Məqsədimiz
bütün azadlıqların təmin olunduğu, müasir,
inkişaf edən, demokratik cəmiyyət quruluşunu davam
etdirməkdir
İlham
ƏLİYEV: “Nəyə görə Culian Asanj hələ də
Ekvadorun Londondakı səfirliyindədir?.. Jurnalistlə bu
cür rəftar etmək demokratikdirmi?”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.
Azərbaycan Prezidenti İlham
Əliyev dedi:
- Dünən
biz görüşmüşdük. Dünənki
çıxışımda qeyd etdiyim kimi, bu qlobal tədbirə
evsahibliyi etmək böyük şərəfdir. Dünyanın bu qədər çoxlu sayda
aparıcı xəbər agentliklərinin nümayəndələrinin
Bakıda toplaşması çox əlamətdar haldır.
Bu, ölkəmizin təqdimatı
üçün yaxşı imkan yaradır. Dünən qeyd etdiyim kimi, müstəqil ölkə
kimi Azərbaycan gənc bir dövlət olmasına baxmayaraq, zəngin
tarixə, ənənələrə, mədəniyyətə
malik bir ölkədir. Ümidvaram ki, sizin
gəzintilərə çıxaraq Azərbaycanın bir
sıra tarixi yerlərini görmək və Azərbaycan
haqqında daha çox məlumat əldə etmək
imkanınız olacaq. Çünki biz hələ
də özümüzü təqdim etmək
üçün çox işlər görməliyik. 25 illik dövr bunun üçün kifayət deyil.
Bu baxımdan biz dünya miqyasında müxtəlif
tədbirlər, o cümlədən mədəniyyət sahəsi,
iqtisadi potensialımızın təqdim edilməsi ilə
bağlı tədbirlər keçiririk. Lakin
təqdimatın ən yaxşı yolu qonaqlara burada evsahibliyi
etməkdir. Xüsusilə, o qonaqları ki
onlar gündəlik işlərində beynəlxalq ictimaiyyəti
dünyada gedən proseslərlə məlumatlandırırlar.
Buna görə, bu baxımdan fikrimcə,
Bakıda bu konqresin keçirilməsi mühüm əhəmiyyət
kəsb edir.
Dünya
Xəbər Agentlikləri Konqresi Şurasının (NACO)
prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin
baş icraçı direktoru Klayv Marşal dedi:
-
Çox sağ olun, cənab Prezident. Bizim bugünkü görüşümüzdə
dünyanın hər yerindən xəbər agentliklərini təmsil
edən insanlar toplaşıb və onların bir qismi Sizə
suallar vermək istəyindədir. Mən
burada bütün konqres iştirakçıları adından
danışmaq istərdim. Biz konqresdə Sizin dünənki
nitqinizin təəssüratları altındayıq və
fikrimcə, hər bir iştirakçı xüsusilə Sizin ingiliscənizə valeh olub. Yəqin,
buradakı həmkarlarım üçün də maraqlıdır
ki, Sizin ingiliscəniz necə olur ki, bu səviyyədədir.
Bu, bir möcüzədir.
Buradakı iştirakçıların bir çoxu son
üç ildə bir neçə dəfə ölkənizə
səfər edib. Biz Bakıdakı inkişaf proseslərini
görməkdən çox məmnunuq və Siz dünənki
nitqinizdə bu barədə danışdınız. Bizim həmkarlarımızın bir hissəsi Azərbaycanın
müxtəlif yerlərində, kiçik kəndlərdə,
o cümlədən Qafqaz dağlarında yerləşən, əgər
düz tələffüz edirəmsə, Xınalıq kəndində
olub. Bizi orada qonaqpərvərliklə
qarşıladılar, səhər yeməyi verdilər və
bu, bizdə Sizin ölkənizlə
bağlı dolğun təəssürat yaratdı. Biz hər şeyi öz gözümüzlə
gördük. Son neçə gün ərzində
bizə çox xoş münasibət göstərilib və
ölkələrimizdə media peşəsi ilə
bağlı bir çox məsələləri müzakirə
etmək imkanımız olub.
Dünya
Xəbər Agentlikləri Konqresinin və Səudiyyə
Ərəbistanının Səudiyyə Press Agentliyinin (SPA)
prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn dedi:
- Cənab
Prezident, bu mühüm tədbirin təşkilinə verdiyiniz
dəstəyə görə minnətdarlığımızı
bildiririk. Azərbaycan ilə Səudiyyə
Ərəbistanı arasında münasibətlər yüksək
səviyyədədir. Biz dost ölkələrimiz
arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirməliyik.
Prezident
İlham Əliyev:
-
Çox sağ olun. Sizinlə
razıyam. Ölkələrimiz arasında çox
yaxşı münasibətlər var. Mən ötən il sizin ölkənizdə rəsmi səfərdə
olmuşam və zati-aliləri Kral tərəfindən bizə
çox böyük qonaqpərvərlik göstərildi. Ölkələrimiz arasında münasibətlər
çox yaxşıdır. Biz çox
yaxşı tərəfdaş və dostuq.
