“MİDA” Məhdud
Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan
mənzilləri vətəndaşların güzəştlə
əldə etməsi Qaydası
Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli Fərmanı
ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanının 12.2-ci bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin (onun törəmə və asılı təsərrüfat cəmiyyətlərinin) sərəncamında olan mənzilləri Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə əldə etməsi şərtlərini və mexanizmini müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. cəmiyyət - “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti, onun törəmə və asılı təsərrüfat cəmiyyətləri;
1.2.2. agent bank - “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - “AİF” ASC) müvəkkil banklarının siyahısına daxil olan və cəmiyyətlə bu Qaydanın 8.1-ci bəndində nəzərdə tutulan müqaviləni bağlamış bank;
1.2.3. bina - cəmiyyətin sərəncamına verilən torpaq sahələrində onun sifarişi əsasında inşa edilən çoxmənzilli bina;
1.2.4. borcalan - güzəştlə mənzil almaq üçün agent bankdan ipoteka krediti almış Azərbaycan Respublikası vətəndaşı;
1.2.5. ərizəçi - güzəştlə mənzil əldə etmək məqsədi ilə bu Qaydanın 5-ci hissəsinə əsasən “Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq elektron kabineti yaradılmış və güzəştli şərtlərlə əldə edilməli mənzili seçmiş Azərbaycan Respublikası vətəndaşı;
1.2.6. mənzil - binalarda olan yaşayış sahəsi (sahələri);
1.2.7. elan - bu Qaydanın 4-cü hissəsinə əsasən mənzillərin satışa çıxarılması barədə elan;
1.2.8. tikinti mərhələsi - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş qaydada binanın tikintisinə icazənin verilməsi ilə başlanan və istismarına icazənin verilməsi ilə başa çatan dövr;
1.2.9. ipoteka krediti - “AİF” ASC-nin vəsaiti hesabına verilən güzəştli ipoteka krediti;
1.2.10. orta bazar qiyməti - “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanının 4.7-ci bəndinə əsasən müəyyən edilən orta bazar qiyməti.
2. Mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər
2.1. Mənzilləri güzəştlə əldə etmək hüququ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın (bundan sonra - ipoteka kreditinin verilməsi Qaydası) 3.2-ci bəndində nəzərdə tutulmuş şəxslərə məxsusdur.
2.2. Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.
2.3. Bu Qaydanın 2.2-ci bəndinin müddəaları Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (bundan sonra - Agentlik) razılığı ilə mənzillərin əvəzləşdirilməsi hallarına tətbiq edilmir.
2.4. Mənzillərin əvəzləşdirilməsi onun sahibinin birbaşa cəmiyyətə əsaslandırılmış yazılı müraciəti ilə həyata keçirilir və bu məsələyə növbədənkənar olaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılır. Mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Agentlik müəyyən edir.
3. Mənzillərin əldə edilməsinə tətbiq olunan güzəşt
3.1. Bu Qaydaya uyğun olaraq mənzil güzəştli qiymətlə ipoteka krediti hesabına və ya ərizəçinin öz vəsaiti, yaxud kredit təşkilatından cəlb etdiyi kredit hesabına əldə edilir.
3.2. Güzəştli qiyməti (mənzilin satış qiymətini) cəmiyyətin təklifləri əsasında onun Müşahidə Şurası mənzilin orta bazar qiymətindən aşağı müəyyən edir.
3.3. Mənzil tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təhvil verilir.
3.4. Mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizini təşkil etməlidir (kreditin məbləğinin 90 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla).
4. Mənzillər barədə elan
4.1. Bu Qaydaya uyğun olaraq, yalnız layihə üzrə tikinti işlərinin 30 (otuz) və daha çox faizi yerinə yetirilmiş binaların mənzillərinin satışa çıxarılması barədə elan verilə bilər. Mənzillərin satışının başlanması ilə əlaqədar kütləvi informasiya vasitələrində, cəmiyyətin internet saytında, “Elektron hökumət” portalında və “AİF” ASC-nin internet saytında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”nin 9.1.4-9.1.6-cı yarımbəndlərində qeyd olunan məlumatları əks etdirən elan yerləşdirilməlidir.
