İnformasiya agentlikləri arasında
əməkdaşlığa dair sənədlər imzalanıb
Noyabrın
17-də Heydər Əliyev Mərkəzində Dünya Xəbər
Agentliklərinin V Konqresi çərçivəsində Azərbaycan
Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə
İspaniyanın Beynəlxalq Xəbər Agentliyi (EFE)
arasında Çərçivə Əməkdaşlıq
Sazişi, Paraqvay İnformasiya və Kommunikasiya Katibliyinin
(SICOM) IP agentliyi arasında əməkdaşlıq haqqında
Saziş və Bəhreyn Xəbər Agentliyi (BNA) arasında
Anlaşma Memorandumu imzalanıb.
Sənədləri
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, İspaniyanın
EFE agentliyinin icraçı prezidenti Jose Antonio Vera Gil, Paraqvay
informasiya və kommunikasiya nazirinin müavini Rodney Alferdo Acevedo
Rodriguez və BNA-nın baş direktoru Muhannad Sulaiman Mohsen
Alnoaimi imzalayıblar.
Qarşılıqlı
maraqlar və məqsədlər nəzərə alınmaqla
AZƏRTAC ilə EFE agentliyi arasında imzalanmış Çərçivə
Əməkdaşlıq Sazişinin məqsədi informasiya və
xəbərlər mübadiləsi sahəsində ikitərəfli
əlaqələri gücləndirmək və inkişaf
etdirməkdir.
AZƏRTAC ilə Paraqvayın IP agentliyi arasında imzalanmış Sazişdə tərəflərin milli qanunvericiliklərinə və dövlətlərinin iştirakçısı olduqları beynəlxalq müqavilələrə uyğun olaraq informasiya, mətn, foto və video, həmçinin jurnalistika və idarəçilik sahələrində ikitərəfli əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulur. Eyni zamanda, tərəflər redaktə və texniki işçilərin müntəzəm qarşılıqlı səfərləri vasitəsilə təcrübələrini və texniki biliklərini bölüşmək barədə razılığa gəliblər.
Bəhreynin BNA agentliyi ilə imzalanmış Anlaşma Memorandumunda isə tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq informasiya mübadiləsi sahəsində ikitərəfli əlaqələri inkişaf etdirmələri nəzərdə tutulur.
İmzalanma mərasimində
diqqətə çatdırılıb ki,
bundan sonra agentliklər
əlaqələri daha da
genişləndirəcək, mübadilə olunan
informasiyanın həcmini artıracaqlar.
Azərbaycan.- 2016.- 18 noyabr.- S. 5.