Avropa Xəbər
Agentlikləri Alyansının prezidenti, İsveçin “TT”
agentliyinin baş icraçı direktoru Yonas Olof Erikson dedi:
- Cənab
Prezident, bizi qəbul etdiyinizə görə çox sağ
olun. Bura çox gözəldir. Azərbaycana, Bakıya ilk səfərimdir. Bakı çox təsirləndirici şəhərdir,
Azərbaycan çox təsirləndirici ölkədir. “TT” agentliyinin baş icraçı direktoru və
Avropa Xəbər Agentlikləri Alyansının prezidenti
olmağımla yanaşı, mən həm də atayam. Mənim iki uşağım var. Onların 14 və
12 yaşı var. Onlar Stokholmda yaşayırlar. Mənim Sizə sualım var, cənab Prezident, əgər
mənim uşaqlarım mənim yolumu davam etsəydilər və
jurnalist peşəsini seçsəydilər bu, mənim
üçün çox sevindirici hal olardı. Sizin
uşaqlarınıza gəldikdə, cənab Prezident, Siz
uşaqlarınızın siyasətlə məşğul
olacaqlarını, Sizin və atanızın
davamçısı olacaqlarını gözləyirsinizmi?
Prezident
İlham Əliyev:
- Bu,
onların istək və planlarından asılıdır. Düşünürəm ki, hələ onlar öz
fəaliyyətindən razıdırlar. Onlar
mədəni və sosial məsələlərdə çox
fəaldırlar. Yeri gəlmişkən,
onların ikisi, həmçinin media ilə də
bağlıdır. Mənim böyük
qızım uzun illərdir ki, Azərbaycanı Rusiya və
beynəlxalq auditoriyaya təqdim edən “Baku” jurnalının
baş redaktorudur. Jurnal iki dildə - ingilis
və rus dillərində çap olunur. Siz
bu jurnalı internetdə görə bilərsiniz. Mənim ikinci qızım da jurnalistika ilə
bağlı məsələlərlə məşğuldur.
O, jurnalist təhsili almışdır. O, Azərbaycanın zəngin
tarixə malik olan müasir ölkə kimi tanınması
istiqamətində sənədli filmlər üzərində
çalışır və digər tədbirlərdə
iştirak edir.
Mənim oğlum tələbədir. Onun gələcək
seçimi onun özündən asılıdır. O,
Bakıda universitetdə iqtisadiyyat üzrə təhsil
alır. Beləliklə, bu, onların qərarı
olacaq. Azərbaycan hər kəs
üçün bərabər imkan yaradan ölkədir.
Əgər onlar öz gələcəyini siyasətlə
bağlamaq istəsələr, bu, onların seçimi olacaq.
Koreya
Respublikasının Yonhap agentliyinin prezidenti və baş
icraçı direktoru Park No-Hvanq dedi:
- Burada
olmaq mənim üçün həqiqətən də şərəfdir.
Düşünürəm ki, ola bilsin, mən
Sizinlə görüşən və burada olan ilk Koreya
jurnalistiyəm. Azərbaycan vətəndaşlarının
Koreya məhsullarını, məsələn, elektrik
avadanlıqları və Koreya avtomobilləri kimi məhsulları
çox bəyənməsini eşitmək mənə
qürur hissi verir. Eşitmişəm ki,
linqvistik nöqteyi-nəzərdən Azərbaycan və Koreya
dilləri bir-birinə oxşardır. Beləliklə,
mən Azərbaycan dilini mümkün qədər tez öyrənməyi
də qərara ala bilərəm. Sualım
isə Sizin Koreya barədə təsəvvürünüzün
nədən ibarət olması ilə bağlıdır və
Koreya ilə daha dərindən əməkdaşlıq etmək
üçün hər hansı bir planlarınız varmı?
Prezident
İlham Əliyev: - Bizim çox yaxşı münasibətlərimiz
var. Bir neçə il bundan əvvəl mən
sizin ölkənizə rəsmi səfər etmişəm. Koreyanın Prezidenti və Baş naziri də Azərbaycana
səfər ediblər. Bizim çox
yaxşı siyasi əlaqələrimiz var. Bir çox Koreya
şirkətləri də Azərbaycanda fəaliyyət
göstərir. Bakıda olan bəzi yeni
binalar və göydələnlər Koreya memarları tərəfindən
layihələndirilib. Həmçinin
Koreya şirkətləri Azərbaycanda dövlətin maliyyələşdirdiyi
yeni sənaye ərazilərinin icrası üzərində
çalışırlar. Beləliklə,
onlar çox fəaldırlar. Bizim
çox yaxşı mədəni əlaqələrimiz var.
Biz Azərbaycanın Koreyada, Koreyanın isə ölkəmizdə
mədəniyyət günlərini təşkil etmişik.
Xalqlarımız bir-birinə çox
böyük rəğbət bəsləyirlər. Buna görə də biz bu tərəfdaşlığın
daha da genişləndirilməsini səbirsizliklə gözləyirik.
Avstraliyanın
AAP agentliyinin baş direktoru Brüs Alan Davidson dedi:
- Cənab
Prezident, bizi burada qəbul etdiyiniz üçün sizə təşəkkür
edirəm. Bəli, Avstraliya Azərbaycan və
Bakıdan böyük məsafədə yerləşir.
