Həqiqi müstəqilliyə
etibarlı təminat mexanizmi
Ulu öndər Heydər Əliyevin
rəhbərliyi ilə qəbul olunmuş
mühüm qərarlar Azərbaycanın
dövlət müstəqilliyinə real
şərait yaratmışdır
Tarix sübut edir ki, hər bir xalqın zəngin mənəvi-intellektual potensialının, milli məfkurə və özünüdərk hissinin konkret zaman və məkanda üzə çıxması uzunmüddətli təkamül prosesinin məntiqi nəticəsi kimi gerçəkləşir. Yaranmış yeni ictimai-siyasi şəraitdə tarixi məsuliyyəti üzərinə götürən xarizmatik liderlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali ideallarının gerçəkləşməsində mühüm rol oynayır, bununla da əbədiyaşarlıq zirvəsinə yüksəlirlər.
XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider Heydər Əliyev də məhz belə xarizmatik liderlərdən biri kimi xalqımızın taleyində misilsiz rol oynamış, onu tarixən can atdığı müstəqillik ideallarına qovuşduraraq yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Ümummilli liderin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində və bu istiqamətdə cərəyan edən proseslərin önündə getdiyini birmənalı olaraq təsdiqləyən faktlar kifayət qədərdir. Respublikada geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar məhz ulu öndər Heydər Əliyevin keçmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına (MSSR) rəhbərlik etdiyi dövrdə atılmışdır.
Muxtar respublikanın ali qanunverici orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Naxçıvan MSSR-in adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar qəbul olunmuşdur. Həmin sessiyada həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında da yekdilliklə qərar qəbul edilmiş, eyni zamanda yeni gerb və himnin hazırlanması üçün müsabiqə elan olunmuşdur. Muxtar respublikanın Ali Məclisi üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırmışdır.
Bununla da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi xalqımızın müstəqillik mücadiləsi ilə bağlı konstitusion müstəvidə ilk həlledici addımı atmışdır. Bu qərarlarla Naxçıvan MR faktiki olaraq keçmiş SSRİ-nin yurisdiksiyasından çıxarılmış, sonrakı mərhələdə muxtar respublika rəhbərliyinin qəbul etdiyi digər cəsarətli tarixi qərarlar Azərbaycan xalqının həqiqi müstəqilliyə qovuşmasını sürətləndirmişdir. 1991-ci il martın 17-də Azərbaycanda keçirilən və keçmiş SSRİ-nin saxlanılmasına münasibəti öyrənən referendumun Naxçıvanda boykot edilməsi faktı da ulu öndərin müstəqillik ideallarına nə qədər bağlı şəxsiyyət olduğunu bir daha təsdiqləyir. O zaman respublika rəhbərliyi bu seçkiləri saxtalaşdıraraq Moskvanın tələb etdiyi rəqəmi “rəsmiləşdirsə” də, Naxçıvan ictimaiyyəti ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müstəqillik istəyini ortaya qoymuşdu.
Ulu öndər sonralar Azərbaycanın müstəqilliyinə xidmət edən bu addımlara münasibətini bildirərkən deyirdi: “Milli dövlətçilik ənənələrimizin dirçəldilməsi, muxtar respublikanın adından “sovet”, “sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, 1990-cı ilin 19-20 yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendumda iştirakdan imtina etməsi, muxtar respublika ərazisində Kommunist Partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, 31 dekabr gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması, nəhayət, böyük vətəndən - Azərbaycandan ayrı düşmüş Naxçıvanda, özü də amansız hərbi-iqtisadi blokada şəraitində vətən torpaqlarının düşməndən qorunub saxlanılması - bunlar mənim Naxçıvandakı fəaliyyətim barədə aydın təsəvvür yaradır”.
Nəhayət, bu proseslərin təsiri altında 1991-ci il avqustun 30-da keçmiş Azərbaycan SSR Ali Soveti demokratik qüvvələrin, o cümlədən həmin vaxt Naxçıvan Ali Məclisinin Sədri olmuş Heydər Əliyevin səyləri ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” bəyanat qəbul etmişdir. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin Nizamnaməsində, digər beynəlxalq hüquqi paktlarda və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı. Ali Sovetin 30 avqust tarixli iclasında bəyanatla yanaşı, “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Konstitusiya Aktı layihəsinin iki həftə müddətində hazırlanması barədə qərar qəbul edilsə də, respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitmişdi.
