Dünya Xəbər Agentliklərinin
Bakı Konqresi işini başa çatdırıb
AZƏRTAC noyabrın 17-dən
Dünya Xəbər Agentlikləri Konqresinə sədrliyə
başlayıb
Bakıda,
Heydər Əliyev Mərkəzində “Xəbər agentlikləri
üçün yeni çağırışlar” devizi ilə
keçirilən və iki gün davam edən Dünya Xəbər
Agentliklərinin V Konqresi noyabrın 17-də işini başa
çatdırıb. Konqresin ikinci günündə
bağlanış mərasimi və iki sessiya keçirilib,
AZƏRTAC ilə bir sıra xarici ölkələrin informasiya
agentlikləri arasında əməkdaşlığa dair sənədlər
imzalanıb.
X X X
AZƏRTAC
xəbər verir ki, Bakı Konqresinin bağlanış mərasimində
çıxış edən Dünya Xəbər Agentlikləri
Konqresi Şurasının (NACO) prezidenti, Böyük
Britaniyanın Press Association agentliyinin baş icraçı
direktoru Klayv MARŞAL BMT-nin baş katibi Pan Gi Munun Dünya Xəbər
Agentliklərinin V Konqresinin iştirakçılarına
müraciət ünvanladığını bildirdi.
UNESCO
baş direktorunun müavini Qetaçyu ENQİDA BMT baş
katibinin müraciətini oxudu.
Müraciətdə
deyilir: “Dünya Xəbər Agentliklərinin V Konqresinə
salamlarımı göndərməkdən məmnunluq duyuram.
Ənənəvi və yeni media qanunun aliliyi, yaxşı idarəetmə
və demokratiya üçün olduqca vacibdir. Birləşmiş
Millətlər Təşkilatına üzv olan dövlətlər
bu prinsipi keçən il sülh, inkişaf, ləyaqət və
hər kəs üçün imkan kimi qəbul olunmuş
2030-cu ilədək Davamlı İnkişaf Gündəliyində
təsdiq ediblər.
Söz
və mətbuat azadlığı insanlar və Planet
üçün yeni qlobal yol xəritəsində zəruridir.
Xəbər agentlikləri vaxtında və keyfiyyətli
informasiyaların yayılmasında son dərəcə əhəmiyyətli
bir rola malikdir. Bu, müsbət dəyişiklik
üçün həm vasitə, həm də hədəfdir.
Texnologiyada
tərəqqi və biznes modelləri dünyada söz
azadlığı üçün yeni imkanlar açıb.
Artıq daha çox insan informasiyaya çıxış əldə
edir, onu hazırlamaq və yaymaq imkanı qazanır. Həm
milli sərhədlər daxilində, həm də geniş
coğrafiyada xəbərlər və fikir mübadiləsi
böyük potensiala malikdir. Digər tərəfdən isə
səhv informasiyaların, xüsusilə nifrətin təbliği
sülh və tərəqqi üçün ciddi risklər
yaradır. Burada media böyük məsuliyyət
daşıyır və belə hallarla tolerantlıq və
anlaşmanı təşviq edərək, qorxmadan həqiqəti
çatdıraraq mübarizə aparmalıdır”.
Baş
katibin müraciətində bildirilir: “Beynəlxalq ictimaiyyət
də azad mediaya dəstək vermək, inklüziv və
açıq cəmiyyətlərə təhdid qüvvələrinə
qarşı ayaqda möhkəm dayanmaq üçün məsuliyyət
daşıyır. Bu təhdidlərə senzura və rəqəmsal
informasiyanın bağlanmasından başlayaraq, jurnalistlərə
qarşı fiziki hədə-qorxu da daxildir. Bu təhdidlər
ifadə azadlığını və həqiqətən davamlı
inkişaf üçün vacib olan fundamental insan
haqlarını sarsıdır. Son on ildə ən azı 827
jurnalist öz vəzifə borclarını yerinə yetirərkən
öldürülüb. Onların bir çoxu öz həyatlarını
münaqişə zonalarında itiriblər. Jurnalistlərin təhlükəsizliyini
qorumaq və onların peşəsinə hörmət etmək
olduqca vacibdir. Bundan daha çox sayda ənənəvi və
yeni medianı təmsil edən jurnalistlər öz vacib vəzifələrini
yerinə yetirdikləri üçün təhdidlərlə
üzləşib və həbs olunublar”.
