Fuad Ələsgərov: Azərbaycanın antikorrupsiya təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov AZƏRTAC-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

 

- Fuad müəllim, “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan “2016-cı il Qlobal Korrupsiya Barometri” hesabatının Azərbaycana dair nəticələrini necə qiymətləndirərdiniz?

 

- Azərbaycan ilə bağlı nəticələr ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərir. Bununla bağlı hesabatda əks olunan statistik göstəricilərə diqqətinizi cəlb etmək istərdim. Hesabata görə, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Bu göstərici Avropa İttifaqı (68 faiz) və postsovet ölkələri (66 faiz) üzrə müəyyən edilmiş orta göstəricidən yaxşıdır.

Hesabatın digər ənənəvi indikatoru dövlətlərin korrupsiya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlərin səmərəliliyi ilə bağlıdır. Belə ki, Estoniyada respondentlərin 37 faizi, Gürcüstanda 41 faizi, Rumıniyada 42 faizi, Serbiyada 45 faizi, Niderlandda 53 faizi, Böyük Britaniyada 57 faizi, Fransada 64 faizi, Ermənistanda 65 faizi, Latviyada 71 faizi, Sloveniyada 77 faizi, İspaniyada 80 faizi hesab edir ki, ölkələrində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar səmərəli deyil. Azərbaycan üzrə bu göstərici yalnız 15 faizdir. Bu indikator Avropa İttifaqı (53 faiz) və postsovet ölkələri (56 faiz) üzrə müəyyən edilmiş orta göstəricidən dəfələrlə yaxşıdır.

Digər bir statistika isə vəzifəli şəxslərin və siyasətçilərin korrupsiyaya hansı səviyyədə məruz qalması ilə əlaqədardır. Belə ki, Böyük Britaniyada respondentlərin 27 faizi, Portuqaliya və Macarıstanda 30 faizi, İtaliyada 36 faizi, Yunanıstanda 39 faizi, Slovakiyada 40 faizi, Ukraynada 63 faizi hesab edir ki, onların ölkələrində vəzifəli şəxslər və siyasətçilər fəaliyyətlərində korrupsiya hallarına yol verirlər. Azərbaycan üzrə bu göstərici isə 11 faizdir. Ölkəmiz bu istiqamətdə də Avropa İttifaqı (24 faiz) və postsovet ölkələri (31 faiz) üzrə müəyyən edilmiş orta göstəricilərdən yaxşı nəticəyə malikdir.

Göründüyü kimi, hesabatın Azərbaycan ilə bağlı nəticələri ümumilikdə proqressivdir. Belə ki, cari hesabatın nəticələrinin təşkilatın 2010-cu və 2013-cü illərdə keçirilmiş analoji hesabatlarının nəticələri ilə müqayisəsi ölkəmizdə korrupsiyanın səviyyəsinin azaldığını göstərir.

 

- “Beynəlxalq Şəffaflıq” təşkilatının cari hesabatı və “Korrupsiya Qavrama İndeksinin Azərbaycanla bağlı nəticələri arasında fərqi nə ilə əlaqələndirirsiniz?

 

- Bildiyiniz kimi, “Beynəlxalq Şəffaflıq” təşkilatının iki ənənəvi qiymətləndirmə mexanizmi mövcuddur: “Korrupsiya Qavrama İndeksi” və “Qlobal Korrupsiya Barometri”. Hər iki hesabatın Azərbaycanla bağlı nəticələrində irəliləyişlərin olması qeyd edilir. “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən 2016-cı ildə təqdim edilən “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın mövqeyi ötən illə müqayisədə 7 pillə irəliləyib. Buna baxmayaraq, hesab edirik ki, “Qlobal Korrupsiya Barometridaha şəffafdır və ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri daha dəqiq əks etdirir. Çünki bu hesabat birbaşa olaraq, vətəndaşların mövqeyini ifadə edir. “Korrupsiya Qavrama İndeksi”ndə isə hesabatın hazırlanmasında müxtəlif subyektiv mənbələrdən və təşkilatların hesabatlarından istifadə olunur.

 

- Həmin hesabatlarda Azərbaycanın mövqeyindəki irəliləyişləri nə ilə izah edərdiniz?

 

- Əlbəttə, bu nailiyyətlər Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan güclü siyasi iradə ilə bağlıdır. Korrupsiyaya qarşı mübarizəyə dair Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları və onların effektiv icrası, cənab Prezidentin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti, bu sahədə hüquq-mühafizə orqanlarının səmərəli işi, beynəlxalq standartlara cavab verən təkmil qanunvericilik və beynəlxalq təşəbbüslərdə aktiv iştirak bu sahədəki uğurlarımızı şərtləndirən əsas amillərdəndir.

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Korrupsiyaya qarşı mübarizə və Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət planlarında nəzərdə tutulan tədbirlər 2012-2015-ci illərdə dövlət orqanları tərəfindən tam icra olunub. Vətəndaş cəmiyyəti institutları da müstəqil formada Milli Fəaliyyət planlarının icrasının monitorinqini həyata keçirib və nəticələrini yüksək qiymətləndirib.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılıb, lisenziyaların sayı və onların verilməsi müddəti azaldılıb, lisenziyaların verilməsi üçün tələb olunan prosedurlar əhəmiyyətli dərəcədə sadələşdirilib. Elektron hökumət portalı tərəfindən göstərilən xidmətlərin sayı artıb və vətəndaş cəmiyyəti institutlarının dövlət orqanlarının fəaliyyətində sıx iştirakı təmin edilib.

Korrupsiya cinayətlərinin təqibini həyata keçirən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin strukturu təkmilləşdirilib, ştat vahidləri artırılıb və maddi-texniki imkanları genişləndirilib. Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzdində fəaliyyət göstərən “Qaynar xətt” əlaqə mərkəzinin texnikiinsan resursları inkişaf etdirilib, mərkəzə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi təmin olunub.

Azərbaycanın innovativ antikorrupsiya təcrübəsi Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq alt qurumları tərəfindən də müsbət qiymətləndirilir. Bundan əlavə, 2015-ci ildə Azərbaycan brendi olan “ASAN xidmət” BMT-nin ali mükafatı olan “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək - birinci yerə layiq görülüb.

 

Azərbaycan.- 2016.- 18 noyabr.- S. 4.