Həmkarlarıma və dostlarıma Azərbaycana
səfər edəcəyimi deyəndə maraqlısı o
oldu ki, onların bir çoxu ölkəniz haqqında
eşitməsinə baxmayaraq, Azərbaycanın harada yerləşməsi
barədə məlumatları yoxdur. Beləliklə,
Sizin ölkənizə səfər etməklə mən Azərbaycan
haqqında daha çox məlumatlar əldə etdim. Nəzərimdən qaçmayan məqamlardan biri də
yeni binaların müasir memarlığıdır. Bu da, əlbəttə ki, müasir Bakının bir
xüsusiyyətidir. Sidneydən gələn
bir şəxs kimi deyə bilərəm ki, sizin yeni tikilən
əyləncə mərkəzinizlə Sidney Opera Evinin bəzi
elementləri arasında oxşarlıq var. Bilmirəm bu, bilərəkdən
olub, ya yox. Ola bilsin ki, bu, belədir. Mən həmin binanın elementlərini nəzərdə
tuturam. Sizdən soruşmaq istəyirəm: Bakıda bu
çox müasir və innovasiyalı memarlıq üslubunun tətbiq
edilməsi strategiyası sizə hansı faydalar verir?
Prezident
İlham Əliyev: - Şərhləriniz üçün sizə
təşəkkürümü bildirirəm. Bakı
tarixi şəhərdir, qədim şəhərdir. Tarixi Bakı bu gün görə biləcəyiniz qədim
şəhər divarı ilə əhatə olunub. Yeri gəlmişkən, İçərişəhər
dünya irsi kimi UNESCO tərəfindən qorunur. Əlbəttə ki, bizi narahat edən məsələ
öz tarixi irsimizi qorumaqdır. Bakının
çoxsaylı tarixi binaları XIX əsrdə Azərbaycanda
ilk neft bumu yaşananda inşa olunub. Bu
binalar dövlət tərəfindən də qorunur. Lakin şəhər inkişaf edir və biz vətəndaşlarımız
üçün yaxşı şərait yaratmalıyıq.
Buna görə də yeni infrastrukturun, müasir
müəssisələrin və yeni binaların
yaradılması Bakının tarixi
görünüşü ilə ahəngdarlıq təşkil
etməlidir. Düşünürəm ki,
biz bunun öhdəsindən gəlmişik. Hesab edirəm ki, müasir və tarixi binalar
arasında heç bir ziddiyyət yoxdur. Əksinə,
siz İçərişəhərdən çıxıb
yolu keçərək özünüzü ən uzun
bulvarlardan biri olan 16 kilometrlik Dənizkənarı Parkda və
müasir mühitdə tapa bilərsiniz. Biz
tikintinin inkişafını diqqətlə izləyirik və
ona nəzarət edirik ki, yeni binalar müasir memarlığa
uyğunlaşsın. Onlardan biri sizin
dünən olduğunuz Heydər Əliyev Mərkəzidir.
Heydər Əliyev Mərkəzi bir çox beynəlxalq
mükafatlara layiq görülüb və mən şəxsən
hesab edirəm ki, o, məşhur memar Zaha Hadidin ən
yaxşı incəsənət əsəridir və mərkəz
dünya kataloqlarındadır. Bakının
digər yeni bir rəmzi “Alov Qüllələri”dir. Bu da
şah əsərdir. Sizin istinad etdiyiniz və
Sidney Opera Evinə oxşayan bina isə yeni tikinti kimi
görünə bilər. O, Xəzər dənizində
yerləşir, eləcə də “Marriott” hotelinin yanında
yerləşən yeni inşa edilmiş hoteldir. Yeri gəlmişkən, o, Koreya memarları tərəfindən
layihələndirilib. Beləliklə, bu,
inkişafın göstəricisidir və çox şadam ki,
sizin Bakıda gördüyünüz yeni inşa olunmuş
binaların mütləq əksəriyyəti özəl
sektor - yerli və xarici şirkətlər tərəfindən
maliyyələşdirilib. Bu onu göstərir
ki, şirkətlərin burada çalışmağa
çox böyük marağı var. Bunun üçün
potensial və dinamika var. Bilirəm ki, sakinlərimiz
Bakının dünyanın ən gözəl şəhərlərindən
biri olması ilə fəxr edirlər.
İtaliyanın
ANSA agentliyinin baş icraçı direktoru Cüzeppe Serbone: -
Mənim sualım Azərbaycanda həyata keçirilən
TANAP layihəsi ilə bağlıdır. Sizin
TANAP layihəsi ilə Rusiyanın Avropaya qaz axını
layihəsi arasında ziddiyyət varmı? Bu məsələ
Aralıq dənizi bölgəsi ölkələri
üçün vacibdir.