Müraciətdə
daha sonra deyilir: “Bu təhdidlərlə mübarizə aparmaq
üçün bütün tərəflərin – ilk növbədə
hökumətlərin və BMT də daxil olmaqla bütün
aidiyyəti aktorların əzmkarlığı tələb
olunur.
Bakıda
Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsinə
görə təşkilatçıları, Azərbaycan
Prezidentini və hökumətini alqışlayıram, Sizə
uğurlar arzulayıram”.
Sonra
Klayv Marşal Dünya Xəbər Agentliklərinin V Konqresinin
yüksək səviyyədə təşkilinə və göstərilən
qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə
və hökumətinə, Heydər Əliyev Fonduna,
AZƏRTAC-a və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına
minnətdarlığını bildirdi. O, Dünya Xəbər
Agentlikləri Konqresinə sədrliyə başlaması
münasibətilə AZƏRTAC-ın baş direktoru Aslan
Aslanova təbriklərini çatdırdı, bu çətin
və şərəfli işdə ona uğurlar arzuladı.
Daha
sonra Bakı Konqresinin Bəyannaməsini Konqres
Şurasının üzvü, Almaniyanın DPA agentliyinin
vitse-prezidenti Piter KROPŞ oxudu.
Bakı
Konqresinin Bəyannaməsi qəbul edildi.
Bəyannamədə
deyilir ki, biz, 2016-cı il noyabrın 16-17-də Heydər
Əliyev Fondunun və Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC) birgə təşkilatçılığı
ilə “Xəbər agentlikləri üçün yeni
çağırışlar” devizi altında keçirilən
Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak
etmək üçün Azərbaycan Respublikasının
paytaxtı Bakı şəhərində toplaşmış
130-dan artıq aparıcı informasiya agentliyinin və regional
xəbər agentlikləri alyanslarının rəhbərləri
qeyd edirik ki, üzləşdiyimiz ən böyük
çağırışlar bunlardır: Rəqəmsal erada
söz azadlığı prinsiplərinə əsaslanan
davamlı, müstəqil və qərəzsiz xəbər
yayımının maliyyələşdirilməsi və
müdafiəsi.
Öz
vəzifə borclarını yerinə yetirərkən
jurnalistlərin təhlükəsizliyinin qorunmasının
vacibliyinin vurğulandığı Bəyannamədə
bildirilir ki, Konqres iştirakçıları beynəlxalq,
regional və milli media qurumlarının xəbərçiliyin
fundamental prinsiplərinə sadiqliyinin önəmini etiraf edərək,
mətbuat azadlığının KİV-lərin fəaliyyətində
əsas şərt olduğunu bəyan edir.
Bəyannamədə
daha sonra vurğulanır: “Bəşəri dəyərlərə
ehtiramın, insan ləyaqətinin, hüququn aliliyinin, ədalət,
bərabərlik, irqi, etnik və mədəni müxtəlifliyə
hörmət prinsiplərinin informasiya cəmiyyətində
baş verən transformasiyalar dövründə daha
mühüm əhəmiyyət
daşıdığını və KİV-lərin fəaliyyətində
əsas şərt olduğunu qeyd edir, hamını
plagiatlıqla və müəllif hüququnun pozulması ilə
ciddi mübarizəyə və qəsdən yanlış,
yaxud qərəzli informasiya hazırlanıb yayılmasına
qarşı birgə fəaliyyətə
çağırırıq”.
Sənəddə
Dünya Xəbər Agentliklərinin növbəti - VI
Konqresinin 2019-cu ildə Bolqarıstanın paytaxtı Sofiyada
keçirilməsinin qərara alındığı bildirilir.
Daha
sonra Dünya Xəbər Agentlikləri Konqresinin yeni prezidenti,
AZƏRTAC-ın baş direktoru Aslan ASLANOV
çıxış etdi, göstərilən etimada və dəstəyə
görə minnətdarlığını bildirərək
dedi:
-Əziz
dostlar, biz artıq Dünya Xəbər Agentliklərinin V
Konqresinə yekun vururuq. İki gün ərzində xəbər
agentliklərinin bu günü və gələcəyi ilə
bağlı çox aktual məsələləri müzakirə
etdik, fikirlər səsləndirdik. Düşünürəm
ki, məhsuldar keçən bu dünya miqyaslı
toplantımızda hər birimiz üçün maraqlı məqamlar
oldu, işgüzar görüşlər keçirildi,
perspektivə hesablanmış danışıqlar
aparıldı.
