Xəzərin sahilindən Avropaya uzanan enerji dəhlizinin başlanğıcında BTC dayanır

 

Kəmərin marşrutunu müəyyən edən sənədin imzalanmasından 17 il keçir

 

1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə toplantısında “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dairsaziş imzalandı. BTC qarşısında yaşıl işıq yandıran bu sazişin imzalanması ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və dünyadakı nüfuzu sayəsində mümkün olmuşdu.

Sözügedən sənədə beş ölkənin - Azərbaycanın, Gürcüstanın, Türkiyənin, ABŞ-ın və Qazaxıstanın dövlət başçıları imza atdılar. Bundan bir il əvvəl, 1998-ci il oktyabrın 19-da BTC-nin tikintisi ilə bağlı “Ankara bəyannaməsi” imzalanmışdı. İstanbul zirvə toplantısında beş ölkənin prezidentinin imzaladığı bu saziş  isə “Əsrin müqaviləsi”ndən sonra Azərbaycan üçün mühüm tarixi əhəmiyyət kəsb edən ikinci sənəd idi.

2002-ci il sentyabrın 18-də, Səngəçal terminalında BTC-nin təməli qoyularkən ümummilli lider demişdi: “Bakı-Tbilisi-Ceyhan boru xəttinin əleyhinə çıxanlar çox vaxt belə söyləyirdilər ki, bu, xəyaldır, mümkün deyil. Azərbaycanda o qədər neft yoxdur, olmayacaqdır. Belə danışıqlar çox idi. Zaman çox keçdiyinə görə bəziləri bu danışıqlara inanırdı. Ancaq bunların hamısı əsassız oldu. Biz öz işimizi gördük. Bu yaxın vaxtlarda İstanbuldaÜç dənizin əfsanəsi” adlı konfrans keçirildi. Orada əfsanə haqqında söhbət gedirdi. Mən orada nitq söylədim, dedim, siz burada əfsanədən danışırsınız, amma mən sizə demək istəyirəm ki, bu, xəyal deyil, üç dəniz - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi birləşəcəkdir. Bunu birləşdirən də Türkiyə, Gürcüstan, Azərbaycan, onların həyata keçirdikləri bu layihə və Amerika Birləşmiş Ştatlarının bu məsələyə daimi dəstəyi olmuşdur. Ona görə indi xəyaldan gerçəkliyə gəlib çatmışıq”.

BTC layihəsinin müəllifi ümummilli lider Heydər Əliyevdir. Dünyanın bir çox görkəmli siyasətçiləri vurğulamışlar ki, Heydər Əliyevin səyi və zəhməti olmasaydı, BTC olmazdı. Çünki bu layihə ideyasının yarandığı gündən, hətta təməli qoyulandan sonra da bir çox sınaqlarla  rastlaşmış və ulu öndər özünün  möhtəşəm əsərini bütün maneələrdən zəfərlə keçirmişdir.

2005-ci ilin mayında ilk yükünü qəbul edən və 2006-cı ilin iyulunda tam bir sistem kimi istifadəyə verilən kəmər 10 ildən çoxdur ahəngdar və təhlükəsiz işləyir. Təkcə bu  ilin oktyabr ayı ərzində BTC vasitəsilə 2 milyon 360 min 330 ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar-oktyabr aylarında kəmərlə 24 milyon 403 min 652 ton neft ötürülüb. Ümumiyyətlə, istifadəyə verilən gündən 2016-cı il noyabr ayının 1-nə qədər BTC-yə 317 milyon 79 min 41 ton neft vurulub.

Bundan əlavə,  keçən ay kəmərlə 263 min 869 ton Türkmənistan nefti nəql olunub.

Ötən illər ərzində BTC təkcə Azərbaycanın deyil, bütün regionun xeyir-bərəkət mənbəyinə çevrilib. Onun əhəmiyyəti təkcə bununla bitmir. Qədim neft diyarı Azərbaycanın bu gün həm də qaz hasilixrac edən ölkə kimi şöhrəti artdıqca BTC daha böyük önəm kəsb edir. Çünki qazın dünya bazarlarına ixracı üçün yeni yollar çəkilir və bu yolların başlanğıcında dayanan BTC olub.

“Şahdəniz” qazını nəql edən Bakı-Tbilisi-Ərzurum kəmərinin Azərbaycandan və Gürcüstandan keçən hissəsi - CQBK (Cənubi Qafqaz Boru Kəməri)  məhz BTC ilə bir dəhliz boyu çəkilib. Bütün bunlar “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində yaxın gələcəkdə əldə olunan qazı Avropaya nəql edən “Cənub qaz dəhlizi”nin möhkəm təməlidir.

Cari ilin iyun ayında Bakıda keçirilən XXIII Beynəlxalq Xəzər NeftQaz sərgisinin açılışında Prezident İlham Əliyev bu barədə demişdir: “Təbii ki, bu gün “Cənub qaz dəhlizi” haqqında danışarkən biz 1990-cı illərdə görülmüş işləri mütləq qeyd etməliyik. Çünki əgər o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, onda əlbəttə ki, bu dəhliz də yaranmazdı. Bakı-Tbilisi-Ceyhan kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi və enerji dəhlizini formalaşdırdı. İndi Azərbaycan qazı həmin dəhliz vasitəsilə dünya bazarlarına çıxarılacaq. Demək olar ki, o dəhlizlərin coğrafiyası böyük dərəcədə eynidirbu dəhliz hazırda nəqliyyat dəhlizinə çevrilir. Çünki biz neftdən əldə olunan gəlirləri nəqliyyat infrastrukturuna yönəldərək, çox ciddi nəqliyyat bağlantıları yaratmışıq. Şərq-Qərb nəqliyyat dəhlizi bu gün reallaşır və əminəm ki, bu ilin sonuna qədər tam istifadəyə veriləcək. Beləliklə, neft, qaz, nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçəcək. Bu müddətdə biz elektrik enerjisinin ixracı ilə də bağlı lazımi addımlar atmışıq və bu gün Azərbaycan elektrik enerjisiixrac edir”.

BTC-nionun ardınca neçə-neçə qlobal layihəni reallığa çevirən bir sıra mühüm amillər var. Bunlar Azərbaycan dövlətinin düşünülmüş siyasəti, ölkənin coğrafi vəziyyəti, yatırılan yerlixarici sərmayələr, beynəlxalq əməkdaşlıq və tərəfdaşlıqdır. Bütün bu reallıqlar həm Azərbaycan dövlətinə, xalqına xidmət edir, həm qonşu dövlətlərin maraqlarını təmin edir, həm də geniş coğrafiya baxımından beynəlxalq əməkdaşlığı gücləndirir.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2016.- 18 noyabr.- S. 6.