Prezident
İlham Əliyev: - Əlbəttə ki, neft böyük
resursdur. Lakin hər şey bu resursdan necə
yararlanmaqdan asılıdır. Biz neftdən
yararlana bilməyən bir çox neft ölkələrinin
nümunələrini görürük və neft sahəsinin
inkişafı onlar üçün bir lənətə
çevrilib. Beynəlxalq neft şirkətləri
ilə layihələrə başlayanda əsas məqsədimiz
maliyyə ehtiyatlarımızın toplanılması və sərf
olunmasına dair maksimum şəffaflığın təmin
edilməsi ilə bağlı idi. Bu məqsədlə
biz Dövlət Neft Fondunu təsis etdik. Bu
da dünyada ən şəffaf, müstəqil ehtiyat
fondlarından biri hesab olunur. Neft satışından əldə
olunan bütün vəsaitlər və həmçinin xərclər
də şəffafdır və beynəlxalq səviyyədə
audit olunur. Biz Neft Fondundan vəsaitləri
yalnız parlament tərəfindən təsdiq olunan büdcə
məsrəfləri çərçivəsində xərcləyə
bilərik. Ona görə də biz Azərbaycanda
indi ümumi daxili məhsulumuza çox yaxın olan çox əsaslı
maliyyə ehtiyatlarını yarada bildik. Dövlət
Neft Fondu və bizim şəffaflıq siyasətimiz bu məsələdə
çox önəmli rol oynadı. Neft
satışlarından əldə olunan çoxlu həcmdə
vəsaiti biz infrastruktura sərmayə kimi yatırdıq.
Biz regionlarda infrastrukturu - yolları, elektrik
enerjisinin generasiyasını, qazlaşdırmanı, su və
kanalizasiya sistemlərini, suyun təchizatını tamamilə
yenidən qurduq. Bu gün biz təkcə
neft və qazı ixrac etmirik, eyni zamanda uzun illər bundan əvvəl
idxal etdiyimiz elektrik enerjisini ixrac edirik. İndi
isə bizim təşəbbüsümüzlə “Cənub
qaz dəhlizi” layihəsi icra edilir. Dünənki
çıxışımda mən bu barədə qısaca
danışdım. “Cənub qaz dəhlizi”
4 ayrıca layihədən ibarətdir. Birincisi,
dünyada ən böyük qaz yataqlarından biri sayılan
“Şahdəniz-2” layihəsinin işlənilməsidir. İkincisi, Azərbaycandan Gürcüstana mövcud
qaz xəttinin genişlənməsidir. Bunun
adı Cənubi Qafqaz Boru Kəməridir. Üçüncüsü,
Türkiyənin şərq sərhədindən qərb sərhədinə
qədər uzanan Trans-Anadolu boru kəməridir. Əlbəttə ki, sonuncusu Trans-Adriatik boru kəməri
TAP-dır. Bu boru kəməri Türkiyənin
Yunanıstanla sərhədindən başlayaraq
Yunanıstanın, Albaniyanın ərazisindən və suyun
altından keçərək İtaliyaya gedib
çıxır. Birləşdirilmiş
boru kəmərinin uzunluğu 3 min kilometrdən çoxdur və
hazırda 7 ölkə Azərbaycanın rəhbərliyi
altında bu layihənin fəal üzvüdür. Bu da bu ilin fevral ayında keçirilən “Cənub
qaz dəhlizi” layihəsinin Məşvərət
Şurasının ikinci iclasında öz təsdiqini
tapmışdır. Avropa Komissiyasının
vitse-prezidentləri, ABŞ Prezidentinin xüsusi nümayəndəsi,
habelə “Cənub qaz dəhlizi” layihəsinə üzv olan
ölkələr tərəfindən imzalanmış bəyannamələr
açıq-aydın göstərir ki, bu layihə Azərbaycanın
rəhbərliyi altında həyata keçirilir. Bu layihə bizə təbii qazımızı ən
böyük bazar olan Avropaya ixrac etmək üçün
lazımdır. Avropaya isə bu layihə
ona görə lazımdır ki, Avropanın əlavə qaz mənbəyinə
ehtiyacı var. Çünki Avropanın inkişafına əlavə
enerji ehtiyatları lazımdır və Avropaya enerjini təchiz
edən mövcud ehtiyatların bəziləri artıq tükənməkdədir.
Onlara yeni ehtiyat lazımdır. Burada, Xəzər
regionunda, Azərbaycanda təsdiqlənmiş yeni qaz
ehtiyatlarının həcmi 2,6 trilyon
kubmetrdir. Beləliklə, bu, Avropa
istehlakçılarını on illərlə qazla təmin
etməyə kifayət edəcək. Biz bu
layihəni heç vaxt regionda icra olunan hər hansı bir digər
qaz layihəsinə alternativ və ya rəqib kimi
saymamışıq. Bizim layihəmiz yalnız artıq mənim
qeyd etdiyim hədəfə doğru yönəlib: istehsal etmək,
təchiz etmək, istehlakçıların
ehtiyaclarını ödəmək, tranzit ölkələrini
sevindirmək və həm də ölkəmiz
üçün qazanc əldə etmək. Beləliklə,
layihənin icrası cədvəl üzrə gedir. Avropada bəzi ekoloji narahatlıqlarla bağlı
gecikmələr var idi. Lakin məndə
olan məlumata görə, artıq bu məsələlər
öz həllini tapıb. 2018-ci ildə
TANAP layihəsi vaxtında istismara veriləcək. Ümid edirik ki, 2020-ci ilə qədər “Cənub
qaz dəhlizi” layihəsinin digər hissələri də icra
olunacaq. Lakin yenə də qeyd etmək istəyirəm
ki, biz layihənin iştirakçısı olan 7 ölkə
- Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan,
Bolqarıstan, Albaniya, İtaliya və son mərhələdə
layihəyə qoşulmaq arzusunu ifadə etmiş iki Balkan
ölkəsi - Xorvatiya və Monteneqro arasında bu beynəlxalq
əməkdaşlığı çox sıx şəkildə
davam etdirməliyik.
