edəcəksiniz və ifadə
azadlığını təmin edən şəraitlər
barədə diskussiyalar aparacaqsınız.
Xəbər agentlikləri informasiya mübadiləsinin və
media plüralizminin aparıcı qüvvəsi olaraq qalır
və bu, öz növbəsində, mədəni və
intellektual müxtəlifliyi təmin edir. Media müxtəlifliyi
və plüralizm fərdi idealları zənginləşdirmək,
ümumi mədəni təcrübəni müxtəlif rəylər,
hekayətlər və informasiya ilə dərinləşdirmək
imkanı yaradır. Bu cür vasitələrlə
sərhədlər aşılaraq ölkələr
arasında mədəniyyətlərarası dialoq təşviq
edilir, azad mətbuat və fərqli rəylərin təmin
olunmasını mümkün edən ifadə
azadlığı möhkəmlənir. Biz,
həmçinin bilməliyik ki, xəbər agentlikləri məlumatın
əldə edilməsi və mübadiləsində əsas
iştirakçı olaraq qalır. Faktiki surətdə,
xəbər agentliyi olmadan məlumatı əldəetmə
hüququnu təmin edən qanunvericilik informasiya
azadlığı prinsipinin təmin edilməsi və həyata
keçirilməsində güclü vasitə ola
bilməz.
İnternet inqilabı baş verdikdən sonra keyfiyyətli jurnalistika heç vaxt görünmədiyi kimi mühüm məsələ olaraq qalır. Medianın rolu etibarlı məlumat verərək azad düşüncəni ifadə etməklə ictimai maraqlara xidmət göstərməkdən və xüsusən də böhran, münaqişə zamanı cəmiyyətin maraqlarının keşiyində durmaqdan ibarətdir. Reportajların verilməsi zamanı etikanın gözlənilməsi xəbərlərin toxunduğu sosial dinamikaya bələd olaraq münaqişəli məqamların nəzərə alınmasını, eləcə də bəsit və qızışdırıcı hekayətlərin arxasınca qaçmaq istəyinin kənara qoyulmasını tələb edir. Bu, faktların və rəqəmlərin araşdırılmasını, səbəblərin bildirilməsini, antaqonizmi qızışdırmağa çalışan şəxslərin motivasiyasını, eləcə də ahəngdarlıq və birgəyaşama naminə çalışan şəxslərin işini nəzərdə tutur.
Xanımlar və cənablar, bu cür çoxşaxəli və plüralist medianın təhlükəsiz mühitə ehtiyac duyması ilə əlaqədar hətta UNESCO-nun üzv dövlətləri bizə güclü dəstək versə də, media azadlığı və ifadə azadlığı təzyiqlər altında qalmaqdadır. Son on illik ərzində ümumən 827 jurnalist məlumatı ictimaiyyətə çatdırdığına görə həyatından məhrum olub. Orta hesabla desək bu, hər 5 gündə bir ölüm halı deməkdir. Ümumiyyətlə, media peşəkarları və xəbər agentliklərinin reportyorları nəinki verdikləri reportaja görə hədəfə, o cümlədən ekstremistlərin təbliğatına qarşı fəaliyyətinə görə qurbanlara çevrilirlər.
Media icması üzv dövlətlərlə yanaşı, hamı üçün keçmiş və yeni media, reportyorlar və azad yazarlar, jurnalist və sosial media yaradıcıları üçün daha təhlükəsiz mühit yaratmaq məqsədilə birləşməlidirlər. Bu, jurnalistlərin təhlükəsizliyi və cəzasızlıq təhlükəsizliyi ilə bağlı baş direktorun noyabrın 17-də üzv dövlətlərə rəsmən təqdim edəcəyi hesabatın əsas mesajıdır.
Mən müzakirələrinizdə sizə uğurlar arzulayıram. Qoy, media plüralizminin və redaktor müstəqilliyinin dəstəklənməsi və gücləndirilməsi, eləcə də xəbərlərin azad axınının möhkəmləndirilməsi, jurnalistika üçün təhlükəsiz mühitin qurulması sahəsində aparılan iş müzakirələrinizin və qərarınızın mərkəzində olsun. Diqqətinizə görə çox sağ olun.
X X X
Daha sonra xatirə şəkli çəkdirildi.
Qısa fasilədən sonra
açılış mərasimi çıxışlarla
davam etdi.
Azərbaycan.- 2016.- 17 oktyabr.- S. 1,
2, 3.