4.2. Elan satışın başlanması tarixinə ən azı 30 (otuz) gün qalmış verilməlidir.
4.3. Kütləvi informasiya vasitələrində (dövlət qəzetlərində, televiziya kanallarında və s.) verilən elanda aşağıdakı məlumatlar göstərilməlidir:
4.3.1. binanın ünvanı;
4.3.2. binanın tikinti sahəsi və yerləşdiyi (onun tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olacaq) torpaq sahəsinin ölçüsü. Torpaq sahəsində bir neçə binanın tikintisi planlaşdırıldıqda, hər binanın tikinti sahəsi və bütövlükdə binaların yerləşdiyi (onların tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olacaq) torpaq sahəsinin ölçüsü;
4.3.3. binada otaqların sayına görə mənzillərin sayı;
4.3.4. otaqların sayına görə mənzillərin satış qiyməti;
4.3.5. mənzili güzəştlə əldə etmək üçün ərizə verilməsi qaydası;
4.3.6. tikintiyə icazədə müəyyən edilən tikinti-quraşdırma işlərinin başaçatma tarixi;
4.3.7. bina, mənzil və satış şərtləri barədə təfərrüatlı məlumat əldə etmək üçün internet sayt;
4.3.8. binada mənzillərin güzəştlə satışının başlanması tarixi və müddəti;
4.3.9. baş podratçının adı və ünvanı.
4.4. Elektron qaydada verilən elanda bu Qaydanın 4.1-ci və 4.3-cü bəndlərində müəyyən edilmiş məlumatlardan əlavə, aşağıdakılar göstərilməlidir:
4.4.1. tikinti ərazisinin baş planı, tikinti layihəsinin memarlıq-planlaşdırma bölmələri və ya bunlarla tanış olmaq üçün internet sayt;
4.4.2. agent bankın (bankların) adı, baş
ofisinin və filiallarının ünvanları.
5. Mənzilin
güzəştlə əldə edilməsi üçün
müraciət
5.1. Bu Qaydanın 2.1-ci bəndində müəyyən
edilmiş şəxslər mənzilin güzəştlə əldə
edilməsi üçün cəmiyyətə müraciət
etməlidirlər.
5.2. Mənzilin
güzəştlə əldə edilməsi üçün
müraciət elektron qaydada “Elektron hökumət”
portalında olan “Güzəştli mənzil” elektron sistemi
vasitəsilə edilir.
5.3.
Müraciətdə aşağıdakı məlumatlar
göstərilməlidir:
5.3.1. müraciətedənin adı, soyadı,
atasının adı;
5.3.2. müraciətedənin şəxsiyyət vəsiqəsinin
seriyası, nömrəsi və verildiyi tarix, şəxsiyyət
vəsiqəsini vermiş dövlət orqanının adı;
5.3.3. müraciətedənin bu Qaydanın 2.1-ci bəndində
müəyyən edilmiş şəxslər kateqoriyasına
aid olması barədə məlumat;
5.3.4. müraciətedənin qeydiyyatda olduğu
ünvan;
5.3.5. müraciətedənin telefon nömrəsi və
elektron poçt ünvanı;
5.3.6. müraciətedənin əldə etmək istədiyi
mənzilin otaqlarının sayı;
5.3.7. müraciətedənin mənzili ipoteka kreditindən
istifadə etməklə və (və ya) öz vəsaiti
hesabına əldə etmək niyyəti barədə məlumat;
5.3.8. Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli
Cəmiyyətinin Nizamnaməsi”nin 8.2.20-ci yarımbəndinə
əsasən, cəmiyyət tərəfindən zəruri məlumatların
(sənədlərin) alınması üçün dövlət
və yerli özünüidarəetmə orqanlarına, fiziki
və hüquqi şəxslərə sorğu göndərilməsinə
müraciətedənin razılığı.