Associated
Press agentliyinin vitse-prezidenti Con Danişevski: - Cənab
Prezident, bildiyimizə görə, ölkənizdə bir
neçə jurnalist həbsdə qalmaqdadır. Bizə Əli Həsənov bildirdi ki, onların həbsdə
olmaları məhz jurnalistlik fəaliyyətləri ilə
bağlı deyil. Onlar xuliqanlıq, vergi
pozuntuları və digər bu cür məsələlərlə
bağlı həbs olunublar. Bildiyimizə
görə, Xədicə İsmayılova həbs olunduqdan
sonra “Azad Avropa” radiostansiyasının bürosunun fəaliyyətinin
bərpa edilməsinə icazə verilməyib. Ölkə xaricində bəzi jurnalistlər var ki, təqiblərə
məruz qaldıqlarını bildirirlər. Siz dünənki çıxışınızda
aydın şəkildə qeyd etdiniz ki, Azərbaycanın
dünyada dolğun şəkildə tanınmasını istəyirsiniz.
Siz dünyada Azərbaycanla və mətbuat
azadlığı ilə bağlı yenidən əminlik
yaratmaq üçün atıla bilinəcək bəzi
addımlar barədə nə deyə bilərsiniz?
Prezident
İlham Əliyev: - Siz dünya deyəndə kimi nəzərdə
tutursunuz? Siz həmişə dünyanın
adından danışmağı xoşlayırsınız.
Mən 13 illik prezidentlik fəaliyyətim
dövründə bunun şahidiyəm. Dünya
hər hansı bir ayrılıqda götürülmüş
ölkədən böyük məfhumdur. Biz çox zaman belə bir ifadəyə rast gəlirik
ki, beynəlxalq birlik hansısa bir məsələdən
narahatdır. O zaman müəyyənləşdirmək
lazımdır, beynəlxalq birlik dedikdə nə nəzərdə
tutulmalıdır? Beynəlxalq birlik BMT-yə
üzv olan 200 ölkə deməkdir. Dünən
mən öz çıxışımda da qeyd etdim ki, bu
ölkələrin üçdəikisi Azərbaycanı BMT-nin
Təhlükəsizlik Şurasına üzvlük məsələsində
dəstəkləmişlər. Mən
dünənki çıxışımda onu da qeyd
etmişdim ki, Azərbaycanda mətbuat azadlığı tam
şəkildə təmin olunub. Bu məsələnin
mahiyyətinə diqqət yetirmək kifayət edir. Ölkəmizdə əgər azad internet fəaliyyət
göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet
istifadəçisidirsə mətbuat azadlığının
məhdudlaşdırılmasından necə danışmaq
olar?! Əgər sosial şəbəkədə
- “Facebook”da və “Tvitter”də 2 milyon insanımız varsa, mətbuat
azadlığını necə məhdudlaşdırmaq olar?!
Biz qarşımıza bu cür siyasi məqsəd
qoymamışıq. Bizim məqsədimiz
bütün azadlıqların təmin olunduğu, müasir,
inkişaf edən, demokratik cəmiyyət quruluşunu davam
etdirməkdən ibarətdir. Bu,
bütün digər azadlıqlara da şamil olunur. Məsələn, sərbəst toplaşma
hüququ. Bəzən Azərbaycanı tənqid
edirlər ki, bizdə sərbəst toplaşma hüququ yoxdur.
Bu, yanlışdır. Bunun
üçün bu yay müxalifətin keçirdiyi mitinqlərə
nəzər salmaq kifayətdir. Qeyd edim ki, onlar oraya
çox adam yığa bilmədilər,
onların sayı dünən Heydər Əliyev Mərkəzində
keçirilən tədbir iştirakçılarının
sayından az idi. Lakin onlar azad şəkildə
toplaşmışdılar, heç bir məhdudiyyət yox
idi. Bir daha qeyd edirəm ki, Azərbaycanda mətbuat
azadlığı tam şəkildə təmin olunub. Ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə
kontekstdən kənar baxılmamalıdır. Ölkələrin çoxunda jurnalistlərin cinayət
törətməsi halları baş verir və onlar istintaqa cəlb
olunurlar. Biz bu məsələdə
obyektiv olmalıyıq, məsələlərə obyektivlik
mövqeyindən yanaşmalıyıq. Mən də sizə
belə bir sual vermək istərdim: Azərbaycanı qeyd
etdiyim məsələlərlə bağlı tez-tez tənqid
edirlər, bəs siz mənə deyə bilərsinizmi ki, nəyə
görə Culian Asanj hələ də Ekvadorun Londondakı səfirliyindədir?
