İlham Əliyevdən ikili
standartlara qarşı növbəti ifşaedici ittiham
Dünya və beynəlxalq birlik adından danışmaq səlahiyyətini
inhisara alanlar Azərbaycan
Prezidentinin hədəfi vuran
sualları qarşısında susdular
Dünyanın gündəmini müəyyənləşdirən, qlobal informasiya təminatını həyata keçirən xəbər agentliklərinin rəhbərlərinin Bakıda toplaşması Azərbaycana iki baxımdan əlamətdar idi. Əvvəla, ölkəmiz növbəti beynəlxalq tədbirə evsahibliyi edirdi. Digər tərəfdən, planetin informasiya bazarının birbaşa inhisarçıları - 78 ölkənin 97 xəbər mənbəyi-ötürücüsü respublikamız barədə həqiqətləri elə yerində öyrənmək fürsəti qazanmışdılar.
Antiazərbaycançı
informasiya savaşının yeni məğlubiyyəti
Bir mühüm məqamı da unutmayaq ki, qonaqlar sırasında antiazərbaycançı informasiya savaşının əsas flaqmanları da vardı. İllərdir ölkəmiz əleyhinə böhtan və qərəz kampaniyası aparan məlum media qurumlarının bu imkandan maksimum bəhrələnərək “şou” yaratmaq istəkləri də əslində, əvvəldən məlum idi.
Son dövrlərdə onların artıq Azərbaycana bata bilməmələri, yəni respublikamıza yönəlik yalan, iftiraların davamlı olaraq ifşa olunması beynəlxalq antiazərbaycançı koalisiyanın informasiya müstəvisində daha rəzil mübarizə mərhələsinə başlamasına səbəb olub. “Demokratiya”, “insan hüquqları”, “söz və mətbuat azadlığı” kimi dəyərləri öz təməl kontekstindən çıxararaq, ən əsası isə onu əsaslandırmadan suveren dövlətlərə təzyiq vasitəsi kimi istifadə edənlərin hədəfində Azərbaycan da var.
Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları ilə iki dəfə görüşən Prezident İlham Əliyev hər çıxışında bu mətləblərə aydınlıq gətirməklə yanaşı, həm də Azərbaycan həqiqətləri kontekstində ikili standartları bir daha ifşa etdi. Dövlət başçısının mülahizələrində əsas vurğu isə bu bədnam kampaniyada KİV-in iştirakı, ümumiyyətlə isə medianın iqtisadi-siyasi ekspansiya aparan məlum güclərin yalan ruporuna çevrilməsi idi.
Həm konqresin açılış mərasimindəki nitqində, həm də qurumun təmsilçilərini qəbul edərkən çıxışında İlham Əliyev Azərbaycanı söz və mətbuat azadlığını, insan hüquqlarını “pozmaqda” günahlandıran “arqumentləri” qazanılan nailiyyətlər fonunda zərərsizləşdirdi. Prezident əyani faktlarla bir daha sübut etdi ki, respublikamızda bütün fundamental azadlıqlar təmin olunub, Azərbaycan internetin tam azad olduğu ölkədir, KİV-in inkişafı prosesinin uğurlu nəticələri var, demokratikləşmə yönümündəki islahatlar səmərəli olub və müstəqil medianın inkişafı hökumətin əsas prioritetlərindəndir.
İlham Əliyev ikili standartların həyata keçirilməsində medianın böyük zərərverici funksiya daşıdığını bəyan edərkən də yenə faktlara istinad edirdi. Ümumiyyətlə, Azərbaycan Prezidentinin fəaliyyətində əsas meyar söz və əməlin, reallıq və faktın vəhdəti olduğundan, onun bütün mülahizələri daim həqiqəti əks etdirir və onu inkar etmək qeyri-mümkün olur.