5.4.
Müraciət edən şəxs elektron qaydada müraciət
edə bilmədikdə, müraciəti onun adından etibarnamə
almış şəxs göndərə bilər. Belə
halda müraciətdə bu barədə qeyd olmalıdır və
ona aşağıdakı sənədlər əlavə edilməlidir:
5.4.1. etibar edilmiş şəxsin şəxsiyyətini
təsdiq edən sənədin surəti;
5.4.2. etibar edilmiş şəxsə notariat
qaydasında və ya qanunvericiliklə müəyyən
edilmiş digər qaydada təsdiq edilərək verilmiş
etibarnamə.
5.5.
Müraciətlər real vaxt rejimində “Güzəştli mənzil”
elektron sistemində qeydiyyata alınır və onlara həmin
sistem vasitəsilə qeydiyyat sıra nömrəsi verilir.
Müraciətə onun qeydiyyata alındığı gündən
5 (beş) iş günü ərzində
baxılır. Əlavə araşdırmanın
aparılması tələb olunduğu hallarda, müraciət
edən şəxsə bu barədə məlumat verilməklə,
həmin müddət 10 (on) iş günü artırıla
bilər. Müraciət etmiş şəxsin bu Qaydanın
2.1-ci bəndində nəzərdə tutulan kateqoriyaya aid
olması müəyyən edildikdə, cəmiyyət həmin
şəxsin sistemdə qeydiyyata alınaraq, müraciətin
qeydiyyataalınma nömrəsinə uyğun olaraq ona elektron
kabinet verilməsi barədə qərar, həmin kateqoriyaya aid
olmadığı müəyyən edildikdə isə elektron
kabinet verilməsindən imtina barədə əsaslandırılmış
qərar qəbul edir.
5.6. Bu Qaydanın 5.5-ci bəndinə əsasən
“Güzəştli mənzil” sistemində qeydiyyata
alınmış şəxs, barəsində elan verilmiş mənzili
həmin sistemdə seçə bilər.
5.7.
Müraciət edən şəxs mənzili ünvan əsasında
seçir və seçilmiş mənzili digər şəxslərin
seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır.
Mənzilin seçilməsi və
seçilmiş mənzilə məhdudiyyət qoyulması ilə
bağlı müraciətedənin elektron kabinetində sistem
vasitəsilə dərhal məlumat yerləşdirilir.
5.8. Bu Qaydanın 4.3.8-ci yarımbəndində müəyyən
edilmiş müddət başa çatdıqda mənzillərin
seçilməsi dayandırılır və ərizəçinin
seçdiyi mənzili onun əldə etməsinin mümkün
olub-olmaması məsələsinə baxılır.
5.9.
Ərizə təmin edilmədikdə, ərizənin təmin
edilməsi barədə qərar ləğv edildikdə,
müqavilənin rəsmiləşdirilməsi
üçün bu Qaydanın 6.2-ci bəndi ilə müəyyən
edilmiş müddətdə ərizəçi gəlmədikdə
və ya ərizəçi mənzil almaqdan imtina etdikdə, həmin
ərizəçinin qeydiyyatı ləğv edilir. Belə halda mənzilin üzərinə qoyulmuş,
bu Qaydanın 5.7-ci bəndində qeyd olunan məhdudiyyət
götürülür.
6.
Ərizələrə baxılma qaydası
6.1. Mənzil
seçildikdən sonra ərizəyə baxılmanın nəticələrinə
dair ərizəçinin elektron kabinetində sistem vasitəsilə
5 (beş) iş günü ərzində
seçilmiş mənzil barədə bildiriş yerləşdirilir,
ərizəçinin göstərmiş olduğu digər
vasitələrdən biri ilə (elektron poçt
ünvanı, mobil telefon nömrəsi, poçt
ünvanı) ona məlumat göndərilir.