Culian Asanj bir neçə il bundan qabaq
hansısa qadınla hansısa əlaqələrə görə
ekstradisiya və ölüm cəzası təhlükəsi
ilə üzləşib. O, iki ildən artıqdır ki, səfirlikdədir
və çölə çıxmaqdan qorxur. Bunu
necə izah edə bilərsiniz? Jurnalistlə
bu cür rəftar etmək demokratikdirmi? Bu
rəftara nə ad vermək olar?
Con
Danişevski: - Bilirsiniz, mən bu məsələ ilə
bağlı ekspert deyiləm. Mənim fikrimcə, o,
İsveçə geri qayıda, orada prokurorlarla təmasda ola bilər və bu məsələlərlə
məşğul ola bilər.
Prezident
İlham Əliyev: - Onda o, həbs olunacaq, ekstradisiya ediləcək
və yəqin ki, ömürlük həbs cəzası
alacaq.
Con
Danişevski: - Mmmmm... Mən... Mən əmin deyiləm... Bəlkə
isveçli həmkarım...
Prezident
İlham Əliyev: - Mən demək istəyirəm ki, bu
cür hallar baş verir və bu cür məsələlərə
kontekstdə baxılmalıdır. Hansısa
ayrı bir ölkə hücumlara hədəf seçilməməlidir.
Heç kim mükəmməl deyil və
bütün bu məsələlərə reallıq kontekstində
baxılmalıdır.
Bolqarıstanın
BTA agentliyinin baş direktoru Maksim Minçev: - Cənab
Prezident, keçən il ilk Avropa
Oyunlarından əvvəl Bakıda olmuşam. Bir
saat bundan əvvəl yola çıxanda çoxlu binalar
gördük. Lakin onlar indi boşdur.
Bakıda gələcəkdə bu böyük
idman infrastrukturu ilə nə baş verəcək?
Prezident
İlham Əliyev: - Hansılarını deyirsiniz?
Maksim
Minçev: - Bir çox binalar var, onlar boşdur.
Prezident
İlham Əliyev: - Xeyr, mən belə hesab etmirəm. Çünki mən bilmirəm siz hansı
binaları nəzərdə tutursunuz. Lakin
onların əksəriyyəti fəaliyyət göstərir.
Qeyd etdiyim kimi, Bakıda gördüyünüz
yeni binaların əksəriyyəti özəl sərmayə
hesabına tikilib. Buna görə onlar boş ola bilməz. Bunlar hotellər,
ofis mərkəzləri, yaşayış binaları kimi fəaliyyət
göstərir. Avropa Oyunları ərəfəsində
yenidən qurduğumuz və inşa etdiyimiz idman
qurğularına gəldikdə isə onlar fəaliyyət
göstərir. Məsələn, bizim
Olimpiya Stadionumuz fəaliyyət göstərir və orada
futbol oyunları keçirilir. Avropa
Oyunları ərəfəsində inşa olunmuş Su
İdmanı Sarayı və başqaları da fəaliyyətdədir.
Azərbaycan çox məşhur idman ölkəsidir.
Bizim çox yaxşı nəticələrimiz
var. Yeri gəlmişkən, Avropa Oyunlarında Azərbaycan
yığmasının medal sayına görə ikinci yerə
çıxması ölkəmizin oyunlara evsahibliyi etməsi
ilə bağlı deyildi. Düşünürəm
ki, Rio Yay Olimpiya Oyunları bunu bir daha göstərdi. Biz
Olimpiya Oyunlarında 18 medal qazandıq və Olimpiya
Oyunlarında iştirak edən bütün ölkələr
sırasında medal sayına görə 14-cü yerdə qərarlaşmışdıq.
Avropa ölkələri arasında 7-ci,
keçmiş Sovet İttifaqı ölkələri
arasında Rusiyadan sonra 2-ci, müsəlman dünyasında
1-ci yerdə idik. Sizin Bakıda
gördüyünüz bütün bu idman qurğuları fəaliyyətdədir,
eləcə də digərləri. Mən
hər bir konkret bina haqqında danışa bilmərəm,
çünki sizin hansı binanı nəzərdə
tutduğunuzu bilmirəm. Lakin onların əksəriyyəti
fəaliyyətdədir. Onların bəziləri
inşa olunmaqdadır.
Maksim
Minçev: - “Formula-1”dən sonra Siz Azərbaycanda gələcəkdə
Olimpiya Oyunlarına evsahibliyi etməyə
hazırsınızmı?
Prezident
İlham Əliyev: - Əslində, növbəti Olimpiya
Oyunlarına evsahibliyi etmək üçün namizədlik irəli
sürmək fürsəti bizdə var idi. Lakin
düşündük ki, hazırda biz bunu etməyək.
Çünki Avropa Oyunları, demək olar ki, Yay Olimpiya
Oyunları səviyyəsində keçirilmişdi. Gələn
il bizdə İslam Həmrəyliyi
Oyunları və böyük uğur qazanmış,
çoxlu diqqət cəlb edən “Formula-1” Qran-prisi
keçiriləcək. “Formula-1”in 500 milyonluq
auditoriyası var. Ola bilsin, burada Olimpiya Oyunları ilə
paralellik aparmaq olar. Olimpiya Oyunları 2-3 həftə
ərzində keçirilir, sonra isə yekunlaşır.