Konqresin
məqsədləri də məhz agentliklərin dəyişən
informasiya mühitinə adaptasiyası, biznes imkanlarının
genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın
gücləndirilməsidir. Zənnimcə, bu Konqres
qarşımıza qoyulan vəzifələrin həllində,
yeni məqsədlərin formalaşmasında, perspektivlərin
müəyyənləşdirilməsində önəmli rol
oynayacaq.
Azərbaycan
Dünya Xəbər Agentliklərinin V Konqresinə
böyük diqqət yetirir və qlobal media məkanında
önəmli hadisə kimi yanaşır. Dünyanı
informasiya ilə təmin edən xəbər agentliklərinin
inkişafı, eyni zamanda, qlobal informasiya məkanının
da dəyişməsinə səbəb olur. 2004-cü ildə
Konqres Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə
yaradılarkən məqsəd bütün agentlikləri bir təşkilatda
toplamaq, onların yeni çağırışlara daha
çevik cavab verməsini təmin etmək olub. Artıq
Dünya Xəbər Agentliklərinin V Konqresi başa
çatır. Bu Konqresə biz qurumun Şurası ilə
birlikdə uzun müddət hazırlaşdıq və 3 dəfə
Bakıda, 2 dəfə Londonda çox səmərəli
görüşlər keçirdik. Deməliyəm ki, bu
görüşlərimiz Konqresin fəaliyyətində önəmli
dəyişikliklər etməyə çox kömək etdi.
İlk dəfə olaraq biz BMT və UNESCO rəhbərliyinin
diqqətini Dünya Xəbər Agentliklərinin Konqresinə
yönəldə bildik. İlk dəfə Dünya Xəbər
Agentlikləri Şurasının sədri və sədr
müavini vəzifələri təsis edildi.
Bunların
Konqresin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində
başlanğıc olacağına ümid edirik. Hesab edirik ki,
Konqresin Nizamnaməsini də təkmilləşdirmək zərurəti
var. Nizamnaməyə Şuranın sədri və sədr
müavini vəzifələrinin təsis olunmasını əlavə
etmək, Konqresi üzvlük əsasında daha da nizamlı
formata keçirmək, fəaliyyətini beynəlxalq hüquq
çərçivəsində təşkilatlandırmaq təkliflərini
irəli sürmək istərdik. İnanıram ki, Dünya Xəbər
Agentlikləri Konqresi getdikcə daha da güclənəcək,
dünyanın bütün agentlikləri üçün səmərəli
bir quruma çevriləcək.
Fürsətdən
istifadə edib V Konqresin keçirilməsində göstərdiyi
böyük dəstəyə görə Azərbaycan
Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevaya, Fondun və Heydər Əliyev Mərkəzinin
əməkdaşlarına, 2013-2016-cı illərdə Konqresə
sədrlik etmiş Səudiyyə Press agentliyinə, Şura
üzvlərinə təşəkkürümü bildirirəm,
hər birinizə Bakıya gəldiyinizə görə minnətdarlığımı
ifadə edirəm.
Bolqarıstanın
BTA agentliyinin baş direktoru Maksim MİNÇEV möhtəşəm
təşkilatçılığa görə Azərbaycana
təşəkkürünü bildirdi. O, Bolqarıstanın
növbəti Konqresə ev sahibliyi etməsi ilə
bağlı göstərdikləri etimada görə
iştirakçılara minnətdarlıq etdi.
Sonda
xatirə şəkli çəkdirildi.
Bununla
da Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin
V Konqresi işini başa çatdırdı.
Dünya
Xəbər Agentlikləri Konqresinə sədrlik Səudiyyə
Ərəbistanının Səudiyyə Press agentliyindən
AZƏRTAC-a keçdi. AZƏRTAC 2016-2019-cu illərdə
Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək.
Xatırladaq
ki, Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin
V Konqresində 5 qitəni, 80 ölkəni və
dünyanın 130-dan çox aparıcı xəbər
agentliyini təmsil edən 200 qonaq medianın aktual problemlərini
müzakirə edib.
Azərbaycan.- 2016.- 18 noyabr.- S. 5.