Akademik Kamal Abdullanın
kitabı çap olunub
Akademik Kamal Abdullanın “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”
kitabı təkmilləşdirilmiş
formatda yenidən çap olunub.
Kitab Azərbaycan
dilçilik elmində
mövcud olan bir sıra problemlərin
həlli, xüsusən
dilçiliyin sintaksis
bölməsinin predmeti
olan cümlə quruluşu, cümlə üzvləri arasındakı
münasibət, sadə
və mürəkkəb
cümlənin xüsusiyyətləri
haqqında dərin dilçilik araşdırmalarını
özündə əks
etdirir.
AZƏRTAC xəbər verir ki, monoqrafiyada
Azərbaycan dili sintaksisinin indiyə qədər tədqiqat obyekti olmamış bir sıra nəzəri
və eyni zamanda bəzi praktik məqamları təhlil obyekti seçilib. Müəllif öz mülahizələrini
üç sintaktik vahidin – sadə cümlənin, mürəkkəb
cümlənin və mürəkkəb sintaktik
bütövün öyrənilməsi
üzərində qurur.
Onları bir-birinə bağlayan
izomorfizm prinsiplərinə
əsasən, bu vahidlərə bütöv
bir sintaktik baxış müəyyənləşdirir.
Monoqrafiyada sadə cümlənin
monopredikativ quruluşu,
aktual üzvlənmə,
mürəkkəb sintaktik
bütöv, onun sərhədləri, kompozisiyası,
tərkibi, tədqiqinin
əsaslandırılması və başqa problemlər Azərbaycan dilçiliyində ilk dəfə
olaraq geniş sistemli sintaktik təhlilə cəlb olunub.
Kitab 3 böyük
hissədən və hər hissə ayrı-ayrı fəsillərdən
ibarətdir. Birinci hissənin birinci
fəslində Azərbaycan
dilində cümlənin
quruluşunun təşəkkül
tarixi “Kitabi-Dədə
Qorqud” dastanının
dilindən başlayaraq
XX əsr ədəbi
dilimizin ədəbi-bədii
nümunələri əsasında
izlənilmiş, alınan
elmi nəticələr
dünya dillərində
cümlənin təşəkkül
tarixi kontekstində şərh olunmuşdur.
Digər iki hissədə isə uyğun olaraq dilimizdə mürəkkəb cümlənin
müxtəlif aspektlərdən
təhlili verilir və mürəkkəb sintaktik bütöv – mətn tədqiqat obyekti kimi nəzərdən
keçirilir. Monoqrafiyanın nəticə bölməsində
hər 3 hissədə
gəlinən elmi nəticələr sistemləşdirilir,
dildə həm sadə və mürəkkəb cümlə,
həm də mətn səviyyəsində
baş verən təşəkkülün bir-biri
ilə sıx bağlı və paralel proses olduğu göstərilir.
Kitab Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən
ali məktəblər üçün
dərs vəsaiti kimi təsdiqlənmişdir.
Azərbaycan.- 2016.- 20 noyabr.- S. 6.