Vətənpərvərliyin ən uca zirvəsində

 

1990-cı ilin Qanlı Yanvar gecəsindən bu ilin zəfərli aprel əməliyyatlarınadək keçən dövrdə Vətəninin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş igidlərin adları sırasında “Azərbaycan” qəzetinin əməkdaşı Elgün Dağbəyi oğlu İsmayılovun da adı var. Qəhrəmanlığın və Vətən sevgisinin ən uca zirvəsinə - şəhidlik zirvəsinə yüksəlmiş bu oğullar hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır. Onlar bu gün də gənclərə, o cümlədən düşmənlə üz-üzə dayanan, torpaq uğrunda hər an döyüşə atılmağa hazır olan əsgərlərə öz ölümləri, əslində ölümsüzlükləri ilə nümunə göstərirlər.

Şəhid Elgün İsmayılovun xatirəsi isə “Azərbaycan”çılar üçün ikiqat əzizdir. Çünki o, bu qəzetdə işlədiyi qısa müddət ərzində özünü zəhmətsevər, böyük-kiçik yeri bilən, kollektivə qaynayıb-qarışan bir gənc kimi göstərmişdi. 1974-cü ildə Bakıda anadan olan  Elgün redaksiyaya işləməyə paytaxtdakı 3 nömrəli orta məktəbi və Politexnik Texnikumunu bitirəndən sonra gəlmişdi. İşdən ayrılmadan Azərbaycan Texniki Universitetinə də qəbul olunmuşdu. Perspektivli bir gənc idi. Lakin onu qarşıda daha şərəfli yol, daha uca zirvə gözləyirdi.

1993-cü ildə həqiqi hərbi xidmətə çağırıldı. Həmin ilin oktyabrında “N” saylı hərbi briqadanın tərkibində cəbhə bölgəsinə - Füzuli rayonuna göndərildi. Horadiz qəsəbəsinin düşməndən azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə Elgün İsmayılov komandanlıq tərəfindən mükafatlandırıldı.

1994-cü ilin yanvarında hərbi briqada Kəlbəcər bölgəsinə, Murov dağına  göndərildi. Döyüşçü dostları Elgünü bacarıqlı və qorxmaz əsgər kimi tanıyırdılar. Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murov dağında bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak etmişdi. 1994-cü il aprelin axırlarında keçirilmiş hərbi əməliyyata görə Elgün İsmayılov komandanlığın fəxri fərmanına  layiq görülmüşdür.

1994-cü il mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün İsmayılov da var idi. Cəsur əsgər burada düşmən hücumuna məruz qalaraq qızğın döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi.

Torpaqlarımızın mənfur ermənilər tərəfindən işğalı ilə barışmayan Elgün İsmayılov ömrünün bahar çağında həyatla vidalaşsa da, onun adı Azərbaycanın hünər tarixinə düşənlərin sırasına əbədi həkk olundu.

 Elgün İsmayılovun xatirəsini yoldaşları həmişə əziz tuturlar. Redaksiyanın  foyesindəki xatirə lövhəsi təkcə “Azərbaycan”ın əməkdaşlarına deyil, qəzetin qonaqlarına, müxtəlif məsələlərlə bağlı buraya gələnlərə də hər gün şəhidin  keçdiyi  qısa və şərəfli ömür yolunu xatırladır. 2003-cü ildən başlayaraq “Azərbaycan” qəzetində şəhid Elgün İsmayılovun xatirəsinə həsr edilmiş müsabiqə də keçirilir. Hər il noyabrın 16-da - Elgünün doğum günündə il boyu qəzetdə vətənpərvərlik mövzusunda dərc edilmiş yazıların müsabiqəsinə yekun vurulur.

Dünən “Azərbaycan”çılar 14-cü dəfədir Elgün xatirəsinin işığına toplaşmışdılar. Əvvəlcə onun İkinci Şəhidlər xiyabanındakı məzarı gül dəstələri ilə ziyarət edildiruhuna dualar oxundu. Redaksiyada davam etdirilən anım mərasimində “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Elgün İsmayılovun vətənpərvərliyi və igidliyi barədə danışaraq onun, eləcə də bütün şəhidlərin xatirəsinin xalqımız üçün əziz olduğunu bir daha vurğuladı. Şəhidin adına “Azərbaycan”ın təsis etdiyi müsabiqəyə gəlincə isə, baş redaktor qeyd etdi ki, bu müsabiqə iki cəhətdən önəmlidir. Əvvəla, bununla qəzet Elgün İsmayılovun xatirəsinə dərin ehtiramını ifadə edir. Bununla yanaşı, vətənpərvərlik, milli-mənəvi dəyərlər mövzusuna daim yer ayıran “Azərbaycan” qəzetində bu istiqamətdə dərc olunan yazıların sanbalının artmasına, keyfiyyətinin yüksəlməsinə geniş imkan yaranır. Atəşkəs olsa da, onu tez-tez pozan mənfur qonşularımızla üz-üzə dayandığımız, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın bir qarışının belə güzəştə gedilməyəcəyini dönə-dönə bütün dünyaya bəyan etdiyi və Azərbaycan Ordusunun hər an döyüşə atıla biləcəyi indiki məqamda bu mövzunun əhəmiyyəti daha da artır.

Sonra yaradıcılıq müsabiqəsinin yekunları və qaliblər elan edildi. Budəfəki müsabiqənin yekunlarına görə qəzetin üç əməkdaşı - “Əsl Azərbaycan anası” və “O igidin anası mənəm...” yazılarına görə Flora Sadıqova, “Cəhənnəmdən açılan qapı” və “Şəhid polkovnik” yazılarına görə Akif Əliyev, “Döyüşə tələbələr gedirdi” və “Vətən sizinlə qürur duyur” yazılarına görə Rəşad Baxşəliyev fəxri diplompul mükafatları ilə təltif olundular. Müsabiqə qalibləri layiq görüldükləri mükafata görə münsiflər heyətinə minnətdarlıqlarını bildirdilər və bu istiqamətdə yaradıcılıqlarını davam etdirəcəklərini dedilər.

Elgün İsmayılovun atası, əməkdar jurnalist Dağbəyi İsmayılov şəhid oğlunun xatirəsinə göstərilən ehtirama, qəzetdə vətənpərvərlik mövzusunun belə dəyərləndirildiyinə və geniş yer aldığına görə ailəsi adından təşəkkürünü bildirdi.

 

Azərbaycan.- 2016.- 20 noyabr.- S. 5.