Azərbaycan Avrasiya məkanının mühüm logistik mərkəzinə çevrilir

 

Respublikamız qonşu ölkələrlə sərhəddə azad ticarət zonaları yaradır

 

Milli iqtisadiyyatın aparıcı sahəsi olan nəqliyyat sistemi ölkənin iqtisadi təhlükəsizliyinin etibarlı təminatında çox mühüm əhəmiyyətə malikdir. Dünya təcrübəsi sübut edir ki, bir çox ölkələr etibarlı nəqliyyat sisteminin yaradılmasını özlərinin milli iqtisadi təhlükəsizliyinin əsas təminatı kimi qəbul edirlər.

Müstəqilliyinin cəmi 25 yaşı olan Azərbaycan dövlətinin isə milli nəqliyyat sistemi AvropaAsiya nəqliyyat sisteminə sürətlə inteqrasiya edərək Avroatlantik məkanın mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilib. Asiya ilə Avropa arasında birləşdirici körpü rolunu oynayan Azərbaycan öz nəqliyyat infrastrukturunu möhkəmləndirməkdə davam edir. Yaxın zamanlarda isə Azərbaycan qonşu ölkələrlə sərhəddə azad ticarət zonaları yaradacaq. Belə layihələrin reallaşdırılması Azərbaycan vasitəsilə yüklərin daşınma həcminin daha da artmasına imkan yaradır və ölkənin beynəlxalq logistik haba çevrilməsinin tərkib hissəsini təşkil edir.

 

Azad ticarət zonaları nədir?

 

Azad ticarət zonaları azad iqtisadi zonaların, demək olar ki, dünyada ən geniş yayılmış növüdür. Azad ticarət zonaları ölkənin onun milli gömrük məkanından kənarda hesab edilən məhdud əraziləridir. Bu zonaların azadlığı o deməkdir ki, orada mallar gömrük rüsumlarından, idxal vergilərindən və maliyyə nəzarətinin digər formalarından azaddır. Azad ticarət zonalarına gətirilən mallar bəyan edilmir, lakin, gömrük orqanları qaçaqmalçılığa və qadağan olunmuş malların gətirilməsinə yol verməmək məqsədilə zona daxilində nəzarət tədbirləri həyata keçirə bilərlər.

Daxildə istehsal edilmiş mallar azad ticarət zonasına gətirilərkən ölkə ərazisindən ixrac olunan hesab edilirixrac gömrük rejiminə tabedir. Bütün ixrac rüsumları ödənilir, lakin, azad ticarət zonasının ərazisinə daxil olduqdan sonra bu mallara münasibətdə zonanın bütün güzəşt və üstünlükləri (vergi çıxılmaları, əvvəl edilmiş bəzi ödənişlərin qaytarılması və s.) tətbiq edilir. Xarici istehsal malları azad ticarət zonasına onun ərazisində istifadə və ya istehlak olunmaq məqsədilə gətirildiyi halda idxal olunan mallar hesab edilirgömrük rüsumları, idxal vergiləri ödənilir. Zona ərazisindən həmin zonanın yerləşdiyi dövlətin digər ərazilərinə çıxarılan mallar da idxal malları hesab edilir və həmçinin azad ticarət zonasına gətirilən oxşar malların cəlb edildiyi kimi eyni qaydada idxal rüsumları və vergilərinə cəlb edilir.

Azad ticarət zonalarında adətən anbar əraziləri olur ki, bu anbarlarda da malların saxlanılması, çeşidlənməsi, qablaşdırılması, markalanması və keyfiyyətin seçimli yoxlanması həyata keçirilir. Zonada yerləşdirilmiş mallar orada qeyri-müəyyən müddətə qala bilər. Malların saxlanılmasına görə haqlar, saxlanılma dövrü və anbarın növündən asılı olaraq, sığorta xərcləri də daxil olmaqla müxtəlif ola bilər.

Bir sözlə, azad ticarət zonaları ixracın və xarici investisiyaların genişləndirilməsi, həmçinin ölkənin və regionların iqtisadi inkişafının stimullaşdırılması məqsədilə yaradılır.

 

İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasında Azərbaycan mühüm rol oynayır

 

Bu ilin mart ayının 17-də Prezident İlham Əliyev “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır. Sənədə əsasən azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika, nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun təşkilidir. Azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın 2017-ci ildən tam fəaliyyət göstərəcəyi gözlənilir.