1991-ci il oktyabrın 18-də böyük dövlət xadimi Heydər Əliyevin də əsas təşəbbüskarlardan biri kimi imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı” ilə Azərbaycanın istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir. Həmin Konstitusiya Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil respublika elan etmişdir. Həmin aktda eyni zamanda Azərbaycan xalqının idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək hüququ təsbit olunmuşdur. Konstitusiya Aktının 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdır. Bu ali sənəddə hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri də rəsmən elan edilmişdir.
Dövlət müstəqilliyini qazanmış Azərbaycanın sonrakı mərhələdə üzləşdiyi fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, xaos və anarxiya mühiti bir daha təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Həmin illərdə hakimiyyətdə olan qüvvələrin naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın ən müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu.
Belə bir böhranlı və ağır vəziyyətdə xalq çıxış yolunu yenə də müdrik rəhbərinin - ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görmüşdür. Xalqın təkidli tələbi ilə 1993-cü ilin 9 iyununda hakimiyyətə qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyət və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını irəli sürmüşdür.
1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Ulu öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə yazılmış, dövlətçiliyin əsas atributlarından biri sayılan bu mühüm sənəd həmin il noyabr ayının 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuşdur. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil ölkəmizin yeni neft strategiyasının hazırlanaraq uğurla həyata keçirilməsidir. 1994-cü ilin 20 sentyabrında dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” bu mənada Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynamışdır. Həmin saziş nəticəsində bütün dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan eyni zamanda qlobal məkanda özünün statusunu müəyyənləşdirməyə nail olmuşdur.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü inkişaf modeli spesifikliyi ilə fərqlənməklə, demokratik dəyərləri özündə maksimum ehtiva edən milli inkişaf prioritetlərini müəyyənləşdirmişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan ötən müddətdə inanılmaz yol qət edərək bir sıra Qərb dövlətlərinin uzun illər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi uğurlar əldə etmişdir.
Bu gün 70 il inzibati-amirlik sistemində yaşamış, milli ideallardan uzaqlaşdırılmış, iqtisadiyyatı səmərəsiz, köhnə texnologiya və infrastruktur üzərində qurulmuş respublikanın qısa müddətdə qazandığı nailiyyətlərin miqyası Azərbaycanla genişmiqyaslı əməkdaşlığa maraq göstərən beynəlxalq təşkilatlarda, habelə aparıcı Qərb dövlətlərində də heyrət doğurur. Qürur hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyevin ötən 13 il müddətində həyata keçirdiyi siyasət Azərbaycanda möhkəm təməllərə söykənən və dinamik sosial-iqtisadi tərəqqini təmin edən siyasi sabitliyin, vətəndaş sülhünün, həmrəyliyin qorunub saxlanılmasına yönəlmişdir. Və bu sabitliyi heç bir qüvvə pozmaq, ölkəni xaos, anarxiya burulğanına sürükləmək iqtidarında deyildir.
Dövlət müstəqilliyinin 25-ci ildönümü tamam olmuş Azərbaycan ötən illərdə inanılmaz dərəcədə dəyişmiş, zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət etmişdir. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini adlamış respublikamız bütün sahələrdə sürətlə inkişaf edir, abadlaşır, müasirləşir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir.
Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyur. Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən Azərbaycan bu gün tamam fərqli statusda çıxış edir və regional məsələlərdə əsas oyunçulardan biridir. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər Azərbaycanla hesablaşır, onun mövqeyini nəzərə alırlar. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı demişdir: “...Bu gün Azərbaycan bölgədə, dünyada cərəyan edən prosesləri sadəcə müşahidə etməklə kifayətlənmir. Biz proseslərin fəal iştirakçısıyıq, bizim mövqeyimizdən, sözümüzdən çox şey asılıdır. Azərbaycan regionda sülh və əməkdaşlıq mərkəzinə çevrilməkdədir. Bizimlə hesablaşırlar, məsləhətləşirlər və bizim mövqeyimiz, bəzi hallarda birmənalı bəyanatlarımız başqaları üçün də ciddi əsas yaradır”.
Bu gün Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP layihələri dünya miqyaslı layihələr olmaqla, Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açır. Bu layihələr eyni zamanda respublikamızın müstəqilliyini daha da möhkəmləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir.
