Hərbi təlimlər ordumuzun yüksək döyüş hazırlığını nümayiş etdirdi

 

Azərbaycan Silahlı Qüvvələri indi dünyanın güclü orduları sırasındadır

 

Dövlətin təməl prinsiplərindən biri qüdrətli ordudur. Bu mənada Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. Müasir Azərbaycan dövləti də bunu nəzərə alaraq ordu quruculuğunu daim diqqətdə saxlayır. Fəxrlə deyə bilərik ki, həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində ölkəmizdə güclü silahlı qüvvələrin yaradılmasına nail olunub. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu ordunun hansı gərgin ictimai-siyasi və hərbi şəraitdə yaradılmasını da yaxşı xatırlayırıq.

 

Dövlət quruculuğunun şərəfli səhifəsi

 

Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir olan ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Odur ki, ulu öndərin rəhbərliyi ilə 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən, gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin regionda və Cənubi Qafqazda ən qüdrətli güc strukturuna çevrilməsi də məhz ümummilli liderin gərgin siyasi fəaliyyətinin nəticəsidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu sahədə aparılan işlərin effektini dəfələrlə artırıb, ölkəmizin müdafiə qüdrətini daha da gücləndirib. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir.

Bütün bu məsələləri daim diqqətdə saxlayan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuzun güclənməsi məqsədilə hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasını əsas vəzifə kimi qarşıya qoyub. Artıq neçə illərdir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Bunun nəticəsində Silahlı Qüvvələrimizin imkandöyüş qabiliyyətinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminatının yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması, hərbi hissələrdə silahlanmaya qəbul edilməsi istiqamətində işlər aparılıb. Qoşunların silahdöyüş sursatı ilə təminatı, uzun müddət istismarda olan silahların və cihazların yeniləri ilə əvəzlənməsi, onların istifadəsinin düzgün təşkil olunması məsələlərinə xüsusi diqqət yetirilib.

 

Aprel hadisələri göstərdi ki, hansı ordu yenilməzdir

 

Azərbaycanda ordu quruculuğunun müasir standartlara uyğun həyata keçirilməsinin, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifələr kimi müəyyənləşdirməsi ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Çünki ordu məsələlərinə yüksək diqqət Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın üstünlüyünü təmin edir. Ermənistan hakimyyəti bunu yaxşı anlayır və təlaş keçirir. Aprel hadisələri bunun əyani təsdiqi oldu. 22 illik atəşkəs rejimi ərzində cəbhə xəttində düşmən tərəfindən təxribatlar çox olub və bunların hər birinin qarşısı ordumuz tərəfindən qətiyyətlə alınıb. Bir neçə ay öncə cəbhənin Tərtər və Füzuli istiqamətində baş verənlər, yəni erməni hərbi birləşmələrinin təxribatlarının qarşısının alınması zamanı keçirilən hərbi əməliyyatlar Azərbaycan Silahlı Qüvvələrinin gücünün praktik təsdiqi oldu.

Bir neçə gün öncə Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı

İlham Əliyev bununla bağlı deyib: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilirbütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi”.

Azərbaycan ictimaiyyəti buna qədər ordumuzun hansı gücə malik olduğunu parad təlimlərdə görmüşdü. Dördgünlük müharibənin yekunu olaraq düşmənin 22 il ərzində möhkəmləndirdiyi mövqelərdən, xüsusən strateji yüksəkliklərdən geri otuzdurulması, iki min hektar işğal olunmuş ərazinin azad edilməsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən əzici gücə üstünlüyə malikdir.

 

Qarşıya qoyulan ən əsas məsələlərdən biri döyüş qabiliyyətinin artırılmasıdır

 

Bu gün Silahlı Qüvvələrdə qarşıya qoyulan ən əsas məsələlərdən biri döyüş qabiliyyətinin artırılmasıdır. Bu məqsədlə təkcə yeni hərbi texnikalar alınmır. Eyni zamanda mütəmadi olaraq keçirilən hərbi təlimlərdə müasir döyüş vərdişləri artırılır. Bu məsələ Ali Baş Komandan İlham Əliyevin xüsusilə nəzarətindədir. Təsdiq edilən plana əsasən il ərzində bir neçə dəfə hərbi təlimlər keçirilir.

Xatırladaq ki, bir müddət əvvəl keçirilən təlimlər Hərbi Hava Qüvvələrinin idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə və ən yüksək texniki standartlar səviyyəsinə çatdırılmasına xidmət edirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabrın 12-dən növbəti yeni irimiqyaslı təlimlərə start verilib. Bu dəfə məqsəd səhra şəraitində qoşunların idarəolunmasının və silahların döyüş tətbiqinin yoxlanılmasıdır. Budəfəki təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tankzirehli texnika, eləcə də raketartilleriya qoşunlarının 700-dək qurğusistemi cəlb olunub. Təlimlər zamanı qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi üzrə tapşırıqlar icra olunub. Həmçinin hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçuş aparatlarından istifadə edilib. Təlimlərin birinci mərhələsində qoşunların idarəetmə sistemlərinin döyüş hazırlığının yoxlanılması, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxışı, eləcə də qoşunların fasiləsiz, operativgizli idarəedilməsi məqsədilə səhra idarəetmə məntəqələrinin açılması həyata keçirilib. “Həyəcan siqnalı” ilə qaldırılan qoşunlarkomanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonlarına, döyüş aviasiya vasitələri ehtiyat aerodromlarına, RaketArtilleriya Qoşunlarının birlik və hissələri müvəqqəti atəş və start mövqelərinə çıxarılıb. Hərəkət zamanı kolonların şərti düşmənin hava hücumundan müdafiəsini HHQ-nin aviasiya vasitələri təmin edir.

Təlimdə iştirak edən qoşunlar şərti düşmənin ehtimal olunan fəaliyyətlərinin qarşısının alınması məqsədilə, plana uyğun yaradılmış vəziyyətlərdə sərəncamda olan müasir vasitələrdən, idarəetmə sistemlərindən, silahtexnikalardan effektiv istifadə edilməsi üzrə tapşırıqları yerinə yetiriblər. İrimiqyaslı təlimlərə Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri də cəlb olunub. İlkin mərhələdə HDQ-nin tam döyüşə hazır vəziyyətə gətirilməsi, gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, komplektləşdirmə və döyüş uzlaşması tədbirləri müvəffəqiyyətlə yerinə yetirilib. Təlimlərin gəmi və katerlərinin cəlb olunması ilə keçirilən mərhələsinin məqsədi Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, terror diversiya qrupu tərəfindən ələ keçirilmiş gəminin, helikopterdən endirilmiş xüsusi təyinatlılar tərəfindən azad edilməsi və tapşırıqların yerinə yetirilməsi zamanı digər qoşun növləri ilə uzlaşdırılmış birgə fəaliyyətlərin icrasından ibarətdir.

Təbii ki, bu cür təlimlər həm qoşun növlərinin döyüş qabiliyyətinin artırılmasında, həm də ordumuzun döyüş arsenalına yeni daxil olunan silahlardan istifadə vərdişlərinin yüksəldilməsində mühüm rol oynayır. Bütün bunların nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi gücü qaşısında əzici üstünlüyə malikdir. Artıq aprel hadisələrində düşmən bu gücü öz üzərində hiss edib. Reallıq da ondan ibarətdir ki, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı vəzifəsini layiqincə yerinə yetirməyə hər an hazırdır.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2016.- 22 noyabr.- S. 1.