Tarixən qədim İpək Yolunun keçdiyi, ən uzaq dövlətləri birləşdirən ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkan olan ölkəmizin, qloballaşan dünyanın yeni geoiqtisadi çağırışları kontekstində bu tarixi rolu daha da artaraq, strateji əhəmiyyət kəsb edir. Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan həm də yeni təşəbbüslərin müəllifidir. Respublikamız İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisidir və müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə də etibarlı təminat verir. Avrasiya regionu üçün strateji əhəmiyyətli logistik mərkəzə çevrilməsində ölkəmizin əlverişli coğrafi mövqeyi, burada zəruri nəqliyyat infrastrukturlarının mövcud olması, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da mühüm rol oynayır.

Son illər Azərbaycanın nəqliyyat sektorunda bir sıra irimiqyaslı infrastruktur layihələri həyata keçirilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir aeroportların, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində dəmiryol xətlərinin yenilənməsi nəticəsində ölkənin xarici iqtisadi əlaqələri genişlənib. Məsələn, ötən ilin dekabr ayında Prezident İlham Əliyevin Çinə rəsmi səfəri zamanı aparılan danışıqların prioritet mövzuları tranzit daşımaları olub. Bu sahədə əməkdaşlıq məsələləri geniş müzakirə edilib və Azərbaycanla Çin hökumətləri arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi kimi böyük potensiala malikdir.

Ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol olduğundan Çin malları

Azərbaycandan Türkiyəyə, oradan isə Avropaya çıxarıla bilər.

Ölkəmizin tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə dövlət başçısının 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Koordinasiya Şurasının əsas vəzifələri daşımaların vahid prinsip və şərtlərinin müəyyən olunması, tariflərin optimallaşdırılması, daşıyıcılar ilə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin olunması, tranzit prosedurlarının asanlaşdırılması və təkmilləşdirilməsi, onların sayının və müddətinin azaldılması, tranzit yükdaşımalar sahəsində tam əlverişli sistemin tətbiqi, yüklərin daşındığı ölkələr və aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin təşviqindən ibarətdir. Bu qurum mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqifiziki şəxslər tərəfindən tranzit yüklərlə bağlı dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma, dəniz limanları və dəniz terminalları xidmətlərinin göstərilməsinə görə tariflərin dövlət tənzimlənməsini həyata keçirir, bu sahədə daşıma prosesinin bütün iştirakçılarının fəaliyyətini əlaqələndirir.

 

Xəzərin nəhəng enerji ehtiyatlarını dünya bazarlarına çıxaran ilk ölkə

 

Noyabrın 16-da Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, AsiyaSakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrə toxunaraq qeyd edib ki, Azərbaycan Xəzərin nəhəng enerji ehtiyatlarını dünya bazarlarına çıxaran ilk ölkədir. Xəzər dənizinin şaxələndirilmiş boru kəmərləri sistemi vasitəsilə Qara və Aralıq dənizləri ilə birləşdirilməsi Azərbaycanın ən mühüm nailiyyətlərindəndir. Dövlət başçısı qeyd edib ki, üstün coğrafi mövqeyə malik olan ölkəmiz etibarlı nəqliyyat dəhlizinin yaradılması istiqamətində mühüm işlər görür: “Bizim səylərimiz nəqliyyat sahəsində regional əməkdaşlığın yaradılmasına yönəldilib. Xüsusilə də Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində. Bu layihə yekunlaşmaq üzrədir və artıq ilk sınaq yük qatarı Asiyadan Avropaya Azərbaycan ərazisindən hərəkət edib. Bundan başqa, icra edilməkdə olan digər layihə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsidir. Azərbaycan bu layihənin icrası çərçivəsində vacib tədbirlər görmüşmühüm addımlar atmışdır”. Prezident həmçinin vurğulayıb ki, bu gün Azərbaycan “Cənub qaz dəhlizi” adlanan qlobal enerji layihəsi üzərində çalışır. Onun icrası nəticəsində ölkəmiz bir sıra ölkələr üçün etibarlı qaz ixracatçısına çevriləcək. Layihənin dəyəri təqribən 45 milyard dollardır və Azərbaycan onun həyata keçirilməsində aparıcı rol oynayır.

Azərbaycan “Cənub qaz dəhlizi” layihəsinin iştirakçısı olan 7 dövlətlə sıx əməkdaşlıq yaradıb. Gələcəkdə isə yeni ölkələr layihəyə qoşulacaq ki, bu da həm daxili ehtiyaclarımızı təmin etməyə, böyük qaz ixracatçısına çevrilməyə, tranzit və istehlakçı dövlətlərə isə yeni enerji mənbəyi əldə etməyə imkan yaradacaq. Yəni Azərbaycan iqtisadiyyatında olan vəziyyət onu nümayiş etdirir ki, bu, təkcə ölkəmiz üçün deyil, bütün region üçün düzgün siyasətdir, Prezident İlham Əliyevin Azərbaycanın tranzit potensialının artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti, qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verir.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2016.- 22 noyabr.- S. 1, 5.