6.2.
Öz vəsaiti hesabına mənzil əldə etmək niyyətində
olan ərizəçinin ərizəsinin təmin edilməsi
barədə bildiriş onun elektron kabinetində yerləşdirildiyi
halda, ərizəçi müvafiq müqavilənin rəsmiləşdirilməsi
üçün həmin bildirişdə qeyd olunan tarixdə,
göstərilən notariusa müraciət etməlidir. Həmin tarixdə müraciət edə bilmədikdə,
ərizəçi elektron sistem vasitəsilə cəmiyyətə
məlumat verməlidir. Bu halda müqavilənin
rəsmiləşdirilməsi üçün cəmiyyət
tərəfindən ərizəçinin elektron kabinetində
yeni bildiriş yerləşdirilir. Ərizəçinin
elektron kabinetində bu Qaydanın 6.1-ci bəndində qeyd
olunan bildiriş yerləşdirildiyi gündən 15 (on beş) iş günü müddətində mənzilin
alqı-satqı müqaviləsi bağlanmalıdır.
6.3. Mənzilin
seçilməsi ilə yanaşı, onun ipoteka krediti vasitəsilə
əldə edilməsi seçildikdə, ərizəçi
“Elektron ipoteka” sisteminə yönəldilir və həmin
sistemdə avtomatik qeydiyyata alınır. Belə halda
seçdiyi mənzil barədə bildiriş bu Qaydanın
6.1-ci bəndinə uyğun olaraq elektron kabinetində yerləşdirildikdən
sonra ərizəçi agent banka müraciət
etməlidir. Mənzilin ipoteka kreditindən
istifadə etməklə əldə edilməsini
seçmiş ərizəçinin elektron kabinetində yerləşdirilən
bildirişdə agent bankın ipoteka kreditinin verilməsinə
razılıq barədə qərarı elektron sistemdə yerləşdirdiyi
halda, ərizəçinin və (və ya) həmin bankın
tələbinə əsasən alqı-satqı və ipoteka
müqaviləsinin rəsmiləşdirilməsi
üçün notariatda iştirakın təmin edilməsi
barədə cəmiyyətin öhdəliyi əks olunmalıdır.
6.4.
Ərizəçi bu Qaydanın 6.3-cü bəndinə
uyğun olaraq agent banka müraciət
etdikdə, ərizənin qeydiyyat nömrəsini və ipoteka
kreditinin verilməsi Qaydası ilə müəyyən
edilmiş sənədləri təqdim etməlidir. Belə müraciətə ipoteka kreditinin verilməsi
Qaydasına uyğun olaraq baxılır.
6.5.
Aşağıdakı hallarda ərizəçinin ərizəsi
təmin edilmir və ya ərizənin təmin edilməsi barədə
bildiriş ləğv edilir:
6.5.1. ərizəçinin bu Qaydanın 5.3.3-cü
yarımbəndinə uyğun olaraq göstərdiyi, şəxsin
bu Qaydanın 2.1-ci bəndində müəyyən edilmiş
kateqoriyaya aid olması barədə məlumatlarda təhrifetmə
halları məhkəmə tərəfindən müəyyən
olunduqda;
6.5.2.