“Formula-1” yarışları isə hər il
keçirilir və davam edir. “Formula-1” və
Avropa Oyunlarından sonra biz Azərbaycana gələn turistlərin
sayında artımı müşahidə edirik. Xüsusilə məhz ona görə ki, “Formula-1”
şəhər halqasında keçirilmişdi. Beləliklə, insanlar təkcə yarışı
deyil, şəhəri də izləmək imkanı
qazandılar və onlar yeni məkanları görmək və
kəşf etmək istəyirlər.
Maksim
Minçev: - “Formula-1” yarışlarına gələcək
10 il ərzində evsahibliyi edəcəksiniz?
Prezident
İlham Əliyev: - Müddətlə bağlı məndə
heç bir əminlik yoxdur. Lakin bilirəm ki, 5
illik müqavilə bağlanmışdır və sonradan o,
uzadıla bilər. Yalnız üç
şəhər halqası var. Bunlar Bakı, Sinqapur və
Monakodur. Yalnız üç.
Bəhreynin
BNA agentliyinin baş direktoru Muhannad Sulaiman Mohsen Alnoaimi: - Mən
Bakı haqqında uzun illər bundan qabaq xəbərlərdə
eşitmişəm. Bura gəlməzdən
öncə fərqli təəssüratlarım vardı.
Lakin burada olduğum üç-dörd gün ərzində
həmkarlarıma da dediyim kimi, şoka düşdüm.
Şəhər çox müasir və gözəldir.
Siz böyük işlər
görürsünüz, viza rejiminin sadələşdirilməsi
çox yaxşı haldır. Biz çox
şadıq ki, bizim hökumətimizin, bizim
Kralımızın zati-alilərinizlə çox gözəl
münasibətləri var.
Prezident
İlham Əliyev: - Sağ olun, xoş sözlərinizə
görə təşəkkür edirəm. Qeyd
etdiyiniz kimi, körfəz ölkələri üçün
viza rejiminin sadələşdirilməsindən sonra körfəz
ölkələrindən olan turistlərin sayı 10 dəfə,
bəlkə də 20 dəfə artıb. Xüsusilə
yay vaxtı burada, küçələrdə çox sayda
qardaşımız var idi. Ümumiyyətlə,
biz yeni viza rejimi təqdim edirik. Bir
neçə gün ərzində elektron viza alıb Bakıya
gəlmək çox asandır. Təhlükəsizlik,
yaxşı iqlim, qonaqpərvər insanlar, yaxşı hotellər,
infrastruktur, yaxşı mətbəx və siz
özünüzü evinizdəki kimi hiss edirsiniz. Bu, çoxlu tarixi abidələri olan, rahatlıq verən
şəhərdir. Siz qeyd etdiniz ki,
rayonlardan birində səfərdə olmusunuz. Biz regionların inkişafına xüsusi diqqət
yetiririk. Bakının da rayonları sürətlə
inkişaf edir, sosial infrastruktur, avtomagistrallar, 6 beynəlxalq
hava limanı və hotellər var. Nisbətən kiçik ərazisi
olan Azərbaycanda 9 iqlim qurşağı mövcuddur. İki-üç saatın ərzində
maşınla subtropik əraziyə, Alp dağlarına bənzər
yerlərə, yarımsəhraya, Xəzərin sahilinə, xizək
kurortuna gedə bilərsiniz. Azərbaycan həqiqətən
də daha çox tanınmaq istəyən ölkədir və
düşünürəm ki, ən yaxşı vasitə
sizin konqresdir. Biz müxtəlif təqdimatlar
zamanı Azərbaycan haqqında çox danışa bilərik.
Lakin siz buradasınız, görürsünüz, hiss edirsiniz
və siz bir gün deyil, bir neçə gündür
buradasınız. Yəqin ki, sizin insanlarla
görüşmək, onlardan Azərbaycanda və dünyada
baş verənlər barədə nə
düşündüklərini soruşmaq imkanınız olub.
Mən bilirəm ki, ilk dəfə gələnlərin
çoxu bir də gəlmək istəyir.
Klayv
Marşal: - Cənab Prezident, iclasa yekun vurmaq üçün
TASS agentliyinin baş direktoru Sergey Mixaylova söz verməzdən
əvvəl mən Sizə imkan yaratmaq istəyirəm. Burada dünyanın hər yerindən insanlar var -
Cibuti, Meksika, Koreya, Avstraliya, ABŞ, Kanada və Rumıniyadan.
Sizin bizə vermək istədiyiniz sual varmı?
Prezident
İlham Əliyev: - Fikirləşirəm ki, verəcəyim
sual hamımız, xüsusilə də jurnalistlər
üçündür. Bu sual ABŞ-dakı son
prezident seçkiləri ilə bağlıdır.