Bunun nəticəsidir ki, beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi Gürcüstana, Ermənistana və yaxud digər başqa MDB respublikasına deyil, məhz Azərbaycana üstünlük verilir. Təkcə bu ilin 11 ayında Bakıda keçirilmiş beynəlxalq miqyaslı tədbirlərin heç də tam olmayan bu siyahısı Azərbaycanın dünya miqyasında artan nüfuzunun əyani təsdiqi kimi diqqəti çəkir: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, “Formula-1” yarışları, Dünya Şahmat Olimpiadası, V Bakı Beynəlxalq Humanitar Forumu və digər tədbirlər respublikamızın sülh, sabitlik və əməkdaşlıq paytaxtı kimi tanınması prosesinə yeni təkan vermişdir.
Son illər müxtəlif mötəbər tədbirlərin təşkilatçısı olan Azərbaycan bir tərəfdən beynəlxalq nüfuz və mövqelərini möhkəmləndirir, digər tərəfdən öz həqiqətlərini, daxili və xarici siyasətini, sosial-iqtisadi uğurlarını geniş təbliğ etmək üçün əlverişli imkanlar qazanır. Paralel olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda psixoloji-siyasi üstünlüyə malik olmaq, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumu təşkil etmək fürsəti əldə edir.
Məlumdur ki, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Bu mənada yüksək sosial-iqtisadi inkişafla yanaşı, demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin başa çatdırılması, hüquqi dövlətin, sözün həqiqi mənasında, bərqərar olması müasir Azərbaycan milli ideyasının tərkib hissələri kimi nəzərdən keçirilir. Hüquqi-siyasi sahədə aparılan islahatlar Azərbaycanın Avropa hüquq məkanında fəaliyyət göstərən beynəlxalq standartlara tam uyğunluğunu təsdiqləyir.
Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərə ictimai münasibəti öyrənən 2016-cı ilin 26 sentyabr referendumu bunun əyani təsdiqi olaraq ölkəmizdə insan hüquq və azadlıqlarının konstitusion əsaslarının daha da gücləndirilməsinə, cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə, dövlət idarəçilik mexanizmlərinin təkmilləşdirilməsinə xidmət etmişdir. Tamamilə azad, demokratik və şəffaf şəraitdə keçirilmiş ümumxalq səsverməsinin nəticəsi olaraq qüvvəyə minmiş Konstitusiyaya əlavə və dəyişikliklər ictimai həyatın digər mühüm sahələri ilə yanaşı, məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı bəzi məsələləri də özündə ehtiva etmiş, ümumən ədalət mühakiməsinin keyfiyyətinin yüksəlməsinə yeni təkan vermişdir.
Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” sərəncamında qeyd olunduğu kimi, “1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyası milli dövlət quruculuğunun bünövrəsini təşkil etməklə müasir dövlətin bütün qurum və təsisatlarının formalaşdırılmasında, hakimiyyət bölgüsü prinsiplərinin tam təşəkkül tapmasında, parlamentarizm ənənələrinin zənginləşdirilməsində mühüm rol oynamışdır. 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixli referendumlar Konstitusiyanın müəyyən maddələrinə əlavələri ilə dövlət quruculuğu sisteminin təkmilləşməsinə töhfələr vermişdir”.
Ölkədə həyata keçirilən siyasətin nəticəsi kimi Azərbaycanın dövlət müstəqilliyi ötən 25 ildə hər bir vətəndaş üçün əvəzsiz nemət olmuş, onun qürur, fəxarət ünvanına çevrilmişdir. Bəli, ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq, bu gün heç kim respublikamızın müstəqilliyi ilə bağlı hansısa bədgüman fikirlərə düşmür, sovet dövrünün “nostalgiyası” ilə yaşamır. Çünki bu gün müstəqil Azərbaycan dövlətinin yürütdüyü siyasət tam mahiyyəti ilə vətəndaş amilinin təmin olunmasına, insanların rifah halının yüksəlməsinə xidmət edir. Və həm də ürəkdən inanır ki, Prezident İlham Əliyev yürütdüyü praqmatik siyasətlə qarşıda müəyyənləşdirdiyi milli ideyanı - müstəqil Azərbaycanın müasir və qüdrətli dövlətə çevrilməsini təmin edəcəkdir.
İradə ƏLİYEVA,
Azərbaycan.- 2016.- 17
noyabr.- S. 5.