seçdiyi mənzili ipoteka krediti hesabına əldə etmək
niyyətində olan ərizəçi mənzilin əldə
edilməsi (alqı-satqısı) anına bu Qaydanın 2.1-ci
bəndi ilə müəyyən edilmiş şəxslər
kateqoriyasına artıq aid olmadıqda və ərizəçi
mənzili öz vəsaiti hesabına əldə etmək niyyətini
mənzil seçimi zamanı və ya ipoteka kreditinin verilməsindən
imtina edilməsi barədə qərar ərizəçinin
elektron kabinetində yerləşdirildiyi gündən 3
(üç) iş günü müddətində sistem vasitəsilə
bildirmədikdə;
6.5.3. ərizəçinin ipoteka kreditindən istifadə
etməklə mənzil almaq üçün ərizəsi
agent bank tərəfindən ipoteka kreditinin verilməsi
Qaydasına əsasən təmin edilmədikdə və ərizəçi
mənzili öz vəsaiti hesabına əldə etmək niyyətini
mənzil seçimi zamanı və ya ipoteka kreditinin verilməsindən
imtina edilməsi barədə qərar ərizəçinin
elektron kabinetində yerləşdirildiyi gündən 3
(üç) iş günü müddətində sistem vasitəsilə
bildirmədikdə.
7. Mənzillərin
güzəştlə satışının rəsmiləşdirilməsi
7.1.
Tikinti mərhələsində binada mənzillərin
satışa çıxarılması məqsədi ilə cəmiyyət
mənzillər üzərində mülkiyyət
hüquqlarının daşınmaz əmlakın dövlət
reyestrində qabaqcadan qeydiyyata alınması üçün
tədbir görməlidir.
7.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
və “Daşınmaz əmlakın dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq üzərində hüquqlar qabaqcadan qeydiyyata
alınmış mənzillərin alqı-satqısı
haqqında müqavilə notariat qaydasında təsdiq edilir və
əldə edənin hüquqları daşınmaz əmlakın
dövlət reyestrində qabaqcadan qeydiyyata alınır.
7.3.
İpoteka krediti hesabına mənzil satıldığı
halda cəmiyyət, ərizəçi və agent bank
arasında mənzilin alqı-satqısı və ipotekası
müqaviləsi bağlanılır. Bu
müqavilənin nümunəvi formasını Agentliklə
razılaşdırmaqla, “AİF” ASC müəyyən etməlidir.
7.4. Cəmiyyət
mənzil üzərində mülkiyyət və ipoteka
hüququnun qanunla müəyyən edilmiş qaydada
daşınmaz əmlakın dövlət reyestrində
qabaqcadan qeydiyyata alınması üçün müvafiq sənədləri
alıcıya və tələb olunduğu hallarda agent banka təqdim etməlidir.
7.5. Bu Qaydanın 7.1-ci və 7.2-ci bəndlərinin
müddəaları mənzili ərizəçinin öz vəsaiti,
habelə kredit təşkilatından cəlb etdiyi kredit
hesabına aldığı hallara da şamil edilir.
7.6.
Tikinti mərhələsində mənzillərin
alqı-satqısı müqaviləsinin formasını və
məzmununu Agentlik müəyyən etməlidir.
8. Mənzillərin
ipoteka krediti vasitəsilə əldə edilməsi
8.1. Mənzillərin
ipoteka kreditləri ilə alınması üçün cəmiyyət
agent bankla maliyyələşdirmənin təmin edilməsi
barədə müqavilə bağlamalıdır.
8.2.
Müqavilədə binanın tikintisinin gedişi barədə
agent bankın məlumatlandırılması və tikinti mərhələsində
cəmiyyət tərəfindən təminatların verilməsi
şərtləri müəyyən edilməlidir.
8.3.
Tikinti mərhələsində cəmiyyət tərəfindən
banklara (kredit təşkilatlarına) təminatlar
aşağıdakı formalarda verilə bilər:
8.3.1. tikinti mərhələsində ipoteka predmetinə
tutma yönəldikdə, “İpoteka haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş
qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi nəticəsində
keçirilən hərrac baş tutmadıqda və ya hərrac
qiyməti mənzilin satış qiymətindən
aşağı olduqda mənzilin satın alınması;
8.3.2. binanın tikilib başa
çatdırılması üzrə cəmiyyətin öhdəliklərinin
təminatı kimi, borcalanın 12 (on iki) aylıq annuitet
ödənişlərinə bərabər olan məbləğin
binanın istismarına icazə verilənə qədər cəmiyyətin
agent bankdakı depozit hesabında saxlanılması.
