Bakı Konqresinin ikinci gününün sessiyalarında xəbər
agentliklərinin aktual problemləri
müzakirə olunub
Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində noyabrın 17-də “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi” və “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları” mövzularında dördüncü və beşinci sessiyalarda müzakirələr aparılıb. AZƏRTAC sessiyalarla bağlı materialları təqdim edir.
Dördüncü sessiya: Multimedianın
gələcəyi üçün jurnalistlərin təlimi
Sessiyanın moderatoru, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid ƏYYAR devizi “Xəbər agentlikləri üçün yeni çağırışlar” olan V Konqres çərçivəsində multimedianın gələcəyi ilə bağlı aparılan müzakirələrin aktuallığını vurğuladı. Yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürlərini bildirən Fərid Əyyar qeyd etdi ki, Konqresdə dünyanın 130-dan çox nüfuzlu xəbər agentliyinin təmsilçiləri bir araya toplaşaraq jurnalistikanın əsas hədəflərini müəyyənləşdirməyə çalışırlar. Burada xəbər agentliklərinin gələcəyinin necə olacağı ilə bağlı məsələlər müzakirə edilir. Çox mürəkkəb görünən bu gələcək çağırışlarla doludur. Bu gün də multimedianın gələcək prinsipləri və ümumiyyətlə jurnalistikanın aktual problemləri barədə fikir mübadilələri aparılır.
“DMA-Media” şirkətinin təlimlər üzrə direktoru Coan Lin VEİ Konqresdə səslənən ideyaların, irəli sürülən təkliflərin faydalı olacağını dedi. O, özünün də jurnalistika təlimləri ilə məşğul olduğunu diqqətə çatdırdı, sosial və mobil mediaların rolundan danışdı. Coan Lin Vei, həmçinin medianın müasir texnologiyaya böyük ehtiyacı olduğunu bildirdi. Onun fikrincə, mobil media bu gün izləyicilərin daha çox marağına uyğundur. Bu, həmçinin çox güclü təsir vasitəsidir.
Fransanın France Press agentliyinin qlobal xəbər departamentinin üzvü Erik VİŞART çıxış edərək öz təcrübələrini sessiya iştirakçıları ilə bölüşdü. AFP adlı layihənin müəllifi olduğunu vurğulayan Erik Vişart bu layihənin jurnalistlər üçün böyük maraq kəsb edəcəyini bildirdi. O, jurnalistlərin etik davranış qaydalarından xəbərdar olmalarının önəmini qeyd etdi, həmçinin multimedia sahəsinin inkişaf etdirilməsi üçün müxtəlif səpkili təlimlərin keçirilməsinin vacibliyini vurğuladı. Xəbərin hazırlanmasında istifadə edilən müasir metodlardan danışan Erik Vişart bu işin üstünlüklərini və daha özəl məqamlarını diqqətə çatdırdı. O dedi ki, jurnalist xəbəri ədalətli və mənbədən düzgün şəkildə oxucuya çatdırması üçün xarici dilləri bilməlidir.
Meksikanın Notimex agentliyinin baş icraçı direktoru Aleksandro Ramos ESKİVEL “XXI əsrin jurnalisti” mövzusundan bəhs etdi. O dedi ki, jurnalist yeni çağırışlara cavab verməli, ənənəvi mediadan çıxmalı, araşdırma üsullarını gerçəkləşdirməli, xəbəri daha operativ və peşəkarlıqla çatdırmalıdır. Baş icraçı direktor bildirdi ki, rəqəmsal jurnalistikada mübadilə vacibdir və ən əsası düzgün hədəf seçilərək ona doğru irəliləmək lazımdır.
“Los-Angeles Times” qəzetinin icraçı redaktor müavini Skot KRAFT isə dedi ki, jurnalist ilk növbədə insanların psixologiyasını öyrənməlidir. Bu, xəbər hazırlayarkən necə davranmalı olduğunu bilmək üçün vacibdir. O, videoxəbər hazırlayarkən jurnalistin tətbiqlərinin üstünlüklərindən danışdı, mövzu ilə bağlı fikirlərini bölüşdü, birbaşa informasiya mənbəyinə çıxış imkanı verən sosial şəbəkələrdə və digər platformalarda canlı yayımın vacibliyini qeyd etdi.
Sessiyaya yekun vuran UNESCO-nun baş direktorunun müavini Qetaçyu ENQİDA multimedia məhsulunu istehlakçıya çatdırmağın yolları haqqında danışdı. Qeyd etdi ki, bu gün sosial media çox öndədir və artıq bütün dünya bunu qəbul edir. Jurnalistin işinin cəmiyyətin maraqlarının keşiyində durmaqdan ibarət olduğunu diqqətə çatdıran Qetaçyu Enqida media plüralizminin və redaktor müstəqilliyinin dəstəklənməsi və gücləndirilməsinin vacibliyini vurğuladı.
Müzakirələr zamanı jurnalistlər üçün təhlükəsiz mühitin yaradılması sahəsində aparılan işlərin daha da intensivləşdirilməsinin əsas məsələlərdən olduğu bildirildi.
X X
X
Beşinci sessiya: Jurnalistlərin
missiyasının qorunması:
azadlıq, çıxış
imkanı, təhlükəsizlik
və münaqişə
zonaları
Konqresin
sonuncu - beşinci sessiyasının moderatoru,
ABŞ-ın Associated Press (AP) agentliyinin beynəlxalq xəbərlər üzrə
vitse-prezidenti Con DANİŞEVSKİ müzakirəyə çıxarılan
mövzunun media üçün
aktual məsələ
olduğunu dedi. Bildirdi ki, keyfiyyətli jurnalistika rəqəmsal medianın inkişafı üçün çox vacibdir. Müasir dövrdə insanlar
həqiqi və keyfiyyətli xəbər tələb edirlər.