ABŞ-ın bütün aparıcı qəzetləri, o
cümlədən “Vaşinqton Post”, “Nyu York Tayms”, xəbər
agentlikləri və başqaları xanım Klintonun qələbəsini
proqnozlaşdırırdılar və ümumiyyətlə, mətbuatın
bu məsələni necə işıqlandırması bizə
məlumdur. Lakin nə baş verdi?
Onların hamısı yanlışlığa yol verdi, yoxsa onların qiymətləndirməsi
siyasi motivasiya daşıyırdı? Seçkilərin
mətbuatda işıqlandırılmasına müəyyən
göstərişlər verilməsi ilə bağlı siyasi
müdaxilə var idimi? Yoxsa həmin mətbu
orqanlar proqnozda çox böyük yanlışlığa
yol verdilər və müəyyən mənada onlara olan
etimadı itirdilər. Təbii ki,
ABŞ-ın burada iştirak edən nümayəndəsi bu
sualı birinci cavablandıra bilər.
Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski: - Fikrimcə, bu, müəyyən dərəcədə sübut edir ki, bu, demokratiyadır və insanlar seçki məntəqəsinə gedərək öz seçimlərini edirlər. Bəzi ölkələrdən fərqli olaraq ABŞ-da bilmirsən ki, seçki nə ilə nəticələnəcək. ABŞ-da doğrudan da seçkilər keçirilərkən bilmirsən kim qalib gələcək və seçkilərin nəticələri bəzi xəbər agentliklərini çaş-baş saldı. Bir çox agentliyin xəbərləri diqqəti latın amerikalılarının, afroamerikalıların səs verdiyi bəzi ştatlara yönəltmişdi və onlar görmədilər ki, Tramp qalib gələcək. Onlar görmürdülər ki, iqtisadi cəhətdən çətinlik çəkən təbəqələr Trampa səs verəcək. Lakin deyə bilərəm ki, hər hansı bir namizədi dəstəkləmək və ya ona ziyan vurmaqla bağlı heç bir xüsusi səbəb yox idi. Tam əksinə, ədalətli qaydada, mübahisəli bir mühitdə işıqlandırmağa çalışırdılar. Misal üçün, bir gün Associated Press Klinton haqqında tənqidi yazı dərc etmişdi və biz Trampı dəstəkləyənlərdən xeyli cavablar almışdıq. Ertəsi gün Tramp haqqında tənqidi yazı yazdıqda eyni axın Klintonun tərəfdarlarından daxil olmuşdu. Fikrimcə, bu, hamı üçün gözlənilməz oldu. Bəlkə də sorğu məlumatlarına həddən artıq etibar edirdik və onların etibarsız olduğu ortaya çıxdı. Lakin siyasi nəzarət yox idi.
Jose Antonio Vera Gil: - Cənab Prezident, mən İspaniyanın EFE xəbər agentliyinin prezidentiyəm. Sizin Tramp haqqındakı şəxsi fikrinizi öyrənmək istərdim.
Prezident İlham Əliyev: - Şəxsi fikrim çox müsbətdir. Keçirilən sorğulara və Amerikanın aparıcı media qurumlarının gözləntilərinə baxmayaraq, ona qarşı aparılan aqressiv kampaniyaya baxmayaraq, Amerika xalqı ona böyük dəstək göstərdi, o, seçkilərdə qalib gəldi. Bu seçkilərə görə o, ancaq özünə borcludur. O, böyük hörmətə layiqdir. Ümid edirik ki, əvvəlki illərdə ABŞ ilə Azərbaycan arasında inkişaf edən əlaqələr onun prezidentliyi dövründə uğurla davam edəcək. Əməkdaşlıq üçün bir çox sahə, o cümlədən siyasi, iqtisadi, enerji və başqa sahələr var. Dünyada da onun siyasəti üçün çox böyük gözləntilər var. Bunun üçün də Azərbaycan olaraq ona uğurlar arzulayırıq və düşünürəm ki, Azərbaycan xalqı seçkilərdə baş verənləri qiymətləndirir.
Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov: - Cənab Prezident, Sizə xüsusi sualım yoxdur. Çünki birinci müavinim Azərbaycan haqqında hər bir kiçik şeyi hər gün mənə danışıb. Artıq hər şeyi bilirəm. Cənab Prezident, qonaqpərvərliyinizə görə bir daha təşəkkür edirəm. Üç gündür ki, buradayıq və Sizinlə iki dəfə görüşmüşük. Bir daha təşəkkür edirəm. Cənab Prezidentin ingilis dilində gözəl danışmağının sirrini bilirəm. Çünki biz eyni institutun - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunuyuq. Buna görə cənab Prezidentin ingiliscəsi çox yaxşıdır. Burada olmaq imkanı yaratdığınız üçün təşəkkür edirəm.
Prezident İlham Əliyev: - Buraya gəldiyiniz üçün təşəkkür edirəm. Bir daha deyim ki, bu əhəmiyyətli tədbiri təşkil etmək bizim üçün qürurvericidir. Əminəm ki, Azərbaycandan xoş təəssüratlarla qayıdacaqsınız.
Sonda xatirə şəkli çəkdirildi.
AZƏRTAC
Azərbaycan.- 2016.- 18 noyabr.- S. 1,
2.