9.
Binaların idarə olunmasına dair təkliflər
9.1. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə
uyğun olaraq, cəmiyyət tərəfindən inşa
edilmiş binanın ümumi əmlakının
saxlanılması və təmiri xərclərini çoxmənzilli
binanın sahə mülkiyyətçiləri ödəməlidirlər.
9.2. Binada
mənzillərin azı 50 faizi özgəninkiləşdirildikdə
cəmiyyət mənzil mülkiyyətçilərinə
binanın cəmiyyət tərəfindən idarə edilməsini
(idarəetmənin təşkilini) təklif edir və buna dair
müvafiq müqaviləni təqdim edir. Müqavilə
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində
və bu Qaydada göstərilən tələblər nəzərə
alınmaqla Agentliyin təsdiqlədiyi nümunəvi forma əsasında
tərtib olunur. Mənzil mülkiyyətçiləri
binanın idarəedilməsinə dair cəmiyyətin təklif
etdiyi müqaviləni imzalamaqdan imtina etdikdə, Azərbaycan
Respublikasının Mənzil Məcəlləsində müəyyən
edilmiş qaydada binanı idarəetmə formasını
seçməlidirlər.
9.3. Mənzilin
əldə edilməsinə dair alqı-satqı müqaviləsi
notariat qaydasında təsdiqləndikdən sonra mənzili əldə
edən şəxsin bu Qaydanın 5.3.3-cü yarımbəndinə
uyğun olaraq göstərdiyi, bu Qaydanın 2.1-ci bəndində
müəyyən edilmiş şəxslər kateqoriyasına
aid olması barədə məlumatlarda təhrifetmə
halları məhkəmə tərəfindən müəyyən
olunduqda, Agentlik alqı-satqı müqaviləsinin
etibarsızlığını məhkəmə qaydasında
mübahisələndirir.
10.
Keçid müddəaları
10.1.
“Güzəştli mənzil” elektron sistemi fəaliyyətə
başlayanadək bu Qaydanın 5.2-ci bəndində nəzərdə
tutulmuş müraciətlərin qəbulu “ASAN xidmət” mərkəzləri
vasitəsilə həyata keçirilir.
10.2. Bu
Qaydaya əsasən mənzili güzəştlə əldə
etmək hüququ olan şəxs “ASAN xidmət” mərkəzləri
vasitəsilə göndərdiyi müraciətinə
aşağıdakı sənədləri əlavə etməlidir:
10.2.1. müraciətedənin şəxsiyyətini təsdiq
edən sənədin surəti;
10.2.2. müraciətedənin bu Qaydanın 2.1-ci bəndində
qeyd olunan şəxslər kateqoriyasına aid olduğunu təsdiq
edən sənədin (sənədlərin) surəti.
10.3. Bu Qaydanın 10.2-ci bəndində nəzərdə
tutulmuş sənədlərin surətləri notariat
qaydasında təsdiq edilməlidir.
10.4.
Müraciət edən şəxsdən bu Qayda ilə müəyyən
edilmiş sənədlərdən başqa, digər sənədlərin
tələb edilməsinə yol verilmir.
10.5. “Güzəştli mənzil”
elektron sistemi fəaliyyətə başladıqdan sonra “ASAN
xidmət” mərkəzləri vasitəsilə təqdim
edilmiş müraciətləri cəmiyyət həmin sistemdə
yerləşdirir və müraciət edən şəxslərə
onlar tərəfindən bildirilmiş vasitələrin biri ilə
(elektron poçt ünvanı, mobil telefon
nömrəsi, poçt ünvanı) məlumat göndərilir.
Azərbaycan.- 2016.- 18 noyabr.- S. 3.