Antiazərbaycançı informasiya böhtanı kampaniyasının öncüllərindən biri də “Associated Press” agentliyidir. Ölkəmiz barədə yalan məlumatların tirajlanmasında xüsusi fəallığı ilə seçilən bu qərəz ruporu adətən informasiya ötürücü KİV-dən daha çox ittihamedici siyasi təşkilat rolunu oynayır. İlham Əliyevlə görüşdə bu agentliyin vitse-prezidenti Con Danişevskinin jurnalist kimi yox, konkret antiazərbaycançı maraqları ifadə edən siyasətçi kimi fikir yürütməsi və sual verməsi də, nəticə etibarilə onun və təmsilçisi olduğu məlum dairələrin ifşasına rəvac verdi.
Bir müddət öncə səhvlərini etiraf etmək üçün İlham Əliyevin qəbuluna təvəqqeyə gələn Avropa Parlamentinin üzvləri kimi bu bədnam “jurnalistlər” də peşəkar diplomatın, mahir siyasətçinin və böyük vətənpərvərin söylədiyi həqiqətlər qarşısında susmaq məcburiyyətində qaldılar!
Ən əsası isə onların üzünə şəstlə baxan Prezidentdən gözlərini yayındırdılar, Azərbaycan qarşısında başlarını endirdilər!
İlham Əliyevdən qlobal
ictimai rəy manipulyatorlarına daha bir zərbə
Jurnalist qiyafəli qərəzli siyasətçi ilə Azərbaycan Prezidentinin mükaliməsi əlavə şərhə ehtiyac duymayan, ikili standartları tam ifşa edən kəskin dialoq idi və onun doğurduğu əks-səda təbii olaraq çox geniş oldu. “Siz dünya deyəndə kimi nəzərdə tutursunuz? Siz həmişə dünyanın adından danışmağı xoşlayırsınız. Mən 13 illik prezidentlik fəaliyyətim dövründə bunun şahidiyəm. Dünya hər hansı bir ayrılıqda götürülmüş ölkədən böyük məfhumdur. Biz çox zaman belə bir ifadəyə rast gəlirik ki, beynəlxalq birlik hansısa bir məsələdən narahatdır. O zaman müəyyənləşdirmək lazımdır, beynəlxalq birlik dedikdə nə nəzərdə tutulmalıdır?” - İlham Əliyevin bu sualları qlobal ictimai rəy manipulyatorlarına kəskin zərbə idi.
Həqiqətən də axı “dünya”, “beynəlxalq birlik” yalnız 3-4 ölkə, 7-8 transmilli korporasiya, 10-15 siyasiləşmiş media və QHT demək deyil!
Dünya həm də suverenliyi daim təhdidlərə məruz qalan, dövlətçiliyi məhv edilən, əhalisi miqranta çevrilərək okeanlarda, dənizlərdə batan, Avropada dilənçi kökündə yaşayan ölkələr və xalqlardır!
Beynəlxalq birlik həm də üçüncü qüvvələrin fitnəsi ilə bitməyən savaşa düçar olan, sərvətləri talan edilən, ikili standartların məngənəsində əzilən məmləkətlər və millətlərdir!
İlham Əliyev “demokratiyanı, insan hüquqlarını” pozursunuz bəhanəsi ilə daim təqiblərə, təhdidlərə məruz qalan onlarla dövlət adından dünyanın ən böyük hüquq qənimlərini, media düşmənlərini ifşa etdi!
“İlham
Əliyev: - Ölkəmizdə əgər azad
internet fəaliyyət göstərirsə,
senzura yoxdursa, əhalinin
75 faizi internet istifadəçisidirsə
mətbuat azadlığının məhdudlaşdırılmasından
necə danışmaq olar?! Əgər sosial şəbəkədə - “Facebook”da və “Tvitter”də
2 milyon insanımız varsa,
mətbuat azadlığını necə məhdudlaşdırmaq
olar?! Azərbaycanda mətbuat
azadlığı tam şəkildə təmin
olunub. Bəs siz mənə
deyə bilərsinizmi ki, nəyə
görə Culian Asanj
hələ də Ekvadorun Londondakı səfirliyindədir?