Ona görə də xəbər agentlikləri
istehlakçılara daha
dəqiq, keyfiyyətli
və operativ xəbərlər çatdırmalıdırlar.
Təbii
ki, bu da
asan başa gəlmir. Son illərdə 800-dən çox
jurnalistin həlak olması bunu sübut edir. Bu baxımdan jurnalistlər
auditoriya ilə qarşılıqlı əməkdaşlıq
şəraitində işləməli,
bu təzyiqlərə
qarşı birlikdə
mübarizə aparmalıdırlar.
“Tripod Advisors” media şirkətinin təsisçisi və icraçı direktoru
David ŞLESİNGER jurnalistlərin doğru xəbərlərlə
cəmiyyəti məlumatlandırmaq
kimi mühüm funksiya yerinə yetirdiklərini vurğuladı. O, bu baxımdan jurnalistlərin
bəzi ölkələrdə,
xüsusən demokratiyanın
zəif inkişaf etdiyi dövlətlərdə
ciddi təzyiqlərə,
zorakılıqlara məruz
qaldıqlarını, öldürüldüklərini
bildirib. Qeyd edib ki, müasir dövrdə inkişaf etmək istəyən cəmiyyətlərdə
insanlar doğru məlumat əldə etməyə açıq
olmalıdırlar. BMT-nin bu məsələlərlə
bağlı 22 nömrəli
qətnamə qəbul
etməsinə baxmayaraq,
hələ də jurnalistlərin öldürülməsi
halları davam edir.
Məhz bu məsələlərin
müzakirəsi baxımından
Bakı Konqresinin önəmini vurğulayan
D.Şlesinger qeyd etdi ki, biz bu
mühüm tədbirdə
üzərimizə müəyyən
öhdəliklər götürməliyik. Biz belə hallara qarşı ayıq olmalı, jurnalist peşəsinə hörməti
saxlamalı, müstəqil
jurnalistlərə - bloqqerlərə,
sosial media mənsublarına
təzyiqlərə qarşı
çıxmalıyıq. Əgər azad jurnalisti qorumasaq, biz özümüzü
qoruya bilməyəcəyik.
Biz ölkələrimizdə
carçı olmalıyıq
ki, müstəqil jurnalistlər üçün
sərbəst şərait
yaradılsın, onların
informasiyaya çıxışı
məhdudlaşdırılmasın.
Mərkəzi Avropa Universitetinin Avropa Qonşuluq Araşdırmaları Mərkəzinin
insan hüquqları departamentinin rəhbəri
Miklos HARASZTİ informasiya
azadlığı ilə
bağlı fikirlərini
bölüşdü. Vurğuladı
ki, BMT-nin 70 il əvvəl
qəbul etdiyi İnsan Haqları Bəyannaməsində informasiya
azadlığına geniş
yer ayrılıb. Demokratiya inkişaf etdikcə bəzi hökumətlər
özlərinə aid olan
və vaxtilə dövlət sirri hesab etdikləri informasiyanı mediaya ötürdülər. Lakin
bu, yalnız bir neçə ölkədə baş verdi. Təəssüf ki, bəzi ölkələrdə
mətbuata təzyiqlər
hələ də qalır.
İnternetin inkişafı ilə mətbuatın yeni mərhələyə qədəm
qoyduğunu deyən M.Haraszti vurğuladı ki, müasir dövrdə bəzi ölkələr bir sıra məlumatları məxfilik adı altında jurnalistlərdən
gizli saxlayırlar.
Bolqarıstanın BTA agentliyinin baş
direktoru Maksim
MİNÇEV bildirdi ki,
internetin yaranması və inkişafı maarifləndirmə prosesinə
geniş təkan verdi. İnsanlar əvvəlcə
düşünürdülər ki, internetin inkişafı biliklərin,
məlumatların artmasına
səbəb olacaq.
Lakin bu, tam da gözlənilən
səviyyədə baş
vermədi. İnternet müsbət
xüsusiyyətlərlə yanaşı, yeni çağırış və
problemləri də ortaya çıxardı.
Bu gün xəbər
məkanı olduqca geniş məfhumdur və hər kəs çalışır
ki, bu məkanda
özünə yer tutsun və sosial fraqmentasiyanı hazırlasın.
“Müasir cəmiyyəti
mediasız təsəvvür
etmək mümkün
deyil”, - deyən M.Minçev diqqətə
çatdırdı ki,
internetin inkişafı,
sosial şəbəkələrin
mövcudluğu şəraitində
xəbər agentliklərinin
informasiya məkanında
dominant olması çox
çətinləşib. Buna görə də xəbər agentlikləri
həmrəy olmalıdır.
AZƏRTAC-ın Almaniya
üzrə xüsusi müxbiri Vüqar
SEYİDOV münaqişə zonalarında jurnalistlərin
missiyalarından danışaraq,
bunun media nümayəndələrinin
həyatı üçün
təhlükəli olduğunu
vurğuladı. V.Seyidov müharibə şəraitində
jurnalistlərin fəaliyyəti
ilə bağlı müxtəlif ölkələrdə
səmərəli təlim
kurslarının, proqramların
təşkil olunduğunu
söylədi. Bəzən azad
jurnalistlər sırf
cəbhə bölgəsində,
qaynar nöqtələrdə
olmaq xatirinə həmin ərazilərə
səfər edirlər.
O, çıxışında münaqişə zonalarında
jurnalistlərin əməl
etməli olduqları vacib təlimat və qaydaları diqqətə çatdırdı.
Sessiyalarda mövzular ətrafında
müzakirələr aparıldı,
suallar cavablandırıldı.
Azərbaycan.- 2016.- 18 noyabr.- S. 5.