O, iki ildən artıqdır ki, səfirlikdədir və çölə
çıxmaqdan qorxur. Jurnalistlə bu cür rəftar
etmək demokratikdirmi? Bu rəftara nə ad vermək olar?
Con Danişevski: - Mmmmm... Mən... Mən əmin deyiləm...
Prezident
İlham Əliyev: - Mən demək istəyirəm ki, bu cür hallar
baş verir və bu cür
məsələlərə kontekstdə baxılmalıdır.
Hansısa ayrı bir ölkə hücumlara hədəf seçilməməlidir”.
İlham
Əliyevin söylədiyi
həqiqətlər qarşısında
veriləcək cavab yalnız “Mmmmm...” çaşqınlığı və “Mən əmin deyiləm” etirafı ola
bilərdi!
Medianın müstəqil fəaliyyəti
və azad sözün əsl mahiyyəti ilə bağlı Bakı dərsləri
Azərbaycan Prezidentinin jurnalistlərə ABŞ-dakı son prezident seçkilərində medianın nümayiş etdirdiyi birtərəfli, qərəzli fəaliyyət və nəticə etibarilə yanlış proqnoza səbəb olan rəylə bağlı sualı da əslində, sualdan çox ittiham idi! İlham Əliyev Amerika KİV-inin təşviqat prosesində kütləvi şəkildə bir namizədə qarşı diskriminasiya siyasəti yürütdüyünü, ictimai rəyə zorən yanlış informasiya sırıdığını, məlum dairələrdən aldığı göstərişlər əsasında seçkilərin nəticələrinin müəyyənləşməsinə qanunsuz təsir göstərdiyini konkret faktlarla isbat etdi! Prezident medianın təməl missiyasından uzaqlaşaraq bir qrupun ruporuna çevrilməsinin acı nəticəsi kimi ABŞ-da KİV-in düşdüyü acınacaqlı və fəlakətli durumu göstərdi.
İnkaredilməz fakt odur ki, idarə olunan, tapşırıqlar əsasında fəaliyyət göstərən, söz azadlığı addımbaşı pozulan mətbuat məhz ABŞ-dadır!
Və bu “qara siyahı”da növbəti yerləri tutan ölkələr isə “demokratiya və söz jandarmaları”na çevrilən, “Freedom House”, “Sərhədsiz reportyorlar” kimi marionetlərini suveren dövlətlərə qısqırdanlardır!
Görəsən, “Associated Press” və digər agentliklər bu dialoqu yaymağa, Prezident İlham Əliyevin fikirlərini tirajlamağa, görüşdə səslənən suallara cavab verməyə özlərində güc tapacaqlarmı? Bunun üçün onlara icazə veriləcəkmi? Onların nə qədər müstəqil olmalarına yalnız elə bu kontekstdə qiymət vermək mümkündür!
İlham Əliyev əsassız fikri əsaslı faktlarla puç etdi!
İlham Əliyev qondarma iddiaya qarşı konkret ittiham irəli sürdü!
İlham Əliyev Azərbaycanı yalan məlumatlarla küncə sıxışdırmağa çalışanları Azərbaycan adından əsl həqiqətlərlə ifşa etdi!
İlham Əliyev “Associated Press”in timsalında siyasiləşmiş bütün dünya KİV-inin qərəzli, böhtançı informasiya siyasətini sarkazmla, ironiya ilə rəzil duruma saldı!
İlham Əliyev təfriqəçi suala cavab olaraq hədəfə dəyən sual verdi və qarşısındakılar həmişəki kimi yenə də susdular!
İlham Əliyev ikili standartlara qarşı bir standartı - həqiqəti tətbiq etdi!
Dünya xəbər agentlikləri təmsilçilərinin Azərbaycana səfərlərində öyrənəcəkləri çox mətləblər, məqamlar, gerçəkliklər oldu. Medianın müstəqil fəaliyyəti və azad sözün əsl mahiyyəti ilə bağlı Bakı dərslərini isə yəqin uzun müddət unutmazlar. Bu, yalnız onların xeyrinədir...
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.- 2016.- 19 noyabr.- S. 1.